Icma.az
close
up
RU
Azərbaycanın siyasi iradəsi və gerçəkliyin sərt diqtəsi

Azərbaycanın siyasi iradəsi və gerçəkliyin sərt diqtəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakının strateji tələbləri sülh prosesinin dinamikasını müəyyən edir

Azərbaycanın siyasi kursunu və sülh siyasətini anlamaq üçün Prezident İlham Əliyevin 14 sentyabr 2025-ci il tarixində Qarabağda səfəri zamanı səsləndirdiyi çıxış xüsusi əhəmiyyət kəsb edir. Prezident vurğuladı ki, Azərbaycan xalqı güclü və iradəlidir; döyüş meydanında qələbə qazandığı kimi, sülhə də hər zaman hazırdır. Onun sözlərinə görə, sülh yalnız ədalətli ola bilər, yəni beynəlxalq hüquq və tarixi ədalət üzərində qurulmalıdır. Son beş ilin hadisələri göstərdi ki, heç bir xarici qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməyib, 2023-cü ilin sentyabr hadisələri və antiterror əməliyyatı sübut etdi ki, ölkəmiz öz haqq işində tam qələbəyə nail olub.

Prezidentin çıxışı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesaj idi: Azərbaycan bölgədə davamlı sülh və quruculuq prosesinə hazırdır. Qarabağ və Zəngəzurda beş il ərzində aparılan sürətli bərpa işləri – şəhər və kəndlərin yenidən qurulması, infrastrukturların yaradılması, enerji və su sistemlərinin bərpası–Azərbaycanın sülhün iqtisadi təməlini güclü şəkildə formalaşdırdığını göstərir. Çıxış, eyni zamanda, Ermənistan və beynəlxalq aktorlara dolayısı mesaj verir: sülh gücün diktəsi ilə deyil, həm də iqtisadi və sosial inkişafa əsaslanan dayanıqlı nizamla təmin edilə bilər.

Son aylar regionda baş verən sürətli siyasi dəyişikliklər həm də məcburi və selektiv siyasətin arasında incə bir tarazlığın formalaşdığı yeni reallığın göstəricisidir. Ermənistan parlamentinin deputatı Kristina Vardanyanın açıqlaması – Azərbaycanın sülh prosesi çərçivəsində qoyduğu tələblərin tədricən yerinə yetirildiyi iddiası regionun geosiyasi matrisində mövcud güc nisbətlərinin açıq bəyan olunmasıdır. Bəyanat Bakının diplomatik və hərbi strategiyasını tamamlayır, eyni zamanda, Ankara–İrəvan dialoqunun arxa fonunda formalaşan yeni mərhələyə işarə edir. Hazırkı dönüş nöqtəsi iki vacib tendensiyanın kəsişməsində yaranıb: bir tərəfdən Azərbaycan öz hərbi və iqtisadi üstünlüyünü sülhün şərtlərini müəyyənləşdirmək üçün istifadə edir; digər tərəfdən, Türkiyə bölgə siyasətində ideoloji və simvolik tələblər vasitəsilə İrəvanı məcbur edir ki, uzun müddət formalaşmış narrativ və tarixi iddialardan geri çəkilsin. Prosesdə Ermənistanın razılaşmaları məcburi xarakter daşısa belə – bunlar həm də daxili siyasətdə yeni reallıqların formalaşmasına təkan verə və milli kimliyin yenidən tərtib olunması üçün daxili qarşıdurmaları artıra bilər.

Analitik prizmadən baxdıqda, həmin açıqlama üç əsas məqamı aydınlaşdırır: gücün sülhü formalaşdırmaq qabiliyyəti, sərhədlərin və təhlükəsizlik arxitekturasının yenidən dizaynı və tarixi-narrativ konfliktlərin siyasətin alətinə çevrilməsi. İndi isə həmin məqamların hər biri –Ermənistanın daxili siyasi balansları və hakim elitanın strategiyası, Azərbaycanın hədəflərinin hərbi-diplomatik və iqtisadi komponentləri, Türkiyənin tələblərinin regional əlaqələrə təsiri və beynəlxalq icmanın rolu daha dərindən təhlil olunacaq.

***

Azərbaycanın qarşıya qoyduğu tələblərin xronologiyası, əslində, sülh prosesinin konturlarını müəyyənləşdirən bir xəritədir. Ardıcıllıq təsadüfi seçilməyib, strateji olaraq həm diplomatik, həm də təhlükəsizlik baxımından bir-birini tamamlayan pillələrdən ibarətdir. İlk növbədə, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı tələb həyata keçirildi. Bu tələb yalnız uzun illər status-kvonu donduran bir mexanizmin sıradan çıxarılması deyildi; həm də Azərbaycanın beynəlxalq gündəmi öz şərtləri ilə formalaşdırmaq gücünü nümayiş etdirdi. Əslində, Bakı açıq şəkildə göstərdi ki, artıq “köhnə formatlar”la heç bir proses davam etdirilməyəcək.

Daha sonra gündəmə gətirilən məsələ– sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinin qarşısının alınması regionun təhlükəsizlik arxitekturasının əsas sütunlarından birinə çevrildi. Azərbaycan üçün həmin addım məhz Ermənistanın Qərb və ya rus hərbi kontingentinə etibar edərək məsuliyyətdən yayınmasının qarşısını almaq idi. Başqa sözlə, Bakı açıq mesaj verdi: bu regionda təhlükəsizlik yalnız regional dövlətlərin balansı əsasında təmin olunacaq, kənar güclərin iştirakı yolverilməzdir.

Növbəti mərhələ – Ermənistan ordusunun ixtisar olunması Bakının strateji hesablamasının ən mühüm elementlərindən biridir. Ermənistanın hərbi resurslarının məhdudlaşdırılması birbaşa təhlükəni neytrallaşdırmaq məqsədi daşımır, eyni zamanda, İrəvanın siyasi alətlərini də daraldır. Çünki ordunun zəiflədilməsi daxili siyasətdə “güc kartı”nın istifadəsini mümkün qədər sıradan çıxarır, Ermənistanı diplomatik müstəviyə yönəldir.

Daha kritik məsələ isə konstitusiya dəyişiklikləri ilə bağlıdır. Azərbaycan açıq şəkildə tələb edir ki, Ermənistanın əsas qanununda hələ də mövcud olan ərazi iddiaları aradan qaldırılsın. Mövcud tələb milli kimliyin yenidən formalaşdırılması, siyasi mifi reallıqla əvəzləmək anlamı daşıyır. Əslində, konstitusion dəyişiklik İrəvan üçün ideoloji kapitulyasiyanın ən aydın göstəricisi ola bilər.

Burada əsas sual ortaya çıxır: Ermənistan bu tələbləri gələcək əməkdaşlıq üçün strateji seçim kimi qəbul edir, yoxsa sadəcə xarici təzyiqlər və beynəlxalq öhdəliklər qarşısında güzəştlərə gedir? Hazırkı vəziyyət göstərir ki, İrəvan daha çox təzyiq xətti ilə hərəkət edir. Təzyiq təkcə Azərbaycanın hərbi üstünlüyü ilə izah edilə bilməz; həm də ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda 8 avqustda sülh sazişinin paraflanması, beynəlxalq öhdəliklərin qüvvəyə minməsi və Türkiyənin geosiyasi təsiri Ermənistanın seçim imkanlarını məhdudlaşdırır. Başqa sözlə, İrəvan yalnız regional güclərin deyil, eyni zamanda, beynəlxalq aktorların təsiri altında hərəkət edir.

Ancaq uzunmüddətli perspektivdə bu tələblərin yerinə yetirilməsi Ermənistan üçün həm təhlükə, həm də imkan deməkdir. Təhlükə ondadır ki, daxili ictimaiyyət bu addımları milli kimliyin zəifləməsi kimi qəbul edə bilər. Perspektiv isə odur ki, Ermənistan regionda təcrid vəziyyətindən çıxaraq iqtisadi inteqrasiya kanallarına qoşula bilər. Başqa sözlə, məcburiyyətlə başlayan proses gələcəkdə siyasi rasionalizmin qapısını aça bilərmi? Sualın cavabı İrəvanın daxili siyasi elitasının hansı strategiyanı seçəcəyindən asılı olacaq.

***

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü şərtlər daha çox siyasi-ideoloji xarakter daşıyır. “Erməni soyqırımı” iddiasının beynəlxalq platformalarda gündəmdən çıxarılması və Ağrı dağı ilə bağlı simvolların aradan qaldırılması İrəvan üçün daxili ideoloji mərkəzlərin zəiflədilməsi anlamına gəlir. İki şərt Ermənistan üçün həssas məqamı üzə çıxarır: tarixi yaddaş üzərində qurulmuş milli identikliklə real siyasət arasında balansın pozulması. Əgər Azərbaycanla bağlanan şərtlər əsasən təhlükəsizlik və hüquqi müstəviyə aid idisə, Türkiyənin istəkləri daha çox simvolik və identik sahəni əhatə edir. Burada əsas sual ortaya çıxır: Ermənistan öz tarixi narrativlərindən geri çəkildikcə, siyasi elita bunu cəmiyyətə necə izah edə biləcək? Çünki uzun illər dövlət ideologiyası məhz həmin narrativlər üzərində formalaşıb və bu mövqedən imtina psixoloji qırılma nöqtəsi ola bilər. Bununla yanaşı, reallıq göstərir ki, Ermənistanın regiondakı mövqeyini bərpa etməsi üçün həmin şərtlərin qəbulundan başqa alternativ yol qalmayıb. Əslində, bu addımlar Ermənistanı milli kimliyini tamamilə itirməyə deyil, onu real geosiyasi çərçivəyə uyğunlaşdırmağa məcbur edir. Lakin prosesin paradoksu da məhz buradadır: hər bir simvolik güzəşt Ermənistan daxilində siyasi parçalanmanı dərinləşdirə, amma beynəlxalq müstəvidə inteqrasiyanın açarına çevrilə bilər. Yəni İrəvanın qarşısında duran seçim ideologiya ilə geosiyasət arasında tarazlıq yaratmaqdır.

***

Bəs Azərbaycan regiondakı mövqeyini uzunmüddətli sabitlik üzərindəmi qurur, yoxsa qısamüddətli üstünlüklə kifayətlənir? Qeyd etməliyik ki, Bakı strateji planı uzunmüddətli perspektivdə qurur. Bunun əsas səbəbi odur ki, iqtisadi resursların yönləndirilməsi yalnız daxili inkişaf üçün deyil, həm də regionun gələcək inteqrasiyasını mümkün etmək üçündür. Başqa sözlə, Azərbaycan göstərmək istəyir: sülh yalnız hərbi diktatla yox, iqtisadi əməkdaşlıqla da möhkəmlənə bilər. Ermənistanın indiki siyasi davranışı, əslində, bir yol ayrıcına işarə edir. Bir tərəfdə Azərbaycanın diktə etdiyi şərtləri qəbul edərək regionda yeni təhlükəsizlik və iqtisadi arxitekturaya inteqrasiya olmaq perspektivi dayanır. Digər tərəfdə isə uzun illər davam edən təcrid, daimi təhlükəsizlik riskləri və iqtisadi zəiflik ssenarisi qalır. Əsas sual isə budur: Ermənistan uzunmüddətli sülhün təminatçısı ola biləcəkmi, yoxsa taktiki güzəştlərlə kifayətlənəcək? Ermənistan cəmiyyətinin isə ən böyük dilemması budur: tarixi yaddaş üzərində qurulan ideoloji siyasəti davam etdirmək, yoxsa geosiyasi reallığa uyğunlaşmaq. Birincinin nəticəsi daimi təcrid, ikincinin nəticəsi isə inteqrasiya yoludur.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see221

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see216

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see167

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see156

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see148

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see146

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see139

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see136

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see135

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see134

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see134

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see134

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see133

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see132

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see131

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see128

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see126

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri