Bakı Bratislava Daha dərin əməkdaşlığa doğru
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Pərvanə SULTANOVA
[email protected]
Azərbaycanla bir sıra Avropa ölkələri arasında xüsusi münasibətlər mövcuddur ki, onlardan biri də Slovakiyadır. İki ölkənin münasibətləri diplomatik əlaqələrin qurulmasından bu yana qarşılıqlı hörmət və tərəfdaşlıq ruhunda inkişaf edir. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, 1993-cü ildə isə iki ölkə arasında rəsmi olaraq diplomatik münasibətlər qurulub. Qarşılıqlı olaraq səfirliklərin açılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilə əlaqələr daha da intensivləşib.
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafında, strateji tərəfdaşlığın güclənməsində tarixi əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından olduqca önəmlidir. Səfər çərçivəsində dövlət başçılarının mətbuata birgə bəyanatları Azərbaycan və Slovakiya əməkdaşlıq gündəminin nə qədər geniş və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi, texnologiya, investisiya və bir sıra digər istiqamətlərdəki müzakirələr, mövcud əməkdaşlıq imkanları münasibətlərdə yeni səhifə açır.
Hələ ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitso Bakıda səfərdə olarkən bəyan etdi ki, iki ölkə əməkdaşlığını genişləndirməlidir. O, xüsusilə hərbi sahədə əməkdaşlığın önəmini vurğulayıb. Baş nazir deyib ki, Azərbaycanda birgə istehsal sahələrinin yaradılması fikri hər kəs üçün cəlbedici olmalıdır. Bunun müəyyən detalları müzakirə olunub və Bratislava bu layihələrin uğurlu olması üçün əlindən gələni edəcək. Söhbət Slovakiyanın xaricindəki istehsal sahələrindən gedir. Eyni zamanda, Baş nazir Slovakiyanın Azərbaycandan qaz almaq istəyini də ifadə etmişdi. Ötən il iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə də imzalanıb ki, bu, əlaqələrin yüksək səviyyəyə qaldırılmasını, dərinləşdirilməsini ehtiva edən mühüm bir sənəddir.
Dövlət başçısının dekabrın 8-də Slovakiyaya rəsmi səfəri zamanı səsləndirilən bəyanatlar, imzalanan sənədlər bir daha tərəflərin əlaqələrin inkişafında marağını ifadə edir.
Səfər çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Slovakiya Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” imzalanıb.
Slovakiya Prezidenti Peter Pelleqrini bəyan edib ki, ölkəsi Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir: “Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır”.
Prezident Pelleqrini gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlığın qurulacağı sahələri də açıqlayıb. Bunlar müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdir. Bu bir daha onu göstərir ki, Slovakiya tərəfi uzunmüddətli perspektivdə Azərbaycanı özünün strateji tərəfdaşı olaraq görür.
Səfər zamanı diqqətdə olan mövzulardan biri də müdafiə sənayesi idi. Prezident Pelleqrini bu sahəyə toxunaraq deyib: “Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik”.
Bu bəyanat onu göstərir ki, Slovakiya Azərbaycanı təkcə alıcı olaraq görmür müdafiə sahəsində daha sıx çalışmaqda maraqlıdır.
Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığa toxunaraq deyib: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Dövlət başçısı enerji əməkdaşlığına da toxunaraq deyib ki, zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb: “Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur”.
Qeyd edək ki, 2023-cü ildə Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Bu, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşmasında mühüm addım olmaqla Azərbaycan qazının alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edir. “Həmrəylik Halqası” Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaratdı. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu artırdı.
Nəqliyyat, bağlantılar, o cümlədən informasiya texnologiyaları sahəsi də danışıqlarda mərkəzi mövzulardan olub. Azərbaycanın nəqliyyat-logistika, kommunikasiya sahəsində rolu getdikcə artır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, həm də Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrutu təmin edir.
İT sahəsinə gəldikdə isə, Azərbaycan burada da önəmli rol oynaya bilər. Bakı beynəlxalq data mərkəzləri habı kimi öz rolunu görür və bu sahədə Slovakiya şirkətləri ilə çalışmaq niyyətini bəyan edib.
Əməkdaşlığın bir əhəmiyyətli istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra edilir. Bu həm də əlaqələrin səviyyəsini göstərir.
Slovakiya həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür, Azərbaycan isə Cənubi Qafqazın əsas ölkəsi olmaqla mühüm geostrateji mövqeyə, tranzit imkanlarına malikdir. Üstəgəl, dostluq münasibətləri, ortaq perspektiv baxışlar iki ölkənin strateji tərəfdaşlığıda yeni mərhələ açır.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Prezidentin Slovakiyaya səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan daha geniş – qlobal əməkdaşlıq mərhələsinə keçdiyini göstərdi. Onun sözlərinə görə, səfərin əsas istiqamətlərindən biri enerji əməkdaşlığı oldu: "2024-cü ildə Azərbaycan qazının ilk dəfə Slovakiyaya çatdırılması mühüm hadisə kimi qiymətləndirildi və qaz təchizatının həcminin artırılması, uzunmüddətli müqavilələrin bağlanması barədə razılıq əldə edildi. Azərbaycanın artan enerji potensialı gələcəkdə Slovakiyaya və onun qonşularına daha böyük həcmdə qaz ixracını mümkün edəcək.
İqtisadi münasibətlər də diqqət mərkəzində olub. Birgə iqtisadi işçi qrupunun fəaliyyətinin genişləndirilməsi, Slovakiya şirkətlərinin Azərbaycanda infrastruktur, sənaye, kənd təsərrüfatı və digər sahələrdə layihələrə cəlb edilməsi müzakirə edilib. Qarşılıqlı investisiyaların artırılması hər iki ölkə üçün yeni iqtisadi imkanlar açır. Müdafiə sənayesi sahəsində tərəflər texnologiya transferi, birgə istehsal və yeni layihələr üzərində əməkdaşlıq imkanlarını araşdırır. Slovakiyanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycanda keçirilən qələbə günü tədbirlərində iştirakı iki ölkə arasındakı dostluğun dərinliyini göstərib. Nəqliyyat və Orta Dəhliz çərçivəsində əməkdaşlıq da mühüm istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas qovşağına çevrilərək Slovakiya üçün yeni tranzit və logistika imkanları yaradır. Orta Dəhliz üzərində işin gücləndirilməsi ticarətin və əlaqələrin daha da inkişafına xidmət edəcək.
Rəqəmsal texnologiyalar, data mərkəzləri, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq geniş perspektiv vəd edir. Azərbaycanın enerji imkanları və infrastruktur potensialı Slovakiya texnologiyaları ilə birləşərək innovativ layihələr üçün əlverişli şərait yaradır. Azərbaycan-Slovakiya əməkdaşlığı həm ikitərəfli münasibətlərin inkişafına, həm də Avropa-Qafqaz əlaqələrinin genişlənməsinə töhfə verir. Slovakiya Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığında mühüm körpü rolunu oynayır. Enerjidən sənayeyə, rəqəmsal texnologiyalardan mədəniyyətə qədər geniş sahələri əhatə edən bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək və hər iki ölkə üçün böyük faydalar verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 11 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















