Azərbaycana qarşı İran təhlükəsi
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni bir qərar qəbul edib və xüsusi bir prezident memorandumunu imzalayıb.
Bu sənəd İran hökumətinə qarşı maksimum təzyiq siyasətini bərpa edir və Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə mane olmaq məqsədi güdür. Ağ Ev bununla bağlı rəsmi açıqlama verib:
"Bu qərarın əsas məqsədi İranın nüvə silahı və uzun mənzilli raketlər əldə etməsinin qarşısını almaq, İran tərəfindən dəstəklənən terror şəbəkələrini zəiflətmək və Tehranın hərbi gücünü məhdudlaşdırmaqdır”.
Sənədə əsasən, ABŞ Maliyyə Nazirliyinə İrana qarşı iqtisadi təzyiqləri artırmaq və sanksiyalardan yayınan şəxslərə qarşı sərt tədbirlər görmək tapşırılıb.
Dövlət katibi İranın neft satışının qarşısını almaq üçün xüsusi bir kampaniya aparacaq.
ABŞ-nin BMT-dəki nümayəndəsi beynəlxalq sanksiyaların daha da sərtləşdirilməsi üçün digər ölkələrlə işləyəcək.
ABŞ Baş Prokurorluğu isə İran tərəfindən maliyyələşən terror qruplaşmalarının ABŞ vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdıracaq və məsul şəxslərin həbs olunmasına çalışacaq.
Bu qərarın təsirləri nə olacaq?
Ekspertlərin fikrində, bu addım ABŞ-nin İranla bağlı siyasətində yeni bir mərhələdir. Son illər tətbiq olunan sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Əgər İranın neft satışına tam məhdudiyyət qoyularsa, ölkənin əsas gəlir mənbəyi zəifləyəcək və iqtisadi çətinliklər daha da arta bilər.
Digər tərəfdən, bu qərar Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.
İranın bu addımlara cavab olaraq bölgədəki nüfuzunu qorumağa çalışması və mümkün cavab tədbirləri görməsi ehtimalı var. Bu isə münaqişələrin artmasına səbəb ola bilər.
ABŞ-nin bu siyasəti Avropa ölkələri və Çin kimi İranla ticarət edən dövlətlər üçün də çətinlik yarada bilər. Çünki onlar ya ABŞ sanksiyalarına əməl etməli, ya da İranla iqtisadi əlaqələrini davam etdirmək üçün alternativ yollar axtarmalı olacaqlar.
Nəticə olaraq, Trampın imzaladığı bu memorandum İran və ABŞ arasındakı münasibətləri daha da gərginləşdirəcək və beynəlxalq arenada yeni siyasi-iqtisadi dəyişikliklərə səbəb olacaq. Bunun İran xalqına və bütövlükdə Yaxın Şərqə necə təsir edəcəyini isə zaman göstərəcək.
Mövzu ilə bağlı “Cümhuriyət”-in suallarını İsrailli politoloq, Qafqaz, islam dünyası və Yaxın Şərq üzrə mütəxəssis, Şərq Tərəfdaşlığı İnstitutunun sədri Avraham Şmuleviç cavablandırıb:
![](https://cdn.axar.az/az/cdn/2016/january/08/1452237110.jpg)
- Niyə Tramp Netanyahu ilə görüşdən əvvəl BMT-nin İnsan Haqları Şurasından çıxmaq barədə sərəncam imzalayıb? Bu təsadüfdür, yoxsa düşünülmüş siyasi jest?
-Bu, təbii ki, düşünülmüş bir siyasi jest deyil, əksinə, düşünülmüş siyasətdir.
"Siyasi jest" anlayışı bəyanatı nəzərdə tutur, lakin onun arxasında real addımlar olmur. Burada isə biz bütöv bir siyasətin həyata keçirilməsinin şahidi oluruq, bu, planın tərkib hissəsidir. ABŞ dolayısı ilə və ya birbaşa terror təşkilatlarını dəstəkləməkdən imtina edir.
Xatırladaq ki, BMT-nin İnsan Haqları Şurası əslində, yaradıcı dövlətlərin niyyətinə uyğun olaraq BMT-nin əvvəlcədən nəzərdə tutulan formasının parodiyasıdır. Bütövlükdə BMT isə tamamilə səmərəsiz bir təşkilatdır və onun əsas funksiyası İsrailə qarşı mübarizəyə yönəldilib. BMT-nin mövcud olduğu bütün dövr ərzində qəbul etdiyi qətnamələrin üçdə biri İsrail əleyhinədir.
Qarabağdan olan azərbaycanlı qaçqınlarla bağlı qəbul edilən qətnamələrin sayını xatırlayın və bunu guya "Fələstin qaçqınları" üçün qəbul edilən qətnamələrin sayı ilə müqayisə edin, görəcəksiniz ki, fərq astronomikdir.
İnsan Haqları Şurası isə diktatura rejimləri tərəfindən idarə olunan və məhz bu rejimlər tərəfindən yaradılan bir qurumdur. Onlar özləri insan haqlarını kobud şəkildə pozurlar. Məsələn, İran, Rusiya və s. Buna görə də bu təşkilatı “parodiya” adlandırmaq yerinə düşər.
Tramp isə vəd etdiyi kimi, İnsan Haqları Şurasından çıxdı.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyi (UNRWA) isə daha da absurddur. Dünyada başqa heç bir beynəlxalq təşkilat yoxdur ki, müəyyən bir qaçqın qrupuna xüsusi qayğı göstərsin. Halbuki, tarixdə İkinci Dünya müharibəsindən sonra milyonlarla insan məcburi köçkün və qaçqın olub.
Xatırladaq ki, fələstinli qaçqınlar dediyimiz fenomen 1948-ci ildə, hələ Fələstin dövləti yox ikən baş verən müharibə nəticəsində ortaya çıxıb. Həmin müharibə 1949-cu ildə başa çatıb. O zaman ərəblər BMT-nin İsrail dövlətinin yaradılması qərarını tanımaqdan imtina edərək, bizi məhv etməyə çalışdılar.
Təsəvvür edin, İsrailin əleyhinə döyüşənlər və onların ailələri İsrail ərazisini tərk etdilər və beləliklə, fələstinli qaçqınlar meydana gəldi.
Lakin 1949-cu ildən 76 il keçib. Dünyadakı digər bütün qaçqın problemləri həll edilib. Ümumilikdə yüz milyonlarla insan qaçqın olub və məsələləri həll olunub.
Ancaq fələstinli qaçqınlara yardım təşkilatı süni şəkildə yaradılıb ki, bu problemi həmişə gündəmdə saxlasınlar, onların başqa ölkələrə inteqrasiya etməsinə imkan verməsinlər və İsrail üçün daimi təhlükə mənbəyinə çevirsinlər.
Bu qaçqınları uşaq yaşlarından İsrailə nifrət içində böyüdürlər, terrorçu olmağı öyrədirlər, intihar bombası taxmağa, yəhudiləri öldürməyə hazırlayırlar.
Bütün bunlar çoxsaylı materiallarla sübut olunub və “YouTube”-da kifayət qədər video var. Hətta bu təşkilatın əməkdaşları HƏMAS-ın terror aktlarında iştirak edib, o cümlədən 7 oktyabr hücumunda. İsrailli girovlar məhz bu təşkilatın obyektlərində saxlanılıb.
Yəni bu təşkilat sadəcə "fələstinli qaçqınlara yardım" qurumu deyil, terrorçulara yardım təşkilatıdır. Trampın bu fərmanları imzalaması isə təbii ki, mövcud siyasi gündəliyin bir hissəsidir. Bu, təkcə siyasi jest deyil, həm də ABŞ-nin terroru dəstəkləməkdən imtina etməsi, Yaxın Şərqi yenidən formalaşdırmaq və uzunmüddətli sülhə nail olmaq üçün atdığı real addımdır.
- İrana qarşı “maksimum təzyiq” siyasətinin bərpası Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaqmı?
- Yaxın Şərqdə gərginliyin artmasına məhz İranın siyasəti səbəb olur. Yəni İran dünyanın müxtəlif yerlərində terror təşkilatlarını dəstəkləyir, Yaxın Şərqdə mövcud olan sabit rejimləri sarsıdır və bunu təkcə indi yox, uzun illərdir edir. Bir neçə ay bundan əvvəl açıq mənbələrdə məlumatlar yayıldı ki, İran İordaniyada yeni kral II Abdullahı devirməyə çalışır.
İran İraqda, Suriyada terrorçu, radikal islamçı təşkilatları maliyyələşdirir və dəstəkləyir. Eyni şey Livanda "Hizbullah" təşkilatına da aiddir. Azərbaycana gəldikdə , siz özünüz də bilirsiniz ki, İran daim anti-Azərbaycan fəaliyyətini dəstəkləyib.
Yəni Yaxın Şərqdə sülhə ən böyük təhdid İranın özüdür. Əgər İran nüvə silahına sahib olarsa, bu, təkcə İsrail üçün yox, ən çox İranın yaxınlığında yerləşən ölkələr – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Azərbaycan üçün ciddi təhlükə yaradacaq. İsrailin müdafiə sistemi var, hava hücumundan müdafiə sistemləri var.
Amma bu təhlükə ilk növbədə İranın ətrafındakı ölkələrə yönələcək. İranın rəsmi siyasəti açıq şəkildə Yaxın Şərqi qeyri-sabit vəziyyətdə saxlamağa hesablanıb. Onların açıqlamalarına baxsaq, açıq mətnlə bildiriblər ki, İsrail 2040-cı ilə qədər məhv ediləcək. Bu, dünyada misli görünməmiş bir şeydir. Heç bir başqa dövlət açıq şəkildə BMT üzvü olan digər bir dövləti yox etməyi hədəflədiyini bəyan etmir. Amma İranın hakim rejiminin siyasəti məhz bu istiqamətdədir – Yaxın Şərqi qeyri-sabit etmək və öz təsir dairəsini genişləndirmək.
Azərbaycanla bağlı məsələyə gəldikdə, siz yaxşı bilirsiniz ki, İranın siyasəti daim Azərbaycana qarşı yönəlib.
Formal olaraq diplomatik əlaqələr və müqavilələr olsa da, İran hakimiyyəti Azərbaycanı "tarixi olaraq İrandan qoparılmış bir ərazi" hesab edir. Vaxtaşırı İran rəsmiləri bu barədə müxtəlif səviyyələrdə açıqlamalar verirlər.
İranın qarşısının alınması əksinə, Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə səbəb olacaq. İran daim gərginlik yaradır və onun təsir imkanları məhdudlaşdırılarsa, bu cür gərginliklər artıq baş verməyəcək.
- ABŞ-nin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) çıxması Amerikanın fələstinlilərə dəstəyini yenidən nəzərdən keçirmək üçün daha geniş strategiyanın bir hissəsidirmi?
- "Fələstinlilər", yəni "Fələstin xalqı" əslində, heç vaxt mövcud olmayıb. Məsələn, Qarabağda ermənilərin yaratdığı qondarma qurum kimi. Üstəlik fələstinlilərin nə ayrıca bir dialekti, nə özlərinə məxsus ərəb dili olub, nə də konkret bir xalq kimi formalaşıblar. Onlar əsasən süni şəkildə "fələstinli qaçqınlar" kimi təqdim olunublar. Müharibədən sonra onlara BMT-nin yardımı ayrıldığı üçün bir çox insanlar sadəcə bu kateqoriyaya daxil edilib və bu yardımlardan faydalanıb.
Üstəlik, Fələstin qaçqınlarının ailələri belə nəsillər boyunca bu yardımları alırlar. Dünyada heç bir başqa qaçqın qrupuna bu cür imtiyazlar verilməyib. Bir çox ərəb sadəcə fələstinli qaçqın statusu almaq üçün qeydiyyatdan keçir, çünki bu, əlavə gəlir, hətta bəzi ailələr üçün əsas dolanışıq mənbəyidir.
Onlara yaşadıqları ərəb ölkələrində vətəndaşlıq verilmir, əksinə, siyasi və hərbi vasitə kimi istifadə olunurlar.
Bu proses əsasən ABŞ-nin Demokrat Partiyasının hakimiyyəti dövründə dəstəklənib. ABŞ uzun illər boyunca "fələstinli qaçqınlar" üçün böyük məbləğdə vəsait ayırıb. Hələlik söz olaraq, dua edək ki, Tramp buna nail olsun.
-Marko Rubionun beynəlxalq təşkilatları və müqavilələri nəzərdən keçirmək mandatı ABŞ-nin təcrid olunmasının yeni dalğasının başlanğıcıdır?
-Xeyr, bu, təcrid dalğasını ifadə etmir. Əksinə, təcrid siyasəti odur ki, Amerika dünya işlərinə qarışmır və sadəcə özünü adada yerləşən bir dövlət kimi aparır.
Trampın siyasəti isə bunun tam əksidir. O, beynəlxalq siyasətə aktiv şəkildə müdaxilə etməyə başlayıb, yeni dünya nizamını formalaşdırmağa çalışır. Bu, təcrid siyasəti deyil, əksinə, genişlənmə siyasətidir. Tramp hesab edir ki, əvvəlki administrasiya dövründə ABŞ-nin beynəlxalq arenadakı mövqeyi xeyli zəifləyib, ABŞ üçün əlverişsiz ticarət müqavilələri bağlanıb və Çindən, eləcə də İrandan hərbi təhlükə mövcuddur.
Tramp bununla bağlı planlar qurmaqla kifayətlənmir, artıq aktiv şəkildə ABŞ-nin beynəlxalq arenadakı mövqeyini gücləndirmək üzərində işləyir. Bu, təcrid siyasəti deyil, əksinə, ABŞ-nin qlobal siyasətə fəal müdaxiləsidir. Başqa sözlə desək, ABŞ-nin yenidən aparıcı dünya dövləti rolunu geri qaytarmasıdır.
Səbinə Uğur
"Cebheinfo.az"
![see](https://icma.az/template/assets/see.png)