Azərbaycanda və dünyada Üzeyir Musiqi Günü
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hər il olduğu kimi, bu dəfə də 18 sentyabrda Üzeyir Musiqi Günü Azərbaycanda və dünyada təntənə ilə qeyd olundu. Milli musiqimizə peşəkar yön vermiş dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəylinin tarixi xidmətlərinin yada salınması və onun misilsiz sənət irsinin gələcək nəsillərə ötürülməsi missiyası daşıyan bu əlamətdar gün keçmişlə gələcəyi birləşdirən zaman körpüsüdür.
Üzeyir Musiqi Günü Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət edilməsi ilə başlandı. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin əməkdaşları və tanınmış mədəniyyət xadimləri iştirak edirdilər. Nazir bildirdi ki, Üzeyir Musiqi Günü 18 sentyabr Ulu öndər Heydər Əliyevin 1995-ci il Fərmanı ilə təsis edilib və hər il bu münasibətlə silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimizə xidmətləri bir daha xatırlanır. Günün davamı olaraq Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dək ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə XQ-yə açıqlamasında Azərbaycan musiqi mədəniyyətinin inkişafında dahi bəstəkarın müstəsna xidmətlərindən danışdı:
– Təsadüfi deyil ki, Azərbaycanda Musiqi Günü məhz Üzeyir bəyin doğum günündə qeyd olunur. Çünki Üzeyir bəy elə bir dahi şəxsiyyətdir ki, onun yaradıcılığı milli musiqimizin bütün mərhələlərini əhatə edir. Üzeyir Hacıbəyli özündən əvvəlki sələflərin zəngin irsinə söykənir, yaradıcılığının hər mərhələsində Azərbaycan musiqisinin inkişaf istiqamətlərini müəyyənləşdirirdi. Bu gün milli musiqimizin elə bir sahəsi yoxdur ki, orada Üzeyir bəyin ənənələri yaşamasın. Onun yaradıcılığı yalnız ölkəmizdə deyil, həmçinin Qərb və Mərkəzi Asiya musiqi mədəniyyətlərinin inkişafında da əvəzsiz rol oynamışdır. Məhz buna görə də Azərbaycan xalqı var olduqca bizim musiqimiz yaşayacaq, Üzeyir bəyin ənənələri isə gənc nəslin yoluna işıq tutacaq.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü olan 18 sentyabrın Azərbaycan musiqi aləmində böyük bayram kimi qeyd edildiyini xatırladan Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov XQ-yə dedi:
– Etiraf edim ki, bəstəkarın şah əsəri “Koroğlu” operasına əvvəllər sadəcə tamaşaçı kimi yanaşırdım. Amma baş rolun ifaçısı kimi Cüzeppe Verdi və Cakomo Puççini kimi dünyaşöhrətli italyan bəstəkarlarının harmoniyalarını, orkestr düşüncəsini Üzeyir bəyin musiqisində tapdım. Bu, bir daha sübut edir ki, bəstəkarın yaradıcılığı yalnız milli mədəniyyətimiz üçün deyil, bütün dünya musiqi xəzinəsi üçün dəyərli incidir. Opera və Balet Teatrında çalışan gənc nəsil üçün əsas vəzifə bu musiqini dünyaya tanıtmaqdır. Onu yalnız Bakıda deyil, Vyana Operasında, Milanın “La Scala” səhnəsində, dünyanın nüfuzlu teatrlarında səsləndirmək gərəkdir. Bu musiqi o səhnələrə çıxmağa, dünya tamaşaçısının diqqətinə layiqdir. Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və dövlət rəhbərliyi belə layihələrə dəstək verir. Arzum budur ki, gələcəkdə də Üzeyir bəyin üslubuna yaxın dahi bəstəkarlarımız yetişsin və onlar da yeni, ölməz əsərlər yaratsınlar.
Xalq artisti İlqar Muradov isə dedi ki, haqlı olaraq Üzeyir Musiqi Günündə musiqi, incəsənət və digər sahələrdə ölkəmizdəki inkişafdan, eləcə də gənc istedadların uğurlarından danışılır, xüsusilə bu istedadların vaxtında tanıdılması vacibliyi gündəmə gəlir:
– İndi həyatımızın bütün sahələrində böyük inkişaf gedir. Gələcəyə hesablanmış dövlət siyasəti nəticəsində elmdə, idmanda, texnologiyada yeni nəsil öz sözünü deyir, çox istedadlı gənclər yetişir. Bu, həm qürurverici, həm də gələcək üçün böyük ümidlərin başlanğıcıdır. Çünki gənclik hər bir xalqın sabahıdır və parlaq, bacarıqlı gənclərin yetişməsi Azərbaycan üçün böyük sərmayədir. Lakin təəssüf ki, bu istedadlar efirlərdə az görünürlər.
Televiziyalarda bəzən maraqsız mövzulara vaxt ayrılır. İstedadlı gənclərin uğurları, yeni layihələri, yaratdıqları əsərlər isə çox vaxt gözardı edilir. Bu, həm onların inkişafına, həm də cəmiyyətin motivasiyasına ciddi zərbədir. İstərdim ki, ekranlarımızda yersiz mövzulara deyil, yaradıcı, elmli və dünyagörüşlü gənclərə yer verilsin, onların ideyaları, baxışları geniş auditoriyaya çatdırılsın. Biz mediada ilhamverici nümunələr görməliyik, yoxsa istedadlarımız itər. Böyük Üzeyir bəy bu məsələlərə yüksək diqqət yetirməklə musiqi sənətinin inkişafına güclü təkan verib.
Musiqi yalnız keçmişin yadigarı deyil, gələcəyin təməlidir. O, tariximizi yaşadır, mədəni irsimizi qoruyur və eyni zamanda gənc nəsillərə ilham verir.
***
Üzeyir Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında keçirilib. Konservatoriyanın tələbələri musiqi proqramı ilə çıxış ediblər. Tədbiri dövlət və ictimai qurumların nümayəndələri, mədəniyyət xadimləri və musiqisevərlərin iştirakı ilə şənliklər Bakı Musiqi Akademiyasının qarşısında davam edib.
Günün sonunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Leyli və Məcnun” operası nümayiş olunub.
***
AMEA-da isə “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans keçirilib. AMEA Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən məclisin iştirakçıları əvvəlcə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyət və musiqi tarixində oynadığı roldan bəhs edərək onun “Sənsiz”, “Sevgili canan” kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaratdığını vurğulayıb. O qeyd edib ki, Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan Xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. Bəstəkar Məhəmməd Füzulinin poeması əsasında “Leyli və Məcnun” operası ilə milli operamızın əsasını qoymuş, Azərbaycanın əsrlərdən bəri miras qalmış zəngin musiqisini ilk dəfə nota köçürmüşdür.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdirləri, professor İradə Köçərli, professor Nailə Rəhimbəyli, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Adil Əsədov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev və başqaları çıxış edərək dahi bəstəkarın çoxşaxəli yaradıcılığından ətraflı bəhs ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafında xidmətlərindən danışıb.
***
Üzeyir Musiqi Günündə dahi bəstəkarın Ev-Muzeyində də sənətkarın 140 illiyi münasibərtilə mərasim keçirilib.
Məclisdə Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, konservatoriyanın elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, muzeyin elmi katibi Nərgiz Qədirova digər incəsənət xadimləri unudulmaz sənət korifeyinin mədəniyyət tariximizdə məxsusi yeri olan zəngin irsindən və bənzərsiz şəxsiyyətindən geniş söhbət açıblar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə mediaya açıqlamasında bildirib ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Musiqiçilər həmişə Üzeyir Hacıbəylinin yaradıcılığı ilə təmasdadır:
– 18 Sentyabr Üzeyir Musiqisi Gününü isə xalqımız bütünlüklə dahi bəstəkara sonsuz sevgi-sayğısını nümayiş etdirir. Üzeyir bəyin yaradıcılığında hansı sahəni ön plana çıxarmaq lazım olduğunu söyləmək çətindir. Onun əsərləri əbədiyaşardır və bizə yol göstərir. Alimlərimiz də Üzeyir Hacıbəylini dərindən tədqiq ediblər. Evimizdə Üzeyir bəyin əsərlərinə dair çox zəngin arxiv qorunub saxlanılır. Mənim babam Məhəmməd Arif Dadaşzadə Üzeyir bəyin fəaliyyəti ilə şəxsən tanış olub və onun “Koroğlu” operasının premyerası ilə bağlı materiallar hazırlayıb.
