“Bakı Sumqayıt tıxacının yeganə çıxış yolu relisli nəqliyyatın bərpasıdır” Rauf Ağamirzəyev
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı – Sumqayıt yolunda illərdir mövcud olan tıxac problemi son həftələrdə daha da kəskinləşib.
Yeni yaradılan avtobus zolağı hər nə qədər ictimai nəqliyyatın hərəkətini sürətləndirməyi hədəfləsə də, şəxsi avtomobillər üçün yoldakı məhdudiyyətlərin artması nəticədə tıxacların daha da ağırlaşmasına səbəb olub.
Artıq sürücülər 35–40 kilometrlik məsafəni əvvəlki kimi 1 saat 30 dəqiqəyə deyil, təxminən 3 saata yaxın müddətdə qət etdiklərini bildirirlər.
Bu vəziyyət həm bölgələrarası hərəkətliliyə, həm də gündəlik iş-gücə gedən minlərlə vətəndaşın vaxt itkisinə ciddi təsir göstərir.
Bakı–Sumqayıt yolunda avtobus zolağının tətbiqinin mövcud tıxac problemini daha da artırması fonunda, hazırkı təşkilati yanaşmanın nə kimi çatışmazlıqları var və vəziyyətin normallaşdırılması üçün hansı qısa və uzunmüddətli tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev məsələyə belə münasibət bildirib:
“Tıxac onsuz da var, amma bu tıxacın içində də müəyyən şərait yaratmaq lazımdır. Avtobus zolağının çəkilməsinin mahiyyəti nə idi? Tıxac var, insanlar evinə getmək istəyir və daha çox sərnişin daşıyan nəqliyyat növləri üçün şərait yaratmaq lazımdır. Avtobus zolağı ayrılıb və bu zolaq vasitəsilə Bakıdan üzü şimala gedən sərnişinlər daha sürətli mənzillərinə çatırlar.
Bu, Xırdalan, Sumqayıt, Sulutəpə, Masazır istiqamətində yaşayan insanlar üçün yeni bir fürsətdir. Məsələyə bir tərəfli baxmaq olmaz. Tıxac onsuz da var, amma bu tıxacın içində də müəyyən şərait yaratmaq lazımdır. Bu şəraitin ilkin olaraq daha tez nəticə verən forması məhz ayrılmış avtobus zolağıdır. Bu, mövcud yol sahəsinin daha optimal istifadəsi yönündə verilmiş qərardır. Növbəti mərhələ relisli nəqliyyatın inkişafıdır və düşünürəm ki, bu məsələdə daha mütərəqqi yanaşmalara ehtiyac var.
Hal-hazırda Bakıdan üzü Sumqayıta, Xırdalan üzərindən gedən qatar hərəkəti dayanıb. Xırdalan–Sumqayıt mənzilləri arasında qatar hərəkəti etmir və həmin sərnişinlərin bir hissəsi avtobuslara yüklənib. Yeni yol – Pirşağı–Xırdalan M1–M4 magistralı – tikilir və tunel tikintisi səbəbindən həmin istiqamət bağlanıb. Bildirilib ki, layihə 2026-cı ilin ilk rübündə təhvil veriləcək”.
Ekspertin sözlərinə görə, bu cür layihələr icra edilərkən müasir “bored pile” (ekran-divar) texnologiyasının tətbiqi vacib idi ki, qatar hərəkətini dayandırmadan davam etdirə bilsin və tunel onun altından inşa olunsun:
“Hazırda Keşlə bazarının yerində tunel tikintisində də eyni yanaşma tətbiq olunur: oradan qatar keçir, amma altından tunel də inşa edilir. Şəhərdəki hərəkətliliyi nəzərə alaraq, tikintidə də ətraf mühitə və insanlara minimal təsir göstərən texnologiyalardan istifadə olunmalıdır.
Eyni zamanda, daha çox sərnişin daşıyan nəqliyyat növlərinə üstünlük verilməlidir ki, yük balanslaşsın. Yəni sərnişinlər yalnız avtobusa yüklənməsin, dəmir yolu – bu il 145 yaşı tamam olan dəmir yolu – maksimum sərnişin daşıya bilsin. Hazırda Bakıdan üzü Sumqayıt istiqamətinə gündə 42 min sərnişin daşınır. Bu sayın artırılması üçün daha sürətli layihələr icra olunmalıdır. Bir qatarın daşıdığı sərnişin sayı bir neçə avtobusun daşıdığı ilə eynidir və bir qatarla daha çox sərnişin daşımaq mümkündür.
Bunun üçün qatarın keçdiyi dayanacaqların sayını artırmaq lazımdır. Həmin stansiyaların digər nəqliyyat növləri – yəni avtobuslarla – rahat mübadilə imkanlarını təmin etmək üçün meydançalarda abadlaşdırma işləri aparılmalıdır ki, insanlar fərdi nəqliyyatdan və “manatlıq taksi” adlanan xidmətlərdən daha çox ictimai nəqliyyata yönəlsinlər. Bu isə birbaşa tıxaca həm alternativ olacaq, həm də tıxacın saatına ciddi təsir göstərəcək.
Yox, əgər biz hamımız çoxluq olaraq avtomobillə hərəkət edəcəyiksə, yekun nəticə budur: bu tıxac heç zaman bitməyəcək. Ona görə ciddi alternativlərə köklənməliyik. Hazırda bu alternativlərdən biri avtobusdur və avtobus istiqamətində verilmiş qərarı doğru hesab edirəm. Bu, tez nəticə verən qərarlardandır.
Hazırda bunun nəticəsini Bakıdan Sumqayıta, Xırdalana və Masazıra gedən sərnişinlər də görür. Bu mövzu ilə bağlı suallar qoyulanda onların da fikirləri nəzərə alınmalıdır. Çünki çoxluq məhz ictimai nəqliyyatla hərəkət edir. Bir avtobus 80–100 nəfər daşıyırsa, o 80–100 avtomobilin tutduğu sahə ilə bir avtobusun tutduğu sahə eyni deyil. Bu üstünlük təmin olunandan sonra sərnişinlər daha tez mənzil başına çatırlar”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















