Icma.az
close
up
RU
Badamdarda yeni sürüşmə həyəcanı

Badamdarda yeni sürüşmə həyəcanı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Təbiətin xəbərdarlığı ciddi təhlükənin yaxınlaşdığını diktə edir

Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsi, 20-ci sahə adlanan ərazidə baş verən sürüşmə prosesi yenidən ciddi narahatlıq doğurub. Ərazinin torpaq qatının hərəkətində aktivləşmənin yeni mərhələyə keçməsi, çatların genişlənməsi və yaşayış evlərinin həyətlərində deformasiyaların yaranması təhlükənin miqyasını bir daha gündəmə gətirib. 

Məsələnin ən ciddi tərəfi isə sürüşmə zonasının bilavasitə yaşayış məntəqələrinin yaxınlığında yerləşməsi və insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmasıdır. Mövcud vəziyyət təxirəsalınmaz təhlükəsizlik tədbirlərinin görülməsini, eləcə də uzun illər həllini tapmayan bu problemin elmi əsaslarla və kompleks şəkildə aradan qaldırılmasını zəruri edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN əməkdaşlarının iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış keçirilərək ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyənləşdirilib. Bununla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciət ünvanlanıb. Müraciətdə sürüşmə prosesinin dinamikasının və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, burada yaşayan insanların təhlükəsiz yerlərə təxliyəsi, eləcə də yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tövsiyə edilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən də hadisə yerində araşdırma və monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən, ərazidə sürüşmə prosesinin aktivləşdiyi, torpaq səthində yaranmış çatların genişləndiyi müəyyənləşdirilib. 

Bu faktlar göstərir ki, mövcud vəziyyətə təkcə müşahidə və qiymətləndirmə baxımından yanaşmaq kifayət deyil. Sürüşmənin inkişaf dinamikasının izlənilməsi, təhlükə zonasının dəqiq müəyyənləşdirilməsi və təhlükə altındakı yaşayış evləri ilə obyektlərin qorunması istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır.

Təhlükənin miqyası artır

Badamdarın 20-ci sahəsində yaranmış vəziyyət, ilk növbədə, burada yaşayan insanların gündəlik həyatına təsirsiz ötüşmür. Sakinlərin məlumatına görə, sürüşmə nəticəsində yaşayış evlərindən birinin həyəti ikiyə ayrılıb. Torpaq səthindəki çatların genişlənməsi və ərazidə müşahidə olunan dəyişikliklər yaxınlıqda yaşayan vətəndaşlarda ciddi narahatlıq yaradıb. Əhali haqlı olaraq hadisənin hansı miqyasda davam edəcəyini, yaşayış evlərinin təhlükə altında olub-olmamasını və növbəti mərhələdə hansı tədbirlərin görüləcəyini bilmək istəyir.

Sakinlərin bildirdiyinə görə, təxminən, 5 il əvvəl də həmin ərazidə oxşar sürüşmə hadisəsi baş verib, torpaq qatı qoparaq yola tökülüb. Deməli, söhbət birdəfəlik və təsadüfi təbiət hadisəsindən deyil, müəyyən dövrlərdə yenidən aktivləşən geoloji prosesdən gedir. Bu baxımdan, hazırkı vəziyyət keçmiş hadisələrin təcrübəsi əsasında da qiymətləndirilməli, sürüşmənin təkrarlanma səbəbləri və onun qarşısını almaq üçün görülmüş tədbirlərin nəticələri ətraflı araşdırılmalıdır.

Əslində, Badamdarda sürüşmə təhlükəsinin mövcudluğu yeni məsələ deyil. Müxtəlif illərdə burada baş verən torpaq hərəkətləri, yamaclarda yaranan çatlar və kommunikasiya xətlərinin zədələnməsi problemin uzunmüddətli xarakter daşıdığını göstərir. Hər dəfə təhlükə artdıqda əhalinin köçürülməsi, ayrı-ayrı tikililərin sökülməsi və mühəndis-kommunikasiya xətlərinin ərazidən çıxarılması kimi tədbirlər həyata keçirilsə də, prosesin təkrar aktivləşməsi problemin köklü həllinə ehtiyac duyulduğunu təsdiqləyir.

Təbii səbəblər və insan amili

Ekoloq Hüseyn Qurbanovun sözlərinə görə, Badamdarda sürüşmə prosesi hələ də aktiv olaraq qalır. Buna görə də əhalinin təhlükəsizliyinin təmin edilməsinə, qabaqlayıcı tədbirlərin görülməsinə ciddi ehtiyac duyulur. Onun fikrincə, zərurət yaranarsa, əhali əvvəlcədən xəbərdar edilməli və təhlükəli ərazidən təxliyə olunmalıdır. Sürüşmənin insanların həyətlərinə də ciddi ziyan vurması bu narahatlığı daha da artırıb. 

Hüseyn Qurbanov bu hadisənin müəyyən dövrlərdə təkrarlanan proses olduğunu bildirir və Badamdarın təbii xüsusiyyətlərinə görə sürüşməyə meyilli ərazi olduğunu diqqətə çatdırır. Qeyd edir ki, intensiv yağışların sürüşmə prosesini daha da aktivləşdirməsi mümkündür. 2000-ci və 2018-ci illərdə də həmin ərazidə sürüşmə hadisəsinin qeydə alınması bu fikrin bariz ifadəsidir. Müxtəlif vaxtlarda insanların köçürülməsi, kommunikasiya xətlərinin ayrılması və təhlükəli tikililərin sökülməsi kimi tədbirlər görülsə də, problemin aradan tam qaldırılmaması da faktdır. 

Ekoloqun diqqət çəkdiyi digər mühüm məqam isə sürüşməyə meyilli ərazilərdə yaşıllıqların salınmasıdır. Onun qənaətinə görə, belə sahələrdə kök sistemi torpağı möhkəmləndirə bilən bitkilərin əkilməsi məqsədəuyğundur. Həqiqətən də, yamaclarda bitki örtüyünün qorunması və bərpası torpaq eroziyasının zəiflədilməsi, səth axınının tənzimlənməsi və torpaq qatının müəyyən dərəcədə sabitləşdirilməsi baxımından əhəmiyyətlidir.

Lakin burada bir məsələni də nəzərə almaq lazımdır. Belə ki, sürüşmənin qarşısının alınması təkcə ağac və digər bitkilərin əkilməsi ilə mümkün deyil. Bitki örtüyü mühüm təbii qoruyucu amil olsa da, aktiv sürüşmə zonalarında geoloji quruluş, qrunt sularının səviyyəsi, yamacın meyilliliyi, torpaq qatlarının xüsusiyyətləri və yeraltı suların hərəkəti kimi amillər kompleks şəkildə öyrənilməlidir. Zəruri hallarda drenaj sistemlərinin qurulması, yamacların mühəndis üsulları ilə möhkəmləndirilməsi, su axınlarının tənzimlənməsi və digər geotexniki tədbirlər həyata keçirilməlidir.

Bu baxımdan, Hüseyn Qurbanovun yaşıllaşdırma təklifi problemin həlli üçün ümumi tədbirlər kompleksinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilməlidir. Əsas məsələ isə hər bir ərazinin geoloji xüsusiyyətlərinə uyğun elmi və mühəndislik həllərinin seçilməsidir.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev də Badamdarda baş verən hadisənin təsadüfi xarakter daşımadığını, Azərbaycanın, ümumilikdə, sürüşməyə meyilli ərazilərə malik olduğunu bildirir. Alimin fikrincə, ölkəmizdə sürüşmə zonaları kifayət qədər geniş coğrafiyanı əhatə edir. Masazırdan Lerikə qədər müxtəlif ərazilərdə belə proseslərin baş verməsi mümkündür. Buna görə də sürüşmə hadisələrinə təkcə konkret yaşayış məntəqəsinin problemi kimi yanaşmaq düzgün deyil.

Şahvələd Əliyev Badamdarda sürüşmənin əvvəllər də baş verdiyini və gələcəkdə də təkrarlana biləcəyini vurğulayaraq, bu sahədə ciddi elmi araşdırmaların aparılmasının zəruriliyini qeyd edir. Onun qənaətinə görə, ərazinin dərin geoloji qatları öyrənilməli, torpaq sürüşmələrinin yaranma mexanizmləri müəyyənləşdirilməli, təhlükəli sahələrdə tikinti və məskunlaşma məsələlərinə yenidən baxılmalıdır. Alim, eyni zamanda, bəzi ərazilərdə evlərin və binaların yerləşdiyi sahələrin yaşıllıq və meşəliklərə çevrilməsinin önəmini də diqqətə çatdırır.

Ekspertin toxunduğu digər məsələ isə Bakının və Abşeron yarımadasının uzun illər davam edən təsərrüfat fəaliyyəti, xüsusilə neft hasilatı ilə bağlıdır. Onun fikrincə, 1928-ci ildən etibarən neft çıxarılması torpağın geoloji strukturuna təsir göstərən amillərdən biri olub. Bu məqam da ərazinin geoloji vəziyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.

Əlbəttə, sürüşmənin konkret səbəblərini təkcə ümumi mülahizələrlə müəyyənləşdirmək mümkün deyil. Bunun üçün ərazinin ­geoloji və hidrogeoloji xüsusiyyətləri, əvvəlki təsərrüfat fəaliyyəti, qrunt sularının səviyyəsindəki dəyişikliklər, yağıntıların intensivliyi və insan müdaxiləsinin təsiri elmi əsaslarla araşdırılmalıdır. Xüsusilə yeraltı suların hərəkəti və torpaq qatlarının su ilə doyması sürüşmə proseslərinin aktivləşməsində mühüm rol oynaya bilər. Şahvələd Əliyevin fikirləri bir daha göstərir ki, Badamdardakı hadisə təkcə yerli miqyaslı fövqəladə vəziyyət kimi deyil, paytaxtın geoloji təhlükəsizlik məsələlərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Bir də yağıntılar...

Payız-qış mövsümündə intensiv yağışların yağması Badamdar kimi sürüşməyə meyilli ərazilərdə təhlükəni daha da gücləndirir. Yağıntı sularının torpağın dərin qatlarına nüfuz etməsi, qrunt sularının səviyyəsinin yüksəlməsi və yamaclarda suyun düzgün istiqamətləndirilməməsi torpaq kütləsinin dayanıqlığını zəiflədir. Xüsusilə əvvəlki dövrlərdə çatların yarandığı və torpaq qatlarının hərəkət etdiyi sahələrdə bu narahatlıq daha ciddi xarakter alır.

Bununla yanaşı, yamaclarda aparılan tikinti işləri, torpaq qatının kəsilməsi, ağır konstruksiyaların yerləşdirilməsi, kanalizasiya və su xətlərindən sızmalar, yağış sularının nizamsız axıdılması da sürüşmə təhlükəsini gücləndirir. Əgər ərazidə drenaj infrastrukturu yetərli deyilsə, yağıntı sularının torpaqda toplanması sürüşmə prosesinin inkişafına əlavə şərait yaradır.

Ona görə də Badamdarın 20-ci sahəsində təkcə hazırda müşahidə olunan çatların ölçülməsi ilə kifayətlənmək olmaz. Ərazidə su təchizatı, kanalizasiya və digər kommunikasiya xətlərinin vəziyyəti də yoxlanılmalı, mümkün sızmalar müəyyənləşdirilməli, səth sularının təhlükəsiz istiqamətə yönəldilməsi gerçəkləşdirilməlidir. Sürüşmə zonasının yaxınlığında yerləşən bütün tikililər texniki baxışdan keçirilməli, təhlükəlilik dərəcəsi yüksək olan obyektlər barədə müvafiq qərarlar qəbul edilməlidir.

Ekspertlərin fikrincə, hazırda ən mühüm məsələ insanların həyat və sağlamlığının qorunmasıdır. FHN-in aidiyyəti qurumlara müraciəti də məhz bu zərurətdən irəli gəlir. Sürüşmə prosesinin aktiv fazada olduğu müəyyənləşdirildiyi halda, ərazidə yaşayan insanların təhlükəsizliyi ilə bağlı qərarların gecikdirilməsi yolverilməzdir. Təhlükəli zonada yaşayan vətəndaşların əvvəlcədən məlumatlandırılması, zərurət yarandıqda təxliyə edilməsi, yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti dayandırılması və əraziyə giriş-çıxışın nəzarətə götürülməsi zəruridir.

Bununla yanaşı, təxliyə tədbirləri təkcə müvəqqəti təhlükəsizlik addımı kimi nəzərdən keçirilməməlidir. Sürüşmə riski yüksək olan sahələrdə yaşayışın davam etdirilməsinin mümkünlüyü hər bir tikili və torpaq sahəsi üzrə mütəxəssis rəyi əsasında müəyyənləşdirilməlidir. Əgər hər hansı evin yerləşdiyi ərazidə geoloji sabitliyin təmin olunması mümkün deyilsə, həmin tikilinin gələcək taleyi ilə bağlı hüquqi və sosial mexanizmlər işlənib hazırlanmalıdır. Bu zaman sakinlərin mənzil hüquqları, əmlak maraqları və sosial müdafiəsi də diqqətdən kənarda qalmamalıdır.

Digər tərəfdən, Badamdar və paytaxtın digər sürüşmə təhlükəli ərazilərində vahid monitorinq sisteminin yaradılması məqsədəuyğun olardı. Müasir texnologiyaların tətbiqi ilə torpaq qatının hərəkət sürətini, çatların genişlənməsini, yamacların deformasiyasını və qrunt sularının səviyyəsini fasiləsiz izləmək mümkündür. Peyk müşahidələri, ­geodeziya ölçmələri, xüsusi sensorlar və digər rəqəmsal vasitələr təhlükənin ilkin əlamətlərini vaxtında müəyyənləşdirməyə kömək edə bilər.

Vaqif BİNYATOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri