Azərbaycanda üzərlik satışı qadağan oluna bilərmi? “Marixuananın təsir xüsusiyyətlərinə oxşayır...”
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyaya üzərlik otu gətirənlərin həbs olunacağı barədə xəbər müzakirə yaradıb. Tərkibində narkotik maddə "karnin" və "karmalin"in olduğu iddia edilən üzərliyin ölkəmizdə də satışının qadağan ediləcəyi məsələsi gündəmə gətirilib.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran həkim fitoterapevt Elnur Eldaroğlu isə deyib ki, üzərlik toxumu “peqanum harmala” adlanır və onun tərkibində kimyəvi aktiv maddələr var.

“Məsələn, harmin, harmolol, harmolin, peqanin... Bunlar metabolizma üzərindən təsir göstərə bilirlər. Eyni zamanda alkaloidlər, xüsusilə, harmolin monoaminoksidaza ingibitor üzərindən təsir göstərdiyinə görə halisugenetik problem - halisunasiya yarada bilər. Həmçinin mərkəzi sinir sistemi üzərindən stimulyator təsirlərinə görə bəzi sinir xəstəliklərində də istifadə olunur. Bir sıra Şərq ölkələrində epilepsiya, davamlı baş ağrılarında həmişə üzərliyin daha çox tüstüsündən istifadə edilib. Əslində, üzərlik toxumundan çox yaxşı boyaq maddəsi, yüzə qədər rəng almaq mümkündür. Həmçinin üzərliyin gövdəsindən alınmış maddələr hesabına sabun almaq olur. Tərkibində yod çox azdır. Üzərlikdən qadınlar üçün aksessuar -muncuq istehsalında da istifadə edirlər. Üzərlik toxumunu dəmləmək də mümkündür...” — həkim bildirib.
Elnur Eldaroğlunun sözlərinə görə, üzərliyin qadağan edildiyi deyil, nəzarətdə saxlanıldığı bəzi ölkələr var: “Məsələn, Fransa, Kanada kimi ölkələr... Həddindən artıq istifadə olunmaması məsləhət görülür. Üzərlik toxumu halusinasiya effekti verdiyi üçün ürəkbulanma, qusma halları yarada bilər. Marixuananın təsir xüsusiyyətlərinə oxşayır, amma tərkib olaraq heç də eyni deyil. Kannabisin tərkibində kannabitol və THC maddəsi olduğuna görə (Tetrahidrocannabinol) bunlar da halisunasiya effekti verə bilir, sinir sisteminə depressiv təsir göstərir. Marixuanda bu xüsusiyyətlər daha çoxdur. Üzərlik toxumunda isə belə bir aktiv maddə tapılmayıb. Bəzi insanlar üzərlik toxumunu yandıranda başağrıları gedir, bəzilərində isə əksinə. Yəni üzərlik toxumu fərdi şəkildə təsir göstərir. Həmçinin üzərlik maddəsini marixuanada olduğu kimi çəkmə şəklində istifadə etmək olmur, çünki bronx yollarını zədələyə, hətta iltihab sala bilər. Buna görə də heç də məsləhət görülmür. Həmişə tövsiyə edirəm ki, üzərliyi yandırmaqdansa, toxumundan istifadə etsinlər. Toxumunu balla qarışdırıb, çörəkotu kimi bitkilərlə birgə babasil xəstəliyində, prostativlərdə istifadə oluna bilər”.
Aytəkin Qardaşova


