Icma.az
close
up
RU
Babək Kamal Abdullanın pyesi

Babək Kamal Abdullanın pyesi

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Kamal Abdullanın "Babək' musiqili oyun-tamaşasını təqdim edir.

İştirakçılar:

Dədə Qorqud

Beyrək

Banuçiçək

Qazan xan

Baybura bəy

Baybecan bəy

Dəli Qarcar

Basat

Bayburd bəyi

Bayburd bəyinin qızı - Kafir qızı

Burla xatun

Boğazca Fatma

Şirşəmsəddin

Aruz Qoca

Dəli Dondar

Yalanşı

Casus

Ozan

Bəylər

Naiblər

Qadınlar

Kafir əskərləri

Xor

1-ci hissə

Səhnədə xor. Musiqi səslənir.

Xor:

Allah-Allah deməyincə işlər önməz.

Ər igidlər öz yolundan geri dönməz.

Ölən adam dirilərmi?

Çıxan can geri gələrmi?

Yox, yox, yox, yox...

Təkəbbürlük eyləyəni tanrı sevməz

Biz də onu sevməriz.

Könlün uca tutan ərdə dövlət olmaz.

Bilsin hər kəs.

Əski pambıq bez olarmı?

Qarı düşmən dost olarmı?

Yox, yox, yox, yox...

Yapa-yapa qarlar yağsa yaza qalmaz.

Ulaşıban sular daşsa dəniz dolmaz.

Əzəldən yazılmasa qul başına qəza gələr?

Əcəl vədə verməyincə kimsə ölər?

Yox, yox, yox, yox...

Ər igidlər öz yolundan geri dönməz,

Allah, allah deməyincə işlər önməz...

Səhnəyə hirslə Baybura və Baybecan çıxır. Arxalarınca Qazan, Şirşəmsəddin, Aruz və bəylər gəlir.

Qazan. (hər kəsi sakitliyə dəvət edir) Durun, bəylər. Yapmayın, bəylər. İnciməyin yeri deyil. Həpimizə aiddir bu. Bir durun. Ayaq saxlayın. Sözümü dinləyin.

Şirşəmsəddin. Qazan xan doğru söylər. Baxın, mənim dəxi oğlum-qızım yox. Mən dəxi qara otağa salındım. Bir kəlmə danışdımmı?! Danışmadım.

Baybura. Mənim hansı əskikliyimi gördü Bayındır xan?! Qılıncımdanmı gördü, süfrəmdənmi gördü?! Məni ha, qara otağa ha. Oyləmi?! Əsla olmaz. Qalamam.

Baybecan. Mən dəxi bir an belə burada qalamam. Oğlum-qızım yox imiş... Oğlu-qızı olanları çox gördük, bəyim.

Aruz. Bəylər, bu, bir adətdir. Sizin ki bundan xəbəriniz var. Əvvəllər də belə olardı. Xan şölənində oğlu olanın yeri ağ otaq, qızı olanın yeri qızıl otaq, oğlu-qızı olmayanın yeri qara otaqdır. Qara keçə bu adamın altına döşənəsidir. Qara qoyun yəxnisi bu adamın yeməyi olasıdır.

Baybura. Mən qara çadıra girməm. Mən bu adəti qəbul etməm. Etmirəm, bəylər. Mən istəməzmiyəm mənim dəxi bir oğlum ola. Xan Bayandura xidmət edə. Mən də baxam, sevinəm. Oğlum yoxdursa, niyə bu mənim başıma qaxınc olsun?!

Baybecan. Mən dəxi qəbul etmirəm. Mən dəxi istərəm bir qızım ola. Amma olmur ki, olmur...

Qazan. Bir durun ya. Dinləyin. Siz çoxmu istərsiniz oğlunuz, qızınız döğsun?!

Baybura. Çox istərik.

Baybecan. İstəməzmiyik?!

Baybura. Mənim oğlum yox.

Baybecan. Mənim də qızım yox.

Qazan. (naiblərə) Gedin, çağırın dədə gəlsin. (Bəylərə) Siz də tanıq olun, o da tanıq olsun. Gəlin, gəlin tanrıya dualar edək. Bəlkə Allah-taala Baybecan bəyə bir qız övlad, Baybura bəyə də bir oğlan övlad verə. Bunlar dəxi muradlarına yetişsinlər.

Bəylərdən bir-ikisi səhnədən çıxır. Digər bəylər rəqs edə-edə dua edirlər. Bəylərlə bir yerdə səhnəyə Dədə Qorqud gəlir. Hər kəs onu ehtiramla qarşılayır. Musiqi susur, rəqs bitir.

Qorqud. Xeyirdimi, bəylər?! Məni niyə çağırdınız?!

Qazan. Dədə, bizə yardım et. Biz dua edirik ki, Allah-Taala bu iki bəyimizə övlad bəxş etsin. Baybura bəyə oğlan, Baybecan bəyə qız övladı versin.

Qorqud. Nədi, yoxsa çadırlarını bəyənmədilər?!

Şirşəmsəddin. Bəyənmədilər, Dədə. Sən bunu haradan bildin?

Qorqud. Bilməzmiyəm?!

Aruz Qoca. Bəli, Dədə. Bəyənmədilər.

Qorqud. Baybecana qızmı istərsiniz?!.. O zaman qızların yolu əvvəldir. Biriminci söz onunkudur.

Baybecan. Dədə, mən nə deyə bilərəm ki?! Əgər bəylərin və sənin duanla mənim bir qızım, Baybura bəyin bir oğlu doğularsa, sizlər tanıq olun. Onları bir-birinə beşikgərtmə yavuqlu edəlim. Baybura bəy, sən nə dersən?!

Baybura. Mən nə derəm?! Sən nə dersən, mən dəxi onu derəm.

Qorqud. Belə isə...

Musiqi. İşıq sönür. İşıq yanır. Dədə Qorqud və bəylər əllərini qaldırıb Allaha dualar edirlər.

Xor:

Uca Tanrı! Uca Tanrı.

Səni göydə ararlar,

Səni yerdə sorarlar.

Amma sən, amma sən

Xud möminlər könlündəsən,

Uca Tanrı.

Duamızı qəbul eylə.

Dostumuza mədət qılgil,

Yağıları zəbun eylə.

Bayburaya bir oğul,

Baybecana bir qız vergil.

Bu oğlanı cəsur eylə,

Qoy bu qız da gözəl olsun.

Sevgiləri dastan kimi,

Dildən dilə əzbər olsun.

1-ci hissənin sonu.

2-ci hissə.

Səhnənin bir tərəfində Baybura bəyin evi, o biri tərəfində Baybecan bəyin evi. Bir-birinin ardınca hər iki evdən körpə ağlaşması eşidilir. Baybura bəy və Baybecan bəy evlərinin qabağına çıxırlar və əllərini qaldırıb Allaha dualar edirlər. İşıq sönür. Musiqi. On beş il sonra. İşıq yanır və Baybura bəyin evini işıqlandırır. Baybura bəy, qarşısında bir cavan oğlan. Bu, Beyrəkdir. İşıq Baybecan bəyin də evini işıqlandırır. Baybecan bəyin qarşısında bir gənc qız durub. Bu da Banuçiçəkdir.

Baybura (Beyrəyə). Oğul. Sən biləsən, sənin bir nişanlın vardır. Baybura bəyin qızı Banuçiçək deyərlər adına. Sən doğmazdan əvvəl atası onu sənə beşikgərtmə yavuqlu etdi. Dədəm Qorqud tanıq oldu, bəylər həp tanıq oldular. Onu alacaqsan.

Beyrək. Baba, mən bir qız istərəm ki, mən yerimdən durmamış, o durmuş, mənə düşmən başı gətirmiş olsun. Böylə bir qız al ver mənə, baba. Odur, Qanturalı babasından belə bir qız istəmişdi.

Baybura. Sonrası nooldu?! Qanturalı Trabzona qədər gedib çıxmadımı?! Az qala vəhşi canavərlər əlində zəbun olacaqdı.

Beyrək. Baba, mən də gedərəm. Hələ Trabzondan da o tərəfə keçərəm. Təki qız mən istəyən ola. Bu Banuçiçəyi heç görmədim, sınamadım. Barı...

Baybura. Dur hələ. Banuçiçək eşitdiyimə görə çox comərd bir qızdır. Onun atını bir atın keçdiyi yox. Oxunu kimsənin yardığı yox. Özü dəxi çox gözəlmiş. Bəzirganlar mal veriblər, mal alıblar. Onlar dedi.

Beyrək. Oyləmidir?! Bilmirəm, baba. Mən onunla görüşərəm, baxaram, görərəm... Həqqən sən deyən kimidirsə, o zaman sözüm yox...

İşıq zəifləyir. Səhnənin Baybecan bəy tərəfi işıq içində. Baybecan bəy və Banuçiçək üzbəüz.

Baybecan (Banuçiçəyə). Qızım, mən səni, biləsən, Bayburanın oğlu boz ayğırlı Beyrəyə vermişəm. Oğuzda dörd kişi niqabla gəzər. Onlardan biri Beyrəkdir. Sən doğmadan əvvəl o sənin yavuqlun oldu.

Banuçiçək. Baba, mən sən dediyin o Beyrəyi heç görmədim. Nə də o məni görməyə gəldi. Gələrsə, izninlə mən onu öncə bir sınaram. Mərd yigitdirmi, deyilmi, sədaqəti varmı, yoxmu, bəlli olar.

Baybecan. Qızım, Beyrəyin comərdliyi Oğuzda az qala dastana döndü. Sən duymadınmı?! Atasının karvanı qara Dərbənd ağzında talanıb getmiş idi. Beyrək o malları qarətçilərdən savaşıb aldı. Qılınc çaldı, baş kəsdi. Adını gəlib Dədə Qorqudun özü qoydu. Gözəl bir yigiddir. Niqabla da onun üçün gəzir ki, göz dəyməsin.

Banuçiçək. Baba, dedim ya... Sınamam gərəkir. Niqablamı gəzir?! Niqabın arxasında nə vardır, nə yoxdur, baxacağıq, görəcəyik.

İçıq bu tərəfdə zəifləyir, Baybura bəy tərəfdə güclənir.

Baybura (Beyrəyə). O qızı tap. Onunla danış. Səni evləndirim, oğul. Qanlı bir düyün yapaq.

İşıq hər iki tərəfdə gur yanır.

Baybecan (Banuçiçəyə). Beyrək səni arayıb tapacaqdır. Onu sınarsan, sonra könlünü, istərsənsə, ona aça bilərsən. İstəməz isən yenə də sən səni bilirsən. Sənə xoş olan bizə də xoş olur.

Xor:

Qadınlar dörd türlüdür.

Birisi solduran soydur,

Birisi dolduran toydur,

Birisi evin dayağıdır,

Birisi necə söylərsən, bayağıdır.

İgid Beyrək, bunu bil.

Banuçiçək bir evin dayağıdır.

Cəsur ol, igid ol,

Onu ara, onu bul.

Banuçiçək, Banuçiçək!

Dinlə bizi, biz söyləyək.

Beyrək sənin alın yazın,

Beyrək sənin taleyin.

Beyrək sənin gələcəyin,

Beyrək sənin hər şeyin...

Onu görcək bir könüldən

min könülə

vurulacaqsan ona.

Ürəyini açacaqsan yana-yana.

Ona de ki, sən onu yatar ikən

uyğudaca görmüsən.

De ki, niyə gec qaldın,

gəlməz oldun, bəyim, sən?!

Beyrək sənin alın yazın,

Beyrək sənin taleyin...

Beyrək sənin gələcəyin

Unutma, unutma, unutma...

2-ci hissənin sonu.

3-cü hissə.

Səhnə gözəl bir çəmənlik kimidir. Bir tərəfdə qırmızı bir çadır qurulmuşdur. Çadırın içində Banuçiçək və dayəsi oturmuşlar. Səhnənin bu biri tərəfində üzü niqablı Beyrək və naibləri əllərində kaman-yay nə isə axtara-axtara gəlirlər. Bütün bunlar rəqs şəklində davam edir.

1-ci naib. Bəyim, keyik yaralanmış, bu tərəfə qaçdı. (baxır, baxır). Odur, mən gördüm. Heyvancığaz yerə sərilib.

Beyrək. Get al, gətir.

1-ci naib səhnədən çıxır və çiynində bir oxlanmış keyik səhnəyə qayıdır. Keyiki bir tərəfdə yerə qoyur.

Beyrək. (Banuçiçəyin çadırına tərəf baxır) O çadır hələ kimindir? Onlara da pay verəlimmi?! (Beyrək keyikin ətrafında qəhrəman kimi dövrə vurur)

Banuçiçək (çadırda, dayəsinə) Dayəciyim, bu qavatlar bizə ərlikmi göstərmək istərlər?! Sən hələ buna bax, buna. Bir keyik vurmuşdur. Sanki bir ordu basmış kimidir. Az qala əl qaldırıb yallı gedəcək. Sən bir bunlara yaxınlaş, keyikdən pay istə. Görəlim, nə deyəcəklər.

Dayə çadırdan çıxır, Beyrəyə yaxınlaşır.

Dayə. Bəy yigitlər! Nerədən gəlib nerəyə gedirsiniz?! İç Oğuzdanmısınız?! Bizim Dış Oğuzda mən sizə rast gəlmədim.

Beyrək. İç Oğuzdanıq. Bayburanın oğlu Beyrək dedikləri mənəm. Boz ayğırlı, üzü niqablı Beyrək. Heç duydunmu? Siz kimsiniz? Bu çadır kimindir?

Dayə. (gülümsünür) Beyrəkmi dedin?! Heç duymadıq. Bu gördüyün çadır mənim xanımıma aiddir. Ovunuzdan bizə pay varmı?

Beyrək. Biz avçı deyilik. Bəy oğlu bəyik. Həpsi sizin. Xanımının adı nədir?

Dayə. Adı Baybura qızı Banuçiçəkdir.

Beyrək (heyrət içində) Omu?

Dayə. O. O.

Beyrək. Deməli, görüşümüz bu günə qismət imiş. Mən bir ona salam verim. Olurmu??

Dayə. Öncə mən xanıma söyləyim.

Dayə çadıra qayıdır.

Banuçiçək. Nooldu, dayəciyim? Kimmiş bu avçılar?

Dayə. Xanım, bunlar avçı deyillər. Bəy oğlu bəydirlər. Keyikin həpsi sizin dedilər. O gördüyün üzü niqablı yigit Bayburanın oğlu Beyrək imiş.

Banuçiçək. Üzü niqablı Beyrəkmi? Hankısı?! Omu?

Dayə. O. O.

Banuçiçək. Babam mənə deyərdi ki, səni Bayburanın oğlu üzü niqablı Beyrəyə vermişəm. Görüşməmiz bu günə qismət imiş.

Dayə. Deməli, qismət bu gün imiş. Beyrək gəlib sənə salam vermək istər. Nə dersən?!

Banuçiçək əli ilə işarə edir. Dayə çadırdan çıxıb çadırın ağzında durur və Beyrəyə işarə edir ki, gələ bilərsən.

Beyrək çadıra yaxınlaşır. Banuçiçək çadırdan çıxır.

Banuçiçək. (Beyrəyə). Xoş gəldin, igid. Beyrək dedikləri sənmisən?

Beyrək. (niqabını çıxarır) Mənəm, bəy qızı.

Banuçiçək. Niqabını niyə çıxardın? Göz dəyməzmi?

Beyrək. Səndən dəyməz. Banuçiçək sən deyilmisən?

Banuçiçək. Yoox, mən deyiləm. Mən onun dayəsiyəm. Ol qız elə adam deyildir ki, sənə görükə.

Beyrək. (yenidən niqabını taxır) Hayıf, yüz dəfə hayıf. Mənə dedilər, bu çadır Banuçiçəyindir. Bəs o zaman deyilənlər yalan imiş. Elə adam deyilmiş, həmi?!

Banuçiçək. Həmi, həmi. Ona yetişmək asan iş deyil. Bilmənəm ki, sənə nə dedilər, sən nə eşitdin. Bəlkə bir şey dedilər, sən tamam başqa şey eşitdin?! Olmazmı?! Olar. Amma gəl səninlə yarışa çıxaq. At çapaq, güləşək, sonra da ox ataq. Sənin atın mənim atımı keçərsə və əgər sənin oxun mənim oxumu yararsa, və yenə də əgər sən məni gürəşdə yenərsənsə, o zaman Banuçiçəyi də görə bilərsən. Mən səni onun yanına aparar, onu sənlə görüşdürrəm. Nə dersən?

Beyrək. Yarışmı dersən?! Oldu, dadı. Nədən başlayaq? (naiblərə) Siz tanıq olun.

Banuçiçək. Oxunu at, igid.

Beyrək və Banuçiçək yaylarını çəkirlər. Səmada sanki nəyisə nişana alıb kiçik bir rəqs edə- edə ox atırlar.

Naiblər. Aha, oldu bu iş. Allah, allah, Beyrəyin oxu qızın oxunu yardı. Əhsən Beyrəyə...

Beyrək. (naiblərə) Hələ bir mənimlə ox atacaqmış... Mənim yayımı belə çəkə bilməz bu dadı...

Naiblər. Oylə, bəyim, oylə... Çəkərmi, çəkməz.

Banuçiçək. Atına min, igid.

Beyrək (fışqırıq çalır, gözləyir) Bu at yenə də fışqırığa gəlmədi.

Beyrək səhnədən çıxır. Banuçiçək çadırın arxasına keçir. At kişnərtisi hər yanı bürüyür.

Naiblər (uzaqdakı at yarışını seyr edə-edə bir-birinə). Aha. Oldu bu iş. Boz ayğır önə keçdi. Beyrək qazandı. Min şükür. Min şükür. İgid Beyrək. Boz ayğırlı Beyrək.

Beyrək və Banuçiçək səhnəyə gəlirlər.

Beyrək. (qalib ədası ilə). Sən nə sanırdın? Mənim Boz ayğırımı sənin atınmı keçəcəkdi?!

Banuçiçək. Dur, hələ bitmədi. Gürəşəcəyik.

Beyrək və Banuçiçək güləşirlər. Bu güləşmə bir rəqs kimidir. Sonunda Beyrək qıza qalib gəlir. Naiblərin sevincinin həddi-hüdudu yox. Kimi Beyrəyin paltarının tozunu silir, kimi də çiynini sığallayır.

Naiblər. İgid Beyrək... Boz ayğırlı Beyrək...

Beyrək. (Banuçiçəyə) Nooldu, bitdimi?! Amma bax, sənə söyləyirəm, sən də bir comərd qız imişsən. Hayıf. Hayıf ki, Banuçiçək deyilsən.

Banuçiçək. Banuçiçəyəm mən.

Beyrək. Oyləmi?! Dayə deyilmişsən... (niqabını çıxarır).

Banuçiçək. Oylə, oylə.

Beyrək. (küskün halda) Bəs niyə yalan söylədin?! Bir daha mənə yalan söyləmə, olurmu?!

Banuçiçək. Olur, olur. Bir daha söyləməm.

Beyrək. Sözmü?

Banuçiçək. Söz.

Beyrək. O zaman uzadarmısan əlini?! Bu üzüyü barmağına taxacağam, sevgilim. Və səni öpəcəyəm. (Cibindən çıxarıb sildiyi üzüyü qızın barmağına taxır. Banuçiçəyi özünə tərəf çəkib üç dəfə öpür. Bu öpmə səhnəsi rəqsə dönür)

Banuçiçək. Uyğularımın yigid Beyrəyi. Çox gec qaldınsa da, sonunda gəldin. Bəy yigidim, indi irəli durmaq gərək.

Beyrək. Mən hazır.

1-ci naib gəlib Beyrəyin qulağına nəsə deyir.

Beyrək. (fikrə gedir, gəzişir. Sonra Banuçiçəyə) Məsələ dəyişdi. Mən nə edə bilərəm ki?! Deyirlər, qardaşın Dəli Qarcar səni istəməyə gələnləri öldürürmüş. Niyə belə edirmiş? Bilirsənmi?

Banuçiçək. Bilməm ki... Bir səbəbi olsun gərək. Sən belə et. Məni istəməyə qoy Dədə Qorqud özü gəlsin. Bəlkə onun sözünü yerə salmaz.

Beyrək. Doğru deyirsən. O zaman mən durumu ləngimədən babama söyləyim. Bəylər ilə məşvərət etsin. Dədəni də çağırsınlar. Baxalım, o nə deyəcəkdir. Doğru dersən, onu göndərərik. Sən gözlə, sevdiyim... Sən gözlə...

Banuçiçək. Mən səni nə qədər desən gözlərəm, bəyim. Təki sözünə vəfalı ol. Uyğularımın Beyrəyi...

Xor.

Beyrək, igid Beyrək, Beyrək.

Boz ayğırlı tək Beyrək!

Bilirmisən nə olacaq?

Dədəm Qorqud yol alacaq

Dış Oğuza, sənin üçün.

Dəli Qarcar atın minib,

qılıcını çəkəcəkdir.

Dədə dua edəcəkdir,

Deyəcəkdir:

Vurarsan, əlin qurusun,

Dəlinin əli quruyacaq.

Göydə asılı qalacaq.

Sonra, sonra nə olacaq, bilirmisən?!

Dəli Qarcar Dədəyə yalvarar, nə yalvarar...

Sağalt, mənim bu qurumuş əlimi der.

Sonra mənim istədiyim malları ver,

Qız qardaşımı Beyrəyə o zaman verərəm der.

Bu səfər səni öldürmədim,

Gələn səfər gəlsən, öldürərəm der.

İgid Beyrək!

Bəlkə sən bu sevdadan əl çəkəsən?!

Bir kənara çəkiləsən?!

Bu yolda səni nə gözlər, bilməzsən.

On altı il qürbət eldə həbslərdə çürürsən,

Oğuza geri gəlməzsən.

İgid Beyrək, bəlkə sən

bu sevdadan vaz keçəsən, çəkiləsən?!

Beyrək. (Banuçiçəyə bir daha diqqətlə baxır, sonra Xorun qarşısına gəlir, Xora) Yox! Yox!! Bir dəxi yox!!! Vaz keçməm. (Banuçiçəyə) Bu üzüyü ki barmağına mən taxdım. Ona baxıb məni xatırlarsan.

Banuçiçək. Mən səni xatırlamayacağam.

Beyrək. Necə, necə??? Buymuş sənin sədaqətin?!

Banuçiçək. Buymuş, buymuş. Mən səni unutmam ki, xatırlayım. Get sözünün ağası ol, bəy igidim. Gözün arxada qalmasın.

Beyrək etkilənmiş halda dalı-dalı səhnədən çıxır.

3-cü hissənin sonu.

4-cü hissə.

Baybura bəyin evi. Bəylər, Qorqud oturmuşlar, yeyib-içirlər. Beyrək ayaq üstdə bir tərəfdə durub.

Aruz. Necə olmuş qurtulmuşsan Dəlinin əlindən, Dədə?! Səni ha - öldürmək ha... Əqli çaşıbdı, nədi?! Bu, bir möcüzədir.

Qorqud. İsmi əzəm oxudum, Aruz. Tanrım kömək eylədi. Qurtuldum.

Beyrək. Allah, Allah...

Baybura bəy. Sağ olasan, Dədə, səni görüm, əsən olasan. Hələ bir daha söylə görəlim, dəli igid qız qardaşı üçün bizdən nələr istədi? (Beyrəyə) Qulaq ver, bütün bunlar sənin üçündür.

Beyrək. (baş əyir) Baş üstünə, ağam.

Şirşəmsəddin. Yarımasın, yarşımasın. Oylə malmı olur?! Nerədən bulunacaqmış bu mallar?! Hər birindən də min dənə...

Qorqud. Bulunacaq, bulunmaz olurmu?! Baybura bəy! İndi mən min quyruqsuz, qulaqsız köpəklə min dəxi birə bulsam, sən min ayğırı, min buğra nəri, min qoyunu bularmısan?!

Baybura. Bularam, Dədə. O zaman sən təkrar yola hazırlan, olurmu?!

Qorqud. Mən hazıram. Düyünümüz qanlı olsun.

Beyrək. Dədə, sağ olasan. Dədə, Dədə! Həyatım boyu bu yaxşılığını unutmaram. (Dədənin əlini öpür).

Qorqud. Beyrək dediyim. Qızı alıb gələcəyəm.

Beyrək və bəylər. Sağ ol, Dədə. Əsən ol, Dədə. Bir görəlim bu səfər Dəli Qarcarın deməyə sözü nə olacaq?! Bir görəlim...

Beyrək xora tərəf gedir. Xor susur. Beyrək şaşqın.

Xordan bir nəfər. Bizim deməyə sözümüz yoxdur. Hər şey aydından daha aydındır.

Musiqi səslənir. Qoyun mələşməsi, at kişnəməsi, köpək hürüşməsi. Dədə bu malları Banuçiçəyi almaq üçün Dəli Qarcara verməyə aparır.

5-ci hissə.

Beyrəyin düyünü. Gərdək qurulmuş, önündə naiblər şənlənir, rəqs edirlər. Beyrək gərdəkdən çıxır. Əlində bir gömlək vardır.

Beyrək. Naiblərim, bir durun. Bu qızıl qaftanı mənə yavuqlum göndərdi. Baxın nə gözəldi, özü tikib.

Naiblər. Sağlığına qismət, bəyim. Sağlıq içində geyin. Bizim yavuqlumuz yox ki... Olsa idi, bizim üçün dəxi tikib belə bir qızıl qaftan göndərərdi. Biz nə edək?!

Beyrək. (öz-özünə). Bu heç yaxşı olmadı. (Naiblərə) Gəlin, bunu sıravardı geyinək. Sonunda da bizdən olmayan bir kişiyə verək.

Naiblər. Kimə? Kimə verək? Geyilmiş qaftana kim sahib çıxmaq istər ki?!

Beyrək. Mən bilirəm kimə verək. Hələ bir mən geyim, sonra, sonra... Mən bu kömləyi Yalançıya verəcəyəm. O bunu geyinər.

Səhnənin dərinliyində işıq yanır. Burada Bayburd bəyi oturmuş və qarşısında casus.

Bayburd. Nooldu, söylə. Nə əcələ işin varmış, casus bəy?

Casus. Bayburd məliyim. Heç bilmirəm, necə deyim?!

Bayburd. Söylə, baxalım, nə deyəcəksən. Durma, söylə. Mənim səbrimlə oynama.

Casus. Oh, ah... (təntənəli şəkildə) Qarşı yatan dağların...

Bayburd. Onları saxla. Onların yeri deyil.

Casus. O zaman mən... Yenə deyə bilmirəm.

Bayburd. İndi mən yerimdən durummu?! Can dadlısın sənə göstərimmi?!

Casus. Olarmı, Bayburd məliyim, sözlə yox, hərəkətlə söyləyim?!

Bayburd. O necə olur?!

Musiqi səslənir. Casus rəqs edir. O rəqs etdikcə...

Xor. Bayburd bəyi, bilirmisən, nələr oldu?!

İç Oğuzda qanlı düyün quruldu.

Beyrək sabah gecə gərdəyə girir

Bayburd. Girsin. Mənə nə?!

Xor. Baybura oğlu Beyrək

sabah gərdəyə girir.

Bir sor kiminlə girir?!

Amma sorma, amma sorma.

Heç sorma sən bunu bizdən.

Casus sənə doğrusunu söylədi.

Nə dedisə, doğru dedi.

Dəli Qarcar ha dirəndi, alınmadı.

Dədəm Qorqud o istəyən malları gətirdi.

Sevgililər həsrətini gedirdi.

Boz ayğırlı Beyrək bəy

sabah gərdəyə girir.

Heç sorma kiminlə girir.

Bayburd. Kiminlə girir???

Xor. Kiminləmi sorursan???

Dünyalar gözəli

Baybecan bəyin qızı

Banuçiçəklə.

Musiqi susur. Casusun rəqsi bitir.

Bayburd. (şaşqın) Kİminlə, kiminlə??? Baybecan qızı Banuçiçəkləmi???

Casus. Bəli, bəyim. Baybecan bəy öncədən sənə verdiyi qızını indi Beyrəyə verir. (Musuqi gurlayır və susur).

Bayburd. Oyləmi? Ah, Baybecan, niyə öldün, niyə getdin?! Haradasan?! Adamlara inam yoxmuş.

Casus. Oylə. Oylə. Bu dünyada inanılası adammı qaldı, bəyim?!

Bayburd. Doğru dersən. Qalmadı. Baybecanın bəs mənə verdiyi söz nə oldu?! O da qalmadı. Bir qızı bunlar neçə dəfə ərə verəcəklər?! Olsun. Bəs belə isə o zaman biz də işimizi bilək. Beyrəyi elə bu gecə gərdəyindən oğurlayaq. Bayburdda qonaqlayaq. Onun yeri burda həbsdədir. Bir adam belə Beyrəyin harada olduğundan xəbər tutmayacaq. İndi isə... Görəlim, Baybecan bəyin qızının düyünü adaxlısı olmadan necə keçəcək?! (səhnə arxasına bağırır) İgidlərim! İgidlərim! Atlanın. Səfər var. Səfərimiz İç Oğuza. Beyrək denilən o uşağın düyün məclisinədir. Haydı...

Bayburd tərəfdə işıq sönür. İşıq gərdəyin üzərində güclənir.

Naiblər və Beyrək rəqs edirlər. Qəflətən kafirlər hücum edib bu rəqsə qoşulur və naibləri əsir alırlar. Beyrək də onlarla bir yerdə əsir edilib aparılır. Əsir edilmə səhnəsi rəqs üzərində qurulur.

Kafirlərdən biri (gedərkən bağırır). Bəysiz düyün necə olar, biz sizə göstərərik.

5-ci hissənin sonu.

6-cı hissə

Xor. Yarımasın, yarçımasın, casus xəbər apardı

Beyrək əsir getdi belə.

Həyatından on altı il qopardı,

Yanar ocaq döndü külə.

Banuçiçək xəbər aldı

Baybura bəy xəbər aldı,

Qara geydi Qalın Oğuz.

Hamı qəmgin, hamı məyus...

Qazan durub min bir yerə adam saldı.

Dəli Dondar, Qarabudaq, Qanturalı bunaldı.

Oğuza matəm girdi,

Bilinmədi bu ölüdü, ya diridi.

Banuçiçək ağı dedi,

Səni harda gizlətdi yağı dedi.

Bir də dedi:

«Vay al duvağım yiyəsi,

Vay şah yigidim,

Vay şahbaz yigidim.

Doyunca yüzünə baxmadığım, xanım yigit,

Qanda getdin məni yalqız qoyub, canım yigit?!

Göz açıban gördüyüm,

Könül verib sevdiyim,

Bir yastıqda baş qoyduğum,

Yolunda öldüyüm, qurban olduğum.

Vay Qazan bəyin inağı,

Vay qalın Oğuzun güvənci Beyrək!..»

Banuçiçək ağ çıxarıb qara geydi,

Beyrəyi gözləməkdən usanmadı.

Söylədi, söylədi, dedi, dedi

Sözləməkdən usanmadı.

Baybura bəy ağlamaqdan kor oldu.

İllər keçdi, on altı il...

Oğuz eli Beyrəyi

Gözləməkdən yoruldu.

Bir gün

Dəli Qarcar Qazan xana gəldi görək

nə dedi, nə söylədi?!

Səhnədə Qazan, Dəli Qarcar, bəylər.

Qarcar. Qazan xan! Qalın Oğuzun umudu, dövləti! Qalmış yigid arxası! Ümmət soyunun arslanı! Qaracuğun qaplanı! Qonur atın əyası! Xan Uruzun ağası! Bayındır xanın göygüsü!

Qazan. Sağ ol, sağ ol, Dəli Qarcar. Ehtiyac yoxdu bu sözlərə. Buyur, xoş gəldin, səfa gətirdin. Diləyin nəymiş?

Qarcar. Dövlətli xanın ömrü uzun olsun. Sözüm Beyrək barədədir. Beyrək gedəli on altı il keçdi. Hələ də ölüsün-dirisin bilmədik. Diri olsa idi, ya xəbəri gəlirdi, ya da özü gəlirdi.

Qazan. Doğru söylərsən. Nə o gəldi, nə bu gəldi. O zaman nə edəlim?

Qarcar. Xanım. Bir yigit varsa, bunun dirisi xəbərin gətirsə, altun axça verərdim, ölüsü xəbərin gətirsə, qız qardaşım Banuçiçəyi ona verərdim. Bu müəmmanı çözəlim, xanım.

Qazan. (kənarda duran bəylərə). İgidlərim yaxın gəlin. Dəli yigidi dinlədiniz. Ağıllı danışır. On altı il keçdi Beyrək yox olalı. Nə tez gəldi keçdi illər?! On altı ildə bunun nə dirisi bəlli oldu, nə ölüsü. Amma yenə də, bəlkə... sanki kiçik bir ümid... Kim bu işi boynuna alar?

Yalançı. Mən allam, sultanım. Mən gedərəm. Gedib bunun ölüsü-dirisi xəbərini gətirrəm. (öz-özünə) Beyrək mənə bir kömlək vermiş idi. Onu götürməm lazım. (Qazana) İzin varmı, mən gedim, xanım??!

Qazan. Sən ki getmək dilərsən, o zaman yolun açıq olsun, sən get.

Xor. Yalançımı yola qondı?!

Bu dünya kimə inandı?!

Yalançıyamı inandı?

İnam sındı, vəfa sındı.

Bəylər, bəylər,

Beyrək buna bir kömləyin nə zamansa bağış etdi.

O kömləyi bu geyməyib saxlamışdı.

İndi onu alıb getdi.

O kömləyi bir-iki quş avladı, onların

Qanına batırdı Yalançı.

Qazan xana gətirdi Yalanşı.

Gəldi, görəlim nə dedi?!

Səhnədə yenə Qazan, Dəli Qarcar, Yalançı və bəylər.

Yalançı. Baxın, bəylər! Bu kömlək Beyrəyin kömləyidir. (kömləyi bəylərə göstərir) Qanı dəxi üstündədir, görürmüsünüz?

Qazan. (kömləyə baxmaq istəmir) Mənə göstərmə, mən baxa bilməm. (Yalançıya) Amma... söylərmisən, nədən sənə inanaq ki, bu Beyrəyin kömləyidir? Ürəyimdə bir səs deyir, bəlkə...

Yalanşı. Beyrəyindir, bəyim. İnan mənə. Mənə nə düşüb yalan danışım?! Mən ömrümdə yalan demədim ki... Beyrəyi Qara Dərvənddə öldürmüşlər. Üstündəki qan da Beyrəyindir. Birdən elə bilərsiniz, qurd-quş qanıdır?! Oylə deyil.

Qazan. Sənin ayaman... (Dəli Qarcara) Görürmüsən, qan dəxi Beyrəyin imiş...

Qarcar. Bu kömlək? Bəlkə qız qardaşım bilər, Beyrəyindir, ya deyil. Hər halda o tikmişdir, qayət.

Qazan. Doğru. Mən də onu düşündüm. Kömləyi qız qardaşına göstər. O bilər.

Dəli Qarcar kömləyi alıb çıxır. Səhnə arxasından Banuçiçəyin fəryadı.

Banuçiçək (səhnə arxaslndan) Vay, göz açıban gördüyüm! Könül verib sevdiyim! Vay, al duvağım yiyəsi! Vay, alnım-başım umudu, xanım Beyrək! Neçin getdin məni yalqız qoyub canım Beyrək?! (Fəryad bitir. Sakit səslə) Kömlək onun kömləkdir. Mən tikmişdim.

6-cı hissənin sonu

7-ci hissə.

Xor:

Bəylər, bəylər, bilirmisiz nələr oldu?!

Banuçiçək Yalanşıya gedər oldu.

Baybura bəy son çarəyə əl atdı.

Bəzirganları yanına çağırtdı.

«Gedin, - dedi, - yaxın-uzaq ellərə

Beyrəyimdən mənə xəbər gətirin.

Şad xəbərlə geri dönün, sevinək

Qəm-kədəri el-obadan gedirin.»

Bəzirganlar yola düşdü, nə düşdü

Uzaqlarda gedib gözdən itdilər.

Trabzona, Rum elinə getdilər,

Yaxınlara uzaqlara getdilər,

Qara Dərvənd, Bərdə, Bakı qalmadı

Haralardan haralara getdilər.

Gəlib sonda Bayburd bəyin qalasına yetdilər.

Bəzirganlar durub-durub nəetdilər?!

Saz götürüb Beyrək bəyi andılar.

Oxudular, sısqadılar, ağladılar,

Beyrək bəyin ürəyini dağladılar.

Beyrək Bayburd qalasında həbsdəydi.

Bəzirganlar oxudular, qulağına

doğmaca bir səs dəydi.

O da sazı ələ aldı, nə aldl,

Səsi gedib hər bir yerdə ucaldı.

Beyrək həbs otağında. Bayırdan bəzirganları dinlər. Onların səsi gəlir.

Bəzirganların sazla səsi.

Beyrək, Beyrək, sağmısan, əsənmisən?!

Burdamısan, deyilmisən?

Səsimizə səs verəydin barı sən.

Əgər sağsan, söylə bizə

On altı il sən burada neylirsən?!

Heç sevgilim Banuçiçək nerədədir,

yada salıb darıldınmı?

Babam, anam, qardaşlarım,

Yar-yoldaşım deyübəni

Için-için yarıldınmı?!

Söylə, verək söz sözə.

Beyrək, Beyrək, ünümüzü dinlə, Beyrək,

Səs ver bizə. Səs ver bizə.

Beyrək bəzirganların səsinə səs verir.

Beyrək. Bəzirganlar, xoş gəldiniz.

On altı il həsrət qaldım el-obama,

Amma, amma

Sizlər məni unutdunuz sanırdım.

Alışırdım, qovrulurdum, yanırdım.

Darılırdım Banuçiçək sevgilimə.

Baba-ana həsrətinə darılırdım.

Yar-yoldaşın möhnətinə darılırdım.

Uca qala divarları gecə kimi lal,

Uca imiş bu qala.

Burdan qaçmaq bir xəyal.

Bu həbsdə mənim üçün zaman yox.

On altı il necə keçdi - bilmədim.

Həbsxana həyatında aman yox,

Göz yaşımı bircə gün də silmədim.

Bəzirganlar, deyin mənə.

Banuçiçək sorar olsam, sağmıdır, əsənmidir?

Babam, anam sorar olsam,

Xan Qazanı sorar olsam,

Şirşəmsəddin, Aruz Qoca,

Dədə Qorqud...

Sağmılar-əsənmilər?

Diliniz üçün ölləm,

Sözünüz üçün ölləm.

Qara başım qurban sizə

Məni ölmüş bilməyəsiz

Tanrı inayət eylərsə,

Gələcəyik üz-üzə.

Bəzirganlar. Beyrək, Beyrək! Xanım Beyrək.

Canım Beyrək!

Qazan xanı sorar olsan, sappasağdır.

Dədəm Qorqud əsəndir.

Baban - anan sağmı, sağdır.

Baybura bəy ağlamaqdan sənin üçün kor oldu

Ağlamaqdan yar-yoldaşın yoruldu.

Banuçiçək... (susurlar)

Beyrək. Banuçiçək?

Bəzirganlar. (musiqisiz, sözlə) Onu sorma.

Yarımasın, yarşımasın, Yalanşı sənin öldüyün xəbərini gətirmiş, qızı ona verəcəkmişlər. Əgər sən özünü bu gün - yarln yetirməsən Oğuza.

Beyrək. Oyləmi??

Bəzirganlar. Oylə. Oylə... (yenə musiqi ilə)

Özünü yetir, Beyrək

Həsrəti gedir, Beyrək.

Banuçiçək əldən gedir,

həqqən əldən gedir, Beyrək.

Banuçiçək əldən gedir, gedir, gedir...

Xor. Banuçıçək əldən gedir, əldən gedir, gedir,

Xanım Beyrək,

Canım Beyrək.

Bu həsrəti gedir, Beyrək.

Özünü Oğuza yetir.

Həyat mənə Beyrəksiz heçdir deyir

Banuçiçək.

Bir də deyir:

Beyrək özünü yetirsin,

Bu həsrəti, qəm - kədəri gedirsin.

Son sözləri xor təkrar edir. Yavaş-yavaş səslər eşidilməz olur. Və nəhayət, səslər kəsilir. Beyrək pəjmürdə halda çəkilib bir kənarda oturur. Sükut. Beyrək hərdən yerindən sıçrayıb qalxır, qeyzlə fırlanır, yenə gəlib oturur. Qəflətən şad nidalı musiqi səslənir. Qızlar və kafir qızı oynaya oynaya gəlirlər. Beyrək onları görüb gizlənir.

Kafir qızı. Beyrək, başımın tacı! Hardasan? Sən yoxmu oldun?! Burdasan... (Beyrəyi gizləndiyi yerdən çıxarıb səhnənin önünə gətirir.) Sənə noolmuş, bəyim?! Pəjmürdə gördüm səni. Söylərmisən, rahatsızmısan, xəstəmisən? Qızlar, susun. Gedin, qızlar.

Qızlar çıxırlar.

Beyrək. (cavab vermir, susur.) Heç.

Kafir qızı. Yox, sənin nəyinsə var. Necə yəni, heç... Görməz olurmuyam mən?! Nə isəbaş vermişdir. Söylə mənə. Heç gizlətmə. Hər gəldiyimdə səni şən görərdim. Deyərdin, gülərdin, şimdi nooldu sənə?

Bu son sözlər səslənən zaman musiqi gurlayır. Beyrək də, Kafir qızı da şaşqın. Musuqi susur.

Kafir qızı. Bəli, bəli, hər gəldiyimdə səni şən görərdim. Deyərdin, gülərdin... Şimdi nooldu??? Məni gördün, sevinmədinmi?

Beyrək. Sevindim. Amma... Bəzirganlar Oğuzdan mənə xəbər gətirdilər.

Kafir qızı. Nə xəbərmiş o elə?

Beyrək. Bu xəbər yaman xəbərdir.

Kafir qızı. Söylə mənə, dinləyirəm. Dərdin nədir, Beyrəyim?!

Beyrək. Oğuzda məni ölmüş bilirlər. Yalançı adlı bir kişi var, o mənim qanlı kömləyimi gətirmiş, göstərmiş, Beyrək ölmüşdür demiş. Hər kəs məndən ümidini üzmüş... Bir yavuqlum var idi - Banuçiçək. Onu Yalançıya ərə verəcəkmişlər...

Kafir qızı. Həəə... Bu heç yaxşı xəbər olmadı. Bizdə yalançılara cəza verirlər. Sizdə belə etmirlərmi?! Nə isə... Yaxşı, indi nə edəcəksən?

Beyrək. Bilməm ki. Babamın da gözləri ağlamaqdan tutulmuşdur, yar-yoldaşım ağ şıxarıb qara geymişlər. Nə edəcəyimi bilməm. Bircə Oğuza bir anlıq gedə bilsəydim... Özümü göstərə bilsəydim... Dost-düşməni ayırd edə bilsəydim. Başqa heç nə istəməm.

Kafir qızı. Oyləmi? Bunumu dilərsən? O zaman dinlə məni. Diqqətlə dinlə.

Beyrək. Qulağım səndədir.

Kafir qızı. Mən sənin əzabına dözə bilmənəm. Bir bax, nə deyəcəyəm?! Əgər mən... əgər mən səni orğan ilə qala divarlarından sallandırsam, sən də Oğuza sağ - salim dönə bilsən...

Beyrək. Dilə məndən nə dilərsən. Altın-axçamı dilərsən? Həyatımımı dilərsən?!

Kafir qızı. Altın-axçan özünə qalsın. Həyatını da diləməm. Amma yurduna-yuvana dönəndən sonra gəlib məni burda halallıqla alarmısan? Mən bunu dilərəm. Sən ki bunu bilirsən, Beyrək, mən səni sevdim...

Beyrək. Mənmi? Sənimi? Halallığamı? Niyə də yox?! Mən sənə bir könüldən min könülə ...

Kafir qızı. Onları saxla. Geri dönüb məni halallığa alarmısan - onu söylə.

Beyrək (ayağa qalxır). Həqqən mənim buradan qaçmağıma yardım edərmisən? Edərsənsə... (təntənəli şəkildə) Əlbəttə və bir daha əlbəttə!!! Oxuma sancılayım, qılıncıma doğranayım, gəlib səni halalığa almaz isəm!..

Musiqi səslənir, göy guruldayır. Beyrəyin sözləri əks - səda kimi uzaqlarda təkrar -təkrar səslənir: Oxuma sancılayım, qılıncıma doğranayım...

Xor.

Ah, Beyrək! Of Beyrək!

Bu sənmisən, igid Beyrək?!

Bu sözləri sənmi dedin?

Deyincə deməyəydin.

Bu yəmini sənmi etdin?

Edincə etməyəydin.

Sözlər düzüldü yan-yana,

Şəlalə tək axdı artıq.

Geri gələn yol - qapandı.

Ox yayından çıxdı artıq.

Odur, odur, Beyrək qala divarından

Yerə endi tərlan kimi.

Boz ayğırın harayladı...

Beyrəyin səhnə arxasından fit səsi eşidilir.Boz ayğırın kişnərtisi bu fit səsinə qarışır.

Boz ayğırın harayladı, boz ayğır gəldi

Mindi ona aslan kimi.

Uca qala divarları gecə kimi lal

Ondördgünlük ay da ona yol göstərirdi.

Kafir qızı öpdü onu - dodaqları bal,

Banuçiçək uzaqlarda yol gözləyirdi.

İldırım tək çaxdı, getdi, itdi uzaqda

Bir həsrətli yuxu imiş bu Oğuz yolu.

Boz ayğırlı Beyrək oldu nöqtə uzaqda,

Kafir qızı hasar üstə, gözləri dolu...

7-ci hissənin sonu.

8-ci hissə.

Beyrək Oğuzda. Düyün məkanı. Bəylər, qadınlar, uşaqlar kimi rəqs edir, kimi əlində yeyəcək daşır, kimi də bir-birilə söhbətdədir. Beyrək gizlənə-gizlənə gəlir.

Beyrək. Bu saqqalım olmasaydı, məni tanırdılar. Hələ bir mən bunlardan saxlanım, görüm dostum kim, düşmənim kimdir.

Səhnəyə bir ozan çıxır. Əlində sazı var.

Beyrək. (Ozana). Ozan, dur, bu gördüyüm düyün kimin düyünüdür?

Ozan. Bilməzmisən?

Beyrək. Xayır, bilməm.

Ozan. Baybecan bəyin qızı Banuçiçəyin düyünüdür. Yalançı var, ona ərə gedir.

Beyrək. Oyləmi?

Ozan. Oylə, oylə.

Beyrək. Bəs Banuçiçək Beyrəyin nişanlısı deyilmiydi?

Ozan. Bir zamanlar oylə idi. Amma Beyrəyin öldü xəbəri gəldi. Qanlı kömləyini Yalanşı gətirdi. Qız indi Yalançıya varır.

Beyrək. Ozan, sazını mənə verərmisən?

Ozan. Vermənəm.

Beyrək. Sazını verərsən, bax, orada duran atımı (səhnə arxasında atı göstərir) sənə verərəm.

Ozan. Həqqənmi?

Beyrək. Həqqən, həqqən.

Ozan (öz-özünə) Nəfəsim korşalmadan bir at idi keçdi əlimə. (Beyrəyə) O zaman verərəm. Al sazımı, dəli ozan. Qoy sənin adın dəli ozan olsun.

Beyrək (sazı alır). Olsun, olsun. Sən hələ dur. Mən bunlara göstərəcəm dəli ozan kimdir, nəçidir.

Ozan. Di, mən getdim. (səhnədən çıxır).

Beyrək. Yolun açıq olsun. (boğazını arıtlayır). Mən dəxi düyünə gedim. Dostumu, düşmənimi seçim ayırım. Düyünün qanlı olsun, Yalançı... Sən görəcəksən yalan sözün xətası necə olur. Dədəm Qorqud söylərdi, yalan söz bu dünyada olunca, olmasa yey. (Xora) Deməyə sözünüz varmı, yoxmu?

Xordan bir nəfər. Var, əlbəttə, var. Olmazmı, canım Beyrək?!

Beyrək. O zaman söyləyin sözünüzü. Mən getdim. (gedir).

Xor.

Yalan söz bu dünyada olunca olmasa yey.

Beyrək düyünə gəldi,

Nələr yapdı, bilirmisiz?!

Ox atdı, oxu ilə

Yalançının oxun dəldi,

Qazan xana söz söylədi,

Varın - dövlətin dolsun.

Qazan xanın şəfqət qanı qeynədi

Buyruq verdi Qazan xan.

Bu günkü bəyliyim

Dəli ozanın olsun.

Yemək verin, yesin, içsin doyunca, yorulsun.

Don verin, çuxa verin,

arzuları yetsin sona.

Nə istərsə verin ona.

Bir də ürəyində dedi:

«Şəfqət qanım qaynadı,

Ürəyimdə sevgilərim oynadı,

Sanki Beyrəyi gördüm,

Sanki dəli ozan deyil,

sanki Beyrək qarşımdadı.»

Qazan dedi

Nə istərsən, istə məndən...

İşıq bir tərəfdə yanır.

Qazan xan düyündə oturub. Beyrək qarşısında. Bəylər toplaşıb.

Qazan. Şəfqət qanım qaynadı. Nə istərsən istə məndən.

Beyrək. (düşünür, düşünür, birdən bağırır). Qızların yanına getmək istərəm.

Bəylər hərəkətə gəlir. Beyrəyi tutmaq istərlər. Bəylər hiddətlidir.

Bəylər. Allah, allah, nə söylədin sən, dəli ozan?! De ki, bilmədim, ağzımdan çıxdı. De ki, qəlbimdən çıxmadı. Sən düyünə qanmı salmaq istirsən?!

Beyrək. Bəli, bəylər. Qızların yanına getmək istərəm. Mən qopuz çalam, ərə gedən qız qalxa, əl götürə oynaya istərəm. Mənim başqa məqsudim yox, biləsiniz.

Qazan (Beyrəyi diqqətlə süzür). Bəylər, qoyun haraya gedirsə getsin. Nə istərsə etsin. Bu günkü bəyliyim bunun olsun. Razı qaldınmı, dəli ozan?! (öz-özünə) Şəfqət qanım qaynadı, ürəyimdə nə vardısa oynadı, xatirələr oyandı... Dəli ozan, inağım Beyrəyə oxşadın. (elə bil, yuxudan oyanır.) Nə isə... Get, dəli ozan. Bu günkü bəyliyim sənindir.

Beyrək gizli göz yaşını silir, baş endirir. Sazını sinəsinə sıxıb çıxır.

Bəylər. Oyləmi?

Xor. Oylə, oylə.

8-ci hissənin sonu

9-cu hissə

Qadınların, qızların düyün yeri. Burla xatun, Banuçiçək, Boğazca Fatma, başqa oğuz qadınları yemək məclisindədirlər. Beyrək və Şirşəmsəddin daxil olurlar. Xatunlar bir-birinə qısılır.

Burla xatun. (ayağa qalxır, hirslə) Bu hələ kimdir, Şirşəmsəddin? Sizə düşərmi bitəklif buraya gələsiniz?

Şirşəmsəddin. Xanım, bu, bir dəli ozandır. Xanımızın qəlbinə necə girdisə, bugünkü bəyliyim bunun olsun dedi.

Burla xatun. Oyləmi?!

Şirşəmsəddin. Oylə, oylə, Burla xatun. Özü istədi, xatunların arasına gəlsin. Qazan xandan buyruq oldu. Nə istərsə etsin dedi.

Banuçiçək. Bu dəli ozan nə etdi ki, xanımızın qəlbinə girdi?

Beyrək. (Banuçiçəyin üzünə baxmadan) Beyrəyin oxun atdım, hədəf vurdum...

Qadınlar şaşqın.

Banuçıçək. (Beyrəyə) Beyrəyin oxun atdın? Sənmi?

Şirşəmsəddin. Atdı, xatun. Vurdu, xatun. Bu, bu...

Banuçiçək. O yayı çəkən yox, o oxu atan yox...

Beyrək. (yenə də kənara) Haqq-taala inayət etdi, xanım. Mən kiməm ki...

Burla xatun. Bəs bizdən istəyin nədir, ozan?! Bir məqsudin varmı?

Beyrək. Var, xanım.

Banuçiçək. Var imiş... Nədir sənin məqsudin?

Beyrək. Məqsudim odur ki, mən qopuzumu dilləndirim, ərə gedən qız qalxsın, oynasın. Məqsudim budur. Başqa bir şey istəmənəm.

Burla xatun. Elə bu?

Beyrək. Elə bu.

Banuçiçək. (yavaşdan Burla xatuna) Mən ömrümdə oynamam.

Burla xatun. Sən dur, qız. (Boğazca Fatmaya) qalx, qız, sən oyna. Nə biləcək dəli ozan?! (Beyrəyə) Ərə gedən qız budur. Çal çalacağını.

Boğazca əl qaldırıb bir az çalğısız oynayır.

Beyrək. Dur hələ. Evinizin ardı dərəcik deyilmiydi? İtinizin adı Bəraqcuq deyilmiydi? Sənin adın ...

Boğazca Fatma yerə oturur, əli ağzında. Hamı sükut içində.

Beyrək. Sənin adın qırx oynaşlı Boğazca Fatma deyilmiydi? Ərə gedən sən deyilsən. Ərə gedən qız neçin ayağa qalxmır?!

Fatma. Aman, aman... Bu bizdə ayıb qoymadı. (Banuçiçəyə) Dur, qız oynarsan oyna, oynamazsan çəhənnəmdə oyna. Bütün paxırlarımızı dəli ozan açdı, tökdü.

Burla xatun. (Banuçıçəyə) Nə edə billik?! Beyrəkdən sonra başına gələnləri bilməliydin. Dur, qız, gizlənməkdən keçdi daha.

Banuşişək qalxır, əl qaldırıb durur. Musiqi yox.

Banuçiçək. (İrəli çıxır) Çal, ozan. Ərə gedən qız mənəm. Çal, səninçün heç kimə oynamadığımı oynayacağam.

Beyrək. (diqqətlə Banuçiçəyi nəzərdən keçirir) Bəli, sənsən, xan qızı. Amma sənin barmağına nə olmuş? Niyə barmağını gizləyirsən? (ətrafdakılara) Xan qızının barmağı eyiblimidir gizlər?

Xatunlar. Biz görmədik. Biz bilmədik. Barmağına nə olmuş, qız? Göstərərmisən?

Banuçiçək ovucunu açır. Barmağında Beyrəyin taxdığı altun üzük görünür.

Banuçiçək. Heç bir eybim yox. Bax, baxdığın qədər. (Beyrək diqqətlə baxır) Yetərmi? İndi çal, ozan, daha məndə taqət qalmadı. Deməyə hacət qalmadı. Beyrək getdi, çəkmədiyim dərd qalmadı. Çal, ozan, çal, mən buna da dözərəm.

Beyrək saz çalır, Banuçiçək oynayır.

Beyrək (çala-çala oxuyur). Beyrək gedəli qarşı yatan dağ başına çıxdınmı, qız? Qarğı kimi qara saçın yoldunmu heç? Beyrək getdi, nerdə qaldı deyü ağladınmı? Güz alması tək al yanağın yırtdınmı? Gələn ilə gedəndən Beyrək nerdə sordunmu? On altı il nədir ki?! Nə tez oldu sən Beyrəyi unudalı?! Barmağındakı altun üzük sənin deyil, sən ki ərə varırsan, o üzük Beyrəyin üzüyüdür, ver onu mənə.

Banuçiçək. (oynamağını saxlayır, musiqi susur). Bəli, Beyrək gedəli hər gün yerdən uca yamaclara çox çıxdım, gedər-gəlməz yollara çox baxdım. Çox ağladım, çox sısqadım. Al yanağımı çox yırtdım. Gələn ilə gedəndən Beyrək nerdə çox sordum. Beyrək gedəli, erkək sinək üzərimə qondurmadım. Bu üzük həqqən Beyrəyin üzüyüdür. Sən kimsən ki?! Onu sənə verəməm.

Beyrək. Mənimkidir o üzük, xan qızı. Beyrək mənəm.

Banuçiçək. (Beyrəyə yaxınlaşır, diqqətlə ona baxır). Göz açıban gördüyüm, könül verib sevdiyim Beyrək... sən deyilsən. Üzük sənin deyildir. Amma əgər sənindir dersən, altun üzüyün çox nişanəsi vardır. Altun üzüyü istərsən, nişanələrini söylə. Nooldu?! Susursan...

Beyrək. (gülür) Ha-ha-ha... Xan qızı, mən sənin göy çəməndə tikdiyin çadırın üzərinə keyikləri yığmadımmı? Səninlə görüşmədikmi?! Demədinmi, ol qız elə adam deyildir, sənə görükməz. Demədinmi, gəl yarış edəlim. Mən dəxi sənə edəlim demədimmi? Sənin ilə meydanda at çapmadıqmı?! Boz ayğırım sənin atını keçmədimi?! Ox atanda mənim oxum sənin oxunu yarmadımı?! Gürəşdə mən səni basmadımmı?! Sonra...sonra nə oldu, onu da söyləyimmi?!

Beyrək danışdıqca Banuçiçək haldan hala düşür.

Banuçiçək (halsız). Yetər, yetər...

Beyrək. Yaxşı, daha söyləməm. Xatırladın qayət.

Xordan bir nəfər. İstərsəniz, yerdə qalanını biz söyləyəlim.

Xor. Xan qızı, xan qızı!

Sonunda Beyrək səni üç öpüb bir dişləmədimi?

Altun üzüyü barmağına keçirmədimi?!

Daha nəyi duymaq istərsən?!

Yenədəmi söyləyəlim?

Sevişdiyin Beyrək budur, bəlli bilgil.

Musiqi guruldayır və Banuçiçək taqətsiz Beyrəyin ayaqlarına yıxılır. Şirşəmsəddin tez çıxır.

Boğazca Fatma. Yəni, dəli ozan Beyrək imiş?!

Burla xatun. Yəni...

Qazan, ardınca Şirşəmsəddin, ardınca bəylər qaçaraq gəlirlər. Yalançı Beyrəyi görüncə səhnədən tələsik çıxır.

Şirşəmsəddin. (gələ-gələ) Mən duymuş idim, ağam Qazan. Bunun suyu əvvəldən mənə şirin gəldi. Beyrəyin ki, yayın çəkdi, oxun atdı... O zaman duydum.

Qazan. Mən inanırdım, mən inanırdım ki, o qayıdacaq. Babasına, anasına muştçu getsin. Düyünü yenidən başlayın. Gəl, igidim, gəl aslanım...

Musiqi. Qazan qollarını gen açır. Beyrəyi qucaqlamaq istəyir. Beyrək Banuçiçəyə sarılmış.

9-cu hissənin sonu

10-cu hissə.

İşıq səhnənin bir tərəfinə - Qazan xanın evinin üstünə düşüb. Qazan xan və Şirşəmsəddin.

Şirşəmsəddin. Xanım, deyirəm, bəlkə sabahkı yağmaya Dış Oğuzu da çağıraq?! Hələ vaxta var, yetişərlər.

Qazan. Yox, gecdir. Yetişməzlər.

Şırşəmsəddin. Xanım, biləsən, bərk narazılıq olacaq. Dış Oğuzdan üsyan qoxusu gəlir.

Qazan. Eyb etməz. Dostumuzla düşmanımızı yaxşıca tanırıq.

Şirşəmsəddin. Nə deyirəm?! Olsun. Amma... Bəlkə Dədə Qorquda məsləhət edəsən?

Qazan. Yox, igidim. Məsləhət yeri deyil. Sabah tezdən mən Burla xatunun əlindən tutub bu evdən çıxacağam. İç Oğuzda kim varsa, gəlsin, nə istir, bu evdən götürüb aparsın.

Şirşəmsəddin. Amma xanım...

Qazan. Amması yoxdur, aslanım. Aruz Qocanı sınamamız lazım. Bərk ayaqda bizim ona güvəncimiz ola bilir, yoxsa...

Şirşəmsəddin. O da düzdür. Yadındamı, sən Ala dağa ova çıxanda o səndən sordu: «Ordun üstə kimi qorsan?» Özünü istərdi. Sözü-söhbəti də eləcə oğlu Basatdı ki, Basat. Oğuzu Təpəgözün əlindən kim qurtardı? Basat. O zaman verin Basatın ödəncini. Elə Basat, Basat deyir...

Qazan. Oyləmi?

Şırşəmsəddin. Oylə, xanım, oylə.

Burla xatun gəlir.

Qazan. Xan qızı. Sabah evi yağmaladıram. Hazırmısan?

Burla xatun. Hazıram, Qazan.

Qazan. Gözün arxada qalmayacaq, oyləmi?

Burla xatun. Oylə, oylə.

Qazan. O zaman gedim, mən də hazırlanım.

İşıq sönür. Səhnənin o biri başında Aruz Qocanın evinin üstündə yanır. Aruz Qoca. Dış Oğuz bəylərindən Basat, Dəli Dondar, Dəli Qarcar və başqaları oturublar.

Aruz. Bəylər, biləsiniz. Qazan evini yağmalatdı. İç Oğuz bəylərini yağmaya çağırdı, amma Dış Oğuz bəylərini çağırmadı.

Bəylər. Ola bilməz! Olurmu? Necə belə bir iş tutar? Buna bir cavab verməmiz lazım...

Aruz. Mən Qazana düşmən kəsildim, biləsiniz.

Dəli Qarcar. Sənin dostuna dost, düşməninə düşmənik.

Dəli Dondar. Yığışalım, bəylər, yürüyəlim, ərənlər. Xoşluqla vermədiklərini zor ilə qılıncımızla alalım.

Basat. Yürüyəlim. Həpimiz burdayıq.

Aruz. Yox. Həpimiz deyilik. Beyrək bizdən qız almışdır. O da bizdən sayılır. Ona xəbər göndərmişəm, o da gəlsin.

Basat. Gələrmi?

Dəli Dondar. Gəlsə idi, Qazana ulu heyif edərdik.

Aruz. Gələr, gələr. Bizimlə olar, nə yaxşı. Olmazsa, mən onu tutaram, siz qılıncla vurarsınız.

Dəli Dondar. Beyrək gəlməz.

Beyrək gəlir.

Dəli Dondar. (təəccüblə) Beyrək gəldi. Xoş gəldin, Beyrək.

Aruz. Xoş gəldin, igidim.

Beyrək. Xoş bulduq. Aruz, məni çağırmışsan, gəldim. Məqsudin nə, sözün nəymiş?

Aruz. Bilirmisən, nələr oldu?! Beyrək, Beyrək. Qazan evini yağmalatdı. Hər dəfə yağmaya İç Oğuzla Dış Oğuzu bahəm çağırardı. Bu dəfə...

Beyrək. Bu dəfə...

Dəli Qarcar. Bizi çağırmadı.

Dəli Dondar. Olurmu heç?! Bizsiz olmaz.

Aruz. Biz Qazana düşmən olduq. Sən də bizimlə ol. Qoşul bizə.

Beyrək. Necə? Necə dedin?

Aruz. Xoşluqla vermədiyini zorla alaq.

Beyrək. Mən Qazanın əkməyini çox yemişəm. Bilməzsəm, gözümü tutsun. Mən sizinlə deyiləm, biəsiniz (getmək istəyir).

Aruz. Dayan, hara?

Dəli Dondar. Getmə, Beyrək.

Dəli Qarcar. Bizimlə ol.

Beyrək. Heç zaman.

Aruz. Bəs belə isə... (Beyrəyi qucaqlayır) Vurun bunu. (Bəylərin vurmağa əlləri qalxmır)

Basat. Al (Beyrəyi qılıcla vurub yaralayır.)

Beyrək (yaralı halda) Bilsəydim, mənə bunu edəcəyini, Aruz Qoca, mən buraya igidlərimlə gələrdim. Xəyanətlə ər öldürmək necə olur, görəcəksiniz. Mənim qanım yerdə qalmaz. Qazan sizin cəzanızı, əlbəttə ki, verəcəkdir.

İşıq sönür.

10-cu hissənin sonu

11-ci hissə

Xor.

Qazan xana Beyrək xəbərin verdilər.

Səxt oldu, ağladı, yas saxladı.

Bir gün bəylər dedilər

Beyrək ölüm ayağında

Qazan mənim qanım alsın demişdir.

Beyrək ölüm ayağında bir də bunu demişdir:

(birnəfəsə) Qiyamət günü mənim əlim Qazanın yaxasında olsun, əgər mənim intiqamımı almazsa.

Qazan xan qoşunun yığır

Dış Oğuza varıb gəlir.

Axşam düşür ağır-ağır

Dörd tərəfdən «Ya Allahım!»

Nidaları yüksəlir.

Qazan bir zərbə ilə Aruzu atından salır.

Qardaşı Qaragünə başın kəsir Aruzun.

«Allah-allah» nidaları

Asimana ucalır.

Beyrək isə öz evində

Yatağında uzanmış.

Bir azdan son səfərə

Gedəcəkdir.

Başı üstə dayanmış

O qız Banuçiçəkdir.

Səhnənin bir tərəfində Beyrək evində yatağına uzanmış.. Başının bir tərəfində Banuçiçək.

Banuçiçək. Bir az da döz, xanım yigit. Bir az dəxi toparla özünü.

Beyrək. Qazan mənim intiqamım aldı demək. İndi rahat o dünyaya getmək olar.

Banuçiçək. Aldı, aldı Qazan sənin intiqamını. Aruz Qoca başından oldu. Dış Oğuz zəbun oldu. Dış Oğuz bəyləri bir-bir Qazandan üzr dilədilər, qılıncı altından keçdilər.

Beyrək. Oh, Ah...Bəri gəlgil, başım baxtı, evim taxtı. Qadınım, dirəyim, döləyim. Mən gedər oldum, biləsən. Ağlama. Heç bir kimsə bu dünyanı tutub durmaz. Bu, bizim biləsən, son görüşdür. Sağ-salim qal, sevdiyim. Məni xatırla... (ölür).

Banuçiçək. (göz yaşını zorla tutur). Mən səni xatırlamam. Mən səni unutmayacağam ki, xatırlayım. Səni mən unutmaram. Yolun açıq olsun, get. (birdən hönkürür) Vay, al duvağım yiyəsi. Vay alnım, başım umudu. Vay şah igidim. Vay şahbaz igidim...

Həzin musiqi səslənir. Kafir qızı peyda olur, o da Beyrəyin yatağının bu biri başında durur. Kafir qızı və Banuçiçək Beyrəyin əllərindən tutub yataqdan qaldırırlar. Üçünün rəqsini vida rəqsi də adlandırmaq olar.

Dədəm Qorqud gəlir. Əlindəki

qopuzu sinəsinə sıxır.

Qorqud Yum verəyin dəxi, bəylər.

Qadir tanrı namərdə sizi möhtac etməsin.

Çapar ikən atınız büdrəməsin.

Yerli qara dağlarınız yıxılmasın.

Kölgəlicə ağacınız kəsilməsin.

Haqq yandıran çırağınız yana dursun.

Daima odlana-odlana dursun.

Beyrək haqqa vasil oldu.

Ürəklər qan ağladı,

gözlər doldu.

göz yaşları qurumaz,

üzlər gülməz.

Amma bilin, bunu bilin:

əzəldən yazılmasa qul başına qəza gəlməz.

Bəylər, bəylər, a bəylər!

Qanı dediyim bəy ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya yenə qaldı.

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya.

Xor. Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya.

Qanı dediyim bəy ərənlər

Dünya mənim deyənlər?!

Əl aqibət, uzun yaşın ucu ölüm,

axırı ayrılıqdır.

Ayrılıqdan qorusun tanrım sizi.

Heç neyləyim deməyəsiz.

Sevəsiz, seviləsiz.

Yenə də, həmişə

sevəsiz, seviləsiz,

Sevəsiz, seviləsiz...

Musiqi sədaları altında Beyrək, Banuçiçək və kafir qızı öz vida rəqslərini davam edərkən

SON

Yubiley törəni: Kənan Hacı - 50 Bəhram Osmanov: "Məni yordular, ərizəmi yazıb çıxdım..." - Müsahibə Azərbaycan milli pavilyonu “Ekspo 2025”də
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see207

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see135

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see130

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see119

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see118

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see113

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see110

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see109

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see109

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see108

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see108

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see107

Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək?

11 Aprel 2025 01:24see107

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri