Azərbaycanda xəstəxanada həkimi döyən şəxsə elektron qolbaq taxıldı
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dəmir Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Şirvan Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Qeyd: Şirvan Şəhər Məhkəməsinin hökmü ilə ona 1000 manat məbləğində cərimə növündə cəza təyin edilmişdi.
İttihama görə, hadisə 22 aprel 2024-cü il tarixdə, saat 13:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.
Kamal Məmmədov
Belə ki, Dəmir Səfərov həmin xəstəxanada Yoluxucu xəstəliklər şöbəsində həkim işləyən zərərçəkmiş Mahir Fərəcovun (şərti) ünvanına ucadan nalayiq ifadələr işlədib. Sonra o, baş, yumruq və təpiklə Mahir Fərəcovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vurub. Nəticədə Dəmir ona qapalı kəllə beyin travması, sol gicgahda hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq edib.
Hadisədən sonra Dəmir Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


