Bakı, Daşkənd və Aşqabadın ortaq geosiyasi imzası
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Türk coğrafiyasının üç dayağı eyni strateji hədəfə yönəlir
Bakıda Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycan dilində nəşr olunmuş “Türkmənistanın bitərəfliyi – sülh və etimadın işıqlı yolu” kitabının təqdimat mərasimi regional diplomatiya baxımından mühüm siyasi mesajlarla yadda qaldı. Mərasimdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirdi ki, Azərbaycan, Özbəkistan və Türkmənistan arasında əlaqələrin daha da yaxınlaşması regionda sülh, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq məkanının formalaşmasına töhfə verəcək. Mədəni-diplomatik formatda keçirilən tədbir, əslində, Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasındakı yeni geosiyasi konfiqurasiyanı əks etdirir. Üç qardaş dövlətin siyasi iradəsinin uzlaşması Avrasiyanın mərkəzi hissəsində xarici təzyiqlərdən azad sabitlik zonasının yaradılmasına xidmət göstərir.
Türkmənistan Prezidentinin kitabının məhz Bakıda və Azərbaycan dilində işıq üzü görməsi iki ölkə arasındakı yüksək siyasi etimadın göstəricisidir. Kitabın əsas mövzusunu təşkil edən Türkmənistanın daimi bitərəflik statusu 12 dekabr 1995-ci il tarixində BMT Baş Assambleyasının xüsusi qətnaməsi ilə tanınıb. Həmin beynəlxalq hüquqi status Aşqabadın xarici siyasət doktrinasının təməl daşıdır. Lakin Türkmənistanın bitərəfliyi siyasi təcrid xarakteri daşımır. Əksinə, Türkmənistan rəhbərliyinin həyata keçirdiyi pozitiv bitərəflik xətti regional dialoqun qorunmasına, dövlətlərarası münaqişələrin sülh yolu ilə tənzimlənməsinə yönəlib. Həmin yanaşma rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətlə tam uzlaşır.
Regional inteqrasiya kontekstində Türkmənistanın Türk Dövlətləri Təşkilatındakı mövqeyi xüsusi siyasi həssaslıqla dəyərləndirilir. Türkmənistan TDT-nin tamhüquqlu üzvü sayılmır, təşkilatda müşahidəçi dövlət statusuna malikdir. Aşqabadın məhz müşahidəçi statusunu seçməsi onun konstitusion daimi bitərəflik öhdəliklərindən irəli gəlir. Qeyd edilən hüquqi statusa baxmayaraq, qardaş ölkə türk dünyasının siyasi, mədəni və humanitar əlaqələrinin genişlənməsində fəal iştirak edir. Azərbaycan və Özbəkistan Türkmənistanın suveren seçiminə dərin hörmətlə yanaşırlar. İki strateji müttəfiq Aşqabadın müşahidəçi formatı çərçivəsində ümumtürk həmrəyliyinə töhfə verməsi üçün əlverişli diplomatik şərait yaradır.
Səfir Bahrom Aşrafxanovun çıxışında diqqət çəkən məqamlardan digəri Daşkəndin Bakı ilə münasibətlərə verdiyi strateji dəyər oldu. Diplomat qeyd etdi ki, Özbəkistan tarixi, mənəvi və mədəni yaxınlığa, qarşılıqlı dəstəyə və strateji maraqların uzlaşmasına əsaslanan Azərbaycanla strateji tərəfdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. 2026-cı il avqustun 23-də Daşkənddə imzalanmış və noyabrın 3-də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilmiş Əbədi Dostluq haqqında Müqavilə iki dövlətin siyasi ittifaqını ən ali hüquqi səviyyəyə qaldırdı. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyevin qətiyyətli liderliyi sayəsində Bakı-Daşkənd oxu bütöv türk coğrafiyasının əsas siyasi dayağına çevrilib.
Azərbaycan, Özbəkistan və Türkmənistan arasındakı üçtərəfli format artıq institusional təməllər üzərində formalaşır. 2025-ci il avqustun 22-də Türkmənistanın Avaza milli turizm zonasında keçirilmiş yüksək səviyyəli üçtərəfli zirvə görüşü yeni regional arxitekturanın əsasını qoydu. Həmin toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov regional əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirdilər. Üçtərəfli dialoq strukturu dövlətlərin siyasi maraqlarını vahid regional sabitlik çərçivəsində uzlaşdırır. Bakı, Daşkənd və Aşqabadın yüksək səviyyəli koordinasiyası Avrasiya diplomatiyasında keyfiyyətcə yeni presedent yaradır.
Regional inteqrasiyanın genişlənməsini nümayiş etdirən digər mühüm hadisə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü oldu. Azərbaycanın Mərkəzi Asiya liderlərinin məşvərət formatına tamhüquqlu iştirakçı kimi qoşulması Cənubi Qafqazla Mərkəzi Asiya arasında geosiyasi və strateji inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. 2027-ci ildə bu mötəbər formata Azərbaycanın sədrlik edəcəyi isə ölkəmizin regionlararası əməkdaşlığın aparıcı qüvvələrindən birinə çevrildiyini təsdiqləyir. Türkmənistan və Özbəkistanın Azərbaycanın formata qoşulmasını yekdilliklə dəstəkləməsi iki region arasında siyasi həmrəyliyin və qarşılıqlı strateji maraqların gücləndiyini nümayiş etdirir. Beləliklə, Mərkəzi Asiya və Cənubi Qafqazın vahid strateji koordinasiya məkanında birləşməsi regional təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və kənar güclərin bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına mühüm zəmin yaradır.
Xəzər dənizinin hüquqi statusu və hövzədə təhlükəsizlik məsələləri Bakı ilə Aşqabadın siyasi yaxınlaşmasında müstəsna yer tutur. 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiya və 2021-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış "Dostluq" yatağı üzrə anlaşma memorandumu uzun illər davam edən fikir ayrılıqlarına son qoydu. İki sahilyanı dövlətin xarici vasitəçilər olmadan, bilavasitə diplomatik danışıqlarla konsensus əldə etməsi beynəlxalq hüquqda nadir rast gəlinən müsbət təcrübədir. Xəzər hövzəsində sabitliyin təmin olunması sahilyanı dövlətlərin suveren maraqlarının qorunmasına xidmət göstərir. Xəzər dənizinin sülh və əməkdaşlıq hövzəsinə çevrilməsi Özbəkistanın da qərb istiqamətinə çıxışını siyasi cəhətdən sığortalayır.
Üç dövlətin xarici siyasət doktrinalarını yaxınlaşdıran əsas amil suveren qərarvermə hüququnun qorunmasıdır. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə apardığı müstəqil siyasət, Özbəkistanın açıq qonşuluq kursu və Türkmənistanın daimi bitərəfliyi eyni fəlsəfi əsasa söykənir. Bakı, Daşkənd və Aşqabad heç hansı hərbi blokun tərkibinə daxil olmur və kənar güclərin diktəsinə boyun əymirlər. Dövlətlərin daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünə hörmət prinsipləri üç paytaxtın diplomatik fəaliyyətinin dəyişməz meyarlarıdır. Qlobal qütbləşmə şəraitində həmin müstəqil xətt regional dövlətlərin siyasi suverenliyini qoruyur.
Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üçtərəfli tərəfdaşlığın qlobal əhəmiyyətini artırır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və AQEM kimi platformalarda Azərbaycan, Özbəkistan və Türkmənistan daim ortaq mövqelər nümayiş etdirirlər. 14-15 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə Mərkəzi Asiya dövlətlərinin nümayəndələri Azərbaycanın sədrliyinin 2026-2028-ci illərədək uzadılmasını dəstəklədilər. Eyni zamanda, Bakı və Daşkənd Türkmənistanın BMT çərçivəsində irəli sürdüyü sülh və etimad təşəbbüslərinə mütəmadi səs verirlər. Həmin koordinasiya qərəzli beynəlxalq qətnamələrin qarşısını almaqda təsirli vasitədir.
Qarşıdakı illərdə Azərbaycan-Özbəkistan-Türkmənistan üçbucağının institusional gücü daha da artacaq. 2027-ci ildə Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına sədrlik edəcəyi nəzərə alınarsa, rəsmi Bakının Daşkənd və Aşqabadla siyasi koordinasiyası xüsusi aktuallıq qazanır. Üç dövlətin nümayiş etdirdiyi konstruktiv tərəfdaşlıq Avrasiyada regional sabitlik modelini formalaşdırır.
Yusif Şərifzadə
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















