Icma.az
close
up
RU
Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətlidir.

Heydər ƏLİYEV,
Ümummilli lider

105 yaşı tamam olan bir universitetin tarixi haqqında danışmaq o qədər də çətin deyil. Tarixi şəxsiyyətləri, məşhur məzunları, köhnə auditoriyaları, elmi məktəbləri xatırlamaq, nəsillərin xidmətlərini sadalamaq və s. Ölkəmizin müəllimlər məbədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixində də bunların hər biri üçün kifayət qədər zəngin material var.

Lakin 105 illik yubileyin əsl mənası, fikrimcə, başqa sualda gizlənir: fəaliyyətinin ikinci yüzilliyində universitet hara gedir? Çünki ADPU-nun çatdığı bugünkü səviyyə yalnız 1921-ci ildə başlanmış tarixin davamı deyil. Universitet son illərdə özünün klassik təyinatını, təsisat kimliyini yenidən nəzərdən keçirməyə, müəllim hazırlığının məzmununu dəyişməyə, elmi fəaliyyətini beynəlxalq akademik məkanla daha sıx əlaqələndirməyə, rəqəmsal universitet modelinə keçməyə və gələcəyin müəlliminin hansı səriştələrə malik olacağını yenidən müəyyənləşdirməyə çalışır. Bu mənada 105 illik yubiley keçmişə baxış olmaqla yanaşı, ikinci yüzilliyin də ilk hesabat nöqtəsi, yeni hədəflərə yönəlmə anıdır.

Universitetin 2026-cı ildə yenilənmiş “ADPU-2030” Strateji İnkişaf Planında da tarixlə gələcək məhz bu şəkildə birləşdirilir. Konseptual sənəddə 1921-ci il avqustun 26-da altı tələbə ilə fəaliyyətə başlayan ilk azərbaycandilli ali pedaqoji təhsil müəssisəsinin bu günədək 180 mindən çox yüksəkixtisaslı pedaqoji kadr hazırladığı vurğulanır. Hazırda universitet beş regional filialı, Pedaqoji Kollec və baza məktəbi ilə ölkənin müəllim hazırlığı sistemində geniş institusional şəbəkəyə malikdir.

6 tələbədən 180 mindən artıq məzuna aparan yol böyük rəqəmdir. Amma bu rəqəmin arxasında daha mühüm bir gerçəklik dayanır: Pedaqoji Universitetin hazırladığı müəllimlər ölkənin yüz minlərlə şagirdinin həyatına təsir edib. Müəllim hazırlayan universitetin sosial təsiri məzun sayından dəfələrlə böyükdür. Bir müəllim onilliklər ərzində minlərlə şagirdlə qarşılaşır; onun peşəkarlığı, dünyagörüşü, pedaqoji səriştələri, davranışı və dəyərləri növbəti nəsillərə ötürülür. Buna görə də, ADPU-nun tarixi həm də Azərbaycan məktəbinin mühüm hissəsidir.

100 illik yubileydən sonra nə dəyişib?

2021-ci ildə ADPU-nun 100 illiyi qeyd edilərkən ali məktəbin rektoru professor Cəfər Cəfərov mediaya geniş açıqlamasında universitetin keçdiyi tarixi yolu, onun Azərbaycan ziyalı mühitinin və müəllim korpusunun formalaşmasındakı rolunu ətraflı şərh etmişdi. Bu hesabatın gələcəyə aid hissəsi daha diqqətəlayiq idi. Rektor informasiya mühitinin dəyişməsinin müəllimin funksiyasını da dəyişdirdiyini, əvvəlki metodlarla gələcəyin müəllimini hazırlamağın mümkün olmadığını vurğulamışdı.

Beş il sonra bu fikir artıq ayrıca strateji istiqamətə çevrilib. Prof. C.Cəfərovun 2026-cı ilin fevralında “Azərbaycan müəllimi”ndə yayımlanan “XXI əsr təhsilinin çağırışları – Keyfiyyətli müəllim hazırlığı” adlı müəllif yazısında müəllimlik peşəsinin yenidən dizayn olunması, universitet–məktəb əməkdaşlığının gücləndirilməsi, rəqəmsal və tədqiqatyönümlü müəllim profilinin yaradılması, praktik hazırlığın konkret göstəricilərlə qiymətləndirilməsi kimi məsələlər ön plana çıxır. Rektorun yanaşmasında müəllim artıq sadəcə məlumat ötürən şəxs deyil; o, öyrənmə mühitini quran, fərdi yanaşmanı təmin edən, tənqidi və yaradıcı düşüncəni inkişaf etdirən peşəkar kimi təsvir olunur.

Əslində, ADPU-nun son illərdəki dəyişikliklərinin mərkəzində də məhz bu fikir dayanır: “məktəb dəyişirsə, müəllim hazırlığı da dəyişməlidir.”

Bu yanaşmanı yubiley təntənəsinin arxasında adi şüar hesab eləmək doğru olmazdı. Çünki son beş ilin tendensiyası göstərir ki, universitetdə tədris proqramlarından qiymətləndirməyə, elmi fəaliyyətdən rəqəmsallaşmaya, beynəlxalq əlaqələrdən tələbə təcrübəsinə, sosial həyatdan ictimaiyyətlə əlaqələrə qədər bir neçə paralel istiqamətdə yeni model qurmaq istiqamətində əməli fəaliyyət icra olunur.

Eyni zamanda sadalananların əyani göstəricisi kimi son illərdə universitetə yüksək balla qəbul olunanların artım dinamikasını, ixtisaslar üzrə keçid və orta balların artımını, eləcə də məzunların MİQ imtahanlarındakı yüksək göstəriciləri, ölkədə və xaricdə təhsillərini daha yuxarı səviyyələrdə davam etdirən məzunların dinamikası və ölkə üzrə ən yüksək ümumi məşğulluq göstəricilərindən birinə sahib olmasını qeyd etmək mümkündür.

“ADPU-2030”: yeni yüzilliyin ali məktəbi

Bu dəyişikliklərin ən sistemli ifadəsi “ADPU-2030” Strateji İnkişaf Planıdır. Bu layihənin hazırlanmasına 2022-ci ildə başlanılıb. Universitetdaxili və xarici maraqlı tərəflərlə müzakirələrdən sonra sənəd 4 fevral 2025-ci ildə ADPU-nun Elmi Şurasında təsdiq edilib, 2026-cı ildə isə planın yenilənmiş versiyası hazırlanıb. Strategiya 6 əsas məqsəd və 34 önəmli hədəfi birləşdirir: yüksək keyfiyyətli təhsil, tədqiqat universitetinə keçid, rəqəmsallaşmada qabaqcıl mövqe, sosial məsuliyyət, beynəlxalq rəqabətlilik və çevik, dayanıqlı universitet idarəçiliyi.

Sənəddə daha iddialı bir transformasiya hədəfi də ifadə edilir. 2030-cu ilədək ADPU-nun sahə ali təhsil müəssisəsindən daha geniş profilli universitetə çevrilməsi, sosial elmlər sahəsində dünyanın ilk 1000 universiteti sırasına daxil olmaq və təhsil, tədqiqat, əmək bazarı, rəqəmsallaşma, beynəlmiləlləşmə və sosial məsuliyyəti birləşdirən “4-cü nəsil universitet” modelinə yaxınlaşma nəzərdə tutulur.

Aydın olur ki, artıq bu, ADPU üçün, sadəcə, böyümə deyil, kimlik məsələsidir. Universitet bir əsr ərzində, ilk növbədə, müəllim hazırlayan ali məktəb kimi tanınıb. İndi isə əsas missiyanı qorumaqla onun ətrafında geniş mənada təhsil elmləri (təhsilin idarə olunması, tarixi, sosiologiyası, fəlsəfəsi, siyasəti, iqtisadiyyatı, psixologiyası, hüququ və s., məsələlər), sosial və humanitar elmlər, tədqiqat, konsaltinq, əlavə təhsil, innovasiya və müxtəlif yeni istiqamətlərin qurulması nəzərdə tutulur.

Pedaqoji Universitetdə 2030-cu ilədək tələbə qəbulunun, təxminən, 30 faizinin digər ixtisas istiqamətlərinə yönəldilməsi hədəflənir. Eyni zamanda, magistratura və doktorantura səviyyəsində də yalnız pedaqoji kadrlar deyil, ölçmə və qiymətləndirmə, təhsil texnologiyaları, xüsusi istedadlı uşaqların təhsili, erkən yaş dövrünün inkişafı, məktəbəhazırlığın təşkili, təbiət elmlərinin tədrisi, STEAM tədrisi, təhsil siyasəti, təhsil proqramının tərtibi və təkmilləşdirilməsi, o cümlədən xüsusi təhsil, oliqofrenopedaqogika (əqli və psixi inkişafdan qalanlar), surdopedaqogika (eşitmə əngəli olanlar), loqopediya (danışma problemi olanlar), tiflopedaqogika (görmə əngəli olanlar), təhsilin psixologiyası, təhsil menecmenti və təhsilin iqtisadiyyatı, təhsildə MBA, təhsil marketinqi kimi istiqamətlər üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına daha çox diqqət yetirilir. Artıq bir neçə ildir bu istiqaməti inkişaf etdirmək məqsədi ilə universitetdə Təhsil menecmenti kafedrası fəaliyyətə başlayıb.

Bu dəyişikliklərə uyğun olaraq açılan yeni ixtisaslarla yanaşı bütün səviyyələrdə mövcud tədris proqramlarının yenilənməsi prosesi də həyata keçirilir. Həm bakalavriat, həm də daha yüksək təhsil sahələrində eyni tendensiyanın görünməsi təsadüfi deyil. ADPU müəllim hazırlığından imtina etmir; əksinə, müəllim hazırlığını daha geniş təhsil elmləri ekosisteminin mərkəzinə yerləşdirməyə çalışır.

Bu istiqamətin uğuru isə çox incə bir balans tələb edir. Profili genişləndirərkən universitet özünün əsas üstünlüyünü – pedaqoji episentrizmi itirməməlidir. ADPU-nu fərqləndirən başlıca cəhət onun başqa universitetlər kimi çoxsaylı ixtisaslar təqdim etməsi yox, təhsil və insan inkişafı sahəsində xüsusi səriştəyə, öyrətmə metodikasına, daha geniş mənada isə texnologiyalarına malik olmasıdır. Ona görə də, yeni istiqamətlər bu nüvəni genişləndirməli, onu arxa plana keçirməməlidir.

Rəqəmsallaşma – yeni idarəçilik fəlsəfəsi

“ADPU-2030”da əks olunan ən konkret bölmələrdən biri də rəqəmsallaşmadır. Bu strateji məqsəd universitetin 2030-cu ilədək rəqəmsallaşma sahəsində qabaqcıl universitetə çevrilməsini hədəfləyir. Bunun üçün e-universitet sisteminin tam tətbiqi, qarışıq tədris modelləri, idarəetmə, kargüzarlıq və resursların avtomatlaşdırılması, elektron akademik xidmətlər, virtual tədris texnologiyaları, elektron kitabxana, rəqəmsal elmi nəşrlər, elektron sənəd dövriyyəsi və vahid informasiya sistemlərinin inkişafı və inteqrasiyası nəzərdə tutulur.

Əhəmiyyətli cəhət budur ki, strateji baxış rəqəmsallaşmanı yalnız avandanlıq və proqram təminatı ilə məhdudlaşdırmır. Akademik və inzibati heyətin rəqəmsal savadlılığının yüksəldilməsi də ayrıca strateji hədəf kimi müəyyən edilir. Bu isə xüsusilə diqqətəlayiqdir.

Çünki universitetin rəqəmsal transformasiyası proqram və avadanlıqla baş vermir. Əgər müəllim və əməkdaş həmin sistemdən düşünülmüş şəkildə istifadə edə bilmirsə, texnologiya sadəcə köhnə prosedurun elektron formaya keçirilməsinə çevrilir.

Son illərdə ADPU-da e-sənəd dövriyyəsi, “MyADPU” e-universitet sistemi, “Moodle” əsaslı e-tədris sistemi və e-kitabxana xidmətlərinin istifadəyə verilməsi artıq həmin prosesin fəaliyyətdə və davamlı inkişafda olduğunu göstərir. Strategiya isə növbəti mərhələdə müxtəlif sistemlərin bir-biri ilə inteqrasiyasını, məlumatların idarəetmə qərarlarında istifadəsini və universitet fəaliyyətinin böyük hissəsinin elektron mühitə keçirilməsini nəzərdə tutur.

Prosesin həqiqi keyfiyyət göstəricisi isə gələcəkdə “neçə sistem yaradılıb?” sualı olmayacaq. Daha vacib suallar bunlardır: tələbə neçə xidməti universitetə fiziki müraciət etmədən əldə edə bilir? Müəllimin inzibati yükü azalırmı? Eyni məlumat bir neçə dəfə daxil edilirmi? İdarəetmə real vaxt göstəricilərinə əsaslanırmı? Akademik və inzibati proseslər arasında rəqəmsal inteqrasiya yaranıbmı? Yəni ikinci yüzilliyin başlanğıcında rəqəmsallaşma ADPU üçün texnoloji yenilik yox, idarəetmə fəlsəfəsidir.

Bu proseslərdə ən mühüm hərəkətverici məqam isə Azərbaycan dövlətinin ən yüksək səviyyədə rəqəmsallaşmanı strateji prioritet elan etməsi, cari ilin fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, bundan sonra isə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə bu istiqamətdə vahid koordinasiyanı təmin edən Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır.

Buna uyğun olaraq ADPU-da da rəqəmsallaşmaya dair tədbirlər planı qəbul olunub. Yəni universitetin rəqəmsallaşması həm də ölkəmizin ümumi rəqəmsallaşma strategiyasına uyğun olaraq həyata keçirilən nəhəng rəqəmsal ekosistemin üzvi hissəsidir. Bu inteqrasiya olunmuş proses nəticəsində artıq cari ildən bütün əsas təhsil sənədlərinin “mygov” tətbiqi üzərindən tam rəqəmsal formada təqdim olunmasını xüsusilə qeyd etmək lazımdır.

Süni intellekt və müəllim hazırlığı

ADPU-nun fəaliyyətinin 105 illiyinə gəldiyi dövrün bəlkə də ən sürətli və ciddi çağırışı süni intellektdir. Beş il əvvəl bu mövzu universitet gündəliyində bu qədər mərkəzi rol oyanmırdı. 2026-cı ildə isə vəziyyət tamamilə dəyişilib.

“ADPU-2030” sənədində tələbələrdə formalaşdırılacaq XXI əsr bacarıqları sırasında rəqəmsal savadlılıqla yanaşı süni intellekt (Sİ) və kibertəhlükəsizlik bacarıqları ayrıca göstərilir. Tədris və elmi tədqiqatlarda Sİ məhsullarının istifadəsinin genişləndirilməsi də strateji fəaliyyətlərə daxil edilib. Eyni zamanda, universitetin Elmi Şurasında 2025-ci ilin sentyabrında elmi-tədqiqat və tədrisdə süni intellektdən istidadəyə dair qaydalar qəbul olunub.

ADPU-da artıq “Təhsildə rəqəmsal transformasiya”, “Süni intellekt və ekspert sistemləri”, “Təhsildə informasiya texnologiyaları və süni intellektin əsasları” kimi fənlər mövcuddur. 2026/2027-ci tədris ilindən müəyyən bakalavriat və magistratura proqramlarında “Süni intellektin əsasları” fənninin tədrisi planlaşdırılır. Mövcud “Təhsildə İKT” fənninin də “Təhsildə rəqəmsal bacarıqlar” adı altında yenilənməsi nəzərdə tutulur.

Burada daha ciddi institusional addım isə yuxarıda da qeyd edildiyi kimi 24 aprel 2026-cı ildə ADPU Elmi Şurasının təsdiq etdiyi “Rəqəmsal İnkişaf üzrə Tədbirlər Planı”dır. Plan rəqəmsallaşmanın genişləndirilməsi, süni intellektin universitet fəaliyyətlərinə inteqrasiyası, innovasiya ekosistemi və kibertəhlükəsizlik daxil olmaqla 48 fundamental tədbiri əhatə edir. Bunların arasında Süni İntellekt Tətbiqləri şöbəsinin yaradılması hədəfi də xüsusi diqqət çəkir.

Bunlar, mühüm dəyişikliklərdir. Çünki Sİ-yə münasibət “istifadə etmək olar, ya yox?” səviyyəsindən çıxaraq “onu necə etik, pedaqoji və institusional şəkildə idarə etməli?” mərhələsinə keçir. Məsələnin ən maraqlı tərəflərindən biri də qiymətləndirmədir. Pedaqoji Universitet yaxın gələcəyə aid baxışlarında süni intellekt dövründə mexaniki əzbərçiliyə əsaslanan tapşırıqların, standart esse və klassik testlərin əvvəlki effektivliyini itirdiyini, layihə əsaslı qiymətləndirmə, performans tapşırıqları və reflektiv təhlilin daha əhəmiyyətli olduğu qənaətindədir.

Bəhs olunan tezis müəllim hazırlığında ciddi nəticələr doğura bilər. Belə ki, universitet tələbəni hələ də, əsasən asanlıqla generasiya edilə bilən mətn, standart sual və reproduktiv tapşırıqlarla qiymətləndirirsə, süni intellekt texnologiyasının tədrisə daxil olması həmin qiymətləndirmə sisteminin zəif tərəflərini daha görünən edəcək. Ona görə, ADPU-nun Sİ sahəsində növbəti böyük vəzifəsi yeni fənnlərin tədris ilə yanaşı, süni intellektin kurikulum, akademik dürüstlük siyasəti, tapşırıq dizaynı və qiymətləndirmənin bütün səviyyələrinə paralel şəkildə daxil edilməsidir.

Bununla yanaşı, həm də bir sərhəd ciddi qorunmalıdır: Süni intellekt müəllimin sosial-emosional münasibətini, tələbəni müşahidə etmək, onun ehtiyacını hiss etmək, sinif dinamikasını idarə etmək, motivasiya yaratmaq və pedaqoji məsuliyyət daşımaq qabiliyyətini əvəz etmir. Elə buna görə də, gələcəyin müəlliminin rəqəmsal savadlılığı nə qədər vacibdirsə, insani səriştələri da bir o qədər mühümdür.

Auditoriyadan əmək bazarına

ADPU-nun son illərdəki dəyişikliklərini müşahidə edərkən nəzəri hazırlıqla praktik təcrübə arasındakı məsafənin azaldılmasına xüsusi diqqət ayrıldığı görünür. Artıq universitet-məktəb əməkdaşlığında yeni modellər müzakirə olunur. Dual təhsil, tələbəyə sahə mentorunun təyin olunması, əmək bazarı nümayəndələrinin tədris modullarının hazırlanmasında iştirakı, simulyasiya mərkəzlərinin yaradılması və əmək bazarının mütəmadi monitorinqi kimi mexanizmlər təklif edilir.

ADPU-nun ictimai açıqlamalarında müəllim hazırlığı yalnız diplom təqdim edən proses deyil, peşə məsuliyyəti formalaşdıran sistem kimi qiymətləndirilir və universitetin keçmiş təcrübənin sadə təkrarından uzaqlaşmasının vacibliyi vurğulanır. Bunlarla yanaşı, Pedaqoji Universitet təhsilalanların peşəkar səriştələrinin inkişafı istiqamətində sistemli sosial fəaliyyətlərin icrasını və informal təhsil imkanlarını da təşviq edir.

Ali məktəbdə hazırda 6 tələbə təşkilatı, 40-dan çox fərqli maraq klubları fəaliyyət göstərir, eləcə də “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi, Təlim-Tədirs Mərkəzinin çoxşaxəli sertifikat proqramları, “Məktəb liderliyi” proqramı, “Məktəbəqədər təhsildə liderlik” proqramı, “Peşəkar təcrübə proqramı” kimi informal təhsil layihələri tələbələr və təhsil ictimaiyyəti arasında geniş maraq doğurur.

Bütün bunları bir yerə gətirdikdə Pedaqoji Universitet perspektivindən gələcəyin müəllim hazırlığı modeli aydınlaşır: tələbə məktəblə yalnız son kursda pedaqoji təcrübə zamanı tanış olmamalıdır. Məktəb universitet proqramının daimi tərəfdaşı olmalıdır. Müəllim hazırlığı klinik tibb təhsilindəki praktik təhsil yanaşmasına oxşar şəkildə pedaqoji internatura əsasında daha çox müşahidə, mentorluq, təcrübə, refleksiya və yenidən tətbiq mərhələləri üzərində qurula bilər.

ADPU-nun bu istiqamətdə qarşısında duran əsas çağırış isə ayrıca layihələri sistemə çevirməkdir.

Tələbə nə istəyir?

Müasir universitetlərdə dəyişən mühüm məqamlardan biri də keyfiyyət anlayışıdır. Əvvəllər ali məktəbdə keyfiyyət haqqında danışarkən professorların elmi təsiri, dərs proqramlarının mövcudluğu və imtahan nəticələri əsas göstəricilər sayılırdı. İndi tələbə təcrübəsi də keyfiyyət ölçüsünün vacib hissəsidir.

2025-ci ildə ADPU-da tələbələr, məzunlar, professor-müəllim və inzibati heyət arasında tədrisin keyfiyyəti ilə yanaşı aparılan geniş sorğuda 5 min 137 tələbə iştirak edib; onların 81 faizi müəllimlərin fənni tədrisetmə bacarığından tam razı olduğunu, 73 faizi isə təhsil proqramlarının zəruri xüsusi bilik və bacarıqlara uyğun olduğunu bildiriblər. Eyni zamanda, açıq suallara verilmiş 9 mindən çox rəyin təhlili tələbə və məzunların praktik tədrisin, karyera və təcrübə imkanlarının, infrastrukturun və proqramların yenilənməsinin daha da gücləndirilməsini istədiklərini göstərib.

Əslində, həmin nəticələrin ən qiymətli tərəfi yüksək məmnunluq faizləri deyil. Daha vacib olan 9 min rəydir. Çünki universitet keyfiyyət sisteminin yetkinliyi yalnız öz uğurlarını ölçməsi ilə yox, həm də tələbə təkliflərinin idarəetmə qərarına çevrilməsi ilə müəyyən olunur.

2023-cü ildə ADPU-nun 5 il müddətinəyeni akkreditasiyadan keçməsi, daxili keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi və professor-müəllim heyətinin reytinq qiymətləndirməsinin davam etdirilməsi də eyni istiqamətin elementləridir. “ADPU-2030” sənədində keyfiyyət təminatı nəticələrin, sorğuların və monitorinqlərin qərarvermədə istifadəsi ilə əlaqələndirilir.

Müəllimlərin reytinq qiymətləndirilməsi üzrə 2024-cü ildə 1292 nəfərin sistemə cəlb olunması da bu prosesin miqyasını göstərir. 2022-ci ildə həmin göstərici 1185 nəfər idi. Universitet hesabatında 2021-ci illə müqayisədə aşağı nəticə göstərən müəllimlərin payında ciddi azalma qeydə alındığı bildirilir.

Ancaq reytinq sisteminin özü də daim təkmilləşməlidir. Akademik fəaliyyət yalnız bal toplamaq davranışına çevrilməməli, göstəricilər tədris keyfiyyəti, tədqiqat təsiri, tələbə inkişafı və institusional töhfə arasında balans yaratmalıdır.

Elmi fəaliyyət

Pedaqoji Universitetin ikinci yüzilliyin başlarında ən çətin transformasiyası bəlkə də tədqiqat universitetinə keçid olacaq. ADPU-nun 2024-cü ildəki elmi fəaliyyətinə dair hesabatda 825 nəfərlik professor-müəllim heyətindən 760 nəfərin 59 istiqamət, 124 problem və 458 mövzu üzrə elmi-tədqiqat işlərinə cəlb olunduğu, 47 tətbiqi və innovasiya xarakterli nəticənin tədrisdə tətbiq hüququ qazandığı bildirilir. Həmin il 1151 elmi məqalənin nəşr edildiyi, 2023-cü ildə Scopus bazasında 164 müəllifin 333 məqaləsi olduğu halda 2024-cü ildə 197 müəllif üzrə 408 məqalənin qeydə alındığı göstərilir.

Uzunmüddətli dinamikaya nəzər saldıqda isə açıqlamalardan aydın olur ki, əgər 9–10 il əvvəl yüksək impaktlı və beynəlxalq indeksli nəşrlərdə ADPU əməkdaşlarının illik məqalə sayı 5-8 civarında idisə, son dövrdə ildə 50-dən artıq məqalə Scopus və Web of Science bazalarında indekslənən jurnallarda yayımlanır. Həmçinin hazırda universitetdə yeddi elmi jurnal, eləcə də 2021-ci ildən etibarən “Magistrant” jurnalı fəaliyyət göstərir. 2026-cı ilin ilk altı ayı üzrə Pedaqoji Universitet əməkdaşlarının 20-dək məqaləsi təkcə Q1 və Q2 kateqoriyalı jurnallarda dərc edilib.

Bu dinamika diqqətəlayiqdir və əhəmiyyətli bir canlanmanın göstəricisidir. Amma tədqiqat universiteti üçün məqalələrin sayı yalnız başlanğıc göstəricidir. Əsas sual tədqiqatın hansı problemə cavab verdiyidir.

Pedaqoji Universitetin böyük üstünlüyü ondadır ki, onun qarşısında nəhəng bir real laboratoriya var: Azərbaycan məktəbi!

Taleh MİRZƏYEV,
ADPU-nun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri