“Azərbaycan İsrailin müsəlman ölkələrlə necə sülh, əməkdaşlıq içində yaşaya bildiyinin ən gözəl nümunəsidir”
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Dövlətinin Azərbaycandakı səfiri Ronen Krauszun “525-ci qəzet”ə müsahibəsi
- Cənab səfir, sizinlə 2025-ci ilin sonunda görüşürük. Ona görə də bu ili Azərbaycan-İsrail münasibətləri baxımından qiymətləndirmənizi istərdim.
- Mən ilk növbədə Azərbaycan liderini və xalqını Yeni il münasibətilə təbrik edirəm. Bəli, biz 2025-ci ili çox fəal şəkildə başa vururuq. Bu il ərzində Azərbaycan-İsrail əlaqələri əvvəlki illərlə müqayisədə daha da inkişaf edib. İsrail üçün son illər çətin olub, müharibə zamanında Azərbaycanın həqiqi dost olduğunu hiss etdik. Azərbaycan bizə kömək göstərmək, məqsədlərimizi təşviq etmək üçün yanımızda idi. Biz müntəzəm əlaqələrimizə geri dönmüşük.
Hər iki tərəfdən davamlı rəsmi səfərlər həyata keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bir neçə dəfə İsrailə səfər edib. Eyni zamanda, Prezidentin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsraildə səfərdə olub. Xarici işlər nazirləri arasında Əbu-Dabi görüşü, ötən il Davosda prezidentlərin görüşü olduqca vacib idi. İlin sonuna yaxın, noyabr ayında Yerüsəlimdə İsrail Dövlətinin Hökuməti ilə Azərbaycan Hökuməti arasında Birgə Komissiyanın növbəti iclası keçirildi. Azərbaycandan geniş nümayəndə heyəti bu məqsədlə İsrailə gəlmişdi. İsrailin maliyyə naziri Zeev Elkin dekabr ayında Azərbaycana səfər etdi. Beləliklə, əgər bu ili ümumiləşdirsək, dövlətlərimiz üçün həm əlaqələrimizin inkişafı, həm də yaxın dostluq münasibətləri baxımından çox müsbət bir il olub. Siyasi sahədə görüşlər, səfərlər münasibətləri növbəti səviyyəyə qaldırır.
- Azərbaycan-İsrail münasibətlərindən danışarkən adətən unikal ifadəsini işlədirik. Biz unikal münasibətlərə necə nail olmuşuq?
- Həqiqətən də İsrail ilə Azərbaycan arasında münasibətlər unikaldır. Münasibətlərin səviyyəsi, əlaqələr, liderlər arasında münasibətlər çox xüsusidir. Bu gün münasibətləri bu səviyyədə olan ölkələrə nadir hallarda rast gəlinir. Liderlər əhəmiyyətli günlərdə bir-birini təbrik edir. Bir həftə əvvəl İsrail Prezidenti İsxak Hersoq İlham Əliyevə zəng edərək, onu doğum günü münasibətilə təbrik etdi. Onlar müxtəlif konfranslarda, yüksək səviyyəli tədbirlərdə mütəmadi olaraq görüşürlər. Bayaq dediyim kimi, vacib nümayəndə heyətlərinin səfərləri oldu. Düşünürəm ki, ölkələrimiz arasında bu cür əlaqələrin olması ilk növbədə yüz illərdir ki, yəhudi icmasının Azərbaycanda azad, açıq şəkildə hər hansı antisemitizm, diskriminasiya, dini diskriminasiya olmadan yaşamalarına əsaslanır. Bu, münasibətlərimiz üçün çox əhəmiyyətli, vacib bir təməldir. Ən mühüm məqamlardan biri də Azərbaycan diasporunun uzun illərdir ki, İsraildə yaşamasıdır. On minlərlə insan iki ölkə arasında körpüdür. Hər iki ölkə bir-birini anlayır, ona görə də nəyisə izah etmək üçün çox vaxt sərf etməyə ehtiyacımız qalmır. Biz sadəcə olaraq görüşürük və təşviq etmək istədiyimiz məsələləri müzakirə edirik. Bu məqam bizim münasibətlərimizin yüksək səviyyəyə çatmasının səbəblərindən biridir və onu unikal edir.
