Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə töhfəsi
Prezident İlham Əliyev: "Yəhudi icmasının nümayəndələri dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşayırlar"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir.
Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb. Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir.
YƏHUDİ İCMASI ÜÇÜN TƏHLÜKƏSİZ SIĞINACAQ VƏ VƏTƏN
Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir. Azərbaycanın müasir mənzərəsinə baxsaq görərik ki, ölkəmiz yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı, pravoslav, katolik, alban kilsələri və sinaqoqları fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığının göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqa malikdir.
DİALOQ VƏ MƏDƏNİ ÇEŞİDLİLİYƏ DƏSTƏK
"Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələri dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşayırlar". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edərkən bildirib. Dövlətimizin başçısı qeyd edib ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir: "Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır, bundan sonra da öz töhfəsini verməkdə davam edəcək". Əlbəttə ki, xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunədir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib. Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir.
Qonaqlar Azərbaycanda tarixən yəhudi icmasının nümayəndələrinin dinc şəraitdə yaşamaları üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
QIRMIZI QƏSƏBƏ - DÜNYADA İSRAİLDƏN SONRA DAĞ YƏHUDİLƏRİNİN YIĞCAM ŞƏKİLDƏ YAŞADIĞI YEGANƏ UNİKAL MƏKAN
Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi həqiqətən də buranın onlara doğma diyar olmasından xəbər verir. Burada ayrı-seçkilik kimi hallardan əsər-əlamət yoxdur. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar. Odlar diyarında yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür. Qonaqlar ölkəmizə səfər çərçivəsində, həmçinin Quba rayonuna da gedəcəklərini və oradakı yəhudi icmasının yaşayış şəraiti ilə yerində tanış olacaqlarını bildiriblər. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. İnkar olunmaz faktdır ki, bu gün Azərbaycanın ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı həmin məkanlarda Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyil.
ƏLAQƏLƏRİN İNKİŞAFINDA VƏ MÖHKƏMLƏNMƏSİNDƏ SİYASİ VƏ İQTİSADİ MARAQLAR
Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etdiklərini vurğulayan qonaqlar həmin ərazilərimizdə qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işlərinin onlara böyük təəssüratlar bağışladığını qeyd ediblər. Bu səfər çərçivəsində dünyanın müxtəlif ölkələrindən çoxsaylı yəhudi iş adamlarının ölkəmizə gəldiyini deyən qonaqlar Azərbaycanın biznes və investisiya üçün cəlbedici ölkə olduğunu vurğulayaraq, bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar. Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. Bildiyimiz kimi, İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində). İsrail-Azərbaycan münasibətləri bütün sahələri demək ola ki əhatə edir.
Vurğulamaq yerinə düşər ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirmişdir: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".
BEYNƏLXALQ MÜSTƏVİDƏ AZƏRBAYCAN NÜMUNƏSİ
44 günlük Vətən müharibəsində də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri bir yumruq olaraq birləşdi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar".
Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Təbii ki. müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühiti XIX əsrin əvvəllərində ölkəmizə köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurmasına əlverişli zəmin yaradıb. Almanların Azərbaycana ilk kütləvi köçü isə 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında iki koloniya salıblar. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verildi. Bakıda - 28 May küçəsində yerləşən alman kilsəsi – Kirxa da onlardan biridir. Azərbaycanda yaşayan alman icması hər bazar günü bu kilsəyə gəlib, öz dualarını oxuyur, ibadət edir və söhbət aparırlar.
Göründüyü kimi, Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir.
Nəzakət ƏLƏDDİNQIZI