Icma.az
close
up
RU
Balans siyasətinin təhlükəli həddi

Balans siyasətinin təhlükəli həddi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəsmi İrəvanın “iki stul”dan birini seçməkdən savayı şansı yoxdur

...Peşəkar idmançı üçün bu elit fəndi yerinə yetirmək elə də çətin deyil. Amma naşı yüngül atletin, bu sahədə tam püxtələşməmiş yarışçının bu riskli addımı atması ciddi və ağrılı fəsadlarla müşayiət oluna bilər. Paralel aparmaq nə qədər qüsurlu görünsə belə, siyasətdə də eyni vaxtda iki stulda əyləşməyə göstərilən cəhdləri inadkar akrobatın şpaqat açmaq iddiası ilə müqayisə etməyin yeri var.

Amma müqayisənin köklü fərqi ondadır ki, idmandakı uğursuz cəhd bir nəfərin “travma” alması ilə yekunlaşırsa, siyasətdə ölkə başçısının, milli liderin yanlış taktikası dövlət və xalq üçün sağalmaz “yaralara” gətirib çıxara bilər. Birinci halda müalicə və reabilitasiya dövrü ilə sağlamlıq tam bərpa olunursa, ikinci halda dövlətin və cəmiyyətin tezliklə “sağalacağına” heç kim zəmanət verə bilməz.

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı xaricdən idarə olunan daxili müxalifətin təzyiqləri 7 iyun parlament seçkilərinə qədər də hiss olunurdusa, seçkidən sonra fərqli və daha kəskin formada davam etməkdədir. Parlamentə düşən və düşməyən rusiyayönlü partiya və blokların Paşinyanın hakim “Mülki müqavilə” partiyasını seçkilərdə qələbəni sistemli təzyiq, inzibati resurslardan sui-istifadə, eləcə də siyasi repressiyalar yolu ilə qazandığını iddia etmələri gözlənilən idi. Kremldən “Nə yolla olursa-olsun Paşinyanı devirməli” təlimatını almış milyarder oliqarx “desantların” ətrafının – sosial dayaqlarının kütləvi həbslərlə seyrəldilməsi əks tərəfin mübarizəni küçədən hüquqi müstəviyə keçirməyə vadar edib. Əslində, marionet müxalifətin bu taktikanı seçkiyə qədər hazırladığını deyənlər yanılmırlar. Bu düşərgə üçün iqtidarın, guya, seçki günü seçicilərə təzyiq göstərilməsi, inzibati işçilərin səsverməyə məcburi qaydada cəlb olunması, müxalifəti dəstəkləyən yerli perifektlərin idarəçiliyindəki məntəqələrdə total müdaxilə və nəzarət mexanizminin tətbiqi kimi pozuntular Qərbin də diqqət yetirəcəyi “faktlar” olaraq maraqlarına cavab verir. Son məqsəd sərbəst seçki və insan hüquqları barədə hay-küy qaldırmaqla Paşinyana axıradək tab gətirə bilməyəcəyi beynəlxalq siyasi təzyiqlərin təşkilidir.

Parlament seçkilərindən sonra hakimiyyətin daxildəki opponentlərinə qarşı repressiyaları gücləndirməsi amilini vurğulayan anti-Paşinyan cəbhəsinin ideoloqları biznesmenlər Karapetyan və Sarukyanın həbs olunmalarını, onlara məxsus biznes şəbəkələrində həyata keçirilən total axtarışları diktatura rejiminə məxsus idarəetmə üsulu kimi qələmə verirlər. Hətta bəziləri daha da irəli gedərək hazırda Paşinyan iqtidarının müxalifətə qarşı atdığı hüquqi-siyasi addımları vaxtilə Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın hərbi diktaturası illərində hökm sürmüş ab-hava ilə müqayisə etməkdən çəkinmirlər.

Burada diqqətdən yayınmayan incə bir məqam da var. Qərb Ermənistanın siyasi olimpində ömrü 20 il sürmüş korrupsioner “Qarabağ klanı”nın bütün siyasi-iqtisadi, maliyyə qələtlərinə, o cümlədən Xankəndidəki separatçı rejimin beynəlxalq hüquqa zidd fəaliyyətinə məhz “strateji maraqlar” baxımından göz yumurdu. İndi onun “strateji maraqlarına” uyğun siyasət aparan Paşinyan opponentlərinə qarşı siyasi repressiyalara yol versə belə, o, Qərb üçün “demokrat” milli lider qlafındadır. Bəli, bu məqam özündə həm də Cənubi Qafqaz uğrunda Qərb–Rusiya qarşıdurmasını ehtiva edir.

Digər tərəfdən, bu yanaşma Qərbin klassik ikili standartının bariz nümunəsi sayılmalıdır. Onun üçün demokratlar “bizimki”, ya da “özgə” kateqoriyalarına bölünür. “Bizimkilərin” ölkə daxilində siyasi rəqiblərinə qarşı atdığı addımlar həmişə “qanun çərçivəsində” olur, “özgələrin” eyni siyasi addımları isə kəskin tənqidə, bəyanatlara, sanksiya təhdidləri və “demokratiya geriləməsi” ittihamlarına tuş gəlir. İkili standartlı yanaşmanın konkret bu müstəvidə təzahürünü qonşu Gürcüstana münasibətdə bütün çalarları ilə müşahidə edirik. Aydın məsələdir ki, bu yanaşma Qərbin ümumbəşəri dəyərləri və təməl insan haqlarını deyil, geosiyasi maraqları əsas götürdüyünü bir daha sübuta yetirir.

Beləliklə, deyilənlərin fonunda ortaya məntiqi sual çıxır: Paşinyanın məqsədi doğrudanmı “demokratiya” pərdəsi altında Ermənistanda avtoritar rejim qurmaqdır? Duruma praqmatik yanaşanların bu suala cavabının heç də müsbət olmayacağı qənaətindəyik. Amma proseslərə xarici amilin nəzərə alındığı bucaq altında baxsaq, fərqli siyasi mənzərənin şahidi olarıq. Real siyasi mənzərə isə ondan ibarətdir ki, Qərb rəsmi İrəvanın daxili siyasətini nəinki dəstəkləyir, üstəlik, bu prosesi hər cəhətdən stimullaşdırır və bununla da Ermənistanı özünün geosiyasi alətinə çevirir. Bəli, uzun müddət – Bakı bölgədə reallığı dəyişənədək – Rusiyanın forpostu olan Ermənistan son beş ildə eyni rolu açıq-aşkar Qərb üçün oynamaqda davam edir. Və İrəvanın bu təhlükəli balanslaşdırma siyasətinin, geosiyasi transformasiyanın ölkəni daxili parçalanmaya, sosial-iqtisadi çətinliklərə və regional təhlükələrə sürüklədiyini deyən erməni politoloqları ilə razılaşmamaq mümkün deyil.

Hazırda yeni hökuməti formalaşdırmaq qayğısı ilə yaşayan Nikol Paşinyan yəqin Qərb və Rusiya arasında limiti tükənməkdə olan manevrlərin faydasızlığını, ölkəsinin bu iki qütb arasında rəqabətin günahsız qurbanına çevrilə biləcəyini anlamamış deyil. O, eyni vaxtda “iki stulda” əyləşməyin mümkünsüzlüyü reallığını, belə zəmində balanslaşdırılmış siyasət yürütməyin təhlükəli olduğunu da qəbul etməli, son və qəti seçim etməkdən ötrü siyasi iradə göstərməlidir. Yoxsa o, iki stul üzərində açdığı şpaqat vəziyyətində uzun müddət duruş gətirə bilməyəcəyini, nəhayət, qəbul edib, bu təhlükəli pozadan tezliklə qurtulmağın real və düzgün yolunu tapmalıdır.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Nikol Paşinyan Aİİ siyasi-iqtisadi birliyində yer alıb, həm də Avropa İttifaqının bir hissəsinə çevrilmək niyyətini bəyan etməklə müəyyən dissonansın mövcud olduğu fikri ilə razılaşır. O, bununla demək istəyir: “Məni ora qəbul etmədikləri müddətdə Aİİ-nin verdiyi imtiyazlardan istifadə edəcəyəm, Avropa İttifaqına üzvlük üçün “hazır olanda” isə ora keçəcəyəm”. Ermənistan bu istəyini bəyan etməklə Avropa İttifaqından müəyyən dəstək almağa ümid edir. Yaranmış vəziyyəti partnyorlardan birinin daha varlı şəxslə yaxınlıq etməyə çalışdığı nikahla müqayisə etmək olar. Belə bir ittifaqı qoruyub saxlamaq çətindir. Məhz buna görə Putin və Aİİ-nin onun təzyiqi altında olan digər üzvləri Paşinyana Ermənistanın elə indi seçim etməli olduğunu deyirlər. Birliyin daxilində qalmaq, tam hüquqla onun gələcəyinin müzakirəsində iştirak etmək və eyni zamanda, başqa bir birliyə can atmağın mümkün olduğunu düşünmək doğru deyil.

Mən hesab edirəm ki, Paşinyan bu və ya digər şəkildə mövqeyini müəyyənləşdirməli olacaq. Onun üçün ən sərfəli variant indiki vəziyyəti qorumaq olardı: formal olaraq Aİİ-də qalmaq, lakin addım-addım Avropa İttifaqına doğru irəliləmək. Bu vəziyyəti saxlamaq mümkün olacaqmı, bunu demək çətindir. Böyük ehtimalla, Ermənistanı mərhələli şəkildə müxtəlif imtiyazlardan məhrum etməyə başlayacaqlar. Paşinyan tədrici addımlara hazır olsa da, Rusiyanın enerji resursları üzrə yeni tarifləri və Ermənistan vətəndaşlarının Rusiya ərazisində qalma şərtlərinin dəyişdirilməsi onun üçün ağrılı ola bilər. Paşinyan Aİİ ilə bu “ayrılığı” mümkün qədər yumşaq şəkildə həyata keçirməyə çalışacaq, lakin bunun nə dərəcədə alınacağı bəlli deyil.

Avropa İttifaqının təqdim edə biləcəyi imtiyazlar, Aİİ çərçivəsində məhdudiyyətlər tətbiq olunacağı təqdirdə, Ermənistan üzləşə biləcəyi itkiləri kompensasiya etməyə qadir olmayacaq. Siyasətin mahiyyəti ziddiyyətləri uzlaşdırmaq bacarığındadır və Paşinyanın bu işdə nə dərəcədə məharətli olduğunu gələcək göstərəcək.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see441

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see287

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see282

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see272

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see272

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see268

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see268

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see268

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see262

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see259

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see235

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see232

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see215

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see215

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see206

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see199

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see193

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see187

Bir dəqiqə ərzində demensiyanı müəyyənləşdirməyə imkan verən sadə test açıqlandı

02 Sentyabr 2026 05:49see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri