Bakı İrəvan: məkan Dublin, prinsip Vaşinqton, hədəf sülh
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Ermənistan liderləri İrlandiyada nədən danışdılar?
Moskva, Soçi, Brüssel, Praqa, Münhen, Kişineu, Ankara, Tirana, Əbu-Dabi, Vaşinqton və Bişkek. Dünən bu şəhərlərin sırasına Dublin də qoşuldu. O Dublin ki, diqqət mərkəzinə Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısına evsahibliyi ilə gəldi. Mövzumuz isə İrlandiya paytaxtının 44 günlük müharibədən sonra Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın arasında növbəti görüşün reallaşdığı məkan olaraq tarixə düşməsi barədədir. Əlbəttə, üzərində dayanacağımız məqam genişdir. Genişliyi şərtləndirən isə sülhdür.
Lderlərin Dublin təması postmünaqişə mərhələsində Azərbaycan-Ermənistan münasibətlərinin yeni məzmununu, Cənubi Qafqazda kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın perspektivlərini bir daha gündəmə gətirdi. Görüş regionda formalaşmaqda olan geosiyasi reallıqların növbəti təzahürü kimi diqqət çəkdi.
Növbəti mühüm məqam ondadır ki, Dublin görüşü Bakı-İrəvan münasibətlərində sülh gündəliyinin artıq siyasi bəyanatlar müstəvisindən praktiki əməkdaşlıq mərhələsinə keçməkdə olduğunu yenidən göstərdi. Müzakirə olunan məsələlər isə tərəflərin barışın siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı, onun iqtisadi, nəqliyyat, enerji və ekoloji komponentlərinin reallaşdırılmasına da önəm verdiklərini nümayiş etdirdi.
***
Dublin görüşünün daha bir xarakterik cəhəti liderlərin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Birgə Bəyannaməyə istinadlarıdır. Bu məqam müstəsna siyasi əhəmiyyətə malikdir. Çünki Vaşinqtonda əldə olunmuş razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində yeni mərhələnin başlanğıcını qoymuş, sülhə güclü beynəlxalq siyasi dəstək qazandırmışdı. Əlbəttə, sülhün davamlılığı, ilk növbədə, tərəflərin üzərinə götürdükləri öhdəlikləri ardıcıl və məsuliyyətlə yerinə yetirmələrindən asılıdır. Azərbaycanın mövqeyi prinsipialdır: regionda davamlı sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulmalıdır. Tərəflər Birgə Bəyannamədə əksini tapan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi ətrafında fikir mübadiləsi apardılar və bu, təsadüfi deyil. Çünki Azərbaycanın irəli sürdüyü regional bağlantıların bərpası ideyası təkcə nəqliyyat-kommunikasiya layihəsi yox, bütövlükdə Cənubi Qafqazın gələcək geoiqtisadi inkişafını müəyyənləşdirə biləcək strateji təşəbbüsdür.
TRIPP-in dəmir və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi istiqamətində əldə olunmuş irəliləyişlərin müzakirəsi onun siyasi razılaşma səviyyəsindən praktiki icra mərhələsinə doğru irəlilədiyini göstərir.
Əlbəttə, ölkəmiz üçün mənəvi strateji anlam da var. Söhbət Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin təminatından gedir. O məsələ ki, ölkəmizin geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcək və Türk dünyasının coğrafi bağlantılarını genişləndirəcək.
***
Dublin görüşündə Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin inkişafı, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarının müzakirəsi də xüsusi əhəmiyyət daşıyır. Tarixi təcrübə göstərir ki, qarşılıqlı iqtisadi asılılığın və ortaq maraqların yaranması dövlətlərarası münasibətlərdə sabitliyin möhkəmlənməsinə xidmət edir. İqtisadi əməkdaşlıq genişləndikcə qarşıdurmanın tərəflər üçün yaratdığı xərclər artır, sülhün qorunması isə daha çox ortaq marağa çevrilir.
O da məlumdur ki, əməkdaşlığın real nəticələr verməsi üçün siyasi etimadın möhkəmlənməsi, texniki və hüquqi məsələlərin razılaşdırılması, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi vacibdir. Başqa sözlə desək, iqtisadi inteqrasiya sülh prosesinin alternativi deyil, onun möhkəmləndirilməsinə xidmət edən mühüm vasitədir. Rəsmi Bakının yanaşması da məhz bu məntiqə əsaslanır. Yəni, regionda hər bir dövlətin inkişafı digərinin təhlükəsizlik və iqtisadi maraqlarına zidd mahiyyətə köklənməməli, əksinə, qarşılıqlı fayda prinsipi əsasında ümumi rifah doğurmalıdır.
Sərhədlərin delimitasiyası məsələsinin də müzakirəsi normallaşma prosesinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkməkdədir. Çünki davamlı sülh üçün dövlət sərhədlərinin hüquqi baxımdan dəqiqləşdirilməsi və onların toxunulmazlığının qarşılıqlı şəkildə tanınması, habelə bunun praktik tərəflərinin nümayişi prinsipial əhəmiyyət daşıyır. Axı delimitasiya prosesi yalnız coğrafi sərhədlərin müəyyənləşdirilməsi deyil. Bu, eyni zamanda, ərazi iddialarından imtinanın mühüm vasitəsidir. Deməli, mövcud istiqamətdə əldə edilən hər bir irəliləyişdə regionda sabitliyin möhkəmlənməsinə xidmət payı var.
***
Dublində sırf etimad quruculuğu tədbirlərinin müzakirəsi də diqqətəlayiqdir. Çünki uzun illər davam etmiş münaqişənin yaratdığı siyasi və psixoloji maneələrin aradan qaldırılması müəyyən zaman və ardıcıl səylər tələb edir. Etimad bir görüşlə, yaxud bir bəyanatla formalaşmır. Bunun üçün qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, əldə olunmuş razılaşmalara sadiqlik və konstruktiv dialoqun davamlılığı vacibdir. Bu kontekstdə transsərhəd su əməkdaşlığı məsələsinin gündəmə gətirilməsi də xüsusi əhəmiyyət daşıyır. Həqiqətən, ətraf mühit və su ehtiyatlarının idarə olunması Cənubi Qafqaz dövlətlərinin ortaq maraqlarını birləşdirən sahələrdəndir. Transsərhəd çayların səmərəli idarə olunması, ekoloji təhlükəsizliyin təminatı, habelə su ehtiyatlarından ədalətli və rasional istifadə regionun gələcək inkişafı üçün mühüm şərtlərdir. Deməli, mövcud sahədə institusional əməkdaşlıq yaradılmalıdır. Bu əməkdaşlıq da tərəflər arasında praktiki dialoqun genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər.
Ümumən, belə demək mümkünsə, su diplomatiyasının gündəliyə daxil edilməsi sülh prosesinin daha geniş məzmun aldığını göstərir. Yəni, artıq söhbət yalnız müharibənin nəticələrinin aradan qaldırılmasından yox, gələcək nəsillərin təhlükəsizliyinə, ekoloji tarazlığa və regional rifaha xidmət edən ortaq mexanizmlərin yaradılmasından gedir.
***
Ümumiləşdirmə apararaq deyə bilərik ki, Dublin görüşünün siyasi mahiyyətini müəyyənləşdirən əsas amillərdən biri də Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi strateji yanaşmadır. 44 günlük müharibədə qazanılmış Zəfərdən sonra ölkəmiz regionda yeni siyasi reallıqların formalaşmasını təmin etməklə yanaşı, həmin reallıqlar əsasında davamlı sülhün qurulması təşəbbüsünü də irəli sürüb. Yəni, Azərbaycan barışı yalnız ikitərəfli münasibətlərin normallaşması kimi deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası kimi nəzərdən keçirir.
Sonda onu da bildirək ki, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsi, ilk növbədə, burada yerləşən dövlətlərin siyasi iradəsindən, milli maraqlarının uzlaşdırılmasından və qarşılıqlı məsuliyyətindən asılıdır. Beynəlxalq tərəfdaşların dəstəyi isə bu prosesə töhfə verməli, onun iştirakçılarının suveren qərarvermə hüququnu əvəz etməməlidir. Vaşinqtonda əldə olunmuş razılaşmaların Dublində keçirilən görüşdə əsas müzakirə seqmenti kimi çıxış etməsi bu baxımdan əlamətdardır. Belə yanaşma sülh prosesinin müxtəlif beynəlxalq platformalarda davam etdirildiyini, lakin onun əsas məzmununun Azərbaycan və Ermənistan arasındakı birbaşa dialoq vasitəsi ilə müəyyənləşdiyini göstərir ki, mövcud trayektoriya qorunmalı və inkişaf etdirilməlidir.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















