Icma.az
close
up
RU
Azərbaycanın yeni rəqəmsal inkişaf kursu və gələcəyə açılan mənzərə TƏHLİL

Azərbaycanın yeni rəqəmsal inkişaf kursu və gələcəyə açılan mənzərə TƏHLİL

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan 4-cü Sənaye İnqilabının reallıqları fonunda mühüm tarixi mərhələyə qədəm qoyur.

"APA-Economics" xəbər verir ki, ötən günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nı təsdiqlədi.

Sözügedən strategiya ölkənin rəqəmsal gələcəyinin konturlarını müəyyənləşdirən ən mühüm sənədlərdən biri kimi çıxış edir. Bu strateji çərçivə sadəcə rəqəmsal modernizasiya proqramı deyil, Azərbaycanın 2030-cu ilə doğru regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində dövlət iradəsinin aydın təzahürüdür.

Strategiya milli iqtisadiyyatın dayanıqlı inkişafını təmin edən yeni modelin, yəni data əsaslı idarəetmənin, süni intellekt tətbiqlərinin, rəqəmsal bacarıqlara söykənən əmək bazarının, innovatıv sahibkarlığın və qlobal rəqəmsal inteqrasiyanın əsaslarını yenidən qurur.

Rəqəmsallaşmanın yeni məntiqi: İnfrastruktur və transformasiya

Strategiya göstərir ki, ölkənin rəqəmsal iqtisadiyyatının təməli müasir infrastruktur, məlumat təhlükəsizliyi və transformasiya proseslərinin fasiləsiz dəstəklənməsi üzərində qurulmalıdır. Bu çərçivədə 2026–2029-cu illərdə ölkədə “Rəqəmsal həllər və xidmətlər platforması” yaradılacaq. Bu platforma müəssisələrin rəqəmsal həllərdən istifadəsini asanlaşdıracaq, yerli və qlobal texnologiya təminatçılarını vahid məkanda birləşdirəcək. Digər tərəfdən, yeni nəsil texnologiyaların tətbiqi üçün yol xəritəsi hazırlanacaq. Beləliklə, süni intellekt, robot texnologiyaları, avtomatlaşdırma həlləri istehsal və xidmət sektorlarında səmərəliliyi ən azı 5–10% artıracaq. Paralel olaraq Azərbaycanda beynəlxalq standartlara uyğun ən azı iki yeni data mərkəzi fəaliyyət göstərəcək. Bu, ölkənin həm regional rəqəmsal hab kimi mövqeyini, həm də yerli bazarın texnoloji dayanıqlığını gücləndirəcək. Nəticə etibarilə rəqəmsal transformasiya qeyri-neft sektorunun ÜDM-də payını artıracaq, müəssisələrin əməliyyat xərclərini azaldacaq və rəqabət qabiliyyətini yüksəldəcək.

Startap ekosistemi və yeni bizneslərin partlayış effekti

Strategiya ölkədə ilk dəfə olaraq startap və yeni texnoloji bizneslərin inkişafını milli iqtisadi hədəf səviyyəsinə qaldırır. Belə ki, 2029-cu ilə qədər Azərbaycanda yeni startapların sayı 250-ə çatdırılacaq, SandBox mühitində 20 layihə sınaqdan keçiriləcək, rəqəmsal kraudfandinq platforması vasitəsilə 50 biznesin maliyyələşməsi təmin olunacaq, real iş mühitinə bənzər sınaq mərkəzlərində 10 yeni rəqəmsal məhsul test ediləcək.

Bu göstəricilər təkcə statistik rəqəmlər deyil. Əslində, bu, Azərbaycan iqtisadiyyatında yeni innovativ şirkətlərin yaranması, maliyyə dayanıqlığının artması, yüksək texnologiyalar sahəsində ixrac potensialının güclənməsi kimi fundamental dəyişikliklərin əsasını qoyur. Startap ekosisteminin inkişafı həm də gənclərin öz ideyalarını kapitala çevirməsi, iqtisadiyyatın isə daha çox bilik və innovasiya əsasında böyüməsi deməkdir.

Qlobal rəqəmsal ticarətə inteqrasiya və xarici sərmayənin cəlbi

Strategiya Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatla inteqrasiyasını dərinləşdirir. Burada əsas istiqamətlər kimi Amazon, AliExpress kimi beynəlxalq platformalarla əməkdaşlıq genişlənəcək. Nəticədə 200-ə yaxın yerli müəssisə bu platformalarda aktiv satış həyata keçirəcək. İnvestisiya mühiti təkmilləşəcək, prioritet sərmayə sahələri müəyyən ediləcək və innovasiya klasterləri ali təhsil müəssisələrinin nəzdində yaradılacaq. Nəticədə Azərbaycan regional rəqəmsal ixrac mərkəzlərindən birinə çevrilə bilər. Rəqəmsal ticarətin inkişafı qeyri-neft sektorunda artıma mühüm dəstək olacaq.

Rəqəmsal bacarıqlı yeni işçi qüvvəsi

Strategiyanın ən güclü tərəflərindən biri rəqəmsal bacarıqların inkişafına kompleks yanaşmadır. Belə ki, 2026–2029-cu illərdə Azərbaycanda 40 min vətəndaş rəqəmsal bacarıqlar üzrə təlim keçəcək, 500 yüksək ixtisaslı mütəxəssis beynəlxalq İT şirkətləri ilə birlikdə keçirilən butkamplarda yetişəcək, 1000 KOB işçisi rəqəmsal bacarıqlar üzrə sertifikat alacaq, 10 yeni rəqəmsal peşə müəyyən ediləcək, xaricdə təhsil üzrə ildə 200 təqaüd ayrılacaq.

Bu kompleks tədbirlər Azərbaycan əmək bazarını daha rəqabətli, daha yüksək maaşlı İT işlərinə uyğunlaşdırılmış və qlobal şirkətlər üçün cəlbedici bir struktur halına gətirəcək.

Data əsaslı idarəetmə və “Rəqəmsal Əkiz”lər

Azərbaycanın yeni strateji yanaşması data mədəniyyətinin formalaşdırılmasına yönəlib. Strategiyada nəzərdə tutulduğuna görə, “İqtisadi məlumatların analitikası sistemi” yaradılacaq və ən azı 5 məlumat bazası sistemə inteqrasiya olunacaq. Eyni zamanda 6 data əsaslı illik analitik hesabat hazırlanacaq, 2029-cu ilə qədər 4 “Rəqəmsal Əkiz” modeli tətbiq ediləcək.

“Rəqəmsal Əkiz” texnologiyası iqtisadi və sosial proseslərin real zamanlı simulyasiyasına imkan yaradır. Bu, dövlət idarəetməsində proqnozlaşdırmanı gücləndirəcək, riskləri azaldacaq, qərarların dəqiqliyini artıracaq. Bu yanaşma Azərbaycan iqtisadiyyatının idarəetməsində tamamilə yeni epoxaya keçid deməkdir.

Azad edilmiş ərazilərdə rəqəmsal inkişaf modeli

Strategiya Qarabağ və Şərqi Zəngəzur üçün ayrıca rəqəmsal çərçivələr müəyyən edir. Sözügedən ərazilərdə ən azı 50 müəssisə bu çərçivələr əsasında fəaliyyət göstərəcək, rəqəmsal həllər burada “yaşıl” inkişaf modeli ilə uzlaşdırılacaq. Bu bölgələr yeni texnoloji həllərin sınaqdan keçirilməsi üçün pilot region rolunu oynaya bilər. Bu isə, onların iqtisadi reinteqrasiyasını sürətləndirəcək.

Azərbaycan hansı nəticələri hədəfləyir?

2029-cu ilə qədər Azərbaycan rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması, rəqabətli rəqəmsal biznes mühitinin formalaşdırılması, yeni nəsil kadr potensialının artırılması, regional rəqəmsal mərkəzə çevrilmə və süni intellekt əsaslı idarəetməyə keçidin təmin edilməsi kimi strateji məqsədləri hədəfləyir. Nəticədə ölkədə İKT və rəqəmsal xidmətlərin ixracı genişlənəcək, 300 müəssisə rəqəmsal transformasiya proqramlarına qoşulacaq, 40 minə yaxın vətəndaş rəqəmsal bacarıqlara yiyələnəcək, data mərkəzlərinin inkişafı bu hədəfi gücləndirəcək, Azərbaycan dilində generativ dil modeli dövlət idarəçiliyində tətbiq ediləcək. Bu isə, ölkənin həm iqtisadi, həm texnoloji suverenliyinin möhkəmlənməsi deməkdir.

Nəticə: Azərbaycanın rəqəmsal yol xəritəsi artıq hazırdır

Yeni rəqəmsal strategiya göstərir ki, Azərbaycan qarşıdakı illərdə bilgi əsaslı iqtisadiyyatı əsas prioritet kimi müəyyənləşdirir, süni intellekt və data mərkəzlərini strateji baza kimi formalaşdırır, insan kapitalını rəqəmsal inkişafın mərkəzinə yerləşdirir və qlobal rəqəmsal inteqrasiyanı ölkənin yeni iqtisadi identifikasiyasına çevirir.

Bu sənəd nümayiş etdirir ki, Azərbaycan rəqəmsal transformasiyanı təkcə texnologiya layihəsi kimi deyil, milli inkişafın fundamental təməli kimi qəbul edir.

Prezident İlham Əliyevin təsdiqlədiyi bu strategiya Azərbaycanın gələcəyinin rəqəmsal, innovativ və yüksək dəyər yaradan iqtisadi model üzərində qurulacağını göstərir. Bu isə, təkcə bugünün deyil, onilliklərin strateji vizyonudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri