BALAŞIN MƏDİNƏSİ Rafael Hüseynov yazır
Icma.az bildirir, 525.az portalına istinadən.
Rafael HÜSEYNOV
Akademik
Həkimlərdən soruşmamışam ki, bu deyiş həqiqətə nə qədər uyğundur. El dilində dolaşan sözdür ki, kimin yumruğu nə boydadırsa, elə ürəyi də o ölçüdədir. Balaş Azəroğluya və məsləkdaşlarına müharibə təlatümü və siyasət burulğanlarına bürünmüş 1940-cı illərdə Güney Azərbaycanda, Ərdəbildə "Yumruq" qəzeti buraxmağı zaman özü həvalə etmişdi və o çağda elə işləri görməkçün gərək özün boyda ürək, özün boyda yumruq olaydın.
İkinci Dünya müharibəsinin dalğasında yaranan, Balaş Azəroğlu demiş, "zidd-i faşist" məzmunlu olacaq "Yumruq" qəzetinə redaktor təyin ediləndə o və həmkarları ciddi bir müşküllə qarşı-qarşıya qalmışdılar.
1942-ci il idi, qəzeti ayda iki dəfə buraxmaq istəyirdilər, ancaq bununçün yetərincə maddi imkanları yox idi.
O dövrdə bir-birinin ardınca ictimai fəalların yaratdığı çoxsaylı başqa təşkilatlar kimi, öz nəşrini maliyyələşdirməli olan bu antifaşist dərnək də (əslində bunlara elə təşkilatdan daha çox məhz "dərnək" kəlməsi uyğun gəlir) yenicə yaranırdı, istər Ərdəbildə, istərsə də digər şəhərlərdəki bölmələri də ilk addımlarını atırdı, hələ yetərincə möhkəmlənməmişdilər, maddi dayaqları da zəif idi.
İllər sonra Balaş müəllimin xatırlamasınca, onu və yoldaşlarını bu qəzet məsələsində çox həvəsləndirən artıq ortadakı yaxşı bir nümunənin varlığı idi. Həmin vaxtlar Ərdəbildə azad düşüncəli, savadı da mükəmməl, elə maddi vəziyyəti də babat olan Həsən Cövdətin soyadı nəşrinin adına çevrilmiş, ayda bir dəfə 4 səhifə çıxan, camaat arasında da rəğbət qazanmış "ruznamə"si vardı (1940-cı ilə qədər sadə həyat yaşayan Həsən Cövdətin ömründə 1940-cı illərin əvvəllərindən əhəmiyyətli dəyişikliklər baş vermişdi və o, dostlarının, rəğbət bəsləyənlərinin təşviqi və həvəsləndirməsiylə siyasətə qoşulmuş, 14-cü dövrə İran Milli Məclisinə seçkilərdə iştirak etmişdi. Həsən Cövdət demokratik qüvvələrin yanında yer alan bir insan olduğundan İran Xalq Partiyasının da, "Kəndlilər İttifaqı"nın da, "Zidd-i faşist" cəmiyyətinin də fəallarına tapşırıq verilmişdi ki, seçkilər gedişində Həsən Cövdətə yardımçı olsunlar, kənd-kəsəkdə təbliğat-təşviqat işi aparsınlar. Elə onlardan biri də Balaş olmuşdu. Lakin seçkilərdə Cövdətin qalib çıxması ehtimalının böyük olmasından duyuq düşən hakimiyyət, seçki qutularını oğurlamağa qədər, bütün aşkar-gizli vasitələrin hamısından istifadə edir, nəticədə elə "qutudan çıxan" da öz adamı olur. Ancaq hər halda çox keçməyəcək, Həsən Cövdətin bu istəyi gerçəkləşəcək: 1945-ci ildə, artıq Azərbaycan Milli Məclisinə Həsən Cövdət də Ərdəbildən nümayəndə seçiləcək). Lakin o qəzetin tək əmması farsca olması idi və onu hamının oxuması mümkünsüzdü. Balaş və silahdaşlarınınsa niyyəti "Cövdət"dən fərqli olaraq, "Yumruq"u ana dilində buraxmaqdı, həm də oxucularla təmasları daha ardıcıl olsun deyə həcmi kiçildib dövriliyi artlrmaq haqda, qəzeti ayda iki dəfə 2 səhifə çıxarmağı düşünürdülər. Ancaq əlləri aşağı idi, ona görə də ayaqlarını yorğanlarına görə uzatmışdılar və ayda bir dəfə 2 səhifə çıxarmaqla başlamışdılar.
Balaş müəllimin maqnitofon lentindən yorğun səsi gəlir. "Yumruq" qəzetinin ilk əməkdaşlarını yada salır.
Və mən o adları yazmadan keçə bilmirəm. Bunlar Ərdəbildə anadilli mətbuatın ilk qaranquşlarından olmuş insanlardır, çoxdan unudulub gediblər, amma millət naminə görülmüş şərəfli işdə azacıq belə əməyi olanlar gərək hər macal düşəndə hökmən anıla: Həsənağa Daneşcu, Teymur Pirhaşimi, Ələkbər Səyyah, qəzetin ilk sayının ilk məqaləsini yazmış və sonra da imzası "Yumruq"da vaxtaşırı görünmüş Əxlaqi...
Ya Ələkbər Səyyah ki, gərək əsla unudulmaya, unudulmaya nədir, hər məqamı düşüncə, uyğun mövzulardan söhbət açılanda hökmən xatırlana.
O, Balaş müəllimin söyləməsincə, çoxşaxəli qabiliyyətləri və fəaliyyətləri olan insandı.
Həm Təbrizdə və Ərdəbildə həvəskarların təşkil etdiyi teatr tamaşalarında rollar oynarmış, yaxşı kamança çalırmış - Təbriz Filarmoniyası açılanda xüsusi dəvət gözləmədən kamançasını götürüb ora ilk yollanan elə Ələkbər Səyyah olmuşdu, mahir xəttatmış və hətta gəlib ona dükanların lövhələrini yazmağı sifariş edərlərmiş, rəssamlığına da söz yoxmuş - həm yağlı boya ilə qəşəng tablolar yaradırmış, həm də qrafika ustasıymış, "Yumruq" qəzetindəki karikaturların dəyişməz müəllifi Ələkbər Səyyahmış.
Balaş müəllim bunu da deyirdi ki, bizim ovaxtkı gücümüz məhz belə fədakar insanlarda idi. Çünki Ələkbər Səyyah kasıbyana, bir qarın ac-bir qarın tox həyat sürürmüş, bu qədər qabiliyyətləri ilə ailəsini zorla dolandırırmış və son dərəcə gözütox insanmış.
Rəvadırmı belələrini unudasan?!
Ən böyük inqilablar, yüksək amallar uğrunda mübarizələr həmişə ilk növbədə belə safların çiyinlərində gedir.
...Başlanğıcda Balaşın da, həmkarlarının da qəzet buraxmaq təcrübəsi yox idisə də, bir neçə aydan sonra, artıq 1943-cü ilin yazında ilk niyyətlərinə müvafiq olaraq ayda iki dəfə çıxmağa hazır olduqlarını duymuşdular. Di gəl, bu istəyi gerçəkləşdirməyə mane olan ciddi bir səbəb vardı - imkansızlıq! Ona görə də Balaş qət etmişdi ki, təşkilatın Təbrizdəki mərkəzi qərargahına getsin, sədri seçildiyi Ərdəbil bölməsinin və redaktoru olduğu qəzetin adından işləri bundan sonra necə qurmaq barədə məşvərət aparsın, maddi dəstək istəsin.
Balaş Təbrizə avtomobili olan yaxın dostu Artist Həsənlə yollanmışdı. Azəroğlu yada salırdı ki, 1940-cı illərin başlanğıcında Ərdəbildən Təbrizə aparan yol xeyli narahat idi, çala-çuxurlarla dolu torpaq yol, hər yan qum, daş-kəsək. Maşın irəlilədikcə arxadan toz dumanı qalxır, ətrafı bürüyür, göz-gözü görmürmüş. Arada hiss etmişdilər ki, ikisi də bərk yorulub, dayanaraq bir-iki saat gözlərinin acısını almışdılar. Üstündən onillər sovuşandan sonra Balaş müəllim həmin yolu xatirələrin qanadında gedərkən əski əyyamlar ona yenə elə əvvəlki kimi toz dumanı içərisində görünürdü, yolda maşını saxlayaraq dayandıqları bir-iki saatdakı çaparaq yuxu kimi gəlirdi.
Azəroğlu, bu qəbildən olan bir çox insanlar həmin illərin xatirələrini vaxtında qələmə almasaydılar, daha həmin dumanın ardındakıları görmək bizə heç nəsib olmaz, o dövrün bir çox hadisələrindən bixəbər qalardıq.
Gəlib yetişirlər Təbrizə.
Və bu, Balaş Azəroğlunun əziz şəhərə ikinci gəlişi idi. Hər halda burada ən azı ona məhrəm olan bir ünvan vardı - "Vətən yolunda" qəzeti - bir dəfə artıq orada olmuşdu.
Fikri bu idi ki, "Yumruq"un məsələlərini həll edəndən sonra hökmən "Vətən yolunda" qəzetinin redaksiyasına da baş çəksin, köhnə tanışlarla görüşsün. Hələ Ərdəbildəykən bu qərara gəldiyindən özü ilə təzə şeirlərini də götürmüşdü, onları da bu ümidlə təqdim etmək istəyirdi ki, bəlkə gələn saylarında "Vətən yolunda" da dərc edilə.
Əvvəlcə Həsənlə Təbrizdə antifaşit cəmiyyətinin düzəltdiyi klub kimi fəaliyyət göstərən "nümayişxana"ya gəlmişdilər. Bura o səbəbdən "nümayişxana" deyirdilər ki, "Zidd-i faşist" təşkilatı ilə bağlı olanlar üçün həmin kluba haçan gəlsələr, çoxlu qəzet-jurnalla tanış olmaq imkanı vardı, yeni çıxan nəşrlərin hamısını burada masa üzərində düzmüşdülər. Bu da öz yerində ki, həmin "nümayişxana" həm də müzakirələr, fikir mübadilələri üçün münasib bir meydan idi.
Balaş əvvəlcə həmin kluba gəlir və orada təşkilatın məsulu Mirrəhim Vilayi ilə görüşür, "Yumruq"un bir neçə sayını göstərir və elə ayaqüstü dərdini açır.
Vilayi qayıdır ki, birbaşa maddi olmasa da, qəzetinizə bir ayrı cür kömək göstərə bilərəm, baxıram ki, klişeniz də heç münasib deyil, dur gedək mətbəəyə.
Orada Mirrəhim Vilayinin xahişi ilə usta həm "Yumruq" qəzeti üçün iki günə təzə klişe hazırlamağı vəd edir, həm də Vilayinin təkidi ilə mətbəədən Balaşa istifadə edilmiş, amma hələ xeyli müddət də işlədilə biləcək şriftlər verilir.
Mətbəədən də durub gəlirlər təşkilatın mərkəzi qərargahına, Azəroğlu orada sonralar neçə illərin mübarizə yoldaşlarından birinə çevriləcək Sadıq Padeqanla tanış olur və ayda iki dəfə çıxmaq üçün ehtiyac duyduqları kağız məsələsi də həllini tapır (Mirrəhim Vilayinin, Sadıq Padeqanın adlarını təsadüfən xatırlamıram. Üstündən lap az keçəcək, 1945-ci ilin bitəcəyində, 1946-cı ilin əvvəllərində Təbrizdə Milli hökumət xoşbəxt günlərini yaşamağa başlayacaq, millətin tarixində yeni bir səhifə açılacaq. Mirrəhim Vilayi də, Sadıq Padeqan da, elə Balaş Azəroğlu da Milli hökumətin aparıcı qüvvələri sırasında yer alacaqlar - onlar vaxtın balaları idilər, onları zamanın özü yaratmışdı).
İşi düzəlmiş Balaş indi xoş əhvalla "Vətən yolunda" qəzetinə yollanmağa tam hazır idi. Bu redaksiyadakı ən köhnə tanışı - Bakıda məktəbdə ona dərs demiş Cəfər Xəndan elə görüşüncə ondan Təbrizdə nə qədər qalacağını xəbər alır və deyir ki, lap vaxtında gəlmisən, buradakı "Şairlər məclisi"nin iclası keçiriləcək, sən də iştirak edərsən.
Cümə günü Balaş "Şairlər məclisi"nin toplantısına qatılır, Cəfər Xəndan onu təqdim edəndə yer-yerdən səslənirlər ki, "Azəroğlunu qiyabi tanıyırıq, şeirlərini oxumuşuq". Biroturuma bir yığın şairlə tanış olan Balaş bildirir ki, bəs bizdə, Ərdəbildə də "Şairlər məclisi" var, mütəmadi toplaşırıq. Cəfər Xəndanın təklifi ləngimir: "Elə isə gəlin yaxın vaxtlarda bu məclislə o məclisin elə Ərdəbildə görüşünü təşkil edək".
Həmin görüş düz 1 il sonra, 1944-cü ilin baharında baş tutacaq.
...Balaş Azəroğlu orta təhsilli idi, ancaq onunla həmin dövrdə ictimai-siyasi hərəkatlara qoşulanlar, aparıcı mövqe tutanların əksərinin savadı bundan da aşağı idi. Onlara zamanın özü universitetə döndü.
O sinli-cavanlı şairlər və ədəbiyyat aşiqləri ki Təbrizdən, Ərdəbildən, Səlmasdan, Şəbüstərdən, Güneyin digər şəhərlərindən çıxmışdılar, o çağın qəzetlərində dərc edilirdilər, ədəbi məclislərdə çıxışlar edirdilər, onların bir qisminin həyatı elə 1940-cı illərin ortalarında bitib, hansılarısa sonralar da ədəbiyyatdakı yollarını davam etdirib, bir qismi isə qələmdən ayrılaraq tamam ayrı bir səmtə yönəlib. Onların 1940-cı illər Təbrizinin, Ərdəbilinin hərarətini artıran səsləri efir boşluqlarında əriyib-itib. Ancaq kitaba zaval yoxdur. Həmin illərdən "Şairlər məclisi" adlı bir neçə toplu qalıb. Bu gün də, bütün sabahlarda da həmin yadigar toplular vərəqləndikcə 1940-cı illərin ortalarının arzulu, mübarizəli, ümidli günləri təzədən canlanır və canlanacaq, əksəri unudulmuş Güney şairlərinin isti nəfəsi də, çırpınan nəbzi də bizimlə olacaq...
"Yumruq" qəzeti indi kimin yadına düşər ki! Balaş müəllim, onun nəslinin adamları getdi, qısa müddətdə, tarixin fırtınalı dönəmində çıxmış "Yumruq" da unuduldu.
O qəzetin bir nömrəsi qalmışdı Balaş müəllimdə. Elə o taydan bura əbədilik kimi görünən köçünü edəndə evdən götürüb cibinə qoyduğu əziz saxlanclardan biri həmin kiçicik qəzet olmuşdu. Azəroğlu "Yumruq"un o təbərrük sayını mənə göstərəndə 1990-cı illərin ortaları idi və artıq yarım əsr idi ki, o qəzet dünənin əks-sədası kimi şairlə birgə idi. Bu onillər boyunca, yəqin ki, hər sətrini əzbər bildiyi, çoxdan köhnəlmiş müharibə xəbərləri ilə dolu bu qəzeti o qədər açıb baxmışdı ki, səhifələr qat kəsmiş, süzülmüşdü.
Nəşrini 1945-ci ilin mayına, faşizm üzərində qələbə çalınanadək davam etdirmiş bu qəzetlə bağlı yaddaşlarını söyləyərkən Balaş müəllim bir düşüncəsini də bölüşmüşdü.
Söyləyirdi ki, illərdən yaxşı müəllim yoxdu, cavan vaxtlarımda, başım inqilab havalı olan günlərdə özümü od-alovun içərisinə atırdım. Neçə dəfə ölüm təhlükəsi ilə üz-üzə qalmışdım. İndi olsaydım, elə eləməzdim. Çünki həyat insana bir dəfə verilir. Gərək özünü təsadüflərə də qurban etməyəsən.
Belə deməyinə deyirdi, onun sözlərindəki səmimiyyəti də qəbul edirdim, amma heç cürə inana bilmirdim
Danışırdı ki, 1943-cü ildə müharibənin ən şiddətli dövrü idi. Cəbhələrdə döyüşlər şiddətləndikcə onların əks-sədası da İrana, Güney Azərbaycana bir başqa cür gəlib çatırdı. İranın içərisində şahlıq rejiminə qarşı ciddi etiraz günü-gündən artmağa başlayırdı, insanlarda azadlıq eşqi coşurdu. Ancaq şah taxtında oturmuşdu, ixtiyarında qüvvələr vardı, əhaliyə istədiyi təzyiqi göstərə bilirdi. Gah Sərabdan, gah Xoydan, gah Marağadan, gah Təbrizin, Ərdəbilin ayrı-ayrı kəndlərindən, qəsəbələrindən həyəcanlı xəbərlər gəlirdi. Soraqlar yetişirdi ki, filan yerdə camaatın etiraz mitinqi oldu, filan yerdə camaat toplaşıb səsini qaldırmışdı, onları döydülər, cəzalandırdılar, haradasa kimlərinsə öldürülməsi söhbətlərini də eşidirdik.
Balaş müəllim şəxsən öz başına gələni nağıl edirdi. Deyirdi ki, mənim əlimdən də zəncir çeynəyirdilər, "Yumruq" qəzetində dərc edilən bir çox etirazçı, inqilab ovqatlı, kəskin yazılar, əlbəttə ki, hökumətin döşünə yatmırdı. Bir dəfə mitinqdə alovlu-alovlu çıxış edirdim. Ancaq qarşımda da Muğan bəyzadələrindən biri dayanmışdı, əlində də tüfəngi. Görürdüm ki, mənə necə qanlı-qanlı baxır. Ya başqa bir mitinqdə güllələr atmışdılar. O güllələrdən biri də mənim başımın üstündən keçmişdi.
Əlbəttə ki, başının üstündən ötməyə də bilərdi. An məsələsi idi, güllə onu tutardı da, qəfilcə həyatını əlindən alardı, sonralar bütün Azərbaycanın tanıyacağı şair Balaş Azəroğlu da olmazdı. Onu elə həmin "Şairlər məclisi" toplularında adları keçmiş, tək-tək şeirləri dərc edilmiş güneyli şəhid söz adamlarından biri olaraq nadir təsdaüflərdə, yalnız bu dövr haqqında araşdırmalar dərin aparılarkən yada salardılar.
(Balaş Azəroğlu 1966-cı ildə ağır tibbi əməliyyatdan sonra qalxıb onu müşayiət edən həkimlə birgə ilk addımlarını atanda "Həyata qayıtmışam" adlı bir şeir yazmışdı. Amma Ərdəbildə bəyzadələrin atdığı güllə ondan yan keçəndən sonra da dünyaya təzədən gəlməsinə işarə ilə "Mənim təvəllüd günüm" adlı şeiri də olmuşdu.)
Məhz belə-belə ani gələ biləcək ölümlər haqqında düşünürkən artıq ixtiyar çağlarında Balaş müəllim etiraf edirdi ki, indiki ağlım olsaydı, əsla o təhər çılğın ehtiyatsızlıqlar etməzdim.
Belə deməyinə deyirdi, ancaq bu, inqilab yolunu tutmuş insanın taleyi idi axı! Sənin içərin millət diləklərinin ifadəçisinə çevriləndən sonra başqa cür olmağın mümkünsüzləşir. Balaş Azəroğlu olsun, ya onun ayrı məsləkdaşları. Sonrakı düşüncəylə, artıq ömrün gələcəkdəki illərinin hündürlüyündən baxarkən bəlkə də dildə belə söyləmək olur. Ancaq məndə bu inam da var, elə bunu o vaxt Balaş müəllimin özünə də demişdim ki, siz, ya sizin kimi olmuş başqa mübarizə yoldaşlarınızı hansı möcüzəyləsə həmin dövrlərə qaytarmaq mümkün olsaydı, yenə indiki ağlınızla olan kimi yox, elə o vaxtlar etdiyiniz kimi davranardınız.
Çünki onlar həmin təlatümlü illərdə o alovlu hisslərlə yaşamasaydılar, ağına-bozuna baxmadan həmişə mübarizələrin ön cərgəsinə can atmasaydılar, ayrı adam olardılar. Balaş Abizadə də nə "Azəroğlu" olardı, nə misraları Vətən sevgisi və mərdanəlik saçan solmaz şeirlərini yarada bilərdi, nə də başqalarının da içərisinə qığılcım atan inam və qətiyyətlə belə söyləyə bilərdi:
Dağlar, qayalar yıxan,
Coşub-daşan bir selin
Kəsilməyən səsiyəm.
Azadlıqçın döyüşən
Bir torpağın, bir elin
Bölünməz zərrəsiyəm.
...Onlar dünyadakı saysız cütlüklər kimi sadəcə ər-arvad olmadılar. Mədinə ilə Balaş bir-birinə həm mübarizə yoldaşı, həm könül dostu, həm də qələm sirdaşı idilər.
Qələm yoldaşı deyil, məhz sirdaşı. Çünki Balaşın yazdıqlarının ilk oxucusu Mədinə xanım, Mədinə xanımın qələm təcrübələrinin birinci məhrəm münsifi Azəroğlu idi.
1983-cü ildə Bakıda, "Yazıçı" nəşriyyatında Mədinə Gülgünün şeirlər və poemalardan ibarət "Ömrün payız dayanacağı" kitabı işıq üzü gördü. O ilin iyununda Mədinə xanım 21-ci dəfə xoşbəxt idi. Yəni o günəcən özünü xoşbəxtlərin xoşbəxti hiss etdiyi başqa günlər də olmuşdu. Bunlar ən çox ailə ilə, uşaqlarla bağlı idi. Ancaq bu 21 xoşbəxtliyin dadı büsbütün başqa idi və onu hər kəs hiss etməz. Bu 21 bəxtiyarlıq onun dünyaya gələn hər yeni övladı kimi əziz, sevimli, doyulmaz olan 21 kitabı idi.
Və bu 21-ci övladı - 21-ci kitabı əvvəlkilərin və sonra çıxacaqların hamısından fərqləndirən bir cəhət vardı. O biri kitabların bir neçəsində önsözlər vardı. Birini Bəkir Nəbiyev yazmışdı, birini Nəriman Həsənzadə, birini Mirvarid Dilbazi, digərini Bəxtiyar Vahabzadə... Yüzlərlə başqa bu cür şeir və nəsr kitablarına yazılan xatirə və təhlil qarışıq yığcam müqəddimələr kimi önsözlər. Bu 21-ci kitaba Mədinə Gülgün başlanğıc sözü özü yazmışdı.
Və bu onun qısa ömür hekayəti, şeirlə, qələmlə sevdasının tarixçəsi idi.
Bu bir hekayət idi ki, sətirlərində Mədinə Gülgün şeirlərindəkilərdən də daha çox özü idi.
"Ata-anamın ilki idim, kiçik ailəmizdə məndən sonra altı uşaq da dünyaya göz açmışdı. Gəlin anamın beşik başında əyləşib öz körpələrinə şirin layla deməsini indi də xatırlayıram. Onun laylalı, bayatılı səsi qəlbimə, yaddaşıma hopmuşdur. Mən çox-çox uzaqda qalan o illərin - analı dünyamın şirinliyini, kövrəkliyini, istiliyini indi də qəlbimdə duyuram. Minnətdaram anamın şirin-şəkər, gül ətirli laylalarına.
Hələ otuz altı-otuz yeddi il bundan qabaq əlimə qələm alıb şeir yazmaq həvəsinə düşəndə məhz bu laylalar ilhamıma qanad vermişdir".
Balaş müəllim danışırdı ki, Mədinə xanım hər təzə yazısını bitirəndən sonra əgər həmin dəqiqələrdə evdə olmasam, mənə zəng çalardı. Əvvəl soruşardı ki, otaqda təksənmi, dinləmək imkanın varmı? Hətta desəydim ki, tək deyiləm, amma danışa bilirəm, söhbəti davam etdirməzdi, "Yox, tək olanda özün zəng vur".
Ədəbiyyat İnstitutunda, iş otağında yalqız qalanda Azəroğlu tanış nömrələri yığarmış, dəstəyin o başından tanış, doğma səs gələrmiş və Mədinə xanım başlayarmış yeni şeirini oxumağa. Şeiri oxuyub bitirərmiş, sonra da istəyərmiş ki, Balaş fikrini, həm də təkid edərmiş ki, düzünü desin, nəyi bəyənib, nədən razı qalmadığını açıq söyləsin. Balaş da Mədinəsinin xasiyyətini yaxşı bildiyindən heç nəyi gizlətməzmiş, ürəyindən nə keçir, açıqca söylərmiş. Mədinə səbirlə dinləyər, ağlına batanı qəbul edər, nələrləsə razılaşma, misrasının, ya bəndinin məhz bu yazılışda gözəl olmasını əsaslandırmağa çalışarmış.
Balaş müəllim dəqiqləşdirirdi: "Mədinə mənə bütün yazılarını oxuyurdu. İstisnasız, hamısını. Mənə oxumasa, bir yazısını da üzə çıxarmazdı".
O minvalla, deməli, Mədinə xanım bu müqəddiməni də Balaş müəllimçün oxuyubmuş. Balaş müəllim də qulaq asdıqca, xəttin obiri başında, Ədəbiyyat İnstitutunda təkcə əyləşdiyi iş otağında, əməkdaşların təqribən hamısının dağılmış olduğu axşam saatında, təsəvvür edirəm ki, necə duyğulanıbmış, dinləyə-dinləyə neçə dəfə qəhərini udubmuş. Axı adı çəkilməsə də, həmin sətirlərdə o özü də vardı, telefondan birbaşa ürəyinə axan doğma səsdə bir az aralıda, bir az yaxında onun da surəti sayrışırdı.
"1945-ci ildə Təbrizdə "Vətən yolunda", "Yeni Şərq" qəzetlərində ilk dəfə nəşr olunan şeirlərimə görə məhz bu qəzetlərin qayğıkeş əməkdaşlarına minnətdaram.
1945-ci il dekabrın 12-də baş verən 21 Azər hərəkatı Cənubi Azərbaycan xalqının həyatında parlaq səhifə açdı.
...Qadağan olunan ana dilimiz günəş işığına çıxdı. Musiqi, mədəniyyət ocaqlarımız yarandı, ana dilində məktəblər açıldı, dərsliklər çap olundu. Şəhərlərdə fabriklər, zavodlar milliləşdi. Kəndlərdə torpaqlar kəndlilər arasında bölündü. Milli teatrımız oldu.
...Sadaladığım bu xoşbəxtlik və nailiyyətlərə qovuşmaqçün gedən milli mübarizədə iştirak etmək səadəti mənə də nəsib oldu. Bu, mənim həyatımda - tərcüme-yi halımda iftixar etdiyim əlamətdar hadisələrin birincisidir. Mən də xalqımla birlikdə arzularıma qovuşmuşdum".
Əslində Balaşı Mədinəyə, Mədinəni Balaşa ürcah edən də elə həmin milli hərəkat oldu.
Ancaq Mədinəylə qovuşanadək Balaşın bir evliliyi olmuşdu. Balaş müəllim sabitqədəm, etibarlı adam idi və ata-anasının məsləhəti ilə ailə həyatı qurduğu da yad deyildi - doğmaca dayısı Əmənin qızı idi.
1944-cü ildə toyları çalınmışdı və vaxtın gedişi, hadisələrin axarı bu cür ləngərli olmasaydı, yəqin, elə axıracan birgə qalacaqdılar.
1945-də Balaşın bircə il doyunca görə biləcəyi, sonra 45 il ayrı düşəcəyi və bir də artıq ahıl qadın olduğu çağlarda qucaqlayıb ağlayacağı Solmazı doğulmuşdu.
Elə o kövrək bayatı deyən kimi olmuşdu:
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar...
Balaş müəllim danışırdı ki, Milli hökumət devriləndən sonra bu taya pənah gətirməli olduqları ilk aylarda hələ ümidlərini üzməyiblərmiş, özlərini inandırmağa çalışırlarmış ki, heç ola bilməz bu boyda iş belə anidən zavala uğraya, qayıdacağıq, yenə yolumuzu davam etdirəcəyik. Ancaq o taydan yetişən dəhşətli xəbərlər, həbslər, qətllər, sürgünlər haqda soraqlar çatdıqca, beynəlxalq gedişatı diqqətlə izlədikcə başqaları olmasa da, hər halda Balaş acı gerçəkliklə daxilən barışmağa məcbur olmuşdu, qayıdışın uzun çəkəcəyi, bəlkə heç ola bilməyəcəyi qənaətinə gəlmişdi.
Bunu da özü mənə söyləyirdi ki, ilk vaxtlar özüm kimi başqa cənublu siyasi pənahəndələrlə çox söhbətlərimiz, müzakirələrimiz, qızğın mübahisələrimiz olurdu, bəzi - hələ içərisinin atəşi sönməmiş köhnə fədailərimiz reallıqla heç vəchlə barışa bilməyərək təkidlə söyləyirlərmiş ki, yox, mütləq tezliklə qayıdacağıq.
Balaşsa vəziyyətə soyuq ağılla, ayıq baxmağı bacarırdı və bir müddət sonra İrana, atası Allahbaxışa xəbər ötürə bilir ki, ola bilsin, bu xəmir çox su apardı, heç qayıda bilmədim, qız məni gözləməsin, talağını verirəm, cavan adamdır, ailə həyatı da qura bilər.
Allahbaxış da xanımı ilə birgə getmişdi qızın atasının yanına, oğlunun sözünü çatdırmışdı və bircə xahişi olmuşdu ki, körpəni verin biz saxlayaq, Balaşın yadigarıdır...
Mədinə iləsə Balaş tarixi bir gündə tanış olmuşdu - Təbrizdə, 1945-ci ilin 12 dekabrında - azər ayının 21-də, o gün ki, müqəddərat həll olunurdu, Milli Məclis çağırılmışdı.
Aradakı fasilələrdən birində Azəroğluya yaxınlaşırlar ki, rəyasət heyətinin otağında ağa-yi Pişəvəri sizi gözləyir.
Balaşla mehriban görüşən Pişəvəri onu yanında əyləşdirərək deyir ki, səni bir nəfərlə tanış etmək istəyirəm.
Sonra da üz tutur yaxınlıqda oturmuş xanıma: "Bu qız Mədinə Ələkbərzadədir, səni görmək istəyirdi, mən də ona söz vermişdim sizi tanış edəcəyəm".
Mədinə təklif edir ki, lojada yanaşı otursunlar və ikilikdəki ilk təmasları belə başlanır.
İclaslar davam edirdi, ertəsi gün yenə görüşürlər və Mədinə Balaşa deyir ki, sizin söhbətinizi evdə açmışdım, Ərdəbil şairi olduğunuzu söyləmişdim, nənəm də rica eləmişdi bizə gələsiniz, sizinlə Ərdəbil söhbətləri etmək niyyətindədir, anam da sizin adınıza Bakı yeməyi bişirəcəyini vəd edib.
Balaş gəlir Mədinəgilə, elə hal-əhvaldan sonra Gövhər nənə Balaşın Ərdəbilin özündən, ya kəndindən olmasını xəbər alır.
Balaşgilin Təbriz yolunun üstündəki Hacı Səlim qışlağından, ana tərəfinin Sumadan olduğunu bilincə Gövhər nənə başlayır cavan şairin babaları ilə maraqlanmağa.
Balaşın ata babasının Abı, ana babasının Haşım olduğunu eşidincə xanım diksinən kimi olur, tez soruşur ki, nənənin adı Xavərdirmi?
Balaş təsdiq edincə Gövhər nənə sevincək dillənir ki, biz qohummuşuq ki; belə çıxır, sən Mədinə ilə əminəvəsisən, çünki bizim qız da sənin babanın əmisi oğlu Əmənullanın nəvəsidir.
O çağlarda yetərincə fəal gənclərdən olan Mədinə həm "Azərbaycan" qəzetinin xüsusi müxbiri, həm də Təbrizdəki "Qadınlar klubu"nun sədri imiş. Balaşla qohumluğundan agah olunca ona daha artıq səmimiyyət göstərir, Azəroğlunun Təbrizdə qaldığı günlərdə hər səhər ona baş çəkər, birgə şəhərə çıxar, bələdçilik edərmiş.
1946-cı ilin iyununda Mədinə ilə yenə görüşürlər - Təbrizdən Təqi Şahinin imzası ilə (bu nurlu insan və dəyərli tarixçi alimlə 1970-1980-ci illərdə neçə müddət Şərqşünaslıq İnstitutunda birgə işlədik, onun Təbrizin istiqlal havalı günləri ilə bağlı çox xatirələrini dinlədim) Azəroğlunu baş vəzirliyə dəvət edən teleqram gəlmişdi, Balaş ehtimal edir ki, onu nəsə vəzifə təklif etmək məqsədi ilə çağırırlar. Çünki Pişəvəri daha əvvəllər özü ona "sənin kimi kadrlara indi ehtiyac var" söyləmişdi. İş elə gətirir ki, həmin günlərdə "Azərbaycan Yazıçı və Şairlər Cəmiyyəti"nin açılış mərasimi keçirilir və Balaş yazıçıların yığıncağında Mədinə Gülgünlə təzədən rastlaşır, bu dəfə artıq köhnə tanışlar və qohumlar kimi görüşürlər.
Balaş oradan Tehrana, İran yazıçılarının qurultayına nümayəndə kimi gedib təzədən Təbrizə qayıdandan sonra bəlli olur ki, yaxın günlərdə bura köçməli olacaq.
Baş nazir Seyid Cəfər Pişəvəri Azəroğluya əvvəlcə maarif nazirinin müavini işləməyi, nazir Biriyaya kömək göstərməsini təklif edir. Balaş tərəddüd edir ki, mən özümü o işə kifayət qədər hazır hesab etmirəm. Belə olanda Pişəvəri Azəroğluya yenicə fəaliyyətə başlamış Mirqasım Çeşmazərin sədr olduğu Təbriz radiosunda müavinliyi tövsiyə edir.
Balaş razılaşır, bu xəbəri Mədinəyə də söyləyir və Mədinə də qayıdır ki, onda Ərdəbildə çox ləngimə, yoldaşını da, qızını da gətir, kirayə qalmağa münasib mənzil tapana qədər bizdə qalarsınız, üç otağımız var, biri sizin.
...1947-ci il aprelin 15-i idi, axşam qaranlığı təzəcə qatışırdı, avtomobil Balaşı həbsdən, sürgündən, dar ağacından, güllələnmədən qurtarıb nicata, amma həm də bitməz həsrətlərə doğru aparırdı və illər sonra xəyalən həmin günə, həmin dəqiqələrə qayıdarkən Azəroğlu olmuşları belə xatırlayacaq: "Maşınımız Təbrizdən Şimala hərəkət edəndə içimdə ilk dəfə ayrılığın kədərini duydum. Bu kədər haradan gəldi? Niyə birdən qəlbimə dolub onu sıxmağa başladı? Ölümün pəncəsindən, zindanın işgəncələrindən yaxa qurtarıb getdiyim zaman bu nə kədərlənmək idi? Bəlkə bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim Təbrizin, itirdiyim azadlığın, şəhid olmuş dostlarımın, gələcəkdə xatirəyə dönəcək və xatırlandıqca mənə əzab verəcək günlərin ilk əlaməti idi? Bəlkə 26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin ilk qaranquşu idi bu kədər?"
Təbrizdən ayrılmasından 3 gün ötəndə Balaş Mərdəkanda, hər halda dərdini xeyli azaldan bir əhatədə, köhnə mübarizə yoldaşları ilə birgə idi. Onu daha çox sevindirənsə bu olur ki, yenə Mədinə ilə üzbəüz qalır.
Sən demə, onun buraya yetişməsi xəbərini alınca Bakıya digər siyasi mühacirlərdən daha əvvəl təşrif gətirmiş, artıq oturuşmuş Mədinə Gülgün Azəroğlunun gəlişini Səməd Vurğuna çatdırıbmış, o da tapşırıbmış ki, şairi Yazıçılar İttifaqına gətir. Mədinə də vaxt itirmədən şəhərdən Mərdəkana, "Yaşıl bağ"a yollanıbmış ki, Balaşı özü ilə aparsın...
"İnsan cövrə tabedir" deyiblər və o sahildən bu sahilə gələnlər asta-asta yeni şəraitə və günün şərtlərinə uyğunlaşmağa başlayırdılar. İnsafən, onların üzünə də hər qapını açırdılar.
"Mədinə çox mərd, xeyirxah, kövrək ürəkli, insanlara çox tez uyuşan, xoşsöhbət, yaxşılıqdan zövq alan bir qız idi. Mən hələ Təbrizdə onunla ilk tanışlığımdan bunları hiss etmişdim. Ona qarşı qəlbimdə oyanan ilk hisslər Mədinənin bu keyfiyyətlərindən doğmuşdu və məni ona bir qohumluq münasibətindən də çox bağlamışdı. Hələ Təbrizdə ikən ürəyimdən keçirdi ki, kaş adamın belə bir həyat yoldaşı ola. Dünyagörüşümüz, həyata münasibətimiz bir-birini tamamlayır. Ancaq bu, qəlbimin dərinliyində bir arzu idi, bəlkə də mənimlə qəbrə qədər gedəcəkdi. Məni evləndirən atamı, anamı qınaya da bilməzdim, çünki mən onların yeganə övladı idim, oğul toyu, nəvə görmək istəyirdilər. Aramızda pərdə olduğu üçün onlara deyə bilməzdim ki, mən savadlı, bilikli, dünyagörüşümüz uyğun gələn bir qız ilə evlənəcəyəm. Özü də Ərdəbil kimi bir yerdə.
Mədinəyə dostluq məhəbbətim vardı və bəlkə də bu, uzun illər belə qalacaqdı".
Ancaq qalmır. Bir gün Pedaqoji İnstitutda Cənubi Azərbaycan şairləri ilə görüş varmış. Bu xəbəri Balaşa elə həmin institutda işləyən Mədinə çatdırıbmış.
Görüş başlanır, zal ağzınacan doluymuş, Mikayıl Rəfili hamını heyran qoyan parlaq bir məruzə edir, sonra müəllimlər danışırlar, tələbələr güneyli şairlərin seçmə şeirlərindən oxuyurlar.
Görüş bitmişdi, Mədinəylə Balaş oradan yataqxanayadək piyada gəlmişdilər, yol boyu xeyli susandan sonra Balaş çətinliklə də olsa, hər kəlmə arasında fasilələr verə-verə çoxdan ürəyində gizli saxladığı istəyini dilə gətirmişdi. Yüngülləşən kimi olmuşdu, amma onun ürəkaçmasından sonra Mədinə yataqxanaya çatanacan dinməmişdi, yataqxanada Balaşla birgə oturub kirimişcə şam etmişdilər, Mədinə yenə kəlmə kəsməmişdi, yalnız dəhlizdə rəfiqələrindən biri ilə rastlaşandan sonra çiçəyi çırtlayıbmış kimi, gülə-gülə onunla şux danışmışdı.
Balaş elə həyəcanlanıbmış ki, o axşam ağzından qan açılıbmış, gecənin bir aləmində ardınca "Təcili yardım" gəlibmiş və onu xəstəxanaya yerləşdiriblərmiş. Ertəsi gün Mədinə onu yoluxmağa gələndə günahkar kimi dillənibmiş ki, dünəndən özümü danlayıram, bizim söhbətdən sonra xəstələndin.
Və o da ürəyini açır.
1952-ci ildə qovuşdular və 1991-ci ilin fevralınadək, ölüm Mədinə xanımı alıb aparanadək "can" deyib, "can" eşitdilər, bir-biriylə nəfəs aldılar.
Balaş müəllim bunu da etiraf edirdi ki, Mədinə köçəndən sonra neçə həftələr evdən çıxmadım, özümdən ixtiyarsız səhərdən-axşamacan ağlayırdım, elə zənn edirdim ki, həyat mənimçün bitib...
Nə yaxşı ki, ürəyimiz birgə vurdu,
Nə yaxşı ki, el dərdini qoşa çəkdik.
Nə yaxşı ki, yer üzündə sevgi vardı,
Bu sevgisiz biz xəyala dönəcəkdik.
Bu misralar Mədinə Gülgünün 1975-ci ildə, ilk görüşlərindən 30 il keçərkən könül hayanı Balaş Azəroğluya həsr etdiyi "Torpaq üstdə qoşa qalır izlərimiz" şeirindəndir.
Bu sətirlərisə Balaş Azəroğlu 1957-ci ildə yazmışdı:
Mən səni unutmaram, məktub yazsan, yazmasan.
Axı hər vaxt, hər zaman
Mən səni düşünmüşəm, sən də məni anmısan,
Ağır gündə, çətində arxamda dayanmısan.
Bu həyat yollarını birgə vurmuşuq başa,
Yaşayacağıq qoşa.
Mən heç kədərlənmirəm, ömür keçir, gün keçir...
Şəklin başım üstədir.
Bu şeir yazılanda onların birgəlik yolu təzəcə başlayırdı, qarşıda yaşanası bütöv ömür vardı.
Balaş Azəroğlu bu şeirdən sonra da Mədinə xanıma həm sağlığında, həm həyatda olmadığı çağlarda çox şeirlər həsr etdi.
Və sevgilisinin, bu dünyada elə müqəddəs Məkkə-Mədinə kimi uca bildiyi əziz Mədinəsinin şəkli həmişə başının üstündən əvvəl ürəyinin içində oldu.
Mədinəsinin şəklini ürəyində yaşaya bildiyi qədər yaşatdı...
26 noyabr 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















