Bank kartlarından pullar necə oğurlanır? İlginc DETALLAR
Həyatımıza çoxsaylı yeniliklər gətirən texnologiya kibercinayətkarlığa yeni imkanlar yaradır, bu isə daha çox insanı təhlükələrlə üz-üzə qoyur, nəticədə kibercinayətlər sürətlə artır.
Bu gün sürətlə artan kibercinayətkarlıq həm fərdi, həm də dövlət səviyyəsində böyük təhlükə yaradır.
Son dövrlərdə Azərbaycanda vətəndaşların bank kartlarından pullarının oğurlanması halları artıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu barədə dəfələrlə çağırışlar etsə də, maarifləndirmə tədbirləri həyata keçirsə də, insanlar hələ də bu təhlükələrlə qarşılaşırlar.
Bu hallar bəzən vətəndaşların öz günahı olsa da, çox vaxt da problemi bankların məsuliyyətsizliyində görürlər.
Onlar hesab edirlər ki, kiber dələduzluğun artması ilə banklar müştəri məlumatlarını qorumaq, əməliyyatları təhlükəsiz saxlamaq və fırıldaqçılıqla mübarizə aparmaq üçün daha ciddi tədbirlər görməli və etibarlı sistemlər qurmalıdırlar.
Hər kəsi narahat edən ciddi sual yaranır: bu təhlükələr və artan oğurluqlar fonunda banklar müştərilərinin məlumatlarını tam qorumağı bacarırlarmı?
Rəqəmsal dünyadakı artan təhlükələr qarşısında bankların təhlükəsizlik sistemlərində hələ də ciddi zəifliklər varmı?
Sözügedən məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Əkrəm Həsənov hesab edir ki, kibercinayətlərdə bankların rolu xüsusilə önəmlidir.
“Kibercinayət yalnız Azərbaycanda deyil, dünya üzrə aktual bir məsələdir və banklar bütün dünyada heç də həmişə müştərilərini tam müdafiə edə bilmir. Çünki kibercinayətləri törədənlər kifayət qədər bilikli və savadlıdır. Onların bir qismi vaxtilə banklarda işləyən şəxslər olub, bu da onlara bankların zəif nöqtələrini yaxşı tanımağa imkan verir.
İnformasiya Texnologiyalarının sürətli inkişafı ilə kibercinayətlərin üsul və metodları da inkişaf edir. Lakin son vaxtlar Azərbaycanda baş verənlərə dünya üzrə analoq tapılmır.
Bu gün əsasən iki bankdan bəhs edilir: Beynəlxalq Bank və Kapital Bank. Bunlar ölkənin iki ən böyük bankıdır,
Bəzən digər banklarda da belə hallar baş verir, necə ki, dünya banklarında baş verir, eynən Amerika, Fransa, İngiltərə, Almaniya və digər ölkələrin banklarında da bu hadisələr olur. Belə bir şey heç yerdə yoxdur.
Bu da ondan xəbər verir ki, qeyd etdiyim bu iki böyük bank müştəri məlumatlarını tam qoruya bilmirlər. Onların təhlükəsizlik və informasiya sistemləri olduqca zəifdir.
Onlar böyük olduqları üçün, əməliyyat həcmləri və müştəri portfelləri də genişdir. Digər banklarla müqayisədə, daha çox diqqət yetirməli və sistemləri daha təhlükəsiz olmalıdır”, – deyə hüquqşünas əlavə edib.
Pensiya kartlarına da toxunan Ə.Həsənov bildirib ki, bu gün bütün pensiya kartlarının böyük banklarda olması özü bir qanunsuzluqdur:
“Bütün pensiya kartları bu banklardadır, amma pensiyaçıların heç birinin bu banklarla müqaviləsi yoxdur. Dövlət Sosial Müdafiə Fondu bütün pensiya kartlarını onlara təqdim edib.
Bu gün banklar yaxşı kadrları seçmir və öz kadrlarının inkişafına vəsait ayırmırlar. Yaxşı kadrlar demək olar ki, azdır. Müştəri çox olduğuna görə banklar düşünür ki, yaxşı kadrlara ehtiyac yoxdur. Sadəcə ucuz kadrlar… Hər şeydə ucuzluq axtarılır…
Sözügedən bankların rəhbərləri hər biri illik iki milyon bonus alır. Bu bonus bankların rəhbərlərinin şəxsi mənfəətinə bağlıdır. Xərc nə qədər az olsa, bir o qədər yaxşıdır”.
Ə.Həsənov hesab edir ki, Mərkəzi Bank bu bankları lazımi şəkildə yoxlamır, halbuki kifayət qədər nüfuzu, böyük resursları və imkanı var.
O, sonda vurğulayıb ki, bankların fəaliyyətinə ciddi nəzarət edilməli və müştərilər özləri qərar verməlidirlər ki, bu banklardan xidmət alsınlar, yoxsa yox?
Gununsesi.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, aparılan müşahidələr Azərbaycan banklarının təhlükəsizlik sistemlərinin dünya banklarının təhlükəsizlik sistemlərinə nisbətən geridə qaldığını göstərir:
“Bu gün dünyada kibercinayətkarlıq sürətlə artmaqdadır. Bu sahədə süni intellektin istifadəsi xüsusilə qeyd olunmalıdır, çünki bu qruplaşmalar və saxta şirkətlər süni intellektin imkanlarından faydalanırlar. Süni intellekt gündən-günə sürətlənir və bu, ban sistemlərinə müdaxilə edərək məlumat oğurlama imkanlarını artırır.
Azərbaycanda vətəndaşların iradəsindən kənar hər hansı bir kiber cinayətkarlıq hücumu müşahidə edilməyib. Yəni, vətəndaşlardan məlumat əldə edilmədən onların kart və ya bank hesablarına müdaxilə etmək mümkün olmayıb. Hələ ki, belə bir hadisə baş verməyib. Əksər hallarda, vətəndaşlardan məlumatlar alındıqdan sonra kart hesablarına daxil olub başqa bir karta pul köçürülür. Bu prosesi həyata keçirmək üçün isə haker olmağa ehtiyac yoxdur. Adi kart əməliyyatları barədə məlumatı olan hər kəs bu əməliyyatı asanlıqla həyata keçirə bilər.
Bu əməliyyatların hamısını bankın sistem üzərindən izləməsi və köçürülən vəsaitin kimə aid olduğunu müəyyənləşdirmək saniyələr içində mümkündür. Hətta Milli qəhrəmanımız Hökümə xanımın atasının kartından oğurlanan 80 min manatı tezliklə tapmaq mümkün oldu. Elan edildikdən sonra tapılması çox çəkmədi.
Amma 5 min, 6 min, 3 min manat və s. məbləğində pulu oğurlanan vətəndaşlar var ki, onların oğurlanan pullarının geri qaytarılmasında nə banklar, nə də digər orqanlar kibercinayətə qarşı bu gün kifayət qədər operativlik göstərirlər. Bu, məsələnin həllindəki sürəcin ləngiməsi ilə bağlıdır.
Elə insanlar tanıyıram ki, iki min, üç min, beş min pulu oğurlanıb, amma bu günə qədər bank onu qaytara bilmir. Nə bank, nə də digər orqanlar kömək edə bilir. Əgər Milli qəhrəmanımıza məxsus böyük bir məbləğ geri qaytarılırsa, necə olur ki, sadə vətəndaşın kiçik məbləğləri geri qaytarılmır?”
A. Nəsirlinin fikrincə, Azərbaycanda fəaliyyət göstərən bu cinayətkar qrup, Beynəlxalq Bank və Kapital Bankın kartlarından vəsait oğurlayan şəxslər nə hakerdir, nə də kiber cinayətkardırlar.
“Sadəcə olaraq, yaxşı danışmaq bacarığına malikdirlər. İnsanları asanlıqla aldadıb, onlardan bütün məlumatları alaraq oğurluq proseslərini sadə şəkildə həyata keçirirlər.
Burada düşünmək olar ki, bəzi hallarda banklar özləri də bu cinayətkarlara kömək edirlər. Vətəndaşların itən pulları tapılmır və bunu kibercinayət adlandırmaq düzgün deyil.
Azərbaycanda kibercinayətkarlıq adlandırılan bu məsələlər, əslində adi oğurluqdur Məsələn, biri cibinizdən pul oğurlasa, onun kimliyini tapmaq çətin olar, çünki heç bir məlumat yoxdur. Ancaq bankdan pul çəkənlərin bank hesabı varsa, onların bütün məlumatları mövcuddur və hüquq-mühafizə orqanları bir neçə saat ərzində həmin məlumatları əldə edərək cinayətkarı yaxalaya və həbs edə bilərlər. Lakin bu edilmir.
Bu gün Azərbaycanda hesab kartlarından pulların oğurlanması bir neçə şəbəkə vasitəsilə baş verir. Bu şəbəkələrdə bankların da rolu var, çünki onlar həmin şəbəkələri himayə edirlər. Müəyyən sübutlar olmasa da, aparılan analizlərə əsasən, bu belə olduğu düşünülür. Banklar da cinayətkarların həbs olunmaması üçün əllərindən gələni edirlər. Məsələn, tutaq ki, mənim kartımdan pul yoxa çıxıb, bank dərhal bilir ki, hansı karta köçürülüb. Bank öz sistemi ilə həmin kartı bloklaya bilər ki, istifadəçi kartdan istifadə edə bilməsin. Beləliklə, təhlükəsizlik təmin olunur. Daha sonra isə bütün məlumatlar polisə ötürülərək, məsələ tez bir zamanda həll oluna bilər”, – deyə ekspert əlavə edib.
Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə artıq bu cür oğurluqlar baş vermir:
“Çünki belə oğurluq edənləri dərhal həbs edirlər. Hətta GPS izləmə sistemi ilə onların hansı istiqamətdə olduqlarını da müəyyənləşdirə bilirlər. Digər tərəfdən, həmin ölkələrdə insanlar bu mövzularda ciddi şəkildə maarifləndirilir. Eyni zamanda, təhlükəsizlik kodunun üstü örtülür və vətəndaşlar istəsələr, onu açıb və ya bağlaya bilirlər.
Sizin vasitənizlə insanlara bir neçə məsləhət vermək istərdim:
Kartın təhlükəsizlik kodunu heç kəsə göndərməyin. Mütəmadi olaraq istifadə etdiyiniz kartda pul saxlamayın; pulu başqa bir kartda saxlayın. Nə vaxt ehtiyac olarsa, o zaman istifadə edin və limit müəyyənləşdirin. Sizə zəng gəldikdə diqqətli və ayıq olun. Bu zaman heç bir şəxsi məlumatınızı vermək olmaz”.Fikirlərini Gununsesi.info-ya şərh edən İKT üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, kiberdələduzluq hallarında bankların iştirakını iddia etsək də əlimizdə tutarlı faktlar yoxdur:
“Tutarlı faktların olması üçün ya xüsusi dövlət qurumları tərəfindən aparılan yoxlamalar nəticəsində faktlar aşkar edilməli, ya da hansısa bir məhkəmə prosesində bank öz sistemlərini müəyyən açıq qapı günlərində mütəxəssislərlə təqdim edə bilər. Yəni, məsələlərin real vəziyyəti belə müəyyən oluna bilər. Amma buna baxmayaraq, cəmiyyətdə hər kəs bir ağızdan deyir ki, kiberdələduzluq hallarında bankların da birbaşa rolu var. Bank əməkdaşları bəzən fəallıq göstərir, dələduzlarla əlbir olurlar. Vəsaitlər çəkildikdən sonra kriptovalyutaya çevrilir, hansı ki, sonradan onun təyinat nöqtəsini izləmək çox çətin olur. Biz bunları cəmiyyət olaraq iddia edirik. Reallıqda nə baş verdiyini əminliklə demək mümkün deyil, amma bu məsələlərdə müəyyən həqiqət payı ola bilər.
Burada bankların sistemində bəzi xətalar ola bilər. Bu xətalar ya bilərəkdən müəyyən bank əməkdaşları tərəfindən istifadə oluna bilər, ya da kənar dövlətlərdəki kiberdələduzluqla məşğul olan mütəşəkkil qruplaşmalar tərəfindən istismar edilə bilər. Hər halda, bank heç vaxt istəməz ki, bu məlumatlar üzə çıxıb aşkarlansın, çünki bu, birbaşa müştəri məmnuniyyətinə təsir edən məsələlərdir. Təsəvvür edin, belə bir hal ictimaiyyətə açıqlansa: bir qruplaşma filan dövlətin ərazisindəki sistemə daxil olub, oradan müəyyən vətəndaşların pulunu oğurlayıb və s. Nə qədər vəsait axını baş verərdi! Halbuki, insanlar hələ bank sistemlərinə tam öyrəşməyiblər və bu proses hələ də davam edir. Hətta elə insanlar var ki, hələ də bankomatdan kart vasitəsilə pul nağdlaşdırmaqda çətinlik çəkirlər”.
Mütəxəssis vurğulayıb ki, təəssüflər olsun ki, kiberdələduzluq halları ilə rastlaşan vətəndaşlar bank tərəfindən lazımınca qarşılanmır və onlara lazımlı xidmət göstərilmir.
“Bunun əsas səbəbini operatorların və ya ön masa xidmətində çalışan mütəxəssislərin kifayət qədər ixtisaslı olmamaları ilə əlaqələndirirəm. Bir çox hallarda problemimizi izah edirik, hadisənin necə baş verdiyini anlatmağa çalışırıq, amma cavab olaraq primitiv məsələlər eşidirik: “Bəlkə kodu kiməsə vermisiniz, kartı itirmisiniz, ya da kart başqasının əlinə düşüb”, və s. Yəni, faktlarla izah etməyə çalışırsan, amma yenə də başqa izahlarla qarşılaşırsan.
Mən praktikamda hətta rastlaşmışam ki, bankın əmanət hesabından dələduzluq yolu ilə vəsait çəkilib. Vətəndaş öz vəsaitini depozitə yerləşdirib, əmanət olaraq ona heç bir kartı yoxdur, yəni fiziki formada həmin hesabın kartı mövcud deyil. Ona deyirlər ki, kartının nömrəsini kiməsə vermisən. Amma bu adam deyir ki, onun heç kartı yoxdur, necə kiməsə verə bilər?
Belə absurd və gülünc arqumentlərin bilərəkdən edildiyini düşünmürəm. Bunlar sadəcə bilməyərəkdən baş verir. Yəni, operatorlar və ya ön masa xidmətində çalışan əməkdaşların İT bilikləri və ya rəqəmsal savadları o qədər də inkişaf etməyib, sadəcə əsas xoş görünüşə və müəyyən standart suallara cavab verməyə çalışırlar.
Amma indiki dövrdə artıq bu yanaşma kifayət etmir. Belə hallarla mübarizədə kimlər uğur qazanır? Məsələn, bu yaxınlarda Milli qəhrəmanımız Hökümə xanımın ailəsində belə bir hadisə baş vermişdi və qısa müddət ərzində o vəsait geri alındı. Bunun səbəbi isə məsələ ictimailəşməsi və dövlətin həmin ailəyə göstərdiyi xüsusi qayğıdır.
O zaman vəziyyət çox ciddiyə alındı. Hətta, əgər o vəsait tapılmasaydı belə, bank öz üzərindən kompensasiya edə bilərdi. Lakin ictimai əlaqələr vasitəsilə bu məsələnin həll olunması, bankın imicini yaxşılaşdırmaq məqsədilə piyar olaraq da həyata keçirilə bilərdi. Demirəm bu belə olub, amma belə bir ehtimal da mövcuddur. Biz arxada nə baş verdiyini bilmirik.
Təxminən bir müddət əvvəl, bankdan zərər çəkmiş bir vətəndaşın məhkəməyə müraciət etdiyini gördüm. Bu prosesi araşdıranda məlum oldu ki, məhkəməyə müraciət edildikdən sonra, məhkəmə prosesinin başlanğıcında bank zərər çəkmiş şəxsə kompensasiya etməyə razı olub. 15 nəfərlik zərərçəkmiş qrupu vardı, mən də həmin qrupla işləyirdim. Bu qrupdan yalnız bir nəfər məhkəməyə vermək istəyirdi, digərləri isə buna ümidsiz yanaşırdı.
Bu vəziyyət həm şübhəli, həm də sevindirici oldu. Çünki 15 nəfərdən hamısı məhkəməyə müraciət etmirdi, çoxları vəsaitini geri ala bilmirdi. Amma kim müraciət edir və məsələnin ictimailəşməsinə səbəb olursa, problem açılır və bank tədbir görməyə başlayır”, – deyə o əlavə edib.
F. Mirəliyev, həmçinin vurğulayıb ki, cəmiyyətdə belə bir fikir var ki, banklardakı dələduzluq hallarının arxasında bank əməkdaşları da durur.
“Bunu nə təsdiq etmək, nə də inkar etmək mümkündür. Həmçinin, banklarda bəzi xətalar ola bilər və bu xətalar təhlükəsizlik sistemindəki boşluqlar və ya insan amili ilə kənar qruplaşmalar və ya digər ölkələrdəki mütəşəkkil cinayətkarlar tərəfindən istifadə oluna bilər. Lakin, bunlar adətən ictimaiyyətə açıqlanmır, çünki bankın nüfuzu zərər görə bilər. Konkret faktlar açıqlanmasa da, bütün bunlar mümkündür.
Zərərçəkənlərdən məhkəməyə müraciət edənlər və ya məsələni ictimaiyyətə çatdırıb haqqını tələb edənlər vəsaitlərini geri alır. Digərləri isə sakitcə birbaşa banka müraciət edir, amma nəticə əldə edə bilmirlər və sonunda təslim olurlar. Təəssüf ki, bu halda həmin vətəndaşlar geri almadıqları məbləği yenidən banka ödəməli olurlar.
Bəzi vətəndaşların bank və kredit kartları olub. Çəkilən vəsait onların deyil, sadəcə kredit kartındakı kredit idi. Bank isə məbləği aylıq ödənişlərə bölüb, yenidən ödəniş etməyi təklif edib.
Bu şəxs pulu istifadə etmədiyini və buna görə məsuliyyət daşımadığını deyir. Bank isə məsuliyyəti vətəndaşın üzərinə qoyur və kartın məsuliyyətinin ona aid olduğunu bildirir.
Bu faktlar hələlik sadəcə iddialardır. Doğruluğunu müəyyən etmək üçün təhlillər və analizlər aparılmalıdır. Təhlükəsizlik sistemlərinin monitorinq qeydləri, həmçinin texniki hesabatlar yoxlanmalıdır. Lakin bunlara yalnız müvafiq qurumlar, məsələn, prokurorluq, Mərkəzi Bank və ya məhkəmə qərarı ilə hüquq-mühafizə orqanları araşdıra bilərlər”, – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova