Icma.az
close
up
RU
Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasi diplomatik fəaliyyəti

Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasi diplomatik fəaliyyəti


Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru,
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(əvvəli Bİ LİNKDƏ)

Tiflisdə gürcücə nəşr olunan “Saxalxo sakme” qəzeti 18 dekabr 1918-ci ildə işıq üzü görmüş buraxılışında yazırdı: “Axalsıx-Axalkələyə gürcü ordusu daxil olduqdan sonra oradan qaçmış 4 bəy özlərini Batumda Axalsıx və Axalkələk qəzalarının müvəqqəti komissarı elan edibdir. Onlar həmin qəzalarda məskunlaşmış millətlər adından ingilislərə memorandum (hansısa məsələyə baxışı əks etdirən diplomatik sənəd – F.V.-H.) təqdim etməyi planlaşdırırlar. Onlara yerli Azərbaycanlı həkim Əfəndiyev başçılıq edir. Onlar Cənubi Qafqaz ştatının (dövlətinin – F.V.-H.) yaradılmasını xahiş edirlər, gələcəkdə bu ştatın hansı ölkəyə birləşəcəyi barədə memorandumun müəllifləri heç nə demirlər”.

19 dekabrda Batum limanına tam sahiblənən ingilislər 5 gün sonra – 24 dekabrda şəhəri də işğal etmişdilər və bununla Batumda ingilis hakimiyyəti dövrü başlanmışdı. 25 dekabrda general-mayor Ceyms Kuk-Kollis Batumun hərbi qubernatoru təyin edilmişdi. 30 dekabrda C.Kuk-Kollis Batumda mülki idarəçiliyi türklərdən alaraq Batum Rus Milli Şurasının sədri P.Maslova vermiş, səhəri gün Osmanlı mülki qubernatoru Cəmil bəyin dəftərxanasından türk bayrağı endirilmişdi.

Batumda Azərbaycan diplomatik təmsilçiliyinin təsis olunması və Mahmud bəy Əfəndiyevin konsul vəzifəsinə təyinatı qərarı

1918-ci ilin noyabr ayında o zaman Osmanlı sərhədləri daxilində olan Batum şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin də diplomatik təmsilçiliyinin ‒ konsulluğunun təsis olunmasına qərar verilir. Bu zərurət Batumun yerləşdiyi Acarıstan bölgəsinin Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyətindən, Azərbaycanın Osmanlı və Qərb ölkələri ilə iqtisadi-ticarət əlaqələrini, əsasən, bu şəhərdəki liman vasitəsilə həyata keçirməsi reallığından qaynaqlanırdı.

Batumda Azərbaycan konsulluğunun açılması məsələsini 1918-ci ilin sentyabr ayında Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Əlimərdan bəy Topçubaşov gündəmə gətirmiş, hətta müstəqbəl konsul vəzifəsinin müvəqqəti olaraq həmin dövrdə Batumun baş karantin həkimi olan Azərbaycanlı ziyalı Mahmud bəy Əfəndiyevə həvalə edilməsini təklif etmişdi. Belə ki, Paris Sülh Konfransında iştirak üçün Tiflis və Batum üzərindən İstanbula yola düşən Ə.Topçubaşov 1918-ci ilin 15 sentyabrında Batumdan Cümhuriyyətin baş naziri Fətəli xan Xoyskiyə yazırdı ki, İstanbula sənədləri aparıb-gətirmək üçün kuryerlərə ehtiyac olacaq, “hələlik isə təsadüfən imkan yaransa, bütün korrespondensiyanı burada – Batumda həkim Mahmud bəy Əfəndiyevin adına göndərə bilərsiniz (Vladikavkazskaya, ev 4). O, hazırda baş karantin həkimi vəzifəsindədir; yeri gəlmişkən, bizim qaçqınlar təşkilatının üzvü olub. 12 ildir burada yaşayır, hamının hörmətini qazanıb. İndi bizə Batumda konsul qismində səlahiyyətli nümayəndəmizin olması çox zəruridir. Artıq bizim iştirakımızı tələb edən, xüsusilə ticarət xarakterli işlər var. Müvəqqəti olaraq bu işləri həmin Əfəndiyevə həvalə etmək olardı və o, buna həvəslə razılaşar, faydalı olmağa çalışardı. Karantin həkimi vəzifəsində olması ona əngəl törətməyəcək. Hələlik uyğun olan odur, sonra başqasını taparıq”.

Elə həmin məktubda Ə.Topçubaşov Fətəli xandan ona yeni məzmunlu mandat göndərilməsini xahiş edir və yazır ki, “mən burada olmasam kuryer həmin sənədi Mahmud bəy Əfəndiyevə versin, o, mənə İstanbula göndərər”.

M.Əfəndiyev (sağdan ikinci) və qızı Leyla (soldan üçüncü)

Əlimərdan bəy Topçubaşov baş nazir F.Xoyskiyə Batumdan 1918-ci il 21 sentyabrda yazdığı məktubunda təkrarən konsul təyinatı məsələsinə qayıdırdı: “Yenidən Batumda konsulumuzun təyinatı kimi yetişmiş bir məsələ üzərində dayanmaq istəyirəm. Uyğun bir adamımız yoxdursa, konsul vəzifəsini müvəqqəti olaraq Mahmud b. Əfəndiyevə (Vladikavkazskaya, ev № 4) həvalə etməyi məsləhət görürəm. Onun vasitəsilə hər cür yazışmanı İstanbula göndərmək və İstanbuldan almaq mümkündür. Bax, indi konsula aid bir məsələ var. Bu, Türkiyə hökuməti üçün keçmiş Çakva malikanəsindən çayın gətirilməsi haqqındadır. Bizdə demək olar ki, çay yoxdur, burada isə onu funtu 30-40 manata almaq mümkündür. Alırlar da: Şimali Qafqaz, kazaklar, ukraynalılar, bolqarlar, rumınlar və s.. Türklər həvəslə buğdaya dəyişirlər. 5-10 min funt dərhal almaq mümkündür. Bunun üçün Türkiyənin 3-cü ordusunun komandanı Əsəd paşa ilə əlaqə saxlamaq, həmin Əfəndiyevə xəbər vermək gərəkdir və o, hər şeyi öz qaydasına qoyacaq”.

Ə.Topçubaşov F.Xoyskiyə 1918-ci il 31 oktyabrda yazdığı məktubunda iki aydır Bakıdan, hökumətdən bir sətir belə məlumatın olmadığından gileylənir və ən geci 10 gündən bir yazışma mübadiləsinin aparılmasının vacibliyini vurğulayaraq, çıxış yolu kimi heç olmasa Batumadək pulla xüsusi kuryer tutulmasını və orada sənədlərin doktor M.Əfəndiyevə verilməsini təklif edirdi.

Beləliklə, Ə.Topçubaşovun tövsiyəsi nəzərə alınaraq, Azərbaycanın Batumda konsulu vəzifəsinə doktor Mahmud bəy Əfəndiyev təyin edilir. Bu barədə xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanov M.Əfəndiyevə ünvanladığı 21 noyabr 1918-ci il tarixli məktubunda yazırdı:

“Əlahəzrət Mahmud bəy,

Azərbaycan Respublikasının hökuməti 7 noyabr 1918-ci il tarixli iclasında Sizi Osmanlı imperiyasının Batum şəhərində Azərbaycanın konsulu vəzifəsini tutmağa dəvət etmək barədə qərar qəbul etdi. Bu vəzifəni Sizə həvalə etməklə Azərbaycan Respublikası ümid edir ki, onun bütün vətəndaşlarının maraqları tərəfinizdən lazımi qaydada qorunacaq. Bununla yanaşı, hökumət onu [Batum bölgəsindəki] siyasi vəziyyət barədə məlumatlandırmanızı xahiş edir”.

Elə həmin gün A.Ziyadxanov M.Əfəndiyevin razılıq barədə yazılı cavabını gözləmədən aşağıdakı məzmunda 596 saylı vəsiqəyə imza atır: “Verilir doktor Mahmud bəy Əfəndiyevə ona görə ki, o, Azərbaycan Respublikasının Osmanlı İmperiyasının Batum şəhərindəki konsulu təyin olunmuşdur”.

Dr. M.Əfəndiyev xarici işlər naziri vəzifəsinin icraçısının yuxarıda qeyd olunan məktubunu 2 dekabrda Batum şəhərindən belə cavablandırır: “Sizin Azərbaycan Respublikasının Batumda konsulu vəzifəsini tutmaq barədə 7 noyabr tarixli təklifinizi cari ilin 30 noyabrında aldım. Öz vətənimə, xüsusən də yeni doğulmuş müstəqil respublikaya xidmətdən imtina etməyə heç bir mənəvi haqqım yoxdur və ona görə də Sizin diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, mən hər yerdə və hər zaman dəyərli Azərbaycanın qulluqçusu olmağa hazıram, çünki bu, vətənin yenidən doğulduğu belə kritik zamanda hər bir müsəlmanın borcudur. Bununla yanaşı, nazirliyin diqqətinə çatdırıram ki, Batumda konsulluğun rəsmi açılışını yalnız konsulluğun katib, kargüzar-tərcüməçi, makinaçı və digər dəftərxana işçilərindən ibarət zəruri əməkdaş ştatı göstərilməklə və təsdiq olunmaqla dəqiq xidməti təlimat veriləndən sonra mümkün hesab edirəm. Azərbaycan Respublikasının nümayəndəsi olaraq onun şərəf və ləyaqətini qorumaq istəyi ilə konsulluğun, bütün digər xarici dövlətlərdə qəbul olunduğu kimi, lazımi səviyyədə təmsil olunmasını işin maraqlarına uyğun zəruri hesab edirəm. Bunun üçün nazirliyin uyğun gördüyü müvafiq təlimatların Batum konsulluğuna göndərilməsinin tezləşdirilməsi zəruridir. Sizin cavab qərarınızı gözləməklə bərabər bütün Azərbaycan vətəndaşlarının maraqları istənilən halda tərəfimdən lazımınca təmin olunacaq. Bu diyarlardakı siyasi duruma dair isə ümumi vəziyyətlə bağlı bəzi qeyri-müəyyən məsələlərə aydınlıq gətirildikdən sonra tərəfimdən xüsusi məlumat göndəriləcək”.

M.Əfəndiyevin İzmirdə - Karşıyakadakı evində təşkil etdiyi «Azərbaycan günü»ndən foto

M.Əfəndiyev konsul qismində öz funksional vəzifələrinin icrasına olduqca fəal başlayaraq, Azərbaycanın maraqlarının təmin olunması və nüfuzunun artırılması üçün böyük səylər göstərmiş, Batum şəhərində və bütövlükdə Acarıstanda, eləcə də ətraf bölgələrdə cərəyan edən siyasi-ictimai proseslərin nəbzini tutmağa çalışmış, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə davamlı olaraq bilgi vermiş, Batumun türk-müsəlman icması ilə sıx ünsiyyət qurmağa müyəssər olmuşdur.

Konsul vəzifəsinə təyinatının ilk günlərində Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı məktublarda Mahmud bəy Əfəndiyev İrəvan və ətraflarından Gümrü və Axalkələyə köçmüş, lakin oraları da tərk etmək məcburiyyətində qalaraq Batumda sığınacaq tapmış müsəlman qaçqınlara yardım göstərilməsi üçün maddi vəsait ayrılmasını, həmçinin Batumda dolaşan müəyyən şayiələrə istinad edərək, Azərbaycanda baş verən daxili siyasi proseslər və ölkənin proqressiv inkişafı barədə mütəmadi olaraq məlumatlandırılmasını xahiş edirdi.

(ardı var)

seeBaxış sayı:34
embedMənbə:https://www.turkustan.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri