Bakıda mühakimə olunacaq erməni separatçıların ürəkparçalayan CİNAYƏT DOSYELƏRİ
Bakıda həbsdə olan erməni separatçıların cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt açıqlanıb. Cinayət işi üzrə hazırlıq iclası yanvarın 17-nə təyin olunub.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.
Baş Prokurorluğun Mətbuat xidməti Ermənistan Respublikası və onun Silahlı Qüvvələri, Ermənistan Respublikasının bilavasitə hərtərəfli dəstəyi ilə Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat yayıb.
Məlumata görə, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.
Bildirilir ki, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər hakim qarşısına çıxarılacaq.
Qarabağda, əzəli Azərbaycan torpaqlarında həmyerlilərimizə qarşı törədilən amansız, insanlıqdan kənar cinayətlər irqçi, faşist Zori Balayanın kitablarından tutmuş həmin cinayətlərdə birbaşa iştirak ermənilərin öz dillərindən də dünyanın müxtəlif mətbu orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında dərc olunub.
Məsələn, Ermənistan vətəndaşı, Qarabağda qanunsuz silahlı dəstələrdə xidmət etmiş Mesrop Martirosyanın 90-cı illərin ortalarında ordudan uzaqlaşaraq Rusiyaya, sonradan da ABŞ-a üz tutub. Orada yerli məhkəməyə müraciət etməklə oturum izni almağa çalışıb. Məhkəmə dinləmələri əsasında Mesrop Martirosyan Qarabağda xidmətdə olduğu zaman Azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətləri sadalayıb.
ABŞ məhkəməsinə verdiyi ifadədə Mesrop Martirosyanın azərbaycanlı əsirlərə qarşı törədilmiş vəhşiliklər, cinayətlər barədə geniş ifadəsindən fraqmentləri təqdim etməzdən öncə onun kimliyi barədə qısa məlumatla tanış olaq.
Mesrop Martirosyan Ermənistan vətəndaşıdır, 1967-ci il təvəllüdlüdür. O, 2000-ci illərdə ABŞ-da sığınacaq almaq istəyib. Lakin İmmiqrasiya şikayətləri üzrə Komissiya ona Amerikada sığınacaq verməmək barədə qərarı verib. Mesrop Martirosyan bu qərardan ABŞ Apellyasiya Məhkəməsinə şikayət verib. Şikayət üzrə Kaliforniya Apellyasiya Məhkəməsində (https://casetext.com/case/martirosyan-v-ins-4 ) dinləmələr zamanı iddiaçı Mesrop Martirosyan Ermənistandan qaçması və ABŞ-dan sığınacaq istəməsini əsaslandırarkən, azərbaycanlı əsir və girovlarla bağlı diqqətçəkən faktlar açıqlayıb.
Martirosyan deyib ki, ordudan tərxis edildikdən sonra 1990-1992-ci illərdə şəxsi sığorta şirkətində işləyib. Elə həmin illərdə də Ermənistandakı Amerika Universitetində ingilis dili kursları ilə məşğul olub. Bu müddətdə o, bir neçə gənc zabitlə “Zabitlər müharibəyə qarşı” qrup yaradır. Məhkəmə dinləmələrinin mətnində göstərilir ki, sözugedən qrup əsirlərə qarşı zorakı davranış, xüsusi ilə də erməni ordusunun nəzarətində olan, Dağlıq Qarabağdakı əsir düşərgələrində saxlanılan azərbaycanlı əsirlərə işgəncələr verilməsinə qarşı çıxışlar edib. Mesrop Martirosyan məhkəməyə ifadəsində göstərib ki, hərbi əsir düşərgələrində azərbaycanlılara əzab verilib. O, bədən hissələri kəsilmiş əsirləri gördüyünü bildirib. “Mən qulaqları kəsilmiş insanlar görmüşəm… Uşaqların kəsilmiş bu qulaqlarla oynamasının şahidi olmuşam”.
Məhkəməyə ifadəsində Mesrop Martirosyan bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etməsi üçün 1991-ci ildə könüllü dəstəyə qoşulmaq qərarını verib. Lakin Martirosyan, sovet zabiti kimi həbsdə olan şəxslərin (əsirlərin) düşərgəsinə göndəriləcəyini bildikdə, qərarını dəyişib.
2 il sonra isə erməni ordusunda xidmət məcburi xarakter alıb və Martirosyan orduya çağırılıb.
“Erməni milli ordusu məni hərbi əsirlərin saxlandığı düşərgəyə göndərmək istəyirdi. Lakin onlara bildirdim ki, mən əsgərəm, cəllad deyiləm. Mən əsirlərə qarşı eşitdiyim vəhşilikləri öz əməlimlə təkrarlaya bilmərəm”, - o bildirib.
Məhkəməyə belə ifadə verən Martirosyanın sözlərinə görə, əgər onu əsir düşərgəsinə deyil, hərbi əməliyyatlarda iştirak etmək üçün ordu sıralarına göndərsəydilər, bunu məmnuniyyətlə edərdi.
Lakin ordudaya xidmətdən imtina edən Mesrop Martirosyana və onun ailəsinə qarşı təqiblər başlayıb.
“Ermənistanda yaşamaq və həyat sürmək artıq dözülməz idi. Bu səbəbdən də 1994-cü ilin yanvarında Rusiyaya qaçdım” - o, məhkəməyə ifadəsində belə deyib.
1995-ci ilin aprelində hərbi milis Martirosyanın yerini öyrənmək məqsədi ilə onun kiçik qardaşını 2 həftə müddətinə həbs edib. Bütün bunlardan sonra Mesrop Martirosyanın qardaşı da ölkəsindən qaçaraq Polşada sığınacaq tapır. Beləliklə, bir müddət Rusiyada yaşayan Mesrop Martrosyan ABŞ-dan sığınacaq istəməsinin səbəblərini məhkəmə dinləmələri zamanı belə əsaslandırır.
Bununla yanaşı, o, azərbaycanlı əsirlərə qarşı vəhşiliklər barəsində fikirlərini əsaslandırmaq üçün bir sıra beynəlxalq təşkilatların məqalələri və press-relizlərini də misal çəkir. Məsələn o, məhkəmə heyətinin nəzərinə çatdırır ki, “Human Rıghts Watch” təşkilatı 1993 və 1994-cü illərdə Ermənistan Respublikasının dəstəyi ilə Dağlıq Qarabağın erməni qüvvələri tərəfindən bir çox vəhşiliklərin törədildiyini bildirib. Lakin Mesrop Martirosyan bütün bu vəhşiliklərdə, o cümlədən hərbi əsirlərlə qəddarcasına davranma hallarında, onların analarının ermənilər tərəfindən girov saxlanılması, əsirlərin özlərinin isə təhdid altında terror aktı törətmək məqsədi ilə Azərbaycana göndərilməsi kimi hallarda iştirak etmək istəmədiyini bəyan edərək məhkəmədən iddiasının təmin olunmasını xahiş edib.
Mesrop Martirosyanın ABŞ məhkəməsində sadaladığı faktlar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarında da əksini tapır.
Musavat.com Mesrop Martirosyanın ABŞ məhkəməsində sadaladığı vəhşilikləri təsdiq edən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən sənədləşdirilən alan bir neçə faktı təqdim edir.
Girov Nəzakətin gözü qarşısında atasının qulaqlarını kəsiblər!
Komissiyanın materiallardan sitat:
- Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib. Anası hədə və şantajlara dözməyərək dəli olub. Qızın özünü isə 4 milyon rus publuna ailəsinə satıblar.
Anası girov götürüldü, oğlunu Bakı metrosunda terror törətməyə məcbur etdilər!
- 3 iyul 1994-cü ildə Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında 13 nəfərin həlak olması, 42 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verir. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı 13 yanvar 1994-cü ildə əsir götürülmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Azər Salman oğlu Aslanov tərəfindən törədilib. Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı Azər Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində Azər Aslanovun anası Tacibat Aslanova Yerevana gəlib.
Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilib, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilib. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanıb, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilib. Azər Aslanov “Yerevan-Mineralnıye Vodi-Bakı” marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunur. İstintaq müəyyən edib ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar.
Yaralı ermənini belində daşımaqdan imtina etdi, diri-diri yandırıldı!
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarından:
1992-ci ilin fevralında Xocalının işğalı zamanı rayonun əksər sakini kimi Əmirovlar ailəsi də erməni cinayətlərinin qurbanı olub. Xocalı işğal olunan zaman erməni silahlıları Təvəkkül Əmirovun da ailəsini girov götürüblər. Ermənilər Təvəkkülün həyat yoldaşı Raya Əmirovanı, 7 yaşlı qızı Yeganəni və Rayanın bacısı Göycəni girov götürərək yerindəcə güllələyiblər. Yaralı erməni əsgərini daşımaqdan imtina edən ailə başçısı Təvəkkül Əmirovun isə üstünə benzin tökərək qızı Xəzəngülün gözü qarşısında diri-diri yandırıblar.
Əsir düşən əsgəri acından öldürdülər!
1992-ci ilin 27 iyul tarixində əsgər İlham Nəsirov Ağdərə uğrunda gedən döyuşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb. Həmin il avqustun 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilib və onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilib, İlham Nəsirovun azad edilməsi üçün hərbi əməliyyatlar zamanı itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərti irəli sürülüb. 1 ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İlham Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmayıb. Hospital rəisinin 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubda göstərdiyinə görə, İlham Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat edib.
Başqa sözlə desək, İlham Nəsirovu aclığa məcbur etməklə ölümünə yol açıblar, acından öldürüblər.
Azərbaycan vətəndaşları Vaqif Qutayıs oğlu Nuxiyev, Mehman Şura oğlu Məmmədov işgəncə verilməklə Şuşa həbsxanasında öldürülüblər. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materiallarında belə ürək dağlayan, həyəcansız oxunması mümkün olmayan faktlar bir deyil, iki deyil.
Gec də olsa, Qarabağda soydaşlarımıza qarşı ağır hərbi cinayətlər törətmiş, bu cinayətlərin törədilməsinə rəhbərlik etmiş şəxslər Azərbaycan Məhkəməsi önündə dayanacaqlar. Qarabağda düşmənlərimiz tərəfindən törədilən heç bir cinayət cəzasız qalmayacaq. Gec-tez faşist Zori Balayan üçün də məşhər günü yetişəcək.