Azərbaycanda rəqəmsal valyutalara hüquqi status nə vaxt verilə bilər?
Fiziki forması olmayan və yalnız elektron şəklində mövcud olan rəqəmsal valyutalar ("digital currences") artıq dünyada geniş yayılmağa başlayıb və hətta bəzi ölkələr tərəfindən onlara hüquqi status verilib. Bu cür valyutalar internet üzərindən mübadilə edilə və bəzi hallarda xüsusi şəbəkələr vasitəsilə nəzarət edilən mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş ola bilər. Mərkəzləşdirilmiş rəqəmsal valyutalara hökumətlər və mərkəzi maliyyə qurumları tərəfindən nəzarət edilir. Bu valyutalar adətən hökumətin rəsmi pul siyasətinə uyğun şəkildə idarə olunur. Mərkəzləşdirilməmiş rəqəmsal valyutalar isə daha çox tanınan kriptovalyutalar (məsələn, "Bitcoin", "Ethereum") kimi fəaliyyət göstərir. Onlar blokçeyn texnologiyasına əsaslanır və heç bir mərkəzi orqan tərəfindən nəzarət edilmir.
Ümumiyyətlə, rəqəmsal valyutalar xüsusilə beynəlxalq ödənişlərdə və müasir ödəniş sistemlərində istifadə olunmaqdadır. Məsələn, "Bitcoin" və "Ethereum" kimi kriptovalyutalar qlobal ödəniş sistemlərinə inteqrasiya olunub və bir çox onlayn ticarət platformaları və xidmətlər kriptovalyutaları ödəniş vasitəsi kimi qəbul edir. Dünya təcrübəsinə nəzər yetirsək, artıq Çin, Şimali Koreya və bəzi Avropa ölkələrində rəqəmsal valyutaların mərkəzləşdirilməsi, leqallaşdırılması sınaqları həyata keçirilir və bəzi hallarda istifadə edilməyə başlanılıb. Azərbaycanda isə tənzimləyici orqan olan Mərkəzi Bank bu istiqamətdə beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparsa da, hazırda ölkədə rəqəmsal valyutalara hüquqi statusun verilməsi mümkün olmayıb. Ekspertlər hesab edirlər ki, artıq Azərbaycanda da rəqəmsal valyutaların leqallaşdırılmasının vaxtı çatıb.
Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Trend-ə açıqlamasında deyib ki, kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib.
Onun sözlərinə görə, bununla bərabər, qiymətlərin artması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib: "Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb. Azərbaycanda hazırda rəqəmsal valyutalara hüquqi status verilməyib. Faktiki olaraq kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər, çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir".
Mütəxəssis vurğulayıb ki, Azərbaycanda rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi və müvafiq vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna ehtiyac var: "Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Qazaxstan, Gürcüstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin - kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq".
E. Quliyev ehtimal edir ki, bu ilin sonunda Azərbaycanda rəqəmsal valyutalara hüquqi status veriləcək: "Azərbaycanda kriptovalyutaların tənzimlənməsi ilə bağlı əsas cavabdeh qurum olan Mərkəzi Bank (AMB) hazırda beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparır. Bu istiqamətdə ilk addımlardan biri də "sandbox" rejiminin tətbiqidir. "Sandbox" xüsusi tənzimləmə rejimi maliyyə sektorunda innovativ maliyyə məhsullarının Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə qaydalar toplusunu əks edir. Yəni, xüsusi meyarlar üzrə seçilmiş şirkətlər müəyyən müddət (6 ay və ya 1 il) ərzində test rejimində öz innovativ məhsul və ya xidmətlərini təqdim edəcəklər. AMB isə nəticələri analiz edərək ölkənin qanunvericiliyi çərçivəsində müvafiq tənzimləmə aktları qəbul edəcəkdir. Əsas məqsəd texnoloji və innovativ inkişafına mane olmadan milli standartların yaradılmasıdır. Ehtimal edirəm ki, 2025-ci ilin dördüncü rübündə müvafiq qanunvericilik aktları qəbul ediləcək".
Qeyd edək ki, tənzimləyici orqan kimi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası) ölkə iqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlil olunur. Artıq bir neçə ildir ki, AMB CBDC üzrə konseptual yanaşmanın formalaşdırılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçinin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Hətta iki il bundan öncə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım əldə etdiyini açıqlamışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda rəqəmsal valyutanın tətbiqi ilə bağlı rəsmi qurumlar tərəfindən də ciddi təşəbbüslər irəli sürülüb və bu davam etməkdədir.
İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında deyib ki, rəqəmsal valyutanın leqallaşdırılması prosesi üçün öncədən dəqiqləşdirmələr, strateji planlar, risklər və mövcud imkanlar qiymətləndirilməlidir.
O, Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə uzun müddətdir ki, bir sıra işlər gördüyünü xatırladıb: "Rəqəmsal valyutanın istifadəyə verilməsi üçün ilk olaraq hüquqi və tənzimləyici bazanın formalaşdırılması lazımdır. Eyni zamanda texnoloji infrastrukturun yaradılmasına ehtiyac vardır. Digər tərəfdən də hesablanmalar aparılmalıdır ki, rəqəmsal valyutalar onun ərsəyə gətirilməsinə çəkilən xərclərə, sərf edilən resurslara cavab olaraq ölkə iqtisadiyyatına dividend qata biləcək, nə qədər əlverişli olacaq və özünü necə doğruldacaq".
İqtisadçının sözlərinə görə, bəzi ölkələrdə rəqəmsal valyutalar dövriyyəyə buraxılsa da, onun iqtisadi effektivliyi yox dərəcəsindədir: "Məsələn, bəzi ölkələrdə bununla bağlı işlər görülsə də, rəqəmsal valyuta dövriyyəyə buraxılsa da, heç bir problem olmasa da, amma bunun iqtisadi effektivliyi yox dərəcəsindədir və yaxud da çox cüzidir. Ona görə də rəqəmsal valyuta daha çox iqtisadiyyatı inkişaf etmiş və şirkətləri dünya çapında tanınan ölkələr üçün daha spesifik və uğurlu bir tenderdir".
"Hesab edirəm ki, Azərbaycanın rəqəmsal valyutasını gec buraxmasının hər hansısa bir ölkə iqtisadiyyatına, ümumiyyətlə gedən proseslərə - iqtisadi və maliyyə strategiyalarına ciddi bir neqativləri yoxdur", - deyə E. Əmirov fikrini tamamlayıb.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli isə Trend-ə açıqlamasında deyib ki, hazırda dünyada rəqəmsal valyutalar artıq müəyyən onlayn birja və platformalarda tam dövriyyəyə buraxılıb, bir məhsul kimi alınır və satılır.
İqtisadçı qeyd edib ki, Rusiya, Qazaxıstan və digər ölkələrdə rəqəmsal valyutalardan istifadə leqallaşdırılıb: "Hesab edirəm ki, ölkəmizdə buna ehtiyatla yanaşılması qəbulediləndir. Bir iqtisadçı kimi kriptovalyutaların gələcəyinə çox da nikbin baxmıram. Çünki fikrimcə, kriptovalyutalar, rəqəmsal pullar virtualdır və onun arxasında əgər heç bir ölkə, heç bir məsul qurum və ya şəxslər durmursa, sadəcə tələb-təklif əsasında dəyəri formalaşırsa, hesab edirəm ki, onların gələcək aqibəti sual altındadır. Bu baxımdan ölkəmizin rəqəmsal valyutaya ehtiyatla yanaşması başadüşüləndir və bu valyutaların təsdiqi daha geniş araşdırma tələb edir".
E. Kərimli həmçinin, Azərbaycanda rəqəmsal valyutaların leqallaşdırılması üçün mümkün həll yollarından da danışıb. O bildirib ki, rəqəmsal valyutaların leqallaşdırılması üçün daha geniş araşdırmalar, analizlər və proqnozlara ehtiyac var: "Çünki təcrübələrdən də göründüyü kimi, bu cür maliyyə alətləri qiymətlərini tez-tez dəyişirlər və bu, idarəolunmaz bir vəziyyətə gətirib çıxarır, bu da onun daha böyük risklərə məruz qalmasına səbəb olur.
Maliyyə bazarlarında bu valyutaların fəaliyyətinin tərəfdarıyam, bu alətlərdən istifadə etməklə alqı-satqı da etmək olar. Lakin dövriyyə vəsaiti kimi onların ölkədə tətbiqi hələ tezdir. Bu istiqamətdə gedən gələcək proseslərin müşahidəsi ilə rəqəmsal valyutaların ölkədə tətbiqini həyata keçirmək olar".
Ümumilikdə, rəqəmsal valyutalar həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş formalarında çox dinamik və yenilikçi sahələrdir. Bu valyutaların təkcə maliyyə dünyasına deyil, həm də iqtisadiyyata, sosial quruluşlara və hüquqi sistemlərə təsir göstərməsi gözlənilir.
Milli.Az