Icma.az
close
up
RU
Baş nazir Parlamentə gəldi...

Baş nazir Parlamentə gəldi...

2025-ci ilin büdcə zərfi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulur

2025-ci  ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılıb. Noyabrın 25-dən 27-dək davam edəcək iclasın gündəliyinə 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər və digər qanunlara dəyişikliklər (birinci oxunuş) daxil edilib. İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.

Əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən COP29-un əhəmiyyəti haqqında fikirlərini bildirib. O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Spikerin fikrincə, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq: “Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı”.

S.Qafarova COP29 çərçivəsində 16-17 noyabrda Parlamentlərarası İttifaq və Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildiyini xatırladıb və tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, 345 nəfər parlament təmsilçisinin iştirak etdiyini diqqətə çatdırıb. Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib, eləcə də Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirilib.

Büdcə dayanıqlılıq üzərində qurulub

Spiker daha sonra 2025-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir: “Ardıcıl həyata keçirilən düşünülmüş islahatlar və strateji təşəbbüslər sayəsində Azərbaycan iqtisadi artım templərini qoruyub saxlayıb, regionun lider dövləti kimi mövqelərini daha da möhkəmləndirib. Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilir. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ölkəmiz yaşıl enerjiyə keçid sahəsində irimiqyaslı layihələr həyata keçirir. Qeyri-neft sektoruna, xüsusən kənd təsərrüfatı, turizm və texnologiyalar kimi sahələrə böyük diqqət yetirilməsi ölkəmizin iqtisadi müstəqilliyini daha da möhkəmləndirir və inkişaf perspektivlərini genişləndirir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etdirilməsi milli gündəliyimizin ön sıralarındadır. Məqsədyönlü investisiyalar, həyata keçirilən infrastruktur, ağıllı şəhər və kənd layihələri sayəsində Qarabağ və Şərqi Zəngəzur tərəqqi və innovasiyalar mərkəzinə çevrilir. Keçmiş məcburi köçkün soydaşlarımız doğma yurdlarına dönürlər. Sosial sahəyə də böyük əhəmiyyət verilir. İnsanların rifah halı daha da yaxşılaşdırılır, əmək haqları və pensiyalar artırılır, keyfiyyətli səhiyyə və təhsilin əlçatanlığı təmin edilir”.

S.Qafarova deyib ki, 2025-ci ilin dövlət büdcəsi iqtisadi inkişaf, dayanıqlılıq və inklüzivlik təməlləri üzərində qurulub. Büdcə iqtisadi tərəqqi ilə  sosial məsuliyyətin tarazlığına əsaslanır.  Və dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ildən-ilə artması ölkəmizin ardıcıl və dinamik inkişafını nümayiş etdirən ən mühüm göstəricilərdir. Gələn il üçün dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə - müvafiq olaraq, 38,3 milyard manat və 41,4 milyard manata yaxın məbləğdə proqnozlaşdırılır. Onun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsinin prioritetləri ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı olacaq.

Çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini deyib. Komitə sədri diqqətə çatdırıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367,6 milyon manat, büdcə kəsirinin yuxarı həddi isə 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır. O, təqdim edilən makroiqtisadi proqnozlar nəzərə alınaraq, büdcə layihəsinin pozitiv rəqəmlərə əsaslandığını, makroiqtisadi sabitlik şərtlərinə cavab verdiyini, gəlir və xərclərin artımla proqnozlaşdırıldığını qeyd edib. Bildirilib ki, növbəti il üçün dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri də onun iqtisadi strategiyanın müddəalarının, milli inkişaf prioritetlərinin, maliyyə ehtiyaclarının vaxtında qarşılanmasının nəzərə alınmasıdır. Mühüm strateji vəzifələrin daxili imkanlar hesabına reallaşdırılması, büdcə dayanıqlığının təmin edilməsi üçün fiskal və qeyri-fiskal tədbirlərin paralel həyata keçirilməsi də önəmli məsələlər hesab edilir. Büdcə layihəsinin sosialyönümlülüyü, sənəddə müdafiə və təhlükəsizlik məsələlərinin prioritet təşkil etdiyi, dövlətin mühüm funksiyaları üçün zəruri maliyyə təminatının yaradılması da xüsusi qeyd edilib.

Büdcədə neftin 1 barelinin qiyməti 70 dollar nəzərdə tutulur

Sonra iclasda maliyyə naziri Samir Şərifov 2025-ci il dövlət büdcəsi haqqında geniş məlumat verib. S.Şərifov bildirib ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib. 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41 milyard 367,6 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24 milyard 845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14 milyard 122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2 milyard 399,6 milyon manat təşkil edəcək.

Müdafiə xərcləri 8 milyard 396 milyon manat olacaq

Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8 milyard 396 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, cari ilin proqnozuna nisbətən 1 milyard 270 milyon manat çoxdur. Bununla yanaşı, layihədə silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məsələləri də diqqətdə saxlanılıb. Növbəti ilin prioritet xərclərində xüsusi önəm verilən işğaldan azal olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.

Əmək haqları, təqaüd və sosial müavinətlər artırılacaq

Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, 2025-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz artırılaraq 16 milyard 909,7 milyon manata çatdırılır. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 812 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bir sıra təqaüdlərin maliyyələşdirilməsi üçün 1 milyard 943 milyon manat, ünvanlı dövlət sosial yardımların verilməsi üçün 457 milyon manat vəsait proqnozlaşdırılır.

Bildirilib ki, büdcə layihəsində təhsil xərclərinə 4 milyard 946,1 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Elmin maliyyələşdirilməsi üçün 244,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 8,3 milyon manat və ya 3,5 faiz çoxdur. Səhiyyə xərcləri üçün 1 milyard 999,4 milyon manat vəsait nəzərdə tutulur ki, bu, 2024-cü illə müqayisədə 133 milyon manat və ya 7,1 faiz çoxdur. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,5 faiz olmaqla 635,3 milyon manat təşkil edəcək.

Büdcə gəlirlərinin 51 faizi qeyri-neft-qaz sektorunun payına düşür

Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2 milyard 685,4 milyon manat nəzərdə tutulub. Tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 milyard 662,3 milyon manat, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi xərclərinə cəm olaraq 1 milyard 953,8 milyon manat, nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsait ayrılacaq.

Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 928 milyon manat və yaxud 5,3 faiz çoxdur. Gəlirlərin 49 faizi və ya 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 51 faizi və ya 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 51,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.

2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 910,5 milyon manat, xərcləri 47 milyard 589, 4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3 milyard 678,9 milyon manat təşkil edəcək.

Ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının təmin edilməsi, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsindən danışıb. O, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərinin və məqsədlərinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını qeyd edib. Nazirin sözlərinə görə, cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir. Adambaşına düşən ümumi daxil məhsul COVID-dən əvvəlki dövrdə, 2019-cu ildə təxminən 4850 dollar təşkil etdiyi halda, 2024-cü ilin yekunu üzrə bu göstəricinin 7200 dollar ətrafında olacağı gözlənilir.

M.Cabbarov deyib ki, son illər ölkəmiz qlobal iqtisadiyyatda mövqelərini gücləndirməkdədir. Ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində də etibarlı tərəfdaşa çevrilib. Azərbaycan qazı Avropanın 12 ölkəsinə ixrac ediləcək. Onun sözlərinə görə, neftin bir barelinin qiymətinin 2025-ci ildə 70 dollar olsa da, 2026-2028-ci illərdə 65 dollar olacağı proqnozlaşdırılır.

Sonra Mərkəzi Bankın sədri Taleh Kazımov çıxış edib. Bank sektorunun dayanıqlığı və sabitliyi barədə göstəriciləri diqqətə çatdıran Mərkəzi Bankın sədri vurğulayıb ki, 2024-cü ildə də əhalinin və sahibkarların maliyyəyə çıxışının genişləndirilməsi diqqətdə saxlanılıb. Sığorta sektoru üzrə qeyd olunub ki, ötən ilin eyni dövrünə nəzərən 9 ayda sığorta haqları 9,4 faiz, sığorta ödənişləri isə 38,2 faiz artıb.

Hesablama Palatası gələn ilin büdcəsinə müsbət rəy verib

T.Kazımov deyib ki, 2025-ci il və ortamüddətli dövrə təqdim edilən makrofiskal çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir. Bura sosial rifahın gücləndirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması və azad olunmuş ərazilərin bərpası daxildir. O, ortamüddətli dövr ərzində dövlət büdcəsinin fiskal qayda çərçivəsində tərtibini və büdcə qaydasında müəyyən olunmuş meyarların gözlənilməsini müsbət qiymətləndirib. Diqqətə çatdırılıb ki, növbəti ildə ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və digər məsələlər növbəti ildə də Mərkəzi Bankın prioritetləri olacaq.

Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyillər barədə söz açıb. V.Gülməmmədov büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

İclasda digər çıxışlar zamanı da gələn ilin dövlət büdcəsinin əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, müzakirələr noyabrın 26-da davam etdiriləcək.

Nardar BAYRAMLI

seeBaxış sayı:43
embedMənbə:https://yeniazerbaycan.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri