“Bayırşəhər” sakinləri ilə Bakı Şəhər İcra Hakimiyyəti qarşı qarşıya... Gələcəyinizi ucuz satmayın Video
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, “Bayırşəhər” sakinləri sözügedən ərazidə söküntünün dayandırılması və ümumiyyətlə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamının ləğvi üçün hazırda bu qurumla məhkəmə çəkişməsindədir.
Eyni zamanda, sakinlər, ziyalılar, vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət təşəbbüs qrupu yaradılıb. “Bayırşəhəri qoruyaq” təşəbbüs qrupu həmin ərazidə söküntü barədə Nazirlər Kabinetinin qərarının olmadığını, oradakı tarixi-memarlıq abidələrinin sökülməsinin qanuna zidd olduğunu sakinlərə izah edir.
“Hörmətli qonşular! Evimizi, məhəlləmizi, tariximizi qoruyaq!
Bu şəxslər dövlətin adından istifadə edərək, evlərimizi almaq istəyirlər. Həqiqət odur ki, bu ərazi şəhərin baş planında yalnız “Xüsusi mühafizə zonası” kimi qeyd olunub. Sökülməsi barədə Nazirlər Kabinetinin qərarı yoxdur. Bu tarixi yerlər bərpa edilərək, həm bizə yaşamaq üçün rahat yer, həm ölkə sakinləri və turistlərin diqqətini çəkən məkana çevrilməlidir. Evinizi və gələcəyinizi ucuz satmayın”, - Təşəbbüs Qrupu bu mətnlərin yazıldığı vərəqləri məhəllələrə yapışdırıblar.
Aytən, Bizimyol.info


