Icma.az
close
up
RU
Azərbaycan rəssamlığında qadın izləri Şahanə Müşfiq yazır

Azərbaycan rəssamlığında qadın izləri Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Azərbaycan təsviri sənətinin tarixini yalnız üslublar, məktəblər və janrlar kontekstində oxumaq yetərli deyil. Bu tarix eyni zamanda cəmiyyətin qadına baxışının, onun ictimai mövqeyinin və yaradıcılıq imkanlarının tarixidir. Uzun illər boyunca qadın sənətkar adı ya kölgədə qalıb, ya da ümumiyyətlə qeydə alınmayıb. Hər qapalı cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da qadınlar təhsildən, sənətdən, peşədən, hətta arzularından uzaq bir həyat yaşayıblar. Şərqdə qadına seçim hüququ verən ilk dövlət Azərbaycan Xalq Cümhuriyyəti olsa da, Azərbaycan qadını özünü təsdiq etmək üçün sonsuz çətinliklərə sinə gərməyə məcbur qalıb.

Bu baxımdan Azərbaycan təsviri sənətində də qadın imzaların formalaşması həm də sosial və mədəni mübarizə tarixidir. Bu tarixin ən mühüm simaları isə Reyhan Topçubaşova və Maral Rəhmanzadədir. Onlar iki fərqli dövrü, iki fərqli düşüncə modelini və iki fərqli sənət strategiyasını təmsil etsələr də, ortaq bir missiyanı bölüşürlər: qadının sənətdə subyektə çevrilməsi.

Qadın və sənət arasında görünməyən sədd

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyəti kəskin dəyişikliklər mərhələsində idi. Maarifçilik ideyaları, Avropa mədəniyyətinə inteqrasiya, qadınların təhsil alması kimi proseslər sürətlənsə də, bu yeniliklər hamı üçün eyni dərəcədə əlçatan deyildi. Xüsusilə incəsənət sahəsi qadın üçün hələ də "uyğunsuz məkan" hesab olunurdu. Rəsm çəkmək, sərgidə iştirak etmək, sənət mühitində görünmək qadından əlavə cəsarət tələb edirdi.

Belə bir mühitdə peşəkar qadın rəssam olmaq həm də sosial müqavimətə qarşı durmaq demək idi. Reyhan Topçubaşova bu müqaviməti yararaq sənətə daxil olan ilk qadınlardan biri oldu. Maral Rəhmanzadə isə artıq açılmış bu yolu genişləndirərək onu beynəlxalq səviyyəyə çıxardı.

Azərbaycanın ilk qadın rəssamı - Reyhan Topçubaşova

Reyhan İbrahim qızı Topçubaşova 1905-ci ildə Qubada dünyaya gəlib. Onun uşaqlıq illəri qadın təhsilinin hələ yenicə yayılmağa başladığı dövrə təsadüf edir. Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində aldığı təhsil Reyhan xanımın dünyagörüşünü formalaşdıran əsas amillərdən biri oldu. Həmin məktəb Azərbaycan qadınının ictimai həyata çıxışında mühüm rol oynamış, bir çox ziyalı qadınların formalaşmasına zəmin yaratmışdı. Bu məktəb qadına yalnız oxumağı deyil, düşünməyi, öz mövqeyini dərk etməyi öyrədirdi.

R.Topçubaşovanın erkən dövrdə həm pedaqoji fəaliyyətlə məşğul olması, həm də musiqi təhsili alması onun çoxşaxəli yaradıcılıq potensialından xəbər verir. O, konservatoriyanın fortepiano sinfində oxusa da, ailə məsuliyyətləri, xüsusilə oğlu İbrahimin dünyaya gəlişi bu təhsili yarımçıq qoymasına səbəb olub. Lakin bu məqam onun taleyində dramatik an kimi qalmadı, yaradıcı dönüş nöqtəsinə çevrildi. Belə ki, musiqidə yarımçıq qalan özünüifadə ehtiyacı rəssamlıqda tam şəkildə reallaşdı.

1933-cü ildə Reyhan xanım xüsusi istedadına görə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin birbaşa üçüncü kursuna qəbul olunur. Bu fakt onun artıq formalaşmış bədii düşüncəyə malik olduğunu göstərir. O, burada cəmi iki il oxusa da, bu müddət onun yaradıcılıq dilinin əsas konturlarını müəyyənləşdirdi və ilk azərbaycanlı qadın rəssam kimi sənət dünyasına inamla qədəm qoydu.

Reyhan Topçubaşovanın sənətində məişət mövzuları mərkəzi yer tutur. Onun 1936-cı ildə yaratdığı "Toy" əsəri Azərbaycan təsviri sənətində qadın baxışının ilk böyük manifesti kimi qiymətləndirilə bilər. Bu tablo milli adət-ənənələrin sadə təsviri deyil. Burada ailə münasibətləri, milli adət-ənənələr, kollektiv yaddaş, qadının məişətdəki mövqeyi və emosional atmosfer bir kompozisiyada cəmlənir. Əsərin bu gün Azərbaycan Milli İncəsənət Muzeyində qorunub-saxlanılması onun tarixi və bədii dəyərinin sübutudur.

Portret janrında R.Topçubaşova psixoloji dərinliyə xüsusi önəm verir. "M. Ə. Sabirin portreti", "Qəmər Almaszadənin portreti", "Avtoportret" kimi əsərlərdə obrazlar idealizə edilmir. Onlar düşünən, yorulan, hiss edən insanlardır. Xüsusilə "Avtoportret" əsərində rəssamın öz daxili dünyası böyük ustalıqla əks olunur.

Onun mənzərələri isə Abşeron təbiətinin poetik salnaməsidir. "Qız qalası", "Dəniz", "Mərdəkanın görünüşü", "İki sahil" kimi əsərlərdə şəhər və təbiət arasında incə harmoniya qurulur. Bu mənzərələrdə insan birbaşa görünməsə də, onun izi, varlığı hiss olunur.

Reyhan Topçubaşovanın fəaliyyəti təkcə yaradıcılıqla məhdudlaşmırdı. 1938-ci ildə ilk Azərbaycan qadın rəssamlarının sərgisini təşkil etməsi onun sənətdə qadın həmrəyliyinə verdiyi əhəmiyyətin göstəricisidir. 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülməsi isə onun sənətinin dövlət səviyyəsində tanındığını təsdiqləyirdi.

Maral Rəhmanzadə: milli sənətin bəşəri dili

Maral Rəhmanzadə 1916-cı ildə Bakıda anadan olub. O, Reyhan Topçubaşovanın təmsil etdiyi ilk nəslin açdığı cığırda uğurla irəliləyən, yolda yetişən nadir istedad sahiblərindən biridir. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda aldığı təhsil onun peşəkar rəssam kimi formalaşmasının ilk mərhələsi oldu. Daha sonra Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alması Maral Rəhmanzadənin yaradıcılıq diapazonunu xeyli genişləndirdi, Azərbaycan rəssamlığının qadın nəfəsini bütün dünyaya tanıtdı.

Maral xanımın sənətində qrafika xüsusi yer tutur. O, linoqravüra və qravüra texnikasında yaratdığı silsilələrlə Azərbaycan təsviri sənətində yeni vizual dil formalaşdırdı. "Bizim qızlar", "Mənim bacılarım", "Azərbaycan qadını keçmişdə və indi" kimi silsilələrdə qadın obrazı nə romantik mifdir, nə də passiv fiqur. Bu qadınlar sosial həyatın fəal iştirakçılarıdır.

Maral Rəhmanzadənin yaradıcılığında region mövzusu xüsusi əhəmiyyət daşıyır. O, Azərbaycanın müxtəlif bölgələrini coğrafi məkan olmaqdan əlavə, həm də mədəni kodlar sistemi kimi təqdim edir. Naxçıvanın monumental səssizliyi, Lənkəranın rütubətli və canlı təbiəti, Şamaxının tarixi qatları onun qrafik əsərlərində lakonik, lakin dərin emosional güclə ifadə olunur.