- Ölkələrimizin müəyyən etdiyi prioritet əməkdaşlıq sahələri var. Əməkdaşlığın əhatə dairəsi daha hansı sahələrlə genişləndirilə bilər?
- Həqiqətən də uzun illər bizim çox uğurla əməkdaşlıq etdiyimiz sahələr olub, bu gün də biz həmin sahələrdə əməkdaşlığımızı davam etdiririk. Əmin edirəm ki, gələcəkdə də bu əməkdaşlıq uğurlu olacaq. Bununla belə yeni əməkdaşlıq sahələri də var. İsrail iqtisadiyyatın bir sıra sahələrində Azərbaycan üçün vacib olan maraq dairələrini araşdıra, öz təcrübəsini, biliklərini paylaşa bilər. Hansı ki, İsrail texnologiyaları yerli iqtisadiyyatın bir hissəsi kimi Azərbaycana gətirilə bilər. Kənd təsərrüfatı, su texnologiyaları, kiber təhlükəsizlik, innovasiya, süni intellekt, bu gün daha çox aktualdır. Başqa bir mühüm sahə turizmdir. İsraildən Azərbaycana turist sayında rekord göstərici əldə edilib. İsraildən Azərbaycana 60 mindən çox turist səfər edib. Yüz min israilli Bakıdan başqa yerə səyahət edənlərdir. Ümid edirəm ki, gələcəkdə biz Azərbaycandan İsrailə səyahət edənlərin sayının artacağını görəcəyik. Və İsrail azərbaycanlılar üçün əsas turizm istiqamətlərindən birinə çevriləcək. Mən maraq kəsb edən sahələri ümumiləşdirərək, inanıram ki, hər iki ölkənin yaxın gələcəkdə daha sıx əməkdaşlığını, genişlənməni görəcəyik.
- Cənab səfir, Qəzza barədə soruşmaq istəyirdim. Aktiv döyüşlər getməsə də, mürəkkəb vəziyyət qalır. Düzdür, ictimai həyat tədricən bərpa olunur, amma proseslərin necə inkişaf edəcəyi, sülh planının irəliləməsi ilə bağlı bəzi qeyri-müəyyənliklər qalır. Sülhə tam nail olmaq üçün nə etmək lazımdır?
- İstəyirəm sualın sonuncu hissəsindən başlayım. İlk növbədə İsrail qonşuları ilə sülh içində yaşamaq istəyir. Biz Misirlə, İordaniya ilə sülh əldə etdik, İbrahim sazişləri ilə sülhü digər müsəlman ölkələri ilə genişləndirdik. Azərbaycanla bizim 30 ildən artıq diplomatik münasibərlərimiz var. Bu, İsrailin əksəriyyəti müsəlman olan ölkələrlə necə sülh, əməkdaşlıq içində yaşaya bildiyinin ən gözəl nümunəsidir.
Fələstinlə bağlı da eyni yanaşmanı demək istəyirəm. Burda əsas problem Qəzzanın hələ də HAMAS-ın nəzarətində olmasıdır. Qəzzanın HƏMAS tərəfindən idarə olunması ilə fələstinlilərin normal həyat yaşamasına nail olmaq mümkün deyil. Bu, mütləq dəyişməlidir. Siz qeyd etdiniz ki, Qəzzada humanitar vəziyyət inkişaf edir. Qəzzaya çoxlu sayda humanitar yardım gəlir, onlar Qəzzada normal həyata qayıdış üçün dəstək göstərirlər. İsrail tərəfindən su ilə, elektriklə təminat həyata keçirilir. Bu, stabilliyin, növbəti səhifə açmağın vacib hissədir. Amma biz sonuncu girovumuz qaytarılmayana qədər növbəti mərhələyə başlaya bilmərik. Təəssüf ki, 7 oktyabr hücumu zamanı bəzi insanlarımız girov götürüldü. Biz sonuncu girovları, cəsədləri almayana qədər dayanmayacağıq və yalnız bundan sonra növbəti səhifə başlayacaq.
- Yanvar ayında sülh planının ikinci hissəsinin elan ediləcəyi bildirildi...
- Bəli, əlbəttə, bu mümkündür. Amma dediyim kimi, birinci hissəni başa çatdırmalıyıq. Bunun üçün isə bütün girovlar qaytarılmalıdır.
- İsrail Türkiyəni Qəzzada görmək istəmir. Ölkənin bu mövqeyində dəyişiklik mümkündür? Azərbaycan indiki mərhələdə iki ölkə arasında münasibətlərin normallaşmasında hansı rolu oynaya bilər?
- İsrail Türkiyənin problemlərin həllində tutduğu müəyyən bir mövqeyə görə Qəzzanın gələcəyində onu həllin bir hissəsi kimi görə bilmir. Çünki Türkiyənin mövqeyi tamamilə HƏMAS-ın xeyrinədir. Əvvəldə dediyim kimi, HAMAS Qəzzada iştirakçı ola bilməz. Bu, bizim üçün qəbuledilməzdir. Bunu Fələstində də başa düşüblər. Əlbəttə ki, əgər onlar mövqelərini dəyişsələr, başa düşsələr ki, Qəzza inkişaf etməli, bərpa olunmalıdır və normal həyatın qayıdışı üçün HAMAS Qəzzada hər hansı gücə, mövqeyə sahib olmalı deyil, onda vəziyyət dəyişə bilər. Biz bu barədə danışırıq. Azərbaycana gəlincə, həm Türkiyə, həm İsraillə strateji müttəfiqdir. Azərbaycan hər iki ölkə ilə qardaşlıq, dostluq münasibətlərinə malik olduğu üçün hər iki tərəflə danışıqlar aparır, vəziyyəti izah etməyə çalışır. Biz Azərbaycanın əvvəlki rolunu yüksək qiymətləndiririk və gələcəkdə də bu, ola bilər. Amma sonda bu, Türkiyənin özündən asılıdır. Biz onların mövqeyində müsbət dəyişiklik görsək, müzakirələrə açığıq.
- HƏMAS-la bir sıra digər ölkələrin də təmasları var. Necə düşünürsünüz, bu hərəkatın tam silahsızlaşdırılması, ümumiyyətlə, səhnədən getməsi mümkün görünür?
- Bu baş verməlidir. Bunun mümkün və ya qeyri-mümkün olması sual deyil. Bu, mütləqdir. Çünki HƏMAS terrorçu təşkilatdır. Onların Qəzzadakı fəaliyyətlərinə, yerli əhaliyə münasibətlərinə baxmaq lazımdır. Onlar insanların rifahı üçün investisiya qoymayıblar. İnsanları İsrail ilə müharibəyə, zorakılığa hazırlayıblar. Bu, davam edə bilməz. Qəzzada qanunun aliliyi, idarəetmə orqanı olmalıdır ki, bu orqan öz məqsədini, diqqətini, bütün gücünü və qabiliyyətlərini Qəzzanın sakinləri üçün uyğun, normal və rahat bir yer olmasını təşviq etməyə yönəltsin. HƏMAS orda olmalı deyil. HƏMAS radikal, ideoloji, dağıdıcıdır, uzun illər Qəzzanın yerli əhalisini öz ambisiyaları və məqsədləri üçün istifadə edib. Onlar dayanmaq istəmir, güclərini bərpa etməyə çalışırlar, əgər səhnəni tərk etməsələr, Qəzzanın gələcəyi olmayacaq.
- Suriya ilə vəziyyət hazırda nə yerdədir? Münasibətlərin normallaşması İsrailin təhlükəsizliyi üçün nə dərəcədə vacibdir? Bu normallaşma gələcəkdə Suriyanın İbrahim sazişlərinə qoşulmasına gətirib çıxara bilər?
- Bayaq dediyim kimi, İsrailin məqsədi bütün qonşuları, o cümlədən Suriya ilə sülhə nail olmaqdır. Bunun baş verməsi üçün Suriya vəziyyətin dəyişməsini sübut etməlidir. Onlar İsraillə sülh içində yaşamaq istədiklərini göstərməli, İsrail dövlətini tanımalıdırlar. Biz radikalizm əleyhinə mübarizə aparırıq. Bir müddət əvvəl yəhudilərə qarşı baş vermiş insident bir daha yaşanmamalıdır. Suriyanı əlbəttə ki, tərəfdaş, İbrahim sazişlərinin hissəsi kimi görmək istərdik. Bu, Suriyanın mənafeyinə xidmət edər. Suriyanın uzun illər davam edən vətəndaş müharibəsindən sonra indi bərpa prosesinə ehtiyacı var. İsrail əlbəttə ki, kömək etməyə məmnun olardı, amma ilk növbədə Suriya öz davranışlarını dəyişməlidir.
- Cənab səfir, Livan-İsrail-Hizbullah üçbucağında da məsələ mürəkkəb olaraq qalır. Düzdür, Livanla İsrail arasında ilk dəfə olaraq danışıqlar baş tutdu. Necə düşünürsünüz, Hizbullahsız Livan mümkündür?
- Hizbullah terrorçu təşkilatdır və o, ölkənin, dövlətin həyatında rol oynaya bilməz. Livanın müəyyən bəyanatlar verdiyini görürük. İsrail Livanda stabilliyin tərəfdarıdır. Hesab edirəm ki, Livanın hazırkı rejimi Hizbullah əleyhinə fəaliyyətdə aktivdir. Eyni zamanda, biz Hizbullah tərəfindən hər hansı bir cəhd görsək, fəal şəkildə hərəkət etməyə davam edəcəyik.
- Yenidən ikitərəfli münasibətlərimizə qayıtmaq istəyirəm. Müdafiə və təhlükəsizlik əməkdaşlığı hazırda hansı səviyyədədir?
- Hesab edirəm ki, bu sahələrdə çox yaxşı əlaqələrimiz var, bu məsələdə detalları ətraflı açıqlamırıq. Ümumi olaraq hesab edirəm ki, ölkələrimiz arasında əlaqələr çiçəklənməkdə davam edir. Hazırda 2026-cı ilin planı üzərində işləyirik. İnanıram ki, qarşıda daha çox inkişaflar görəcəyik. Biz münasibətlərimizə pozitiv yanaşırıq. 2025-ci ildə əlaqələrimizdə dinamika olub, səfərlər, nümayəndə heyətləri və s. Səfirlik mədəniyyət, sosial layihələr həyata keçirir. Bir neçə gün əvvəl 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir olunmuş Musiqi Otağının açılışı olub. Bu cür layihələr davamlı olacaq. Əminəm ki, ikitərəfli əlaqələrimiz yüksəlməkdə davam edəcək.
- Gələn il üçün ikitərəfli əməkdaşlıqla bağlı nə kimi planlar var?
- Dediyim kimi, bu, siyasi səviyyədə başlayacaq, nümayəndə heyətləri, rəsmi səfərlər olacaq, iqtisadi sahədə İsrail şirkətləri əməkdaşlığı inkişaf etdirmək üçün səfərlər həyata keçirəcəklər. Həmçinin mədəni mübadilələr olacaq, festival keçirməyi planlaşdırırıq. Əminəm ki, turizm sahəsi inkişafa davam edəcək. Birbaşa reyslərin sayının artırılması nəzərdə tutulub. Əməkdaşlığımızı daha çox və daha yeni yollarla təşviq etməyə çalışacağıq.
- Cənab səfir, bu günlərdə Sidneydə Hanuka bayramının qeyd edildiyi vaxt yəhudi icması silahlı hücuma məruz qaldı, təəssüf ki, həyatını itirənlər də oldu. Dini mərasim zamanı bu hücumun təşkilində məqsəd nə idi?
- Bəli, təəssüf ki, Hanuka bayramının ilk günü Sidneydə bu hadisə baş verdi, hansı ki, ora üç il mənim evim olub, yəni orda üç il işləmişəm. Biz bundan şok yaşadıq. 15 nəfər icma üzvü öldürüldü. Ora mənim ikinci evim idi, mən orda çalışmışam, yaşamışan və inanmaq istəmirdim ki, bu hadisə baş verib. Təbii ki, bu gün biz dünyada antisemitizmin, “antiIsraelism”in yeni rolunu görürük. Ölkələr bununla mübarizə aparmalıdırlar. Bu cür hallar bir daha baş veməməli, dayandırılmalıdır. İnsanlar sülh içində yaşamalıdırlar Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox gözəl nümunədir. Ümid edirəm ki, Sidneydə baş verənlər bir daha təkrarlanmayacaq.
- Qəzzada yaradılması gözlənilən sülhməramlı missiyada İsrail Azərbaycanı görmək istəyir?
- Bu, əlbəttə ki, Azərbaycanın qərarı olacaq. Azərbaycan suveren ölkədir və öz xarici siyasətini sərbəst şəkildə həyata keçirir. Azərbaycan özü üçün ən yaxşı olan qərarı qəbul edəcək. Biz təbii ki, ölkənin suveren siyasətinə hər hansı təsir etmək istəmirik. Düşünürəm ki, Azərbaycanla qurduğumuz unikal münasibətlər gələcək əməkdaşlığımız üçün çox müsbət bir başlanğıcdır. Biz əbəttə ki, öz müttəfiqlərimizin, dostlarımızın bu layihəyə cəlb olunmasına üstünlük veririk. Amma istənilən halda, bu, Azərbaycanın qərarı olacaq.
- Cənab səfir, son olaraq, siz 10 ildən sonra Bakıya diplomatik missiya rəhbəri olaraq qayıtdınız. Azərbaycanda daha çox nədən ötrü darıxmışdınız, Azərbaycan deyəndə, ilk olaraq nələri göz önünə gətirirsiniz?
- Mən 10 ildən sonra Bakıya qayıtdığım üçün çox xoşbəxtəm. Beş aydır ki, burdayam. Həyatımın bir hissəsi olan Azərbaycana qayıtmaq seçimimdən son dərəcə məmnunam. Mən və ailəm üçün yenidən bura qayıtmaq, köhnə dostları görmək əla bir təcrübə oldu. Azərbaycan çox inkişaf edib. Ötən həftə Şahdağa səfər etdim. Qarabağa iki dəfə səfər etmək imkanım olub. Ümid edirəm ki, yenə də səfər etmək imkanım olacaq. Əlbəttə ki, 15 il əvvəl bu, mümkün deyildi, amma indi belə imkan var. Ən vacib olanı insanlar arasında əlaqələrdir. Mənim Bakıda küçədə, oteldə çoxlu israilli ilə danışmaq imkanım olur. Onların təcrübəsi, turist olaraq Azərbaycan barədə nə düşündükərini soruşuram. Mən hər zaman ancaq müsbət fikirlər eşidirəm. Xüsusilə onlar yerli insanlar barədə sevgi, hörmətlə danışırlar. Bu, bir daha insanlar arasında əlaqələrin çox vacib olduğunu göstərir.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 31 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















