Icma.az
close
up
RU
Azərbaycanlı həkimin Mingəçevirdən Berlinədək uzanan uğur hekayəsi: İmtahandan 7 dəfə kəsildim, 8 ci dəfə sertifikat aldım MÜSAHİBƏ

Azərbaycanlı həkimin Mingəçevirdən Berlinədək uzanan uğur hekayəsi: İmtahandan 7 dəfə kəsildim, 8 ci dəfə sertifikat aldım MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 15 dekabr, AZƏRTAC

Uğura gedən yol heç vaxt asan olmur. Hər bir uğurun arxasında sönməyən arzular və gərgin zəhmət dayanır. Berlində fəaliyyət göstərən stomatoloq Samir Mustafayevin keçdiyi yol da əsl uğur hekayəsidir. 1983-cü ildə birinci sinfə başlayarkən ilk dərsdə müəlliminin “Böyüyəndə nə olmaq istəyirsən?” sualına düşünmədən “Diş həkimi” cavabını verən Samir doktorla Berlindəki klinikasında maraqlı söhbətimiz oldu. Müsahibədə həmyerlimiz öz hekayəsini bölüşdü, uşaqlıqdan gələn həkimlik arzusu, alman dili imtahanında yeddi dəfə uğursuz olmasına baxmayaraq, öz istəyindən geri dönməməsi və sonunda Berlində uğurlu fəaliyyətindən danışdı.

Beləliklə, Berlində fəaliyyət göstərən azərbaycanlı stomatoloq Samir Mustafayevin AZƏRTAC-a müsahibəni təqdim edirik.

-Samir doktor, necə oldu ki, stomatoloq peşəsini seçdiniz?

-Stomatoloq olmaq mənim ilk uşaqlıq arzum olub. Orta məktəbə 1983-cü ildə başlamışam. İlk dərsimizdə müəllimim “Böyüyəndə nə olmaq istəyirsən?” deyə soruşdu. Düşünmədən “Diş həkimi” dedim. Məktəb illərində fizika, kimya və biologiya dərslərini çox yaxşı oxuyurdum. Orta məktəbi bitirdikdən sonra - 1993-cü ildə test imtahanını verib Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul oldum. Universiteti 1998-ci ildə bitirdikdən sonra ozamankı qaydaya görə birillik internatura mərhələsi keçdim. 1998-1999-cu illərdə Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında internatura keçərək intern həkim kimi fəaliyyət göstərdim. Daha sonra hərbi xidmətə yollandım. Xidmətə leytenant rütbəsi ilə başladım və 2000-ci ildə baş leytenant rütbəsi ilə ordudan tərxis olundum. Hərbi xidmətdən sonra uzun müddət Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında fəaliyyətimi davam etdirdim.

-Bəs Almaniyaya gəlmək ideyası necə yarandı?

-Mingəçevirdəki stomatoloji poliklinikada çalışdığım dövrdə eyni otaqda başqa bir həkim həmkarımla birlikdə işləyirdik. Həmkarımın anası alman dili müəllimi idi. 2012-ci ilin sonları idi, bir gün həmin həmkarım iş otağına “Alman dili ikinci xarici dil kimi” adlı kitab gətirdi. Boş vaxtımda kitabı götürüb vərəqləməyə başladım. Elə ilk dəqiqələrdən məndə alman dilinə böyük maraq yarandı. Bir neçə gündən sonra kitabı həmkarımdan götürüb intensiv qaydada alman dilini öyrənməyə başladım. Bir qədər sonra alman dili ilə bağlı digər materiallar, kitablar almağa başladım, həm yazı, həm də dinləmə bacarığımı inkişaf etdirmək üçün CD-lər aldım. Beləliklə, bir neçə ay ərzində alman dilinə həvəsim daha da artdı və müəyyən müddətdən sonra iş otağımın bir guşəsi tamamilə alman dilinə aid kitablar, disklər, dəftərlərlə doldu. Demək olar ki, 2013-cü ilin ortalarına qədər əsasən müstəqil şəkildə öyrəndim.

Həmin ərəfədə Almaniyada yüksəkixtisaslı mütəxəssislər – həkimlər, IT mütəxəssisləri və mühəndislər üçün nəzərdə tutulan “Mavi Kart” proqramı barədə məlumat əldə etdim. Bundan sonra Almaniyanın Azərbaycandakı səfirliyinin saytından lazımi sənədlərin siyahısı ilə tanış oldum və tədricən sənədlərimi hazırlamağa başladım. Bunun üçün alman dilindən imtahan vermək tələb olunurdu. Evdə müstəqil qaydada hazırlaşaraq Bakıda Beynəlxalq Dil Mərkəzində imtahanlarda iştirak etdim. Ümumilikdə yeddi dəfə imtahana girsəm də, heç birində uğur qazana bilmədim. Ancaq imtahanlardan hər dəfə kəsildikcə inadkarlığım və özümə qarşı tələbkarlığım daha da artırdı. Mən qarşıya qoyduğu məqsədə nail olmadıqca rahatlıq tapmayan insanam. Sonradan qərara aldım ki, qısa müddətə də olsa Almaniyaya gəlmək, buranın ab-havası ilə tanış olduqdan sonra yenidən imtahana girmək faydalı olar. Almaniyada kurs keçmək üçün səfirliyə müraciət etdim və təxminən bir aya yaxın müddət bu ölkədə oldum, qısamüddətli kursa qatıldım, küçədə insanlarla söhbət edərək, mağazalarda alış-veriş etməklə gündəlik ünsiyyət mühitinə alışdım. Bakıya qayıtdığım günün ertəsi dil imtahanının olacağını öyrəndim. Bir gün sonra imtahana girdim və bu dəfə uğurla keçdim, B2 səviyyəsi üzrə dil sertifikatımı aldım.

Daha sonra sənədlərimi Almaniyada diplomların tanınması ilə məşğul olan quruma təqdim etdim. Burada məni ən çox fərəhləndirən bir hadisə baş verdi və onu xüsusi vurğulamaq istəyirəm. Sənədlərimi qəbul edən şəxs azərbaycanlı olduğumu gördükdə bildirdi ki, Azərbaycandan gələn həkimlər digər ölkələrdən gələn mütəxəssislərlə müqayisədə çox biliklidirlər və onlardan çox razıyıq. Bu, mənə sonsuz qürur hissi yaşatdı. Sənədlərin hazırlanması ilə yanaşı, Almaniyada müxtəlif stomatoloji klinikalarla əlaqə saxlayırdım. Klinikaların birindən rəsmi iş dəvəti aldım və nəhayət, 2014-cü il avqustun 1-də Berlində stomatoloji klinikaların birində assistent həkim kimi fəaliyyətə başladım.

Qısaca demək olarsa, Almaniyada işə başladığım günə qədər keçdiyim yol həm çətin, həm də çox dəyərli təcrübə oldu. Çünki həm doğma Vətənimdə qazandığım bilikləri, həm də alman dilini öyrənməklə əldə etdiyim bacarıqları praktikada tətbiq etmək imkanı qazandım.

- Almaniyada stomatoloqların peşəkar inkişaf imkanları və tibb sisteminin həkimlərin biliklərini təkmilləşdirməyə yanaşması barədə nə deyə bilərsiniz?

- Konkret olaraq, öz sahəmdən danışım. Hesab edirəm ki, tibb sahəsində əsas cəlbedici amil inkişafın daha sürətli olmasıdır. Burada bir həkimin özünü inkişaf etdirməsi, potensialını artırması üçün hər cür şərait var. İki vacib məqamı xüsusi qeyd etmək istəyirəm. Bunlardan birincisi sığorta sistemidir. Sevindirici haldır ki, bizim ölkəmizdə də bu sistemin tətbiqinə uğurla başlanılıb. Almaniyada isə sığorta sistemi uzun illərdir mövcud olduğu üçün burada mütəşəkkil şəkildə formalaşıb. Yəni, sığorta sistemi qəbul olunan pasiyentlərə mümkün olan bütün stomatoloji yardımlardan yararlana bilmək imkanı yaradır.

İkinci məqam, Almaniyada struktur elə qurulub ki, sistem çalışan insanların, konkret desək, həkimlərin öz biliklərini daim təkmilləşdirməsini zəruri edir. Bu, təkcə səhiyyə sahəsini deyil, digər sahələri də əhatə edir. Yəni, əvvəlki bilik səviyyəsi əsasında daim işləməmək, bilik səviyyəsinin artırılması üçün beş il ərzində müəyyən normanı yerinə yetirmək lazımdır. Məsələn, stomatologiya sahəsini götürsək, bir stomatoloq öz ixtisasını artırmaq, tibb biliyini daha da təkmilləşdirmək üçün beş il ərzində ixtisasartırma, hazırlıq kursları, konfranslar, simpoziumlarda iştirak edərək ballar toplamaqla Stomatoloqlar Cəmiyyəti tərəfindən müəyyən olunan normanı yerinə yetirməlidir. Məsələn, bu, bir stomatoloqa diş kanal müalicəsi, yaxud da plomb qoyulması ilə bağlı hazırda mövcud olan ən müasir metod və konseptləri öyrənmək imkanı qazandırır. Hesab edirəm ki, bu, Almaniyadakı sistemin ən mühüm xüsusiyyətidir. Bu sistem həkimin öz biliklərini təkmilləşdirməsini zərurətə çevirir.

Nəzərə alsaq ki, elm, xüsusilə tibb sahəsi dünyada, eləcə də Almaniyada çox sürətlə inkişaf edir, o zaman bu, çox böyük əhəmiyyət daşıyır. Adətən belə konfranslarda Avropanın, Amerikanın və Yaponiyanın stomatoloqları tərəfindən ən son yeniliklər, təcrübələr müqayisəli şəkildə təqdim olunur, səmərəli müzakirələr aparılır. Məhz bu qabaqcıl təcrübənin öyrənilməsi baxımından bu praktikanın əhəmiyyəti böyükdür. Bir sözlə, Almaniyada sistem elə qurulub ki, burada bir həkim sistemlə ayaqlaşmaq üçün özünü daim təkmilləşdirməlidir.

- Almaniyada stomatoloji maarifləndirmə işinin səviyyəsi və həkim-pasiyent münasibətləri necədir?

- Almaniyada diqqət yetirilən məsələlərdən biri maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsidir. Misalçün, bir pasiyent klinikaya gəldikdə əvvəlcə ümumi baxış həyata keçirilir, mövcud stomatoloji xəstəliklərin müayinəsi aparılır və aşkarlanan problemlər pasiyentə izah olunur. Sonda pasiyentə görüşlər təyin olunur və o da bütün görüşlərə ardıcıl olaraq diqqətlə gəlir, müalicəsini davam etdirir. Bu da müalicə prosesinin uğurla həyata keçirilməsinə imkan verir. Çox təəssüf ki, bu praktika bizdə o qədər də geniş yayılmayıb. Yəni, bizim cəmiyyətdə insanlar adətən ağrı olduqda həkimə müraciət edirlər. Hesab edirəm ki, bu istiqamətdə bizim cəmiyyətdə də geniş maarifləndirmə işi aparılmalıdır. Yəni, xəstəlik ağrı ilə başlamır. Onun qarşısını almaq üçün müxtəlif metodlar var ki, xəstə vaxtında müraciət etdikdə əksər hallarda dişi çəkmədən pasiyentə kömək etmək mümkün olur. Lakin xəstəxanaya ağrı olduğu anda müraciət etdikdə iş artıq gecikmiş olur və bu, əksər hallarda dişin itirilməsi ilə nəticələnir. Bu baxımdan maarifləndirmə işinin aparılması çox vacibdir.

Digər vacib məqam odur ki, Almaniyada pasiyentlər təyin olunan həkim qəbuluna, necə deyərlər, “alman dəqiqliyi” ilə gəlirlər. Təbii ki, burada insan faktoru öz rolunu oynayır, pasiyent müxtəlif səbəblərdən gecikə bilər. Lakin burada pasiyentlərin demək olar ki, hamısı qəbul vaxtlarına yüksək dəqiqliklə - gecikmədən gəlirlər.

Bundan başqa, həkim-pasiyent münasibəti çox yüksək səviyyədə qurulub. Pasiyentlərdə həkimə qarşı böyük inam var. Pasiyent həkimin diaqnozu ilə razılaşır və ona inanır. Çox nadir hallarda pasiyentlər həkimin təyin etdiyi diaqnoz barədə başqa bir həkimlə məsləhətləşmək, onun fikrini almaq istədiyini bildirir. Yəni, pasiyentlər həkimə çox böyük hörmət göstərir, onun fikrinə, təyin etdiyi müalicə metoduna dəqiq əməl edirlər.

- Qeyd etdiniz ki, səhiyyə sektoru dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Tibb sahəsində bu sürətli inkişaf stomatologiyada necə hiss olunur?

-Düzdür, dünyada ən sürətlə inkişaf edən sahələrdən biri tibbdir. Tibdə isə ən sürətli inkişafın yaşandığı sahə məhz stomatologiyadır. Bu gün tibb sahəsindəki inkişafdan danışarkən demək olar ki, hazırda mövcud olan ən müasir avadanlıqlar hər cür ağır əməliyyatların aparılmasına, ən dəqiq diaqnozun qoyulmasına imkan verir. Mən bu klinikanı bir az da genişləndirmək istəyirəm. Yeri gəlmişkən, qeyd edim ki, peşəmi davam etdirən oğlumla birlikdə ən müasir - rəqəmsal avadanlıqdan istifadə etməyi planlaşdırıram. Burada yerində qapaqlama avadanlığı quraşdırmağı planlaşdırırıq. Bu cihaz pasiyentin dişi yonulduqdan sonra xüsusi skanerlərlə dişlərin 3D şəklini çəkərək dərhal qapağın yonulub hazırlanmasına və beləliklə də qapaqlama prosesinin sürətlə həyata keçirilməsinə imkan verir. Bundan başqa, 3D rentgen cihazları geniş istifadə olunur. Naviqasiya olunan implantologiya proseduru zamanı çəkilən rentgen şəkli xüsusi proqramlarla elə işlənir ki, hazırlanan dəlikli şina vasitəsilə siniri zədələmədən diş qapağını qoymaq mümkün olur.

Sevindirici haldır ki, bu sahədəki ən son yeniliklər, texnologiya və avadanlıqlar Azərbaycanda da sürətlə tətbiq olunur. Azərbaycana getdikdə klinikalarda oluram, şəraitlə maraqlanıram və görürəm ki, orada da müasir avadanlıqlar quraşdırılıb. Burada bir məqamı qeyd edim ki, əvvəllər hər hansı yeni texnologiya və ya müalicə üsulunun ölkəmizdə tətbiqi bir qədər çox vaxt aparırdısa, son qısa müddətdə tətbiq edilir.

- Stomatologiyada texnoloji inkişafdan danışdıq. Bəs bu sahədə hələ də inkişafa ehtiyac duyulan istiqamət varmı?

- Düşünürəm ki, mövcud inkişaf səviyyəsi və əldə olunan yeniliklər bu sahədə hər cür müalicə metodlarını, ən çətin stomatoloji əməliyyatları həyata keçirməyə imkan verir. Lakin bu sahədə tədqiqatlar fasiləsiz davam etdirilir. Məsələn, hazırda yapon alimləri blast hüceyrələr üzərində araşdırma aparırlar. Bu hüceyrələr çənəyə yerləşdirildikdə yeni dişlərin çıxmasına səbəb olur. Əgər bu iş uğurla başa çatdırılarsa, tibb aləmində inqilabi dəyişiklik olar bilər.

- Almaniyaya gəlmək istəyən stomatoloqlara nə tövsiyə edərdiniz?

- Mən Almaniyaya gələndə 39 yaşım var idi və ona qədər də təxminən 17 il Azərbaycanda işləmişdim. Buraya gəlməyim bir növ şəxsi maraq sayəsində oldu və çox şükür ki, bu, uğurlu alındı. Ancaq bəlkə də bu ambisiyam olmasaydı, hesab edirəm ki, 38-39 yaşında Almaniyaya gəlməzdim, üstəlik 7 dəfə imtahandan kəsildiyim halda. Ona görə də o yaşda bir şəxs üçün qarşılaşacağı çətinlikləri nəzərə alaraq gəlməyi məsləhət görməzdim. Ancaq gənclərə məsləhət görərdim.

Bunu da qeyd etmək istəyirəm ki, çalışdığım qədər Azərbaycana tez-tez getməyə çalışıram. Hər getdiyimdə əvvəllər işlədiyim xəstəxanaya mütləq baş çəkirəm. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycandan ixtisasartırma, staj keçmək üçün klinikamıza da gəlirlər. Onlara hər staj kursunun sonunda mənim imzamla sertifikatlar təqdim olunur. Sevindirici haldır ki, Azərbaycandan Almaniyaya, o cümlədən mənim yanımda təcrübə keçdikdən sonra Azərbaycana qayıdıb öyrəndiklərini tətbiq edən gənclərimiz çoxdur. Bəziləri gələcəkdə Almaniyada gəlib işləmək üçün, bəziləri isə burada öyrəndikləri yenilikləri ölkəmizdə tətbiq etmək üçün biliklərini inkişaf etdirməyə çalışırlar. Mən də bir azərbaycanlı olaraq, öz həmyerlilərimizə məmnunluqla dəstək göstərirəm.

- Almaniyadakı azərbaycanlı həkimlərin peşəkarlığı və ictimai fəallığı barədə nə deyə bilərsiniz?

-Bir məqamı qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Almaniyadakı həkimlərimiz həm peşəkarlıqları, həm də istedadları ilə seçilirlər. Əslində, bunu digər sahələrdə fəaliyyət göstərən yüksəkixtisaslı mütəxəssislərə də aid etmək olar. Qürurverici haldır ki, Almaniyada yüksəkixtisaslı mütəxəssislərimizin sayının artması Azərbaycan diasporunun intellektual səviyyəsinin daha da artmasına gətirib çıxarır.

Mənim üçün ən sevindirici məqamlardan biri də odur ki, Almaniyadakı azərbaycanlı həkimlər peşə fəaliyyətləri ilə yanaşı, ictimai həyatda da yüksək aktivlik nümayiş etdirirlər. Həkimlərimizin müxtəlif qrupları, birlikləri var və orada ən son yenilikləri bölüşürlər. Hər dəfə həkimlərimiz öz sahələrində, o cümlədən neyrocərrahiyyə kimi spesifik sahələrdə çalışan mütəxəssislərimiz bu yenilikləri bölüşəndə, onların inkişafını, qazandıqları uğurları görəndə sonsuz qürur və iftixar hissi duyuram.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see229

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see213

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see143

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri