Bakı ilə İrəvanın iqtisadi dialoqu Kreml və Tiflisi niyə qorxudur: Qafqazda sülhə açılan enerji qapısı nı kim sabotaj edir
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda onilliklər boyu hərbi-siyasi qarşıdurma üzərində qurulan regional düzən tədricən yeni — iqtisadi-ticari və kommunikativ mərhələyə qədəm qoyur. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsinin Qəbələdə müzakirə olunduğunu təsdiqləməsi bu transformasiyanın ən diqqətçəkən göstəricilərindən biridir. Bu açıqlama yalnız mümkün enerji ticarəti faktı deyil, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçə biləcəyinə dair mühüm siyasi mesajdır.
Onu da qeyd etmək lazımdır ki, Mqer Qriqoryanın “əməkdaşlıq üçün imkan var” ifadəsi siyasi-diplomatik baxımdan, son dərəcə ölçülüb-biçilmiş, ancaq məzmun etibarilə olduqca dərin geopolitik mesaj daşıyır. Çünki Ermənistan tərəfi açıq şəkildə bildirir ki, enerji məsələsində artıq dövlətlərarası siyasi sazişlər deyil, məhz bazar prinsipləri əsasında formalaşan özəl sektor əməkdaşlığı ön plana keçməyə başlayıb.
Belə anlaşılır ki, birincisi, Ermənistan faktiki olaraq, Azərbaycanın regional enerji oyunçusu statusunu qəbul edir. Eyni zamanda, rəsmi İrəvan bu sahədə Ermənistan üçün alternativlərin məhdud olduğunu etiraf etmək məcburiyyəti ilə də barışıb. Və digər tərəfdən isə Azərbaycan üçün bu proses geopolitik risk daşımadan, iqtisadi təsir alətlərini daha da genişləndirmək imkanı yaradır.
Eyni zamanda, erməni nazir müavininin neftin “bazar dəyərinə” satılacağını vurğulaması Ermənistanın Rusiyadan enerji asılılığı modelindən tədricən uzaqlaşmaq niyyətinin dolayısı etirafı kimi də qəbul oluna bilər. Hər halda, Ukrayna savaşı fonunda Rusiyanın enerji resurslarından geopolitik silah kimi istifadə etməsi rəsmi İrəvanı alternativ qaynaqlar axtarmaq məcburiyyətində buraxır.
Təbii ki, bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi qərarını açıq şəkildə alqışlaması da qətiyyən təsadüfi deyil. Bu, ilk növbədə, rəsmi İrəvanın regional kommunikasiya xətlərinin açılmasını Ermənistan üçün artıq təhlükə deyil, məhz iqtisadi xilas mexanizmi kimi gördüyünü biruzə verir.
Digər tərəfdən, baş nazir Nikol Paşinyanın “Cənubi Qafqaz regionunun bütün ölkələri üçün iqtisadi dayanıqlıq” vurğusu isə rəsmi İrəvanın Azərbaycan ilə dialoqunun yalnız ikitərəfli münasibətlər kontekstində olmadığını da göstərir. Yəni, rəsmi İrəvan bu dialoqu əslində, daha geniş çərçivədə - Avrasiya ticarət və logistika sisteminin bir hissəsi kimi təqdim etməyə çalışır. Burada Azərbaycan üçün əsas geostrateji üstünlük ondan ibarətdir ki, regional sülh gündəliyi artıq təhlükəsizlik yox, iqtisadi-ticari rasionalizm üzərindən irəliləyir. Və bu isə rəsmi Bakı üçün Qərb paytaxtlarına münasibətdə əlavə təsir faktorları yaradır.
Ancaq nə qədər qəribə və ya gözlənilməz də olsa, məhz bu önəmli proseslərin pozitiv inkişafına paralel olaraq, Gürcüstan amili də indi ön plana çıxmağa başlayıb. Hətta Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili belə, ölkəsinin hökumətinə qarşı sərt ittihamları ilə Cənubi Qafqazda üzdə görünməyən, ancaq önəmli xarakter daşıyan bir əngələ işarə edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yanacaq daşınması məhz Gürcüstan ərazisindən keçməli idi. Ancaq rəsmi Tiflisin tətbiq etdiyi yüksək tariflər və qeyri-rəsmi rüsumlar bu prosesi faktiki olaraq, bloklayıb.
Maraqlıdır ki, son vaxtlar rəsmi Tiflis Azərbaycan ilə strateji münasibətləri xüsusi olaraq, qabartmağa həvəsli görünür. Ancaq əslində isə müşahidələr onu göstərir ki, Gürcüstan hakimiyyətinin bəzi davranışları tranzit ölkəyə aid çərçivədən çıxaraq, geopolitik sabotaj keyfiyyəti qazanmağa başlayıb. Və Mixail Saakaşvilinin rəsmi Tiflisə yönəlik ittihamlarında da ön plana çıxan Gürcüstanın geopolitik sabotaj cəhdləri üç istiqamət üzrə indeksləşmiş kimi görünür.
Belə anlaşılır ki, Gürcüstanda hakimiyyətdə olan Rusiyaya bağlı Bidzina İvanişvilinin siyasi komandası bu ölkəni regional tranzit qovşağı kimi deyil, məhz "logistik nəzarət aləti" kimi istifadə etməyə çalışır. Eyni zamanda, rəsmi Tiflis regional çərçivədə Azərbaycan-Ermənistan normallaşmasının Gürcüstanın “vasitəçi üstünlüyünü” zəiflətmə ehtimalına da müqavimət göstərməyə cəhd edir. Nəhayət, Gürcüstan ABŞ-ın irəli sürdüyü regional dəhliz və geoiqtisadi inteqrasiya konsepsiyasının Rusiyanın geopolitik maraqlarına ciddi şəkildə zidd olduğunu da nəzərə alır.
Əslində, rəsmi Tiflisin son davranışları böyük ölçüdə Gürcüstan üçün də ciddi risk daşıyır. Çünki əgər, belə davam edərsə, Azərbaycan ilə strateji münasibətləri qabartmasına baxmayaraq, Gürcüstan yalnız iqtisadi deyil, siyasi baxımdan da etibarsız tərəfdaş imici qazana bilər. Ona görə də, indi rəsmi Tiflis öz davranışlarını “Bu, Kremlin tapşırığıdır, yoxsa, ABŞ-a meydan oxumadır” sualı üzərindən arqumentləşdirməyə məcbur qala bilər.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstan hakimiyyətinin son illərdə Rusiya ilə açıq konfrontasiyadan yayınması, eyni zamanda, ABŞ və Qərbə qeyri-müəyyən mesajlar göndərməsi regionda birmənalı şəkildə etimadsızlıq mühiti yaradır. Hər halda, əgər, Azərbaycan-Ermənistan enerji və tranzit əməkdaşlığı Gürcüstan üzərindən deyil, məhz alternativ marşrutlarla reallaşarsa, onda rəsmi Tiflis bu ölkənin əsas geopolitik kapitalı olan tranzit dövlət statusunu böyük risk altına atmış olacaq.
Bütün bunlar onu göstərir ki, Azərbaycan-Ermənistan enerji dialoqu artıq sadəcə, iki ölkə arasındakı texniki razılaşma prosesi deyil. Çünki bu proses pozitiv istiqamətdə inkişaf edəcəyi təqdirdə, Rusiyanın regiondakı enerji monopoliyasını zəiflədəcək, Gürcüstanın tranzit ölkə statusunu ciddi sual altına salacaq, ABŞ və Qərbin Cənubi Qafqazda iqtisadi-ticari əsaslı regional sülh modelini gücləndirəcək. Və bu yeni reallıq enerji faktorunun Cənubi Qafqaz üçün artıq geopolitik təsir mexanizmi olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Dekabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















