Bayden memuar yazıb: Putin, Zelenski və Trampdan bəhs edib Maraqlı ETİRAFLAR
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
ABŞ-ın 46-cı prezidenti Co Baydenin Ağ Evdə keçirdiyi dörd ili əhatə edən memuarları noyabrın 17-də işıq üzü görəcək. “Mənə söz ver, Amerika” adlı kitabda sabiq prezident Rusiya lideri Vladimir Putinlə görüşlərindən, Ukrayna Prezidenti Volodimir Zelenski ilə mürəkkəb münasibətlərindən və İsrailin Baş naziri Benyamin Netanyahu ilə fikir ayrılıqlarından bəhs edir.
Modern.az-ın məlumatına görə, kitabın annotasiyasında qeyd olunur ki, Bayden ABŞ tarixinin ən mürəkkəb dövrlərindən birində qəbul etdiyi qərarları izah etmək, qazandığı nailiyyətlər, üzləşdiyi çətinliklər və şəxsi itkilər barədə səmimi danışmaq istəyib.
Amerika nəşrlərinin yazdığına görə, Bayden hələ də qəbul etdiyi qərarların əksəriyyətinin düzgün olduğuna inanır. Bu, xüsusilə onun prezidentliyi dövründə ən çox mübahisə doğuran iki hadisəyə – ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına və 2024-cü ildə yenidən prezidentliyə namizəd olmaq qərarına aiddir. Bayden sonradan bu qərarından imtina etmişdi.
Lakin memuarların ən diqqətçəkən hissələrinin bəziləri Baydenin özündən deyil, prezidentliyi dövründə münasibətdə olduğu dünya liderlərindən bəhs edir.
Putin görüşlərdə yeniyetmə kimi davranırdı?
Co Baydenin Vladimir Putinlə görüşləri barədə ən yaddaqalan xatirələri, Rusiya prezidentinin davranışları ilə bağlıdır.
Bayden Putinlə ünsiyyət zamanı onun tonunu “qıcıqlı və şıltaq” kimi xarakterizə edir. O yazır ki, Rusiya prezidenti görüşlərdə kresloda rahatca əyləşməyi və sanki yeniyetmə kimi laqeyd görünməyi xoşlayırdı.
Zelenski barədə də açıq danışıb
Bayden Ukrayna Prezidenti Volodimir Zelenski haqqında da kifayət qədər açıq fikirlər səsləndirib.
O hesab edir ki, Zelenskinin aktyorluq karyerası müharibə dövründə lider rolunu üzərinə götürməsi üçün yaxşı hazırlıq olub. Bununla belə, memuarlardan görünür ki, Ukrayna prezidenti ilə şəxsi ünsiyyət heç də həmişə asan keçməyib.
Bayden yazır ki, özəl söhbətlər zamanı Zelenski bəzən “qaşqabaqlı və inadkar” olur, Amerika liderinin gözlədiyindən daha az minnətdarlıq nümayiş etdirirdi.
Niyə yenidən prezident olmaq istəyirdi?
Bayden kitabında 2024-cü ildə yenidən prezidentliyə namizəd olmaq iqtidarında olduğuna nə üçün inandığını da izah edir.
“Bayden yaşına və fiziki vəziyyətinə dair narahatlıqların şişirdildiyini düşünməsinə səbəb olan iki hadisəni xatırladır.
Birinci hadisə 2023-cü ildə Amerika xalqına müraciəti olub. İkinci hadisə isə bundan iki həftə sonra Kiyevə etdiyi gözlənilməz səfərdir. Bayden bu səfəri prezidentlik vəzifəsinin tələblərinin öhdəsindən hələ də gələ bildiyinin sübutu kimi qiymətləndirib.
Trampla debatdakı uğursuzluğunu izah edib
Memuarlarda Bayden 2024-cü ilin iyununda Donald Trampla televiziya debatında uğursuz çıxış etməsinin səbəblərindən də danışır. Həmin debat Demokratlar Partiyası daxilində onun başqa namizədlə əvəzlənməsi çağırışlarına səbəb olmuşdu.
Bayden zəif çıxışını bir neçə amillə, o cümlədən səhhətindəki problemlər və oğlu Hanterin məhkəmə prosesi ilə əlaqələndirir. Onun COVID-19 testinin nəticəsi isə mənfi olub.
Sabiq prezident debat zamanı fikirlərinin ardıcıllığını itirdiyini etiraf edir. Bununla belə, seçki kampaniyasının sonrakı mərhələlərində daha yaxşı çıxış edəcəyinə ümid bəsləyib.
Lakin partiyadaşları onun namizədliyini geri götürməsini tələb etməyə başlayıblar. Bayden yazır ki, onlar açıq şəkildə qərarı onun öz ixtiyarına buraxsalar da, pərdəarxasında seçkidən çəkilməsinə nail olmağa çalışıblar.
Bu səylərdə Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosi və Senatın o zamankı çoxluq lideri Çak Şumer xüsusilə fəal olublar.
Trampı dövlət çevrilişinə cəhddə ittiham edir
Donald Tramp barədə danışan Bayden 2021-ci il yanvarın 6-da onun tərəfdarlarının Kapitoliyə hücumuna görə şəxsən məsuliyyət daşıdığını düşünür.
Sabiq prezident əmindir ki, Tramp dövlət çevrilişinə cəhdə rəhbərlik edib.
“Trampın etdikləri ömrünün sonuna qədər onu təqib etməlidir”, - deyə Bayden yazır.
O, Trampın ikinci prezidentlik müddətinə başladıqdan sonra atdığı addımları, xüsusilə iqlim siyasətinə yenidən baxmasını və yanvarın 6-da baş verən hadisələrdə iştirak edən şəxsləri əfv etməsini də tənqid edib.
Bayden xatırladır ki, Trampın 2024-cü il seçkilərində qələbəsindən sonra onlar Oval kabinetdə görüşüblər. Onun sözlərinə görə, Tramp həmin görüşdə qeyri-adi dərəcədə mehriban davranıb.
Tramp bildirib ki, siyasət olmasaydı, yəqin ki, onlar yaxşı dost olar və birlikdə qolf oynayardılar.
Netanyahu ilə münasibətlərdə etimad olmayıb
Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərini də xüsusi istiliklə xatırlamır. O etiraf edir ki, aralarında ciddi etimad olmayıb.
ABŞ-ın sabiq prezidenti İsrail hökumət başçısının bəzi siyasi üsullarını Trampın metodları ilə müqayisə edir.
Baydenin fikrincə, Netanyahu faktları manipulyasiya etməyi və demokratik institutlardan öz məqsədləri üçün istifadə etməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















