Azərbaycanda reklam bazarı mediadan şantaj tələb edir MÜSAHİBƏ
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sabah “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 7-cı ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də yaradılıb.
Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına bilib.
Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.
Bu münasibətlə saytın qurucusu Elnur Məmmədli Modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Elnur müəllim, xəbər saytının tanınmasında, geniş oxucu auditoriyası toplamasında zaman nə qədər önəmlidir.
- Zamandan çox davamlılıq daha önəmlidir. Yəni yüksək tempdə işləmək və bu davamlılığı qorumaq lazımdır. Təbii ki, zamanın da müəyyən qədər rolu var. Amma xəbər saytı zəif işləyirsə, ictimai rəyə təsir göstərə bilmirsə və özəl xəbər yayımlamırsa, orada zaman amilinin ciddi əhəmiyyəti qalmır. Tanınmaq və reytinqlərdə ön sıralarda yer almaq üçün isə bir neçə vacib amil olmalıdır: maliyyə, peşəkarlıq və düzgün idarəetmə. Kollektiv düzgün seçilməlidir və bütün bunlar üçün yaxşı maliyyə təminatı lazımdır. Azərbaycanda büdcəsi çox böyük olan saytlar var. Elə saytlar mövcuddur ki, onların aylıq büdcəsi bizim yarımillik büdcəmizə bərabərdir. Amma baxdıqda görürük ki, ətrafına yaxınlarını, qohumlarını toplayıb. Nəticədə idarəetmə səviyyəsi də, xəbərə yanaşma da çox aşağıdır. Belə xəbər saytları reytinq mühitində və özəl xəbərlər sahəsində demək olar ki, görünmür.
- Son 7 ildə yaranan və tanınan xəbər saytlarının sayı o qədər də çox deyil…
- Azərbaycanda ən çox rəqabətin olduğu sahələrdən biri medidır. Biz fəaliyyətə başlayanda da boşluq olan bir məkana gəlmədik. Burada yer tapmaq həddən artıq çətin idi. “Yenisabah.az”ın ilk ayının büdcəsi 2000 manata belə çatmırdı. Üç nəfərlə başladıq. Uzun müddət bu sahədə çalışmışdım, özümə inanırdım, kifayət qədər təcrübəm də var idi. Özümü yoxlamaq istədim. Niyə də yox?! Bu müddətdə yaranan, amma uğur qazana bilməyən saytların əsas problemi hay-küyə həddindən artıq bel bağlamalarıdır. Bir sayt yaranır, böyük hay-küy olur, amma davamlılıq olmadığı üçün nəticə əldə olunmur.
- “Yeni Sabah”ı yaratmaq istəyi necə yarandı? Bu istək, yoxsa məcburiyyət idi?
- Heç bir məcburiyyət yox idi. Əslində ağır bir yükün altına girmək, məsuliyyət, yuxusuz gecələr deməkdir xəbər portalının rəhbəri olmaq. Artıq 26 ildir mediadayam. Həmişə təxminən beş ildən bir iş yerimi dəyişmişəm. Dəyişikliyi, yeniliyi sevirəm. Eyni zamanda yol olmayan yerlə getməyi.
- Bir yerdə beş ildən çox işləməmək jurnalist üçün yaxşıdır, yoxsa pis?
- Məncə, yaxşıdır. Hətta adi iş otağında belə əşyaların yerini dəyişəndə bu insana yeni motivasiya verir. İş yerini dəyişəndə də eyni effekt yaranır. İnsan daha fərqli düşünməyə başlayır.
- Siz işçilərinizi tez-tez dəyişirsiniz, yoxsa onlar sizi dəyişir?
- Bu təşəbbüslə çox az hallarda çıxış etmişəm. Çünki işçini işə götürəndə onu araşdırmışam: əvvəlki yazılarını oxumuşam, keçmiş rəhbərləri ilə əlaqə saxlamışam. Həm jurnalist kimi, həm də insan kimi maraqlanmışam. Ona görə də tez-tez dəyişiklik etməmişəm. Düzdür, indi jurnalistlər özləri iş yerlərini tez-tez dəyişirlər. Burada əsas problem maliyyə məsələsidir. Bizdən gedən əməkdaşların bir çoxu sırf başqa yerdən daha yaxşı təklif aldıqları üçün gediblər. Buna da çox normal yanaşıram.
- Sizin işçiləriniz arasında gənclər çoxluq təşkil edir?
- Xeyr. Orta yaş balansını tuta bilmişik.
- Bəzən xəbər saytlarının universiteti yeni bitirən, təcrübəsiz məzunları işə götürməkdən çəkindiyini görürük. Sizin bu məsələyə münasibətiniz necədir?
- Mən bunda maraqlıyam. Çünki insana özünü kəşf etməsi üçün imkan yaratmaq lazımdır. Bu vaxta qədər kim bizə müraciət edibsə, hamısına bacardığım imkanı yaratmışam. Gəliblər, özlərini sınayıblar. Özünü bu sahədə tapanlar da olub, tapmayanlar da.
- “Yenisabah.az”ın əsas dəsti-xətti nədir? Məsələn, bəzən manşetdə həm şou, həm də rəsmi xəbərləri yan-yana görə bilirik.
- Bizdə bu dediyiniz məsələ ilə bağlı xüsusi prinsip yoxdur. Bunu mənə bir çox dostlar deyir ki, manşetdə əyləncə və rəsmi xəbərin yan-yana dayanması yaxşı görünmür. Amma mən belə düşünmürəm. Xəbər maraqlıdırsa, onu yerləşdiririk. Xüsusi dəst-xəttə gələndə, açığı, bu haqda heç bir fikrim yoxdur. Ola bilər ki, kənardan hansısa bir fərqlilik müşahidə olunur. Amma mən bunu görmürəm. Biz xəbərçiliklə məşğuluq. Xəbərə xidmət edən nə varsa, onu saytda yayımlayırıq. “Yeni Sabah” təkcə mənə oxşamır, sayt redaksiyamızda çalışan hər kəsə oxşayır. Mən bunu maraqlı hesab edirəm. Amma Azərbaycanda elə saytlar var ki, baxan kimi rəhbərini orada görmək olur. Sanki ana səhifəsində saytın rəhbərinin portreti çəkilib. Bizdə isə müxbirlər yazının şəklini, başlığını rahatlıqla dəyişə bilirlər, redaktorun qoyduğu başlığı, seçdiyi fotonu tənqid edə bilər.
- Ad seçiminiz də maraqlıdır. Bu tip adları daha çox türk mediasında görürük.
- Azərbaycan mediasında maraqlı adların əksəriyyəti artıq saytlar üçün istifadə olunub. (Gülür) Bizim üçün də çətin oldu. Açığı, mən “sabah.az” domenini istəyirdim, amma həmin vaxt bu domen başqaları tərəfindən alınmışdı. Bir müddət fəaliyyət göstərdi, hazırda isə, məncə, işləmir. Mən də bu səbəbdən “sabah” sözünün qarşısına “yeni” əlavə etdim. Həm mənim üçün, həm də xəbər üçün yenilik olsun istədim. Ümumilikdə isə ad seçimi müəyyən qədər xəbər portalı üçün önəmli hesab olun bilər. Lakin fəaliyyət o adı doğrutmayanda bunun heç bir önəmi qalmır.
- İlk günlə bu günü müqayisə etsəniz, hansı prinsiplər dəyişdi, hansılar dəyişməz qaldı?
- Biz də ilk illərdə bir az hay-küylə gəlirdik, ağına-bozuna baxmadan bütün xəbərləri verirdik. İndi isə xəbərləri daha seçərək yerləşdiririk. Ümumilikdə, ciddi dəyişiklik yoxdur. Aradan elə də çox vaxt keçməyib. Mən bu saytı 20 illik təcrübə ilə yaratmışam. Bu qədər təcrübə olduqdan sonra insan prinsiplərini tez-tez dəyişmir. Amma mətbuata ilk gəldiyim günlə bu günü müqayisə etsəydik, təkcə prinsiplərimdə deyil, xarakterimdə də xeyli dəyişikliklər var.
- Yayımladığınız xəbərlərə görə təzyiq, qeyri-rəsmi müraciətlər və ya “xahişlər”lə qarşılaşırsınızmı? Belə hallarda redaksiya necə davranır?
- Çox qarşılaşmışıq. Nəzərə alıb-almamağım müraciətin üslubundan asılıdır. Xahiş edən adam hansı tonda, nə deyir, - buna baxıram. İnsanlar var ki, haqqında məlumatların yayılmasını istəmirlər. Bunun səbəbi də sosial şəbəkələrlə bağlıdır. Sosial şəbəkələrin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də çoxdur. Hamı bilir ki, məmurlar mətbuata açıq deyillər. Təsadüf hallarda müsahibə, açıqlama verirlər, sən də onu saytda yayımlayırsan. Paralel olaraq həmin məmur sosial mediada linç olunur. Bu bir neçə dəfə təkrarlananda məmur özünə qadağa qoyur. Ola bilər ki, insan müsahibə verərkən sənin bəyənmədiyin nəyisə desin. Amma biz çox önyarğılıyıq. Xəbər çıxarmaq üçün təhdid də olur, təzyiq də, məhkəmə hədəsi də. Məhkəmə təcrübəmiz də var.
- Məmur mediada tənqid olunmaqdan qorxmalıdırmı?
- Normal insan qorxmamalıdır. Normal tənqiddən də heç kim qorxmur. Sosial mediada isə tənqid yox, daha çox küy var. İnsan buna çox dözümlü olmalıdır və bu, çətindir. Məmurları qınamaq da olar, qınamamaq da.
- Sosial media hesablarından necə istifadə edirsiniz?
- Sosial şəbəkələr çox önəmlidir, vacibdir. Onlarsız mümkün deyil. Biz də maksimum dərəcədə bundan yararlanmağa çalışırıq. Amma sosial medianın həddindən artıq şişirdilməsinin tərəfdarı deyiləm. Bizim saytımıza sosial mediadan giriş 30 faizdən aşağıdır. Əsasən birbaşa girişlər olur. Bu gün sosial mediadan daha əhəmiyyətli süni intellekt var və bu, jurnalistikanın inkişafına dəstək verir. Təbii ki, süni intellektdən düzgün istifadə daha az zaman, daha az qüvvə və daha çox məhsuldarlıq qazandıra bilər.
- Siz süni intellektdən istifadə edirsiniz?
- Gələcəkdə istifadə edə bilərik. Amma bu da maliyyə tələb edir. Azərbaycanda medianın vəziyyəti bəllidir. Bu gün reklam bazarı mediadan reketçilik, şantaj tələb edir. Şirkətlər, qurumlar mediaya başqa yol qoymayıblar. Biz isə bunu bacarmırıq və özümüzə yaraşdırmırıq. Kimi, necə şantaj edək? Mənim isə bu cür təcrübəm olmayıb və olmayacaq.
- Şantaja əl atmadan reklam cəlb edə bilmisinizmi?
- Hə.
- Reklamdan gələn gəlirlər xərclərinizi qarşılaya bilir?
- Xərclərin üçdə birini qarşılayır.
- Özünüzə kimləri rəqib, kimləri örnək görürsünüz?
- Xəbər yayan hər kəsi rəqibimiz hesab edə bilərik. Bəzən görürsən ki, adını belə bilmədiyin bir sayt elə xəbər yayımlayır ki, sən ona istinad verib həmin xəbəri öz saytında yayımlayırsan. Bu səbəbdən düşünürəm ki, xəbər yayan bütün saytlar, bütün bloqerlər, bütün profillər rəqib hesab olunmalıdır. Rəsmi agentlik də mənim üçün rəqibdir, küçədən şəkil çəkib profilində paylaşan da.
- Bəs örnək? Yəqin ki, hamısı örnək hesab edilə bilməz.
- O səviyyəyə çatan hələ yoxdur. Arzu edərəm ki, çatsınlar.
- Ən çox sevdiyiniz işçi kimdir?
- Hamısı. Onların arasında fərq qoya bilmərəm.
- Gələcəklə bağlı hansı düşüncələriniz var? Yeni layihələr, yeni işlər haqqında düşünürsünüzmü?
- Bir söz var: əsgər general olmaq istəmirsə, o əsgər deyil. Mən general olmaq istəyirəm. İstəyirəm saytımız zirvədə olsun, hamını yuxarıdan görək. Hazırda mərkəzdəyik. Yəqin ki, ən yuxarıda olmağın ayrı zövqü var. Buna nail olmaq üçün hər şeyimiz var, amma ən vacib amil olan maliyyə yoxdur. Çox şey maliyyənin üzərində qurulub. Bir daha bu mövzuya qayıdıram, bu gün əsas məsələ reklam bazarıdır ki, o da bəlli prinsiplərlə paylanılmır. Bizdə reklam sahəsində nəinki ədalət, ümumiyyətlə, məntiqsizlik hökm sürür. Qaydasızlıqla idarə olunan bazarda ya bu qaydalara uyğunlaşmalısan, ya da bizim kimi maddi baxımdan yerində saymalısan. Bizim bir çox sahələrdən yazan əməkdaşımız ümumiyyətlə yoxdur. Bir müxbirimiz başqa saytlarda işləyən üç müxbirin gördüyü işi görür.
- Ümumiyyətlə, Azərbaycan media mühitini necə təsəvvür edirsiniz və orada var olduğunuzu düşünürsünüzmü?
- “Yeni Sabah” Azərbaycan mediasında var. Media həm idarəetmədə, həm də ictimai proseslərin yönləndirilməsində müəyyən qədər alət rolunu oynayır. İndiyədək ölkədə baş verən səs-küylü məsələlərdə medianın hansı rol oynadığını da görmüşük. Gedişat bunu tələb edir. “Yeni Sabah” həmişə mərkəzdə olub. Burada reytinq də var, proseslərin aparıcılığı da, təsir gücü də.
- Bir vaxtlar qəzetlər mətbuatın əsas informasiya mənbəyi idi. Sonra radio və televiziya, daha sonra xəbər saytları, indi isə sosial media geniş yayılıb. Şübhə yoxdur ki, gələcəkdə sosial mediaya da alternativlər yaranacaq. Bu halda saytların dövrü geridə qalırmı?
- Qalmır. Çünki bu gün sosial şəbəkələrdə təqdim olunan və müzakirə edilən mövzuların 70-80 faizi saytların yazdığı xəbərlərdir. Bizdə yeni nəsil jurnalistlər yetişmir, qısır vəziyyətdəyik. Neçəsinin içindən biri özünü doğruldur? Sosial medianın mənfi tərəflərindən biri də məhz budur. Müxbir artıq redaksiyadan kənara çıxmır, hadisəni öz gözü ilə görmür və yalnız sosial şəbəkələrdə gördüyü quru mətn, video və şəkillər əsasında xəbər hazırlayır. Jurnalist hadisəni yaşamır.
- Yeniliyə açıqsınız?
- Açıq olmasaq, özümüzə başqa iş tapmalıyıq.
- 7 il ərzində nəyə nail oldunuz? Bu illər sizə nələr qazandırdı?
- Mənə elə gəlir ki, Azərbaycanda media oxuyan istənilən adama desən ki, 10 xəbər saytının adını çək, 10 haldan 8-də bizim adımız orada olacaq. Biz öz sözümüzü müəyyən qədər deyə bilmişik. Bu, eqo deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