Atam Araz Dadaşzadə də Üzeyir bəyə aid sənədləri toplayıb. Bu gün onları araşdırarkən görürəm ki, nə qədər zəngin material mövcuddur və Üzeyir Hacıbəylinin dünya musiqi tarixində rolu nə qədər böyükdür. Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqi tarixinin deyil, eyni zamanda türk və müsəlman arealında bəstəkarlıq məktəblərinin formalaşmasında da mühüm rol oynayıb. Xalq artisti Əhməd Bakıxanov isə onu belə xarakterizə edib: “Üzeyir Hacıbəyli yalnız Azərbaycan bəstəkarlıq məktəbinin banisi deyil, ümumiyyətlə, milli bəstəkarlıq məktəblərinin təşəkkülündə iştirak edən əvəzsiz sənətkardır”.
Biz fəxr edirik ki, Azərbaycan tarixində Üzeyir Hacıbəyli kimi böyük bir sənətkar var. Bizim borcumuz onun irsini yaşatmaq, ideallarını uca tutmaq və bu musiqi ilə yaşamaqdır. Mən inanıram ki, əgər biz Üzeyir Hacıbəylinin ideallarına sadiq qalsaq, həyatımız daha gözəl və mənalı olacaq.
***
Üzeyir Musiqi Günü münasibətilə Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operanın müəllifi, Azərbaycan–Türk dünyası musiqisinin rəmzi Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert keçirilib.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin dəstəyi ilə təşkil olunan məclisdə diplomatlar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycanın Əməkdar artisti İslam Manafov, Üzeyir Hacıbəylinin əvəzolunmaz mirasından danışıb.
Görkəmli bəstəkara həsr olunmuş filmin nümayişi ilə davam edən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanlı bəstəçilərdən piano əsərləri” adlı kitabın təqdimatı olub. Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəylinin əsərləri əsasında konsert proqramı təqdim edilib.
***
Dahi bəstəkar, böyük ziyalı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində də təntənəli şəkildə qeyd olunub.
Muzeyin elmi işçisi Leyla Əliyeva tədbiri açaraq Azərbaycan Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verib. Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Ramiz Hacızadə çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun Azərbaycan musiqi sənətinin inkişafındakı rolundan söz açıb. Məclis mədəni proqramla davam edib.
***
Dünən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və bu ölkədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə sənətkarın Vyanada ucaldılmış abidəsi önündə musiqili-bədii proqram təşkil olunub.
Dunay Parkında yerləşən abidənin qarşısında keçirilən xatirə tədbirində Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
***
Azərbaycan musiqi mədəniyyətinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Üzeyir Musiqi Günü münasibətilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə mərasim keçirilib.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqi tarixi və mədəniyyətində müstəsna xidmətlərindən bəhs edib.
***
Romada, musiqi sənətinin beşiyi sayılan Santa Çeçiliya Dövlət Konservatoriyasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan konsert İtaliyada Azərbaycan mədəniyyəti üçün yeni səhifə açıb.
Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin İtaliyadakı səfirliyi və Santa Çeçiliya Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən yubiley konserti İtaliyanın mədəniyyət və akademik dairələrinin, diplomatik korpusun və soydaşlarımızın böyük marağına səbəb olub. Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə konsertin Mədəniyyət Nazirliyinin təşkil etdiyi XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirildiyini vurğulayıb.
Çıxış edənlər Üzeyir bəyin Azərbaycan musiqisinin inkişafına misilsiz töhfələrindən söz açıblar. Səfir Rəşad Aslanov 18 sentyabr tarixinin Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən etibarən Üzeyir Musiqi Günü kimi qeyd olunmasının əhəmiyyətini xüsusilə qeyd edib.
***
“Yazarlar” jurnalının baş redaktoru, şair Zaur Ustac Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə dahi bəstəkar barədə monoqrafiya çap etdirib.
Kitab nəfis tərtibatla dahi bəstəkarın yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib. “Yazarlar” jurnalının həyata keçirdiyi “Üzeyir Hacıbəyov – 140” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi, tanınmış şair Dayandur Sevgin, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.
Kitab ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.
Hazırladılar:
Tahir AYDINOĞLU,
Fidan ƏLİYEVA,
Əli NƏCƏFXANLI,
Qabil ƏLİYEV,
Arzu ƏLİYEVA
XQ


