Icma.az
close
up
RU
Azərbaycan Türkmənistan: Xəzər üzərindən qardaşlıq körpüsü

Azərbaycan Türkmənistan: Xəzər üzərindən qardaşlıq körpüsü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin sürətlə genişlənməsi son illər daha çox diqqət çəkir. Bu dinamikanın mühüm istiqamətlərindən birini isə Azərbaycan – Türkmənistan münasibətlərinin davamlı şəkildə inkişafı təşkil edir. Tarixi, mədəni və mənəvi yaxınlıqla yanaşı, Xəzər dənizi, nəqliyyat-kommunikasiya xətləri, enerji resursları və regional əməkdaşlıq imkanları bu iki ölkəni bir-birinə bağlayan çoxşaxəli strateji amillər sırasında xüsusi yer tutur. 

Bu münasibətlərin hazırkı mərhələsində iki dövlət arasında ənənəvi diplomatik münasibətlərin inkişaf etdirilməsi, Xəzərin iki sahilini birləşdirən iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı inteqrasiyanın gücləndirilməsi, eləcə də Türk dünyasında qarşılıqlı əlaqələrin mühüm elementlərindən birinə çevrilməsi mühüm önəm daşıyır. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri də bu baxımdan diqqət çəkir. 

                          Ortaq tarixdən strateji tərəfdaşlığa

Azərbaycan və Türkmənistan arasında münasibətlərin dərin kökləri var. Ortaq türk mənşəyi, dil və mədəniyyət yaxınlığı, tarixi yaddaş, adət-ənənələr və dini-mənəvi dəyərlər iki xalqı birləşdirən mühüm amillər sırasında xüsusi yer tutur. Bu təməl üzərində qurulan dövlətlərarası münasibətlər isə siyasi iradə və qarşılıqlı etimad hesabına yeni məzmun qazanması ilə nəzərə çarpır.

Azərbaycan ilə Türkmənistan arasında 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” münasibətlərin inkişafında mühüm mərhələ oldu. Sənəd iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığının strateji önəmini təsdiqlədi və sonrakı illərdə siyasi dialoqun daha intensiv xarakter almasına zəmin yaratdı.

İndiyədək müxtəlif sahələri əhatə edən 108 sənədin imzalanması əlaqələrin hüquqi bazasının nə qədər geniş olduğunu göstərir. Əslində, sənədlərin sayı təkcə statistik göstərici kimi diqqət çəkmir. Bu rəqəm, eyni zamanda,  iqtisadiyyat, energetika, nəqliyyat, humanitar əlaqələr, təhsil, mədəniyyət, turizm və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının formalaşdığını ifadə edən mühüm göstəricidir.

Azərbaycan liderinin Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər etməsi, Prezident Sərdar Berdiməhəmmədovun  və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə respublikamıza yüksək səviyyəli səfərləri iki ölkə rəhbərliyi arasında siyasi dialoqun intensivliyini göstərir. Xüsusilə 2026-cı il iyunun 22-23-də Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri münasibətlərin gündəliyinin əhatəliyini bir daha nümayiş etdirdi. Səfər zamanı prezidentlərin Birgə Bəyanatının, eləcə də müxtəlif istiqamətlərlə bağlı  12 sənədin imzalanması əməkdaşlığın hüquqi və institusional bazasını daha da genişləndirdi.

Beləliklə, son illərin təcrübəsi göstərir ki, Azərbaycan – Türkmənistan münasibətlərində siyasi dialoq epizodik xarakter daşımır. Əksinə, qarşılıqlı səfərlərin reallaşdırılması, hökumətlərarası mexanizmlərin getdikcə möhkəmləndirilməsi və müxtəlif çoxtərəfli platformalarda koordinasiyanın gücləndirilməsi müntəzəm əməkdaşlıq modelinin formalaşmasına xidmət edir.

                          Xəzər – əməkdaşlığın su körpüsü

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsi respublikamızın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu yanaşmanın əsasında isə həm tarixi-mədəni yaxınlıq, həm də dəyişən regional geosiyasi və geoiqtisadi reallıqlar dayanır. 

Son illər Xəzər dənizi coğrafi sərhəd olmaqla bərabər, həm də Avropa ilə Asiya arasında yeni iqtisadi əlaqələrin mühüm məkanı kimi çıxış edir. Azərbaycan bu prosesdə getdikcə Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən mühüm həlqələrdən birinə çevrilir. Türkmənistan isə zəngin enerji və təbii resursları, Mərkəzi Asiyanın mühüm coğrafi mövqeyi və Xəzərin şərq sahilində yerləşməsi ilə bu əlaqələr sistemində xüsusi yer tutur.

Bu baxımdan Azərbaycan – Türkmənistan münasibətlərinin inkişafı daha geniş regional mənzərənin bir hissəsidir. Xəzər üzərindən formalaşan nəqliyyat marşrutları, liman infrastrukturu, dəmir və avtomobil yolları, enerji və logistika imkanları iki ölkənin əməkdaşlığı üçün yeni perspektivlər yaradır.

Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü də bu baxımdan mühüm platformadır. Azərbaycanın bu mexanizmdə fəal iştirakı ölkənin  Mərkəzi Asiya ilə əlaqələrinin sistemli xarakter aldığını göstərir. İndiki görüş isə qarşılıqlı əlaqələrin daha da institusional dərinlik qazanması baxımından xüsusi diqqət çəkir.

Azərbaycan – Türkmənistan münasibətlərinin özünəməxsus cəhətlərindən biri isə Xəzər dənizinin iki ölkə arasında birləşdirici amilə  çevrilməsi ilə bağlıdır. 2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında “Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. “Dostluq” yatağı enerji layihəsi olmaqla bərabər, eyni zamanda, Azərbaycan və Türkmənistanın Xəzərdə əməkdaşlıq imkanlarının genişliyini nümayiş etdirən parlaq nümunədir.

Enerji sahəsində əməkdaşlığın başqa mühüm tərəfi isə Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın tranzit imkanlarından istifadə edilməsidir. Respublikamızın ərazisindən keçən enerji və nəqliyyat infrastrukturu, o cümlədən Bakı – Tbilisi –Ceyhan boru kəməri bu baxımdan mühüm imkanlar yaradır.

Bu əməkdaşlıq enerji resurslarının, sadəcə, bir ölkədən digərinə daşınması məsələsindən daha geniş məna daşıyır. Söhbət Xəzərin şərq sahilində yerləşən enerji resurslarının beynəlxalq bazarlara çıxışının şaxələndirilməsindən və bunun üçün müxtəlif marşrutların imkanlarından səmərəli istifadə edilməsindən gedir.

             “Dostluq” tankeri – qardaşlıq timsalı

Azərbaycan – Türkmənistan əməkdaşlığının maraqlı nümunələrindən biri Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün inşa edilən “Dostlug” neftdaşıyan tankeridir. 2023-cü ildən inşa edilən 8 min tonluq tanker 2026-cı il iyunun 22-də Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı dost ölkəyə təqdim olunub. 

Bu layihənin əhəmiyyəti təkcə bir gəminin inşası ilə məhdudlaşmır.  Burada Azərbaycanın gəmiqayırma potensialı, Türkmənistanın Xəzər nəqliyyat sistemindəki mövqeyi və iki dövlətin iqtisadi əməkdaşlığının real istehsal layihəsinə çevrilməsi kimi mühüm məqamlar diqqət çəkir. Başqa sözlə, Azərbaycan – Türkmənistan münasibətlərində siyasi dialoq iqtisadi layihələrlə tamamlanır. Bu isə tərəfdaşlığın davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında müsbət inkişaf istiqamətləri müşahidə olunsa da, ticarət göstəriciləri mövcud potensialın tam reallaşmadığını göstərir. Belə ki, 2025-ci ildə Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsi 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında isə bu göstərici 63,35 milyon dollar olub. 

Bu rəqəmlərin özü bir məqamı gündəmə gətirir: Ölkələrimiz arasındakı siyasi münasibətlərin və regional əməkdaşlıq şəraitinin əlverişliyinə  baxmayaraq, qarşılıqlı ticarətin daha böyük həcmə çatdırılması üçün əlavə imkanlar mövcuddur. Bu imkanlar xüsusilə qeyri-neft sektorunda, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalında, sənaye kooperasiyasında, logistika, rəqəmsal xidmətlər, turizm və tikinti sahələrində nəzərə çarpır.  

Tranzit göstəriciləri isə başqa mənzərə yaradır. 2025-ci ildə Azərbaycan – Türkmənistan marşrutu üzrə tranzit daşımaların həcmi əvvəlki illə müqayisədə 15 faiz artaraq 2 milyon 344 min tona çatıb. Cari ilin yanvar-avqust aylarında isə tranzit daşımaların həcmi 2 milyon 29 min ton olub və əvvəlki dövrlə müqayisədə 38 faizlik artım qeydə alınıb. Bu göstəricilər isə Azərbaycan ilə Türkmənistan arasındakı nəqliyyat əlaqələrinin artan əhəmiyyətini aydın göstərir.

Ticarət dövriyyəsinin genişləndirilməsi ilə tranzit daşımaları artımının paralelliyi   iki ölkənin münasibətlərində logistikanın rolu daha da yüksələcək. Çünki müasir regional iqtisadiyyat üçün nəqliyyat dəhlizləri artıq, sadəcə, yükdaşıma marşrutu deyil, həm də investisiya, istehsal, xidmət və ticarət zəncirlərinin əsas infrastrukturudur.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin xüsusi əhəmiyyəti var. Bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına bağlayan çoxşaxəli nəqliyyat sistemidir.

Türkmənistanın bu sistemdə fəal iştirakı Xəzərin şərq və qərb sahilləri arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Türkmənistan və Azərbaycan limanları, dəmir və avtomobil infrastrukturu arasında koordinasiyanın gücləndirilməsi də yük axınlarının artmasına əlverişli şərait yarada bilər. Belə bir perspektiv isə Azərbaycan – Türkmənistan münasibətlərinə yeni iqtisadi məzmun verir. Artıq söhbət təkcə ikitərəfli ticarətdən deyil, eyni zamanda, regional logistika sisteminin formalaşdırılmasında birgə iştirakdan gedir.

Burada bir məqama da nəzər salmaq yerinə düşər. Belə ki, iki ölkə arasında insan axını göstəriciləri də əlaqələrin sosial bazasının genişləndiyini göstərir. Məsələn, 2024-cü ildə Azərbaycana 33 min Türkmənistan vətəndaşı səfər edib. 2025-ci ildə bu göstərici 32 min 408 nəfər olub. 2026-cı il sentyabrın 16-dək isə respublikamıza 21 min 875 Türkmənistan vətəndaşı gəlib.

Bu rəqəmlər turizm və qarşılıqlı səfərlər üçün potensialın mövcudluğunu aydın göstərir. Bakı və Aşqabad arasında hava əlaqələrinin, turizm məhsullarının və qarşılıqlı təbliğatın daha da inkişaf etdirilməsi bu sahədə yeni imkanlar yarada bilər.

İnsanların qarşılıqlı səfərləri isə dövlətlərarası münasibətlərin ən mühüm göstəricilərindən biridir. Çünki iqtisadi və siyasi əlaqələr nə qədər mühüm olsa da, onların dayanıqlılığı cəmiyyətlər arasında real təmaslardan da asılıdır.

                                  Yeni əməkdaşlıq gündəliyi

Azərbaycan – Türkmənistan iqtisadi əməkdaşlığında Birgə Hökumətlərarası Komissiya xüsusi rol oynayır. Komissiyanın 9-cu iclasının 2026-cı il iyulun 8-də Aşqabadda keçirilməsi iqtisadi gündəmin müntəzəm şəkildə müzakirə edildiyini göstərir. Belə mexanizmlər ticarət dövriyyəsinin artırılması, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiya layihələrinin müəyyənləşdirilməsi və mövcud problemlərin operativ həll edilməsi üçün vacib platformadır. Növbəti mərhələdə hökumətlərarası komissiyanın fəaliyyətinin daha çox biznes layihələrinin formalaşdırılmasına, özəl sektorlar arasında birbaşa əlaqələrin qurulmasına və birgə istehsal imkanlarının araşdırılmasına yönəldilməsi iki ölkənin iqtisadi münasibətlərinə əlavə dinamizm verə bilər.

İki ölkə münasibətlərinin qarşısında duran əsas məsələlərdən biri də mövcud siyasi etimadı iqtisadi nəticələrə daha geniş şəkildə çevirməkdir. Burada bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir. 

Birincisi, qarşılıqlı ticarətin genişləndirilməsidir. Bunun üçün məhsul çeşidlərinin artırılması, biznes forumlarının davamlı keçirilməsi və qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsi vacibdir. İkincisi, tranzit və logistika ilə bağlıdır. Belə ki, 2025 – 2026-cı illərdə müşahidə olunan artım bu istiqamətdə potensialın yüksək olduğunu göstərir. Xəzər üzərindən yükdaşımaların sürətləndirilməsi və limanlararası koordinasiyanın təkmilləşdirilməsi mühüm nəticələr verə bilər.

Üçüncüsü, enerji əməkdaşlığıdır. Bu sahədə “Dostluq” yatağı, Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın tranzit imkanları uzunmüddətli əməkdaşlıq üçün mühüm əsas yaradır. Dördüncü sırada gəmiçilik və Xəzər iqtisadiyyatı dayanır. “Dostluq” tankerinin inşası bu sahədə əməkdaşlığın mümkünlüyünü nümayiş etdirir. Beşincisi, rəqəmsal iqtisadiyyat və texnologiyalarla bağlılıqdır. İki ölkə arasında rəqəmsal ticarət, elektron logistika, gömrük sistemlərinin inteqrasiyası, süni intellekt və innovasiya sahələrində təcrübə mübadiləsi gələcəkdə yeni əməkdaşlıq platformalarına çevrilə bilər.

Beləliklə, Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafını təkcə ikitərəfli münasibətlər kontekstində nəzərdən keçirmək kifayət etmir. Bu əlaqələr Xəzər hövzəsində və bütövlükdə Mərkəzi Asiya – Cənubi Qafqaz xəttində baş verən transformasiyaların bir hissəsidir.

Mərkəzi Asiyanın qlobal iqtisadi və nəqliyyat sistemində əhəmiyyəti artdıqca respublikamızla bu region arasındakı əlaqələrin strateji çəkisi də yüksəlir. Azərbaycan isə öz növbəsində Xəzərin qərb sahilində mühüm nəqliyyat, enerji və logistika imkanlarına malik ölkə kimi çıxış edir.

Türkmənistanın zəngin enerji potensialı, Xəzər üzərindəki mövqeyi və Mərkəzi Asiyadakı iqtisadi imkanları ölkəmiz üçün əhəmiyyətli tərəfdaşlıq sahələri yaradır. Azərbaycanın nəqliyyat infrastrukturu, liman imkanları, enerji dəhlizləri və Avropa bazarlarına çıxış potensialı isə Türkmənistan üçün mühüm əməkdaşlıq istiqamətləri formalaşdırır. Bu isə iki ölkənin imkanlarının  müəyyən mənada bir-birini tamamladığını deməyə əsas verir

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri