Bacısının qayınanasına daşla xəsarət yetirən şəxslə bağlı qərar çıxarıldı
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Xudayar Məmmədzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin olunmayıb, Masallı Rayon Məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib. Xudayar Məmmədzadənin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
İttihama görə, hadisə ötən il Masallı rayonu Sığdaş kəndində qeydə alınıb.
Belə ki, Xudayar Məmmədzadə bacısının yaşadığı evdə qadının həyat yoldaşı ilə aralarında baş vermiş ailədaxili mübahisəyə müdaxilə etmək məqsədilə ora gedib. Bu zaman o, bacısının qayınanası, zərərçəkmiş Həlimə Səfərova (adı, soyadı şərtidir) ilə əvvəlcə sözlə mübahisə edib. Onu sakitləşdirib həyətdən küçəyə çıxartmaq istəyərkən Xudayar zərərçəkmiş şəxsin və ailə üzvlərinin ünvanına ucadan söyüşlər söyməklə təhqir edib. Sonra o, Həlimə Səfərovanın üzərinə hücum edib yerdən əlinə götürdüyü daş parçasını qadının sağ ayağı tərəfinə yaxın məsafədən qəsdən ataraq, ona sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilib və o, 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.
Kamal Məmmədov


