“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995 2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