Kitab qrafikası sahəsində Maral Rəhmanzadənin xidmətləri xüsusilə vurğulanmalıdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi klassiklərin əsərlərinə çəkdiyi illüstrasiyalar mətnlə vizual təsvir arasında harmonik körpü yaradır. Bu işlərdə rəssam sözün fəlsəfi dərinliyini şəkil dili ilə açır.

Maral Rəhmanzadənin yaradıcılığı beynəlxalq miqyasda geniş rezonans doğurub. Onun əsərləri London, Paris, Moskva, Nyu-York, Tokio kimi mədəniyyət mərkəzlərində nümayiş etdirilib. Xaricdə təşkil olunan fərdi sərgiləri Azərbaycan təsviri sənətinin dünya mədəni xəritəsində görünməsinə ciddi töhfə verib. Bu mənada Maral Rəhmanzadə milli sənətin vizual diplomatına çevrilib.

Hər zaman sənətə və sənətkara yüksək dəyər verən dövlətimiz Maral Rəhmanzadə yaradıcılığını da diqqətdən kənarda qoymayıb. O, Xalq rəssamı adı və "Şöhrət" ordeni də daxil olmaqla bir sıra yüksək mükafatlara layiq görülüb. 2008-ci ildə vəfat etsə də, Maral Rəhmanzadə yaradıcılığı bu gün də öz aktuallığını qoruyub-saxlamağı bacarır və yeni nəsil sənətkarlar üçün güclü ilham mənbəyidir.

İki ad - bir missiya

Reyhan Topçubaşova və Maral Rəhmanzadə Azərbaycan qadın rəssamlığının iki fərqli mərhələsini təmsil edirlər. Reyhan xanım "ilk olmağın" bütün ağırlığını daşıyan sənətkardır. O, qadın üçün qapalı hesab edilən sənət məkanına cəsarətlə daxil olaraq bu qapını digərləri üçün taybatay açdı. Maral Rəhmanzadə isə artıq açılmış bu qapıdan keçərək onu geniş dünyaya tanıtdı.

Reyhan Topçubaşovanın sənətində səssiz müşahidə, lirizm və daxili harmoniya üstünlük təşkil edirsə, Maral Rəhmanzadənin yaradıcılığında ictimai dinamika, ideoloji mövqe və qlobal baxış daha qabarıqdır. Biri məişətin içindən sənət yaradır, digəri məişəti sənətin mərkəzinə gətirir. Bu fərq onların dövrü, aldığı təhsil və qarşılaşdığı sosial reallıqlarla birbaşa bağlıdır. Amma bütün fərqlərə baxmayaraq, hər ikisi Azərbaycan təsviri sənətinin qadın baxışı ilə zənginləşməsinə xidmət edir.

Bu iki sənətkarın irsi sübut edir ki, Azərbaycan təsviri sənətində qadın imzası təsadüfi və epizodik deyil. Bu, ardıcıl zəhmətin, cəsarətin və yaradıcılıq azadlığının nəticəsidir. Reyhan Topçubaşova və Maral Rəhmanzadə bu tarixin iki əsas dayağı, iki fərqli, lakin bir-birini tamamlayan səsidir.

Bu gün Azərbaycan təsviri sənətində onlarla gənc qadın rəssam fəaliyyət göstərir. Onların sərbəstliyi, mövzu seçimi və beynəlxalq platformalara çıxışı heç də təsadüfi deyil. Bu imkanların təməlində Reyhan Topçubaşova və Maral Rəhmanzadə kimi sənətkarların ömür boyu apardığı səssiz, lakin davamlı və inadkar mübarizə dayanır. O mübarizə ki, batinində gözəllik, millilik, səxavət və cəsarət gizlənmişdi. Məhz belə bir mübarizə uğura və əbədi həyata layiq idi.

Ona görə də Azərbaycan təsviri sənət tarixinə adlarını qızıl hərflərlə yazmış bu iki qadın rəssamın yaradıcılığı bu gün də aktualdır, çünki sənətləri insanı, cəmiyyəti və qadın taleyini anlamağa kömək edir. Onların fırçası ilə yazılan talelər Azərbaycan mədəniyyət tarixində əbədi olaraq yaşayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri