Azərbaycanın qlobal missiyası Avrasiya sabitliyinin siyasi tənzimləyicisi
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı “heartland” rolunda - iki qitə arasında təbii körpü...
Son 15 illik zaman kəsiyində Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi yeni bir status qazanıb. Bu dəyişimin məntiqi kökləri təkcə coğrafi mövqedə deyil, həm də Bakının həyata keçirdiyi uzunmüddətli, davamlı, çevik və real vəziyyətə adaptasiya olunan ictimai-siyasi strategiya ilə bağlıdır. Bu gün Azərbaycan haqqında danışanda artıq sadəcə Cənubi Qafqazın lideri kimi deyil, Avrasiyada formalaşan yeni iqtisadi-siyasi düzənin aparıcı mərkəzi kimi danışılır. Zaman-zaman dünya siyasətinin əsas tənzimləyici güc mərkəzləri dəyişib; lakin heç vaxt qitələrarası nəqliyyat, enerji və sivilizasiyalararası əlaqələr bu qədər paralel şəkildə eyni coğrafiyada cəmləşməyib. Azərbaycanın yüksəliş fenomeni də məhz bu məqamda daha aydın şəkildə görünür: ölkə həm coğrafi məntiqi, həm siyasi doktrinası, həm də müasir regional sistemin ehtiyaclarını dəqiq dəyərləndirməsi sayəsində özünü Avrasiyanın təbii “mərkəzi oxu”, başqa sözlə desək, “heartlandı” kimi təqdim edə bilib.
Bakı siyasət, enerji, kommunikasiya, təhlükəsizlik və diplomatiya, eləcə də ekostabillik spektrində bütövlükdə Avrasiya miqyaslı əməkdaşlıq xəritəsinin formalaşmasının mərkəzində yer alır. Asiyanın Şərq qapılarından başlayan logistika dayaqları Cənubi Qafqaz üzərindən keçərək Avropaya - mədəni, siyasi və iqtisadi cəhətdən tamamilə fərqli bir sistemə bağlanır. Bu nəhəng xəttin mərkəzində isə Azərbaycan dayanır. Rəsmi Bakı zamanın tələblərini və qlobal çağırışları düzgün analiz edə bilir, dəyişən prioritetləri, dünya gücləri arasındakı geosiyasi rəqabəti və yeni yaranan tranzit marşrutlarının strateji mahiyyətini dəqiq qiymətləndirir. Bu bacarıq Azərbaycanı sadəcə tranzit seqmentinin üzvü etmir - paralel olaraq Azərbaycan bu sistemin ideya müəllifinə, dinamik transformasiya proseslərinin tənzimləyicisinə çevrilir.
4 cəhət arasındakı ən mühüm strateji qovşaq
Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayan Bakı həm Mərkəzi Asiya ilə Qərb arasında dialoqun memarı, həm türk dünyasının inteqrasiya dayağı, həm də Şərq-Qərb nəqliyyatının yeni siyasi nəticələr doğuran ən sabit marşrutu kimi qəbul edilir. Azərbaycan Cənubi Qafqazda yeni siyasi reallıq yaradaraq təkcə öz milli maraqlarını təmin etmədi; paralel olaraq bölgədə yeni inteqrasiya modeli qurdu, regionu xarici güclərin təsir alətləri olmaqdan çıxarıb real əməkdaşlıq mərkəzinə çevirdi.
Bakı artıq bir qolu Asiya, digər qolu Mərkəzi Asiya, qəlbi Cənubi Qafqaz, irəliləyiş istiqaməti Kiçik Asiya, final ünvanı isə Avropa olan nəhəng geostrateji formulun başlıca aktorudur. Bu formul Azərbaycanın rolunu iştirakçıdan daha yüksək mərhələyə - tənzimləyici, müəyyənləşdirici və sabitləşdirici güc statusuna yüksəldir. Məhz buna görə də Bakı yeni geosiyasi reallıqlarda Avrasiyanın “heartland”ı funksiyasını icra edir. “Heartland” anlayışının müasir siyasi mahiyyəti daha fərqlidir - qitələrin mərkəzində yerləşməsi, əsas kommunikasiya və enerji arteriyalarına nəzarət yerləşdiyimiz regiona təbii olaraq bu statusu qazandırıb. Bu gün həmin təsviri görmək üçün xəritəyə baxmaq kifayətdir - Bakı artıq həm Şimalla Cənubu, həm Şərqlə Qərbi, həm də enerji ilə logistik marşrutları birləşdirən ən mühüm strateji qovşaqdır.
Qlobal siyasətin regional sabitləşdirici faktoru
Azərbaycan bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və regional inkişafın aparıcı lokomotividir. Ermənistanın illər boyunca sərgilədiyi siyasi destruktivlik regionu təhlükəsizlik indeksinə görə geriyə salmış, hətta Cənubi Qafqazı XXI əsrin ilk 20 ilində ən ziddiyyətli siyasi zonalarından birinə çevirmişdi. Nəzərə alınmalıdır ki, vaxtilə həm də bir çox güc mərkəzləri bu destruktizm üzərindən siyasi manipulyasiyalar edirdilər.
Lakin Azərbaycan öz gücü, diplomatik çevikliyi və həm də beynəlxalq hüquqa söykənən legitim mövqeyi sayəsində bu streotipi dağıda bildi. Otuz il davam edən işğalın aradan qalxması ilə bölgədə yaranan yeni reallıq təkcə siyasi balansı dəyişmədi - Azərbaycan hər zamankı kimi ədalətə və humanizmə üstünlük verdi, hətta uzun illərdir qlobal xəritədən itən Ermənistanı yenidən regional inkişaf proseslərinə qaytardı.
Bölgədə yaranan yeni sabitlik modeli Azərbaycanın hərbi-siyasi qələbəsinin nəticəsi olmaqla yanaşı, həm də davamlı iqtisadi əməkdaşlıq fəlsəfəsinə əsaslanan genişmiqyaslı regional inkişaf konsepsiyasına söykənir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri regionu qlobal siyasi xəritədə vacib tranzit mərkəzinə çevirir. xüsusilə Zəngəzur dəhlizi (TRIPP) perspektivi Şərqlə Qərbi birləşdirəcək ən təhlükəsiz, ən qısa və ən funksional xətt kimi dəyərləndirilir. Bu dəhliz təkcə fiziki nəqliyyat koridoru deyil; bu, qlobal güclərin maraqlarını kəsişdirən, sabitliyə və davamlı əməkdaşlığa əsaslanan yeni geostrateji sistemin əsas sütunlarından biridir. Rəsmi Bakı bu sistemi formalaşdırmaqla regionda müharibə risklərini minimuma endirdi və Cənubi Qafqazı qlobal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevirdi.
Zəngəzur dəhlizi (TRIPP) həm də siyasi inteqrasiyanın simvoludur. Azərbaycan bu dəhliz vasitəsilə təkcə ticarət və logistikanı inkişaf etdirmir, həm də regional böhranların qarşısını almaq üçün yeni təhlükəsizlik mexanizmləri yaradır. İqtisadi mütəxəssislərin rəyinə görə, dəhliz açıldıqdan sonra Mərkəzi Asiya ilə Avropa arasında yük dövriyyəsinin ən azı iki dəfə artacağı proqnozlaşdırılır. Bu, Avrasiyada yeni iqtisadi xəritənin formalaşması deməkdir və bu xəritənin mərkəzində Azərbaycan durur. Məhz bu səbəbdən Azərbaycan qlobal siyasətdə sabitləşdirici faktor kimi dəyərləndirilir:
- regional münaqişələri aradan qaldırıb;
- əməkdaşlıq platformaları yaradıb;
- yeni təsərrüfat-coğrafi xəritə formalaşdırıb;
- regionun inkişaf trayektoriyasını müəyyən edib.
Bütün bunlar Bakını Avrasiyanın strateji nüvəsinə çevirən əsas amillərdən biridir.
Qitələrarası stabillik arxitekturasındakı siyasi rol
XXI əsrin yeni mərhələsində dünya siyasətində qütblərarası rəqabətin kəskinləşməsi və enerji-logistika marşrutları uğrunda mübarizənin artması fonunda Azərbaycanın sabitləşdirici potensialı daha aydın görünməyə başlayıb. Bakı artıq yalnız region üçün deyil, həm də geniş Avrasiya məkanında siyasi dialoqun qorunması, təhlükəsizlik risklərinin idarə olunması və əməkdaşlıq mexanizmlərinin qurulması baxımından mühüm mərkəz” funksiyasını icra edir.
Azərbaycanın bu statusu təsadüfi deyil. Ölkənin xarici siyasət xətti hər zaman milli maraqlar prinsipinə, mehriban qonşuluq fəlsəfəsinə və qarşılıqlı fayda modelinə əsaslanıb. Bu siyasət regionu uzun müddət təhdid altında saxlayan güc qarşıdurmalarını neytrallaşdırmağa imkan verir. Təsadüfi deyil ki, postmünaqişə reallığı formalaşandan dərhal sonra Azərbaycan Ermənistanı sülh gündəliyinə dəvət edən tərəf oldu - Bakı bölgəni ifrat hərbi-siyasi risklərdən azad edərək onu yeni iqtisadi və diplomatik əməkdaşlıq meydanına çevirdi. Bu faktor Cənubi Qafqazın “sabitlik boşluğu” kimi tanındığı bir dövrdə beynəlxalq güclər tərəfindən yüksək qiymətləndirildi. Vurğulandığı kimi, hazırda Azərbaycan Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ, Çin və Mərkəzi Asiya ölkələri ilə paralel şəkildə əməkdaşlıq qurmaq bacarığına malik yeganə regional dövlətdir.
Bakı həm də Şərq-Qərb geosiyasi trafikində neytral, lakin təsir gücü olan aktor kimi çıxış edir. Bu, enerji siyasətində xüsusilə özünü göstərir. Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası Avropa üçün enerji təhlükəsizliyi, Asiya üçün isə yeni bazar, yeni yol imkanları yaradıb. Beləliklə, Bakı həm enerji, həm təhlükəsizlik, həm də tranzit xəttində qitələrarası əlaqələri sabit saxlayan əsas stabilləşdiriciyə çevrilib.
Qitələrarası stabillikdə Azərbaycanın rolunu gücləndirən digər əsas məqam qlobal təşkilatlarla qurduğu bərabərhüquqlu münasibətlərdir. Bakı Qoşulmama Hərəkatına sədrliyi dövründə həm inkişaf etməkdə olan dövlətlərin, həm də beynəlxalq sistemdə söz haqqı az olan ölkələrin maraqlarını müdafiə etməklə özünü universal siyasi dialoq tribunasına çevirdi. Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq humanitar forumlar, iqlim gündəliyi, enerji təhlükəsizliyi və multikulturalizm siyasəti ölkəni qlobal siyasi sabitliyin mühüm dayaqları sırasında möhkəmləndirdi. COP29-un Bakıda keçirilməsi də Azərbaycanın qlobal sabitlik prosesinə verdiyi töhfənin tanınması idi.
Avrasiyanın yeni siyasi arxitekturasını formalaşdıran əsas mərkəzlərdən biri
Bu sadalanan faktorlar isə Azərbaycanın son illərdə reallaşdırdığı çoxtərəfli strategiyaların istiqamətlərini göstərir - beləliklə də, ölkə artıq təkcə regional lider deyil, qitələrarası stabillik sisteminin strateji mərkəzidir. Bu sabitlik missiyası ilk növbədə Cənubi Qafqazı yeni siyasi reallığa gətirib çıxarıb. Azərbaycan müharibə sonrası dövrdə yalnız öz ərazi bütövlüyünü bərpa etmədi - paralel olaraq uzun illərdir dondurulmuş və risklərlə yüklənmiş bir regionu iqtisadi inteqrasiya xəritəsinə qaytardı. Bakı regionda hərbi-siyasi qarşıdurmanın qarşısını aldı, qlobal güclərin təsir mübarizəsini balanslaşdırdı və Cənubi Qafqazı beynəlxalq iqtisadi arteriyaların qovşağına çevirdi. Bu, ölkənin geosiyasi əhəmiyyətini artıran əsas məqamlardan biridir. Nəticə etibarilə, Azərbaycan Avrasiyanın fonunda qlobal sabitliyin qurulmasına real təsir göstərən aktordur. Bakı Avrasiyanın yeni siyasi arxitekturasını formalaşdıran, riskləri sabitliyə çevirən və qitələrarası balansı qoruyan əsas mərkəz kimi qəbul edilir. Bu reallıq yalnız hazırkı dövr üçün deyil, qarşıdakı onilliklər üçün də Azərbaycanın siyasi çəkisini və qlobal mövqeyini müəyyən edəcək əsas faktordur.
Pərviz SADAYOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















