Azərbaycanın su təhlükəsizliyi “qalxanı”
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ölkəmiz qlobal problemin təsirlərini davamlı layihələrlə dəf edir
Son illərdə su təhlükəsizliyi məsələsi bütün dünyada olduğu kimi, ölkəmizdə də strateji önəm daşıyır. Bakı və Abşeron yarımadasında içməli su təchizatının yaxşılaşdırılması, keyfiyyətinin artırılması və eləcə də suvarma suyu ilə təminatın yüksəldilməsi kimi prioritetlərə 2026-cı ilin yanvar ayında təsdiqlənən “Bakı və Abşeron yarımadasında 2026–2035-ci illər üzrə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”ında geniş yer verilməsi də bunun bariz ifadəsidir.
Müasir dövrdə rəqəmsal monitorinqlərin aparılması, avtomatlaşdırılan suvarma sistemlərinin tətbiq olunması, torpağın rütubət sensorlarının diqqətdə saxlanılması, su itkilərinin minimuma endirilməsi, eyni zamanda, təmizlənmiş tullantı sularının təkrar dövriyyəyə buraxılması və iqtisadi cəhətdən səmərəli ərazilərdə duzsuzlaşdırma texnologiyalarının işlədilməsi mühüm əhəmiyyət kəsb edir. Bu yanaşmalar ekoloji böhranın fəsadlarını aradan qaldırmaqla bərabər, innovativ texnoloji həllərin inkişafını da stimullaşdırır.
Sözügedən proqramda paytaxtda və ətraf yaşayış sahələrində infrastrukturun yenilənməsi, su təminatı kəsintisizliyinin reallaşdırılması, eləcə də güclü yağıntıların və daşqın təhlükəsizliyinə qarşı layihələrin həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Dövlət Proqramının qəbul edilməsindən ötən qısa müddət ərzində isə su ehtiyatlarının artırılması, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılması ilə bağlı bir sıra əhəmiyyətli layihələrin reallaşdırılmasına başlanılıb.
Ehtiyat, qoruma və qənaət modeli
Qlobal iqlim dəyişiklikləri və şirin su qıtlığı fonunda aqrar sektorda su ehtiyatlarının artırılması ölkəmizin kənd təsərrüfatının dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır. Məsələn, yağış sularının toplanaraq idarə olunması və tullantı sularının təmizlənərək təkrarən suvarma məqsədilə kənd təsərrüfatına yönəldilməsi, itkilərin qarşısını almaq üçün ənənəvi suvarma üsullarından damlama və çiləmə kimi qənaətcil texnologiyalara keçidin reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Bütün bunlarla yanaşı, hazırda Abşeronun yaşayış sahələrində su kanallarının və paylayıcı şəbəkələrin təkmilləşdirilməsi vasitəsilə nəql zamanı baş verən sızma və itkilər minimuma endirilir. Bu yanaşma ilə həm ərazilərin yaşıllaşdırılması, həm də yerli kənd təsərrüfatı istehsalının su qıtlığından qorunması gerçəkləşdirilir. Eləcə də əhalinin fasiləsiz su təchizatı gücləndirilir. Bu məqsədlə fasiləsiz və dayanıqlı içməli su təminatının mövcud 70 faizdən 95 faizə çatdırılması nəzərdə tutulur.
Yeni su anbarlarının tikintisinə xüsusi diqqət yetirilir. Şəbəkənin dayanıqlılığını təmin etmək üçün, təxminən, 30 yeni su anbarının inşası diqqətdə saxlanılır. Kanalizasiya sisteminin genişləndirilməsi üçün isə paytaxtın 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş sistemin qurulması planı hazırlanır.
Tullantı sularının toplanılması və təmizlənməsi, məsələn, icrasına başlanılan Xırdalan, Müşfiqabad və ətraf qəsəbələri əhatə edən təmizləyici qurğular kompleksinin tamamilə avtomatlaşdırılan mühəndis sistemləri üzərində qurulması nəzərdə tutulub. Tələskənliyə yol verilmədən layihənin keyfiyyətli icrasını reallaşdırmaq məqsədilə proqramın 10 illik bir dövr ərzində həyata keçirilməsi qərara alınıb.
Onu da xatırladaq ki, yeni Dövlət Proqramı çərçivəsində hazırda Müşfiqabad hövzəsi və Xırdalan şəhəri üzrə icrasına başlanılan konkret irimiqyaslı layihənin detalları müəyyənləşdirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həmin ərazilərdə ekoloji təhlükəsizliyi gücləndirmək üçün kompleks mühəndis layihəsi həyata keçirilir.
Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sutəmizləyici qurğunun tikinti layihəsi təkcə bir məntəqəni yox, vahid sistem şəklində Xırdalan şəhəri, Müşfiqabad, 28 May, Hökməli və Aşağı Güzdək qəsəbələrini tam əhatə edəcəyi planlaşdırılır. Həmin ərazilərdə formalaşan bütün tullantı sularının isə bu kollektora toplanacağı nəzərdə tutulaur. Eyni zamanda, sözügedən layihə çərçivəsində Xırdalan şəhərinin daxili küçələrində (Heydər Əliyev, Həsən Əliyev və Rəşid Behbudov küçələri genişliyi (diametri) 1400 milli metr olan 3300 metr uzunluğunda yeni daxili kanalizasiya kollektoru inşa edilir.
Ümumi kollektorun texniki göstəricilərinə gəldikdə isə, qeyd edək ki, hövzə üzrə gətirici kollektorun ümumi uzunluğu 18,9 kilometrdir. Bunun 15,2 kilometri xüsusi mühəndislik tələb edən mikrotunel tipli, 3,7 kilometri isə açıq kanalizasiya kollektorudur. Layihə üzrə 22 ədəd xüsusi mühəndis şaxtasının inşası da nəzərdə tutulur.
Ceyranbatan su anbarının mühafizəsi ilə bağlı yeni infrastruktur Ceyranbatan Su Anbarı ətrafında qrunt sularının səviyyəsini tənzimləməyə və subasma risklərini sıfıra endirməyə imkan verəcək. Bununla da Bakının əsas içməli su mənbəyinin sanitar-gigiyenik təhlükəsizliyi gerçəkləşdiriləcək. Suyun təkrar emalı və ultrabənövşəyi təmizlənməsi diqqətdə saxlanılacaq.
Tikilən müasir qurğuda tullantı suları yalnız mexaniki yox, həm də ultrabənövşəyi şüalarla dezinfeksiya olunacaq. Təmizlənmiş bu sular daha sonra sənaye və texniki məqsədlər (məsələn, ərazilərin suvarılması və yaşıllaşdırılması) üçün istifadəyə yönəldiləcək. Müşfiqabad hövzəsini əhatə edən bu nəhəng infrastruktur kompleksin tam mühəndis sistemləri və yardımçı obyektləri ilə birlikdə 2028-ci ildə tam istifadəyə veriləcək.
Hamıdan və hər kəsdən diqqət...
Yeni Dövlət Proqramında su ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə zəruri infrastruktur və idarəetmənin təkmilləşdirilməsi, suyun keyfiyyətinin yaxşılaşdırılması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi xüsusi diqqət çəkir. Bütün bu amillərə böyük əhəmiyyət verilməsi təsadüfi deyil. Çünki bütün dünyada olduğu kimi, iqlim dəyişikliyi səbəbindən Azərbaycanın da zəngin potensiala malik olmayan su ehtiyatları getdikcə azalır. İqtisadiyyatın və kənd təsərrüfatının sürətlə inkişafı, ölkədə müasir aqrar-sənaye komplekslərinin və sənaye istehsalı müəssisələrinin yaradılması, əhalinin sayının artması su istehlakının əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Yeri gəlmişkən, Azərbaycanın su ehtiyatlarının 70 faizindən çox hissəsinin ölkədən kənarda – Türkiyə, Gürcüstan, Ermənistan və qismən İranda formalaşması mürəkkəb bir vəziyyət yaradır. Ölkəyə su Kür, Araz və digər kiçik çaylar vasitəsilə daxil olur ki, bu da xarici amillərdən, o cümlədən iqlim dəyişikliyi və beynəlxalq münasibətlərdən asılılığa gətirib çıxarır. Beləliklə, respublikada su ehtiyatlarının azalması, istehlakın artması və qonşu ölkələrdən asılılıq şəraitində dəniz suyunun duzsuzlaşdırılması zavodlarının tikintisinə zərurət yaranır.
Digər tərəfdən, belə müəssisələrin qurulması cari çağırışlara cavab olmaqla bərabər, həm də uzunmüddətli perspektivdə su təchizatının davamlılığına doğru atılan strateji əhəmiyyətli addımdır. Onu da qeyd edək ki, belə pilot layihələr su ehtiyatlarının şaxələndirilməsində mühüm rol oynayır, duzsuzlaşdırma texnologiyasının səmərəliliyini qiymətləndirməyə imkan verir, analoji təşəbbüslərə zəmin yaradır, həm də Bakı və Abşeron yarımadasını içməli su ilə təmin edərək ölkəmizin xarici mənbələrdən asılılığını azaldır.
Azərbaycanda su ehtiyatlarının artırılması və əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrdən biri Sumqayıt Sənaye Parkının ərazisində Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisidir. İspaniyanın “Savener” mühəndislik şirkəti hazırda müəssisənin layihələndirilmə işlərini sürətlə həyata keçirir. Ümumi dəyəri 407 milyon ABŞ dolları həcmində olan layihənin 2028-ci ilin sonuncu rübündə istismara verilməsi planlaşdırılır.
Yeri gəlmişkən, su sektorunda zəngin təcrübəyə malik olan “Savener” şirkəti əvvəllər Oman, BƏƏ, Səudiyyə Ərəbistanı və Mərakeşdəki obyektlər də daxil olmaqla, dünyanın bir sıra ən böyük duzsuzlaşdırma zavodlarının qurulmasında iştirak edib. Hazırda isə Sumqayıt Kimya Sənaye Parkının ərazisində sutkada 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini öz öhdəsinə götürüb. İcranı isə Səudiyyə Ərəbistanının “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətlərinin daxil olduğu konsorsiumun həyata keçirməsi qərara alınıb.
Razılaşmanın şərtlərində layihənin icra müddətinin 27,5 il təşkil edəcəyi, bu müddət başa çatdıqdan sonra obyektin idarə edilməsinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcəyi bildirilir. Layihənin əhəmiyyəti ölkənin su təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da yüksək dəyərləndirilir. Rəsmi məlumatlarda layihənin əsas məqsədləri sırasında içməli su mənbələrinin şaxələndirilməsi, su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması, yeni texnologiyaların ölkəyə gətirilməsi və xarici investisiyaların cəlb edilməsi xüsusi vurğulanır.
Sumqayıtda həyata keçirilən layihə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı mexanizmi əsasında reallaşdırılan mühüm infrastruktur təşəbbüslərindən biridir. Layihənin müsabiqəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium qalib elan edilib. Konsorsiuma Türkiyənin “IC İçtaş İnşaat” şirkəti də daxildir. Beləliklə, dövlət-özəl tərəfdaşlığı mexanizmi dövlətin iri infrastruktur layihələrində maliyyə və idarəetmə imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq şirkətlərin texnoloji və institusional təcrübəsindən yararlanmağa imkan yaradır.
Sutkada 300 min kubmetr su!
Xəzərin suyunu yüksək təzyiq və xüsusi yarımkeçirici membranlar vasitəsilə təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirən qabaqcıl duzsuzlaşdırma üsulu əsasında fəaliyyət göstərəcək müəssisə Azərbaycanın ən böyük layihələrindən biri kimi diqqət çəkir. Gündəlik 300 min kubmetr istehsal gücü təşəbbüsün miqyasını aydın göstərir. Bu, həm əhalinin içməli su təminatında əlavə imkanların yaradılması, həm də mövcud su mənbələri üzərindəki yükün azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Layihənin reallaşdırılması respublikanın su təminatında ənənəvi mənbələrlə yanaşı, alternativ su ehtiyatlarından istifadənin genişləndirilməsinə imkan verəcək. Bu, xüsusilə iqlim dəyişmələrinin su ehtiyatlarına təsirinin artdığı bir dövrdə xüsusi önəm daşıyacaq. Dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqi isə su təchizatının təkcə çaylar, göllər, yeraltı sular və su anbarlarından asılılığının müəyyən qədər azaldılmasına şərait yaradacaq. Eyni zamanda, “Savener”in bu layihəyə cəlb olunması zavodun müasir beynəlxalq standartlara uyğun layihələndirilməsini və qabaqcıl texniki təcrübənin ölkəyə gətirilməsini şərtləndirəcək. Bu əməkdaşlıq həm də suyun emalı, enerjidən səmərəli istifadə, avtomatlaşdırma və idarəetmə sahələrində yeni bilik və bacarıqların formalaşdırılması proseslərini sürətləndirəcək.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın su ehtiyatlarının məhdud olması və iqlim dəyişmələrinin su balansına təsirinin güclənməsi ilə bağlı təhlükəsizlik məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Bu baxımdan mütəxəssislər tərəfindən yeni müəssisənin yaradılması ölkədə su mənbələrinin şaxələndirilməsi siyasətinin mühüm elementlərindən biri kimi qiymətləndirilib.
Yeri gəlmişkən, dəniz suyunun duzsuzlaşdırılması artıq dünyanın su qıtlığı ilə üzləşən bir sıra ölkələrində geniş tətbiq olunan texnologiyalar vasitəsilə həyata keçirilir. Xüsusilə Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, dəniz suyu müasir texnologiya və səmərəli enerji təminatı ilə etibarlı su mənbəyinə çevrilir. “ACWA Power”in fəaliyyəti də yuxarıda vurğulandığı kimi, bu sahədə geniş beynəlxalq təcrübəyə malik olması ilə fərqlənir.
Azərbaycan üçün isə layihənin əhəmiyyəti təkcə istehsal ediləcək suyun həcmi ilə məhdudlaşmır. Burada əsas məsələ su təchizatı sisteminin uzunmüddətli dayanıqlılığının gücləndirilməsi, yeni mənbələrin yaradılması və gələcəkdə su qıtlığı risklərinin idarə olunmasıdır.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Sentyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















