Bakıda Malayziyanın Milli Günü qeyd edilib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda Malayziyanın Milli Gününün 69-cu və Malayziya Gününün 63-cü ildönümü münasibətilə rəsmi qəbul keçirirlib.
525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Malayziyanın Azərbaycandakı yeni səfiri Aznifah Abdul Qani çıxış edib.
O bildirib ki, bu yaxınlarda Malayziyanın Azərbaycan Respublikasına təyin olunmuş səfiri kimi vazifəsinin icrasına başlayıb
“Bu şərəfli və məsuliyyətli vəzifəni böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Eyni zamanda bu gözəl ölkədə Malayziyanın ilk qadın səfiri kimi fəaliyyət göstərmək mənim uçün xüsusi sərəfdir. Burada olduğum qısa müddət ərzində mənə va ailəmə göstərilən səmimi münasibət və qonaqpərvərlik məndə çox xoş təəssürat yaradıb. Azərbaycanlıların öz qonaqlarını böyük səxavət va mehribanlıqla qarşılaması biz malayziyalılara doğma gələn bir xüsusiyyətdir. Buna görə sizə səmimi minnətdarlığımı bildirirəm. Arzum çox sadədir: iki ölkə arasında artıq mövcud olan möhkəm təməllər üzərində yeni uğurlara nail olmaq və qarşılıqlı münasibətlərimizi daha da yaxınlaşdırmaq”, - xanım səfir deyib.
Əlavə edib ki, Malayziya və Azərbaycan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Otuz ildən artıq bir dövr ərzində ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq ruhu ilə səciyyələnib:
“Bakının nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm mərkəz kimi rolunun artması ölkələrimiz arasında qarşılıqlı təmasların daha da genişlənməsinə öz töhfəsini verib. Malayziya liderləri, dövlət rəsmiləri və ekspertləri burada iqlim dəyişikliyi və telekomunikasiyadan şəhərsalma, İslam maliyyəsi va parlamentlararası əməkdaşlığadək bir çox sahələri əhatə edən bir sıra mühüm platformalarda iştirak ediblər. Bu qarşılıqlı təmaslar rəsmilərimizə və qurumlarımıza daha sıx əməkdaşlıq etmək, bir-birimizin prioritetlərini daha yaxşı anlamaq və ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək imkanı verib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair hazırda davam edən danışıqlar bu artan əməkdaşlıq dinamikasının nümunələrindən biridir”.
Səfir söyləyib ki, siyasi münasibətlərimiz güclü olsa da, iqtisadi əlaqələrimizin inkişafı üçün hələ də geniş imkanlar mövcuddur:
“Təxminən 34 milyon əhalisi olan Malayziya Cənub-Şərqi Asiyanın və ASEAN-ın mərkəzində strateji mövqedə yerləşir. Bu, 680 milyondan çox insanın yaşadığı və ümumi iqtisadiyyatı 3,8 trilyon ABŞ dollarını aşan dinamik regiondur.
İqtisadiyyatımız inkişaf etmiş infrastruktur, formalaşmış tənzimləmə və maliyyə sistemi, çoxdilli işçi qüvvəsi və getdikcə daha mürəkkəb və yüksək texnologiyalı sahələrə yiyələnən sənaye ilə dəstəklənir. Malayziyanın elektrik və elektronika, yarımkeçiricilər, halal iqtisadiyyatı, islam maliyyəsi, rəqəmsal texnologiyalar və bərpa olunan enerji sahələrində xüsusi üstünlükləri var. Azərbaycan da iqtisadi transformasiya və diversifikasiya istiqamətində iddialı gündəm həyata keçirir. Biznes icmalarımızın birlikdə araşdıra biləcəyi çoxsaylı imkanlar mövcuddur. Daha çox Malayziya şirkətinin Azərbaycana və daha geniş regiona maraq göstərməsini istərdik. Eyni zamanda azərbaycanlı şirkət və investorları Cənub-Şərqi Asiyanın daha geniş bazarına çıxış üçün Malayziyadan platforma kimi istifadə etməyi nəzərdən keçirməyə dəvət edirik. Ümid edirəm ki, müvafiq ticarət və investisiya agentliklərimiz, biznes icmalarımız və özəl sektorlarımız arasında daha sıx əməkdaşlıq sayəsində bu potensialı real, praktik və qarşılıqlı faydalı tərəfdaşlıqlara çevirə biləcəyik”.
Diplomat deyib ki, turizm xalqlarımız arasında daha bir mühüm körpüdür. Malayziya üçün bu, xüsusilə əlamətdar və həyəcanverici dövrdür: “Belə ki, “Malayziyaya səfər” kampaniyası 2027-ci ilin sonunadək uzadılıb. Təkcə 2026-cı ildə Malayziya 47 milyon beynəlxalq ziyarətçini qəbul etməyi hədəfləyir. Bu, bizim ölçüdə bir ölkə üçün olduqca böyük hədəfdir və turizmə, eləcə də xalqlar arasında əlaqələrə verdiyimiz önəmin göstəricisidir. Lakin rəqəmlərdən əlavə, “Malayziyaya səfər” ölkəmizin müxtəlifliyini kəşf etmək üçün bir dəvətdir: tropik meşələrimiz və adalarımız, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlarımız və müasir şəhərlərimiz, çoxsaylı mədəniyyətlərimiz və əlbəttə, mətbəximiz. Malayziyalılar bu barədə demək olar ki, istənilən fürsətdə məmnuniyyətlə danışırlar.
Azərbaycanlı dostlarımıza müraciətlə demək istəyirəm ki, sizi Malayziyaya səfər etməyə və qonaqpərvərliyimizi görməyə ürəkdən dəvət edirəm. Eyni zamanda ümid edirəm ki, daha çox malayziyalı Azərbaycanı - onun heyrətamiz mənzərələrini, tarixini və mədəniyyətini, həmçinin ailəmlə birlikdə artıq özümüzün də xoşbəxtliklə şahidi olduğumuz xalqının səmimiyyətini və qonaqpərvərliyini kəşf edəcək.
Daha yaxşı nəqliyyat əlaqələri, artan məlumatlılıq və turizm sənayelərimiz arasında daha güclü əməkdaşlıq sayəsində xalqlarımız arasında qarşılıqlı səfərlərin bundan sonra da artacağına əminəm.
Tərəfdaşlığımızın insan kapitalı baxımından da mühüm ölçüsü var. 1980-ci ildə yaradıldıqdan sonra Malayziyanın Texniki Əməkdaşlıq Proqramı - MTCP ölkəmizin Cənub-Cənub Əməkdaşlığının mühüm alətlərindən birinə çevrilib. Azərbaycan da bu prosesin fəal iştirakçısı olub. Bu günədək 280-dən çox azərbaycanlı dövlət qulluqçusu və peşəkar müxtəlif sahələr üzrə MTCP proqramlarında iştirak edib. Təkcə bu il 12 rəsmi şəxs proqramlarda iştirak edib. Bu rəqəmlərdən əlavə, biz MTCP vasitəsilə qurulan münasibətləri də yüksək qiymətləndiririk. Proqramın azərbaycanlı məzunları Malayziya haqqında birbaşa təcrübəyə malik dostlar və tərəfdaşlardan ibarət mühüm şəbəkə formalaşdırıblar. Onlar iki ölkə arasında qarşılıqlı tanışlığın, anlaşmanın və institusional əlaqələrin möhkəmlənməsinə kömək edirlər. Qarşıdakı illərdə bu təməl üzərində daha da irəliləməyi səbirsizliklə gözləyirik”.
Aznifah Abdul Qani bildirib ki, Azərbaycandakı fəaliyyəti müddətində qarşısına qoyduğu sadə bir məqsədi var: Malayziya ilə Azərbaycan arasındakı dostluğun daha da sıx, hərtərəfli və və əməli xarakter daşıması: “Malayziya bu münasibətlərə dost və tərəfdaş kimi yanaşır. Azərbaycanın bizə göstərdiyi dostluğu yüksək qiymətləndiririk. Bu dostluğu daha da inkişaf etdirmək üçün hamınızla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.
Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Malayziya xalqını və dövlətini təbrik edib. Bildirib ki, Malayziya müxtəlif mədəniyyətlərin, dinlərin və xalqların harmonik şəkildə birgə yaşamasının, milli həmrəyliyin və inkişafın uğurlu nümunələrindən biridir. Bu təcrübə, xüsusilə qarşılıqlı anlaşma və dialoqa ehtiyacın artdığı indiki dünyada xüsusi əhəmiyyət daşıyır: “Azərbaycanla Malayziya arasında diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində əlaqələrimiz qarşılıqlı hörmət, etimad və həmrəylik əsasında ardıcıl şəkildə inkişaf edib. Bu tərəfdaşlıq yalnız ikitərəfli münasibətlərdə deyil, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində də özünü göstərir. Xüsusilə Malayziyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində haqlı mövqeyinə prinsipial dəstəyini qeyd etmək istərdim. Bu, xalqlarımız arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun mühüm göstəricisidir. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlər və beynəlxalq tədbirlərdə fəal iştirakımız münasibətlərimizin dinamik inkişafını əks etdirir. İqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur. Xüsusilə təhsil, gənclər və idman sahələri xalqlarımız arasında uzunmüddətli əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensiala malikdir”.
Nazir qarşılıqlı səfərlərin, birgə təşəbbüslərin, gənclərimizin akademik və idman mübadilələrinin Azərbaycan–Malayziya münasibətlərinin gələcək inkişafına mühüm töhfə verəcəyinə inandığını söyləyib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Pərvanə Sultanova
Baxış sayı:103
Bu xəbər 16 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















