Icma.az
close
up
RU
Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasidiplomati fəaliyyəti

Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasidiplomati fəaliyyəti

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru,
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsinin nəticəsində 13 iyul 1878-ci il tarixli Berlin müqaviləsi ilə Osmanlının birlikdə Əlviyeyi-səlasə adlanan Batum, Qars və Ərdahan livaları təzminat olaraq Rusiyaya verilmişdi. Böyük Britaniyanın təkidi ilə Berlin konqresində Batuma “porto franco” (sərbəst liman) statusu verilməsi barədə razılığa gəlinmişdi.

Batumun “porto franco” statusu 1886-cı ildə ləğv edilsə də, Çar Rusiyasının idarəçiliyi altında olan Cənubi Qafqazda Bakı-Batum dəmir yolu və neft boru xətti, özəlliklə neft sənayesinin inkişafı ingilis sahibkarların xüsusi diqqətini çəkmiş və 1898-1903-cü illər arasında bu sahəyə yatırılan sərmayələrin 85 %-i onların payına düşmüşdür. Həmin dövrdən etibarən Batum şəhəri sürətlə böyüməyə və inkişaf etməyə başlamış, Rusiyanın bir çox bölgələrindən müxtəlif sahələr üzrə mütəxəssislər iş təyinatı ilə burada məskunlaşmışdılar.

Əmək fəaliyyəti ilə bağlı Batuma üz tutanlar arasında azərbaycanlı həkim Mahmud bəy Əfəndiyev (Əfəndizadə) də var idi. O, 1906-cı ildə Tiflisin “Viktoriya” hotelində keçirilən təmtəraqlı toy mərasimi ilə Axalkələk qəzasının ən zəngin və nüfuzlu nəsli olan Palavandovlardan (Pəhləvanoğulları-Mutubəyzadələr) Məmmədəli bəyin və Nəzakət (Niyazə) xanımın qızları Mahinur xanımla evlənmişdir. Həm Mahmud bəy, həm də Mahinur xanım eyni dövrdə Xarkov İmperator Universitetində ali tibb təhsili almışdırlar.

Mahmud bəy Əfəndiyev və xanımı Mahinur Palavandova

Təhsil aldığı universitetdən 1909-cu ildə məzun olan Mahmud bəy bundan sonra illərcə Artvində və mərkəzi Batum şəhəri olan Acarıstan (Acara) bölgəsinin müxtəlif tibb müəssisələrində, xüsusən Batum dövlət tibb müəssisəsində və Çakva dövlət malikanəsində həkim, Çürüksu (Kobulet) xəstəxanasında baş təbib, 1912-ci ildən Batum karantin həkimi kimi çalışaraq yerli əhali arasında böyük şöhrət qazanmışdır.

Mahmud bəy Batum şəhəri yaxınlığındakı Çakva məntəqəsində yerləşən və gəlirləri imperatorun ailəsinin saxlanılmasına yönəldilən xüsusi dövlət malikanəsinin həkimi vəzifəsində çalışarkən Rusiya imperatoru II Nikolay tərəfindən qızıl zəncirli qızıl saatla mükafatlandırılmışdı. Bununla bağlı Rusiya İmperator Sarayı və Malikanələri Nazirliyinin Malikanələr Baş İdarəsinin rəisi, general-leytenant knyaz Viktor Sergeyeviç Koçubeyin 10 aprel 1916-cı ildə Petroqradda imzaladığı 5727 nömrəli şəhadətnamədə yazılırdı:

“1916-cı il aprelin 10-cu günü hökmdar imperator Çakva xüsusi malikanəsinin həkimi Mahmud bəy Əfəndiyevi əla xidmətə və çalışqanlığına görə qızıl zəncirli qızıl saatla mükafatlandırmaq qərarına gəlmişdir. Bununla bu ali monarx tapşırığını yerinə yetirmək üçün sözügedən zəncirli saat Mahmud bəy Əfəndiyevə göndərilir”.

Əlavə edək ki, Mahmud bəyin qayınatasının əmisi nəvəsi, hüquqşünas Murtaza bəy Kamal bəy oğlu Palavandov 1915-1917-ci illərdə Batum şəhərində andlı müvəkkil statusunda vəkillik etmişdir.

Mahmud bəy Əfəndiyev və Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsi

1905-ci ildə təsis edilmiş Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Birinci Dünya Müharibəsi illərində öz nizamnaməsinə dəyişikliklər edərək, fəaliyyət çərçivəsi və coğrafiyasını xeyli genişləndirmiş, Qafqazın və Şimal-Şərqi Anadolunun cəbhəboyu bölgələrində qaçqınlara, yetim uşaqlara, əsir düşmüş türk əsgərlərinə yardım etmişdir. Cəmiyyətin Qars, Ərzurum, Tiflis və Batum şöbələri açılmışdır. 30 oktyabr 1915-ci ildə fəaliyyətə başlayan Batum şöbəsi Qara dənizin cənub-şərq hövzəsində yerləşən məntəqələrdə xeyriyyə işləri ilə məşğul idi. Şöbədə bir araya gələrək, onun işinə böyük töhfələr vermiş tanınmış azərbaycanlı ziyalılarının adları arasında Cəmo Hacınski, Əhməd Cavad Axundzadə, Əli Səbri (Qasımov), Ələkbər Qərib (Abbasov), Əliqulu Qəmküsar və qardaşı Rzaqulu Nəcəfovla birlikdə Mahmud bəy Əfəndiyevin adına da rast gəlinir.

Mahmud bəy Əfəndiyevin Batumda nüfuzu, Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsində fəallığı və Azərbaycanın milli mütərəqqi qüvvələri ilə sıx iş birliyi barədə məlumatlar Naxçıvan əsilli tanınmış yazıçı-jurnalist, ictimai xadim Əli Səbrinin və istiqlal mücahidlərindən Nağı bəy Şeyxzamanlının (1919-cu ilin avqustundan 1920-ci ilin martınadək “Əks-inqilab ilə mübarizə təşkilatı” adlanan AXC-nin xüsusi xidmət orqanının rəisi) xatirələrində öz əksini tapır.

Əli Səbri xatirə qeydlərində I Dünya müharibəsi dövründə Bakı “Cəmiyyəti-xeyriyyə” təşkilatının qızğın fəaliyyətə başladığını vurğulayaraq, Qara dənizin cənub-şərq sahillərində yerləşən türk-müsəlman yaşayış məntəqələrində həmin təşkilatın xətti ilə həyata keçirilən xeyriyyə aksiyalarında iştirakından geniş bəhs edirdi. Batum limanında gəmilərlə qarğıdalı alıb qaçqınlara payladıqlarını yazan Ə.Səbri bu yöndə fəaliyyəti sırasında Trabzonda yunan əsilli tərcüməçi Qunarisin xainliyi səbəbindən üzləşdiyi həbs təhlükəsindən yaxa qurtarmaq üçün Batuma, Mahmud bəyin yanına gəldiyini yazırdı: “Mən Mahmud bəy Əfəndiyevin evinə gəldim. Məni görüb təəccübləndi. “Səni axtarırlar, bura da gəlmişdilər”, − dedi. Mən daha burada dincəlməyi münasib bilmədim. Tiflisə gəldim və Qazax yolu ilə Gəncəyə varid oldum” [Ə.Səbri. Ömürdən yarpaq düşür, Bakı, 1983, s. 144-145]. Ə.Səbri Gəncədə çox qalmır və tezliklə Batuma qayıdır. Belə ki, müharibənin getdikcə şiddətlənməsi nəticəsində müsəlman qaçqınların sayının artması ilə “Cəmiyyəti-xeyriyyə” Trabzondan Batumadək olan sahədə xeyriyyəçilik fəaliyyətini tənzimləməkdə çətinlik çəkməyə başlayır və Batumda bu təşkilatın ayrıca şöbəsinin yaradılması qərarlaşdırılır. Həmin şöbənin işinə Əli Səbri yaxından cəlb olunur. Onun bu barədə qeydlərindən: “Batumda ayrıca şöbə təşkil olundu. Mahmud bəy Əfəndiyevə isə daha əziyyət vermədik, çünki o həkim idi, harada olsa işə yarıyacaqdı, biz isə tonlarla qarğıdalı, duz və s. alıb şəhərlərə, kəndlərə göndərirdik. Batumdakı şöbəni təşkil etmək üçün Cəmo Hacınski (Mehdi bəy Hacınskinin qardaşı) Bakıdan Batuma gəldi. Batumdakı dəstəmizdə şair Əhməd Cavad da var idi”. Ə.Səbrinin xatirələrindən o da bəlli olur ki, M.Əfəndiyev Əhməd Cavad üçün onun sevdiyi Şükriyyə xanımın ailəsinə − Acarıstanın zəngin əsilzadələrindən və Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum şöbəsinin fəaliyyətinə dəstək verib, ən çox maliyyə yardımı göstərən acar (Acarıstanda yaşayan müsəlman gürcü) bəylərindən olan Süleyman bəy Bejanoğlunun (Bejanidze) hüzuruna elçiliyə getməkdən qəti imtina etmiş, Ə.Səbrinin özü bu funksiyanı yerinə yetirməyə məcbur olmuş, lakin “Mən şiəyə, qızılbaşa qız vermərəm”, − deyən Süleyman bəy tərəfindən qapıdan qovulmuşdur [Ə.Səbri. Ömürdən yarpaq düşür, s. 145-146].

M.Əfəndiyevin ali tibb təhsili aldığı Xarkov İmperator Universiteti

N.Şeyxzamanlının “Xatirələr”inin “Türkiyənin yardımını təmin etmək” bölümündə Osmanlı zabiti və siyasətçisi Əhməd Hüsaməddin bəy Tuğaçla birlikdə Bakıdan Tiflisə gizli səfər etdiklərini və burada Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin cəbhə bölgəsi üzrə vəkili Xosrov bəy Sultanovdan sözügedən cəmiyyətin üzvü olmalarını təsdiqləyən sənəd aldıqdan sonra Batuma yollandıqlarını yazırdı: “...Batum Xeyriyyə Cəmiyyətinin sədri doktor Mahmud bəyin yanına getdik. Məqsədimizi anladıb, təhlükəsiz yolla bizi Türkiyəyə keçirməsini xahiş etdik. Sonra birlikdə doktorun evinə gəldik. Orda Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının mühərrirlərindən Axıskalı Ömər Faiq bəylə görüşüb tanış olduq. Doktor onun da Türkiyəyə getmək istədiyini söyləmişdi. Biz çay içib söhbət edərkən, qapının zəngi çalındı və içəri bir şəxs girdi. Doktorun hörmətlə qarşılayıb təqdim etdiyi bu adam əslən girəsunlu olub, Batumda tütün ticarəti ilə məşğulmuş. Adı Bünyadoğlu idi. Doktor bizi Xeyriyyə Cəmiyyətinin üzvləri kimi təqdim etdi”. Milliyətcə rum//yunan olan Batum tütün fabrikinin sahibi Murad Bünyadoğlu Mahmud bəyə rus əsgərləri çəkildikdən sonra Trabzonda türklərlə rumlar arasında yaranmış gərginliyi araşdırmaq üçün oraya nümayəndə heyəti göndərəcəklərini bildirir, heyətə Xeyriyyə Cəmiyyətindən iki nəfərin daxil edilməsinin təmin olunmasını xahiş edir.

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see337

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri