“Azərbaycanın sülh şərtləri dəyişməyib”
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Siyasi ekspert İrəvanın yeni reallığa uyğun davranmasını zəruri sayır
Azərbaycanın təşəbbüsü ilə sülhə aparan yolda daha bir önəmli addım atıldı. Neytral, tərəfsiz məkanda Azərbaycan və Ermənistan rəhbərliyi yüksək səviyyəli heyətlə görüşdülər. Həm Bakı, həm də İrəvan görüşün müsbət nəticələndiyinə dair məlumat yaydılar. Bəs yekun nəticəyə – dayanıqlı sülhə nail olmaqdan ötrü Ermənistan ondan tələb olunan addımları atmağa hazırdırmı? Baş nazir Paşinyan daxildə üzləşdiyi siyasi gərginliyi aradan qaldıra biləcəkmi? Bu və digər suallarımızı “ANEWZ” telekanalının baş redaktorunun müavini, tanınmış siyasi icmalçı Orxan Amaşov cavablandırır.
– Orxan bəy, Əbu-Dabi ikitərəfli görüşünü Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının son və həlledici mərhələsi kimi dəyərləndirmək olarmı?
– İrəvan və Bakı arasında danışıqların məhz bu şəkildə Əbu-Dabidə baş tutması Azərbaycanın sülh yolunda son illər atdığı addımların məntiqi nəticəsidir. Söhbət danışıqların ikitərəfli formatda keçirilməsindən gedir. Sülh danışıqları 2023-cü ilin sonlarından etibarən ikitərəfli xarakter daşıyır. Yəni, Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdikdən sonra sülh moderatorları kənara çəkilməyə məcbur oldular və danışıqlar ikitərəfli əsnada davam etdirildi. 2023-cü il dekabrın 7-də qəbul edilən birgə bəyanat ikitərəfli təmasların və danışıqların nəticəsi idi. 2024-cü il ərzində həm liderlər, həm də xarici işlər nazirləri səviyyəsində təmaslar oldu. Xatırladım ki, 2024-cü ilin fevralında Münxen Təhlükəsizlik Konfransında Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə ikitərəfli görüş keçirildi. Format belə idi: Olaf Şolts növbə ilə Azərbaycan və Ermənistan nümayəndə heyətlərini qəbul etdi, onlara arzu və istəyini çatdırdı və kənara çəkildi. Eyni zamanda, Berlində və Almatıda xarici işlər nazirləri səviyyəsində də buna bənzər görüş formatının şahidi olduq. Bu, ikitərəfli formatdır və bir ölkə platforma təklif edir və o, ev sahibi kimi qonaqları qəbul edir, sonra görüş məkanından çıxır. Amma sonralar böyük tədbirlərin kuluarlarında liderlərin ayaqüstü söhbətlərinin də şahidi olduq. Məsələn, 2025-ci il mayın 16-da Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammitində Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanla görüşdü. Doğrudur, görüş rəsmi deyildi, amma ikitərəfli xarakterə malik idi. Çünki ortada üçüncü tərəf yox idi.
Əbu-Dabi görüşü fundamental əsasları ilə özündən əvvəlkilərin hamısından fərqlənir. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Ermənistan da bu ərəb ölkəsi ilə konstruktiv və funksional münasibətlərə malikdir. Bunu dövlətlərarası hərtərəfli, tamhüquqlu dialoq kimi qiymətləndirmək olar.
– Əbu-Dabidə Azərbaycan, sanki, ev yiyəsi kimi çıxış edirdi. Prezident İlham Əliyevin görüşdən əvvəl qarşı tərəfin nümayəndə heyəti ilə salamlaşma səhnəsi belə bir təsəvvür yaradırdı...
– Doğrudur, dövlətimizin başçısı özünü ev sahibi kimi aparırdı. Fikir verdinizsə, görüşdən əvvəl BƏƏ rəsmisi görünmədi, qonaqlarla görüşmədi. Orada üçüncü tərəf tamamilə yox idi. Görüş, sadəcə, üçüncü tərəfin ərazisində keçirilirdi. Bu ikitərəfli formatda üçüncü tərəfin hansısa rolu yoxdur, amma nümayəndə heyətlərinin tərkibinə görə böyük tədbir idi. Heyətə kimlər daxil idi? Baş nazirin müavini Şahin Mustafayev, onun həmkarı, sərhədin delimitasiya və demarkasiya məsələləri üzrə birgə çalışdığı Mqer Qriqoryan, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və onun təmasda olduğu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və qarşı tərəfdən portfelində Türkiyə–Ermənistan münasibətlərinin normallaşması qovluğu olan vitse-spiker Ruben Rubinyan. Yəni, hər iki tərəfdən danışıqlar prosesində birbaşa iştirak edən 4 fundamental şəxsi gördük. Liderlər və dördlərlə yanaşı, orada nümayəndə heyətinin başqa üzvləri də vardı.
– Əslində, dialoqa qatılmış və sadaladığınız səlahiyyət sahiblərinin məsul olduğu sahələr ikitərəfli görüşün gündəliyində nələrin olduğunu nümayiş etdirirdi...
– Bildiyiniz kimi, Ermənistan–Azərbaycan sülh gündəliyində 3 əsas fundamental istiqamət yer alır. Biri iki ölkə arasında sülh sazişi üzrə gedən danışıqlar, təmaslar, digəri demarkasiya və delimitasiya prosesi və üçüncüsü komunikasiya xətlərinin qarşılıqlı açılmasıdır. Hər 3 istiqamət üzrə məsələlər müzakirə olundu. Xarici işlər nazirləri tərəfindən ictimaiyyətə çatdırılan mətbuat məlumatlarının mahiyyəti identik idi. Həmin açıqlamalar mediaya ötürülməzdən öncə biz Əbu-Dabidən müəyyən məlumatlar əldə etdik. Bu, tərəflərin sülh müqaviləsinin paraflanması istiqamətində aparılan müzakirələrlə bağlı idi. Yada salım ki, hələ keçən ilin sonlarında, sülh sazişinin mətni üzərində danışıqlar prosesi davam edəndə iki müddəa ətrafında müzakirələr gedirdi. Birinci müddəa şərti sərhəddə üçüncü tərəfin heç bir qüvvəsinin olmaması, ikincisi isə tərəflərin qarşılıqlı şəkildə məhkəmə iddialarından imtina etmələri ilə bağlı idi. Martın 13-də tərəflərin həmin müddəalar üzrə, eləcə də sülh sazişinin mətninin tamamilə razılaşdırıldığı barədə məlumat verildi. Bu mətndə Zəngəzur dəhlizi ilə bağlı müddəa yoxdur. Sülh müqaviləsinin imzalanma prosesini sürətləndirmək üçün Azərbaycan bu güzəştə getdi. COP-29-un keçirilməsindən bir qədər əvvəl belə fikir səslənirdi ki, tərəflər razılaşdırılmış müddəlar üzrə sülh sazişini paraflasınlar və hüquqi müəyyənlik əldə edilsin. Sülh müqaviləsinin paraflanması məsələsi indi də gündəlikdədir. Bu məlumat mediaya verilən press-relizdə yer almadığı üçün danışıqların davam edəcəyini söyləmək olar. İndiki məqamda kommunikasiya xətlərinin açılması istiqamətində də müzakirələr davam etdirilir. Burada Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bizə Naxçıvana maneəsiz keçid və onun təhlükəsizliyinə təminat lazımdır. Aydın məsələdir ki, Ermənistan birtərəfli qaydada bu təminatı verə bilməz.
– Yayılan qeyri-rəsmi məlumatlarda ABŞ-ın özəl şirkətlərindən birinin Zəngəzur dəhlizi üzərində nəzarəti həyata keçirməyə hazır olduğu deyilirdi.
– Bu məlumat öz təsdiqini tapmadı. Hətta Ermənistan mediasında bunun feyk-xəbər olması barədə yazılar verildi. Beynəlxalq Böhran Qrupu adlı beyin mərkəzinin erməni əsilli əməkdaşının bu mövzuda məqaləsi dərc olundu. Digər mənbələr də bunu dövriyyəyə buraxsa da, yenə rəsmi təsdiqi yoxdur. Azərbaycan bütün variantlara baxa bilər. Bir ara İsveçrənin hansısa şirkətinin Zəngəzurda təhlükəsizliyi təmin edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Hesab edirəm ki, bu məsələdə vaxtından əvvəl fikir söyləməkdən yayınmaq lazımdır. Ortaya çıxan, yayılan təkliflərin mahiyyəti ona əsaslanır ki, hər iki tərəf bununla razılaşmalıdır. Məsələnin məntiqi belədir. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində hər şey aydın qeyd olunub. Üstündən az qala 5 il keçib, amma Ermənistan məlum səbəblərdən bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bununla bağlı hələ 2021-ci ildə yaradılmış hökumətlərarası üçtərəfli işçi qrupu da bir iş görə bilmədi. Həmin ilin noyabrında Brüsseldə təşkil olunan görüşdə kommunikasiyaların açılması, Zəngəzur dəhlizi mövzusu artıq gündəliyə salınmışdı. Sonrakı görüş və müzakirələrin xronologiyasını yada salaq: 2021-ci ilin dekabrında birinci, 2022-ci ilin aprelində ikinci, həmin ilin mayında üçüncü, avqustunda isə dördüncü görüş keçirildi. Bu görüşlərin hamısında kommunikasiya xətlərinin qarşılıqlı açılması məsələsi müzakirəyə çıxarıldı. Sadəcə, ölkələrin suverenlik prinsipinə görə, dəhlizə nəzarəti Ermənistan həyata keçirməlidir. Amma mümkün qədər asanlaşdırılmış rejimdə. Əgər o zaman İrəvan eksterritoriallıq prinsipinə əməl etsəydi, problem həllini tapardı. 2023-cü ilin aprelində Azərbaycan Laçın dəhlizi üzərində özünün sərhəd-nəzarət məntəqəsini qurandan sonra artıq bu mərhələ arxada qaldı.
– Fikrinizcə, Nikol Paşinyanın sülh marafonunu finişə qədər getməyə siyasi iradəsi çatacaqmı?
– Ermənistan baş nazirinin daxildə üzləşdiyi vəziyyət çox gərgindir. Düşünürəm ki, daxildə eskalasiyanı yaradan elə Paşinyanın özüdür. O, parlament seçkiləri öncəsi bütün rəqiblərini tamamilə sıradan çıxarmağa çalışır. Paşinyan hadisələrin gərginlik sürətini heç də azaltmaq niyyətində deyil. Əbu-Dabidə tərəflərin müzakirə etdikləri məsələlər də ona Ermənistan auditoriyasına bunu deməyə imkan verməlidir: sülh prosesi uğurla davam edir və bu, bizim maraqlarımıza uyğundur, müsbət nəticələr də əldə olunur. Bəli, bu gün Paşinyana sülh nüqaviləsini imzalamaq, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq, bunun nəticəsində də ölkə iqtisadiyyatında inkişafı təmin etdiyini göstərmək lazımdır. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq güclər də Bakıdan Paşinyana kömək etməsini istəyirlər. Amma məsələ ondadır ki, bu gün Azərbaycanın Ermənistan baş nazirinin dostu kimi görünməsi onun daxildəki vəziyyətini daha da ağırlaşdıra bilər. Həm də ki, biz hələ istəyimizə tam nail olmamışıq.
– Qayıdaq sülh sazişinin imzalanmasına mane olan şərtlərin Ermənistan tərəfindən aradan qaldırılması məsələsinə...
– Azərbaycanın bu məsələdə mövqeyi dəyişməyib. Nə qədər ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmayıb, ATƏT-in Minsk qrupu ilə bağlı məsələ həll olunmayıb sülh sazişi imzalanmayacaq. Sülh sazişində razılaşdırılmış müddalar üzrə paraflanma həyata keçirilə bilər, amma müqavilənin tam mətninin imzalanması nəzərdən keçirilmir. Bu yaxınlarda Azərbaycanın analitik dairələrində “2+2+2” adlı bir konfiqurasiya ortaya atılmışdı. Mahiyyəti odur ki, iki məsələ sülh müqaviləsinin içində idi və onlar həllini tapdı. Daha iki məsələ sazişdən kənardadır. Bunlar, dediyimiz kimi, Ermənistan konstitusiyası və ATƏT-in Minsk qrupuna bağlıdır. Müqavilədən kənardakı bu iki məsələnin həlli ona görə vacibdir ki, sülh sazişi imzalansın. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması isə sonrakı mərhələdə razılaşdırıla biləcək iki məsələdir. Bizim fikrimizcə, sülh sazişi imzalanana qədər kommunikasiyaların açılması istiqamətində ciddi irəliləyiş olmalıdır. Bu, subyektiv mülahizəmizdir, rəsmi Bakının mövqeyi deyil. Bakının konkret mövqeyi budur: 2023-cü ilin payızından bölgədə yeni reallıq mövcuddur və o, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi nəticəsində yaranıb. Bu isə beynəlxalq hüququn prinsipləri olan ərazi bütövlüyü və suverenliyə əsaslanır. Bəli, bu gün de-fakto sülh var, zamanı gələndə de-yure də olacaq. Bundan ötrü Ermənistan Azərbaycanın iki əsas şərtinə əməl etməlidir.
Söhbəti yazıya köçürdü:
İmran BƏDİRXANLI
XQ


