Icma.az
close
up
RU
Azərbaycan suyun qədrini bilən ölkədir

Azərbaycan suyun qədrini bilən ölkədir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu ilahi nemətə artan ehtiyac ehtiyat yaratmaqla cavablandırılır

Kranı açırıq su gəlir. Əkin sahəsini suvarırıq - məhsul yetişir. Şəhərdə ağacları da gen-bol sulayırıq, hələ küçələri də yuyuruq. Su gündəlik həyatımızın o qədər adiləşmiş tələbatına çevrilib ki, onun bir gün çatışmaya biləcəyi barədə o qədər də düşünmürük. Mütəxəssislər isə bildirirlər ki, yaxın illərdə bir çox ölkələr kimi Azərbaycanın da qarşısında duran ən ciddi məsələlərdən biri su qıtlığı olacaq.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayatın açıqladığı bir rəqəm problemin miqyasını anlamaq üçün kifayətdir. O bildirib ki, dünyada şirin su ehtiyatlarının, təxminən, 70 faizi kənd təsərrüfatında istifadə olunur. İlk baxışda bu, sadəcə, statistik göstəricidir. Əslində isə, həmin rəqəmin arxasında gündəlik həyatımızın ən vacib məsələlərindən biri dayanır. Çünki su yalnız içmək üçün lazım deyil. Süfrəmizə gələn çörəyin, taxılın, tərəvəzin, meyvənin, pambığın və digər kənd təsərrüfatı məhsullarının arxasında da su var. Başqa sözlə, su təhlükəsizliyi ilə ərzaq təhlükəsizliyi arasında əlaqə mövcuddur.

Deməli, suyun azalması təkcə krandan daha az su axması demək deyil. Su azalırsa, əkin sahələrinin məhsuldarlığı aşağı düşür, fermerin xərci artır, ərzağın maya dəyəri yüksəlir. Bu prosesin son nöqtəsində isə istehlakçı dayanır. Yəni bu gün tarlada israf edilən su sabah bazarda qiymət artımı kimi qarşımıza çıxır. Bu səbəbdən də Azərbaycanda su məsələsinə münasibət dəyişməlidir. Əlimizdə olan sudan səmərəli istifadə etmək məcburiyyətindəyik.

Azərbaycanın bu suala xüsusi həssaslıqla yanaşması üçün səbəblər var. Ölkəmiz Cənubi Qafqazın su ehtiyatlarının 15 faizinə malikdir. Üstəlik, əsas çaylarımız ölkə sərhədlərindən kənarda formalaşır. Kür və Araz kimi arteriyalarımızın yuxarı hövzələrində baş verən proseslər birbaşa Azərbaycanın su balansına təsir göstərir.

Bu, Azərbaycanın su problemini yalnız daxili məsələ olmaqdan çıxarır. Bəli, o sərhəd tanımır. Çayın yuxarı hissəsində verilən qərarın nəticəsi aşağı hövzədə hiss olunur. Yuxarıda suyun götürülməsi, çirkləndirilməsi və ya axının dəyişməsi aşağıda yaşayan insanların içməli su təminatına, kənd təsərrüfatına və ekosistemlərə təsir edir. Amma transsərhəd amillər nə qədər əhəmiyyətli olsa da, Azərbaycanın su probleminin bütün məsuliyyətini xarici amillərin üzərinə qoymaq olmaz. Əlimizdə olan suyun nə qədərini özümüz itiririk? Əsl sual budur.

Bu baxımdan ən böyük məsələ yenə kənd təsərrüfatının üzərinə gəlir. Çünki suyun ən böyük istifadəçilərindən biri məhz bu sahədir. Taxıl və pambıq sahələri başda olmaqla geniş əkin sahələrinin suvarılması böyük həcmdə resurs tələb edir. Üstəlik, su itkiləri də çox olur.

Problem ondadır ki, uzun illər ərzində istifadə edilən ənənəvi suvarma üsulları suyun əhəmiyyətli hissəsinin itirilməsinə səbəb olur. Açıq və torpaq məcralı kanallarda suyun bir hissəsi torpağa sızır, digər hissəsi isti havada buxarlanır. Əkin sahəsinə normadan artıq su verilməsi isə yalnız su itkisi yaratmır, torpaqların şoranlaşmasına və məhsuldarlığın azalmasına da gətirib çıxarır. Bir tərəfdən suyu itiririk, digər tərəfdən onunla becərdiyimiz torpağın keyfiyyətini aşağı salır, torpağı şoranlaşdırırıq.

FAO nümayəndəsi Nasar Hayatın açıqladığı 70 faizlik göstəricinin əsas mesajı da məhz burada üzə çıxır. Əgər suyun ən böyük hissəsi kənd təsərrüfatında istifadə olunursa, ən böyük qənaət imkanını da ilk növbədə həmin sahədə axtarmaq lazımdır.

Mütəxəssis İsmayıl Quliyevin açıqlamasına görə, müasir suvarma texnologiyalarından istifadə bəzi təsərrüfatlarda su sərfiyyatını 50–60 faizədək azaltmağa imkan verir:

– Bu, kiçik rəqəm deyil. Təsəvvür edək ki, hazırda istifadə etdiyimiz suyun yarısını itirmədən təsərrüfata çatdıra bilirik. Bu halda yeni su mənbəyi yaratmadan belə böyük bir ehtiyat formalaşdırmaq mümkündür. Amma burada yalnız texnologiyaya ümid bağlamaq da olmaz. Damcı suvarma sistemi qurmaq hələ su problemini həll etmir. Fermer bilməlidir ki, torpağa nə qədər su lazımdır, hansı vaxtda suvarma aparılmalıdır, hansı bitki daha çox su tələb edir və hansı məhsul mövcud iqlim şəraitində səmərəli yetişdirilə bilər. Yəni fermerə sadəcə su vermək yox, suyu idarə etməyi öyrətmək lazımdır.

Digər tərəfdən, su problemini yalnız kənd təsərrüfatının üzərinə qoymaq da düzgün deyil. Şəhərlərdə su itkiləri, köhnəlmiş xətlər, sızmalar, sənayedə yüksək su sərfiyyatı da ümumi mənzərənin mühüm hissəsidir.

Mütəxəssisin sözlərinə görə, suya qənaət yalnız evdə kranı bağlamaqdan ibarət deyil:

– Əsl qənaət suyun mənbədən istehlakçıya qədər, yəni bütün yolunda itkilərin azaldılmasıdır. Dövlət öz şəbəkəsində suyu qorumalı, fermer tarlada itkiləri azaltmalı, sənaye müəssisəsi istifadə etdiyi suyu mümkün qədər dövriyyəyə qaytarmalı, vətəndaş isə gündəlik istehlakında israfdan çəkinməlidir. Bu, günün tələbidir. Çünki Azərbaycanın su ehtiyatlarının son dövrlərdə 10–15 faiz azalması ilə bağlı məlumatlar var. Kür, Araz və Samur kimi çaylarda su ehtiyatının azalması vəziyyətin nə qədər həssas olduğunu göstərir

Su anbarları tikmək çox yaxşıdır, amma...

Mövcud şəraitdə Azərbaycanın daxili su ehtiyatlarının əhəmiyyəti daha da artır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın yerli su ehtiyatlarının, təxminən, 25 faizi bu ərazilərdə formalaşır. Bu, ölkə üçün mühüm imkan olmaqla yanaşı, böyük məsuliyyət də yaradır. Çünki həmin ehtiyatların əhəmiyyətli hissəsi ölkə daxilində formalaşır.

Lakin bu imkan bizi arxayınlaşdırmamalıdır. Qarabağda yaşayış məntəqələri bərpa olunur, insanlar doğma yurdlarına qayıdır, kənd təsərrüfatı və iqtisadi fəaliyyət yenidən qurulur. Bütün bunlar isə suya olan tələbatı artırır. Ona görə də bu ərazilərin su ehtiyatlarına yalnız istifadə ediləcək resurs kimi baxmaq olmaz. O həm də qorunmalıdır.

Bu baxımdan Həkəriçay üzərində həyata keçirilən layihə də diqqət çəkir. Laçında təməli qoyulan Həkəriçay su anbarının 100 milyon kubmetr tutuma malik olması və magistral kəmər vasitəsilə bir sıra rayonların su təminatına xidmət etməsi nəzərdə tutulur.

Rəsmi məlumatlara görə, layihə reallaşdığı təqdirdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təxminən 700 min nəfərin içməli su ilə təmin edilməsinə imkan yaranacaq. Regionda buna bənzər digər layihələr də həyata keçirilir. Gələcəkdə bu ərazilər Bakının içməli su təminatında da mühüm rol oynaya bilər.

Onu da qeyd edək ki, hazırda Azərbaycanın ərazisində 140-dan çox su anbarı mövcuddur. Ölkənin ən böyük su anbarı Mingəçevirdə yerləşir. Son illərdə ümumi su tutumu 456 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları istifadəyə verilib. Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra isə burada su təsərrüfatı infrastrukturunun bərpasına başlanılıb. Xaçınçay, Suqovuşan və Sərsəng su anbarları yenidən qurulub, Köndələnçay su anbarları kompleksi üzrə işlər davam etdirilib. Eyni zamanda, Zabuxçay su anbarının tikintisi həyata keçirilib. Hazırda Bərgüşadçay və Həkəriçay üzərində yeni su anbarlarının tikintisi aparılır.

Bu cür layihələr, şübhəsiz ki, vacibdir. Lakin su anbarı tikməklə məsələ bitmir. Su mənbəyinin gələcəkdə nə qədər bərpa olunacağı, iqlim dəyişikliklərinin həmin hövzəyə təsiri, ekoloji tarazlığın qorunması və artan tələbat mütləq nəzərə alınmalıdır. Çünki su anbarı su istehsal etmir. O, mövcud suyu toplamağa, saxlamağa və idarə etməyə imkan verir. Əgər hövzəyə daxil olan suyun həcmi azalırsa, ən böyük su anbarı belə uzunmüddətli həll yolu ola bilməz.

Bu səbəbdən su siyasəti yalnız yeni su anbarlarının tikintisinə deyil, həm də suyun təbii dövranının qorunmasına əsaslanmalıdır. Meşələr, çaylar, göllər, torpaq və yeraltı sular bir-birindən ayrı sistemlər deyil. Onların hamısı vahid su dövranının tərkib hissələridir. Deməli, su anbarları tikmək vacibdir, amma əsas məqsəd yalnız suyu toplamaq deyil, su mənbələrini qorumaq və gələcək nəsillər üçün dayanıqlı su ehtiyatı yaratmaq olmalıdır.

Bol yağış suyunu ehtiyata çevirmək olarmı?

Əgər qarşıdakı illərdə bizi daha ciddi su problemi gözləyirsə, niyə indidən alternativ mənbələrdən istifadə etməyək? Su çatışmazlığından danışdığımız halda, yağış yağanda küçələri basan suyun dənizə axıb getməsinə niyə imkan verək? Əslində, problem yalnız suyun azlığında deyil. Mövcud sudan necə istifadə etdiyimiz də ən az onun qədər vacibdir.

Yağış sularının toplanması içməli suya qənaət etmək üçün yaxşı imkanlardan biridir. Son dövrlərdə Bakıda güclü yağışlar zamanı bir sıra küçə və əraziləri su basır. Yağan suyun böyük hissəsi toplanaraq istifadə olunmaq əvəzinə kanalizasiya sisteminə, oradan da dənizə axıb gedir. Halbuki bu suyu toplamaq, saxlamaq və yaşıllıqların suvarılmasında, küçələrin yuyulmasında və digər texniki məqsədlər üçün istifadə etmək mümkündür.

Hazırda bunu həyata keçirmək çətindir. Əsas səbəblərdən biri yağış və kanalizasiya sularının eyni xətlərdə birləşməsidir. Yağış sularının ayrıca toplanması üçün isə xüsusi drenaj sistemləri və xətlər yaradılmalıdır. Yolların və binaların damlarından axan su xüsusi çən və anbarlarda toplana bilər. Bu, həm küçələrdə su basmasının qarşısını almağa, həm də texniki məqsədlər üçün içməli sudan daha az istifadə etməyə imkan verər.

Yeni salınan yaşayış massivlərində isə belə sistemləri əvvəlcədən qurmaq daha asandır. Qarabağda və Şərqi Zəngəzurda salınan yeni yaşayış məntəqələri bunun üçün imkan yaradır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı” layihələrdə yağış və tullantı sularının təmizlənərək yenidən istifadəsi, suyun rəqəmsal şəkildə idarə olunması nəzərdə tutulur. Bu yanaşmanın gələcəkdə digər şəhərlərdə də tətbiqi mümkündür.

Sənayedə də sudan daha səmərəli istifadə etmək olar. Müəssisələrdə qapalı su dövriyyəsi sistemi qurularsa, istifadə edilmiş su təmizlənib soyudulduqdan sonra yenidən istehsalat prosesinə qaytarıla bilər. Təmizlənmiş tullantı sularından texniki məqsədlərlə istifadə edilməsi də içməli suya olan tələbatı azaldar.

Su itkisinin qarşısını almağın digər yollarından biri suvarma kanallarının yenidən qurulmasıdır. Məsələn, Şirvan suvarma kanalının yenilənməsi bu baxımdan mühüm layihələrdəndir. Qarabağ kanalının yenidən qurulması da su təsərrüfatı baxımından mühüm layihələrdən biridir.

Gələcəkdə yarana biləcək su qıtlığının həlli üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi imkanları da diqqət mərkəzindədir. Bu istiqamətdə layihələr həyata keçirildiyi halda dəniz suyundan həm suvarma, həm də içməli su məqsədilə istifadə etmək mümkün olacaq. Bütün bu tədbirlər göstərir ki, su təhlükəsizliyi yalnız yeni su mənbələri axtarmaqdan ibarət deyil. Əsas məsələ mövcud su ehtiyatlarını qorumaq, itkiləri azaltmaq və hər bir su mənbəyindən səmərəli istifadə etməkdir. Bu gün həyata keçirilən qabaqlayıcı tədbirlər gələcəkdə ciddi su problemləri ilə qarşılaşmamaq üçün böyük əhəmiyyət daşıyır.

Şübhəsiz ki, ən vacib məsələ suya münasibətimizi dəyişməkdir. Su sonsuz deyil. Kranı açanda suyun gəlməsi onun tükənməz olduğu demək deyil. Su anbarının bu gün dolu olması da sabah su problemi olmayacağına zəmanət vermir. Bu gün itirdiyimiz hər damla sabah bizə lazım olacaq. Ona görə də su təhlükəsizliyi təkcə ekoloji məsələ deyil. Bu, ərzaq təminatı, kənd təsərrüfatının gələcəyi, iqtisadiyyat və şəhərlərin inkişafı ilə birbaşa bağlıdır. Daha geniş mənada isə su təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri