Benzin idxalında KƏSKİN ARTIM Ən çox bu ölkədən yanacaq ALIRIQ
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Artıq yazın sonuncu günüdür və müşahidə etdiyimiz odur ki, bu il yay öz təqvim mövsümünə Azərbaycana əməlli-başlı istilərlə qədəm qoyacaq. Yayın isti keçməsi isə enerjiyə tələbatın artımı deməkdir. Amma ölkə iqtisadiyyatı buna artıq hazırdır və əlavə qaz yandırmağa da ehtiyac qalmayacaq. Niyə? Çünki işğaldan azad edilmiş ərazilərdə yaradılan yeni “yaşıl enerji” mənbələri bu artan tələbatı ödəməyə qadirdir.
Laçının “yaşıl enerjisi”
Bu həftə Azərbaycan Prezidenti c-b İlham Əliyev Laçın rayonunda bir sıra sənaye obyektlərinin açılışında iştirak etdi və səfəri zamanı mayın 27-də həmçinin 2 enerji obyektini də işə saldı. Bunlar “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyalarıdır.
“AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlət başçısına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri barədə məlumat verərək bildirib ki, bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılır. Yaradılmış su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.
Qeyd edim ki, artıq ötən ildən işğaldan azad edilmiş ərazilərdə qazdan istifadə edilmədən alınan enerji hesabına nəinki Qarabağ və Şərqi Zəngəzurun elektrik enerjisinə olan tələbatı tam ödənilib, həmçinin Azərbaycanın digər bölgələrinin ehtiyaclarının ödənməsinə də yönəldilib. Bu bölgədə yaşıl enerjinin digər mənbələri hesabına əldə edilən elektrik enerjisi çoxaldıqca, artıq biz bu potensialı ixraca yönəltməyi planlaşdırırıq.
Yeni elektrik infrastrukturu
“Azərenerji” ASC hazırda işğaldan azad edilmiş ərazilərdə köhnə elektrik xətlərinin köçürülməsi prosesini başa çatdırır. Artıq Şuşadan Xankəndiyə qədər 13 km uzunluğunda yeni elektrik xətti çəkilib, bu xəttin 2 km-lik hissəsi şəhər daxilində yeraltı keçirilib. Xankəndidən Ağdərə və Kəlbəcərə qədər olan elektrik xətləri yenilənib. Gələcəkdə Xankəndidən Ağdama yeni yüksək gərginlikli elektrik xətti çəkilərək Ağdamdakı qovşaq yarımstansiyaya birləşdiriləcək. Hazırda Xankəndidə iki yarımstansiya fəaliyyət göstərir və onların hər ikisinin modernləşdirilməsi həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzurun qaz təsərrüfatı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində magistral qaz kəmərlərinin mərhələli şəkildə yenidən qurulması nəzərdə tutulur. Bunu mayın 30-da Xankəndidə keçirilən “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında SOCAR-ın Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov bəyan edib. Onun sözlərinə görə, bu məqsədlə SOCAR əsasən dörd istiqamət üzrə infrastruktur layihələrinin icrasına başlayıb:
- Horadiz – Laçın magistral qaz kəmərinin və onun qolları üzərində qazpaylayıcı stansiyaların tikintisi;
- Böyük Bəhmənli – Şuşa magistral qaz kəməri və ondan ayrılan Qayalı (Hadrut) qaz kəməri qollarının tikintisi;
- Azad Qaraqoyunlu – Ağdam magistral qaz kəməri və onun üzərində “Ağdam” qazpaylayıcı stansiyasının tikintisi;
- Əvvəllər mövcud olmuş Yevlax – Naxçıvan magistral qaz kəmərinin 33+46-cı km hissəsinin yenidən qurulması və Ağdam – Kəlbəcər magistral qaz kəmərinin çəkilməsi.
Babaşov bildirib ki, SOCAR-ın bu layihələri regionda yaşayış məntəqələrinin qazlaşdırılması və infrastrukturun bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Ötən ilin dövlət büdcəsinin icrası
İndi diqqətinizi yönəltmək istəyirəm neft-qaz sektorunun iqtisadiyyatımıza gətirdiyi qazanca. Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və 2024-cü ilin büdcəsinin icrası barədə hesabat müzakirə edilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ötən ilin dövlət büdcəsinin icrasına dair illik hesabata palatanın rəyini təqdim edib. Sənəddə göstərilir ki, 2023-cü illə müqayisədə ÜDM-in artımının sürətlənməsinə əsas töhfə qeyri-neft qaz sektoruna məxsus olub.
2024-cü ildə neft-qaz ÜDM-i 40 mlrd 624,6 mln. manat olmuş, bu sektor real ifadədə 0,3% artmaqla iqtisadi artıma 0,1 faiz bəndi töhfə verə bilib. Hesabalama Palatasının rəyinə görə, əmtəəlik qaz hasilatının illik ifadədə 6,2% artması əmtəəlik neft hasilatının 3,6% azalmasını tamamilə kompensasiya etməyə qadir olub. Ötən ilin dövlət büdcəsinin gəlirlərində cəmi neft-qaz gəlirləri 18 milyard manata yaxın olub ki, bu da nominal ifadədə 2023-cü illə müqayisədə 187 milyon manat aşağı nəticədir. Həmçinin vergi xətti ilə neft-qaz sektorundan dövlət büdcəsinə gələn gəlirlər də bundan əvvəlki illə müqayisədə 1,6 milyard manatdan çox azalıb.
Amma buna baxmayaraq Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülən vəsaitin məbləği 1 mlrd 43,4 mln manat artıb. Həmçinin Dövlət Neft Şirkətindən ilk dəfə büdcəyə vergidən əlavə 407,9 milyon məbləğində dividend də cəlb edilib.
Azərbaycan niyə benzin idxalını artırır?
Sözügedən iclasda millət vəkilləri maliyyə naziri Sahil Babayevdən Azərbaycana idxal olunan avtomobil benzininin artmasının nə ilə bağlı olduğunu soruşublar. Nazir cavabında bunun səbəbini ötən il ölkədə keçirilən beynəlxalq tədbirlərlə bağlı Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsalı obyektiv səbəblərdən dayandırması ehtimalı ilə əlaqələndirib. Niyə ehtimal deyirəm, çünki Sahil Babayevin sözlərinə görə, Azərbaycana benzin idxalının artmasının əsas səbəbi barədə dəqiq məlumatı SOCAR verə bilər:
“Ancaq bizim ehtimallarımıza görə, buna səbəb ötən il Azərbaycanda keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Bakı NEZ-in bağlanması olub”. Nazir vurğulayıb ki, Bakı NEZ-in işini müvəqqəti dayandırmasına görə tələbatı ödəmək üçün Ai-92 markalı benzin idxal edilib.
Onu deyim ki, ötən il Heydər Əliyev adına bağlanmış və bu proses dekabrın ortalarına qədər davam etmişdi. Mən çalışacam statistik rəqəmlər əsasında araşdırım və görüm həqiqətənmi Azərbaycanın benzin idxalını artırması bu NEZ-in təmirə dayanması ilə bağlı olub.
Beləliklə, Dövlət Statistika Komitəsinin “Xarici ticarətin vəziyyətinə dair” bülletenində göstərilir ki, 2024-cü ildə Azərbaycan ümumilikdə 961,1 min ton neft məhsulları idxal edib ki, bunlara da 721,7 mln dollar vəsait xərcləyib. İdxal edilən neft məhsullarının 385 min 241,7 tonu avtomobil yanacağı olub ki, onun da alınmasına 334 mln 720 min dollar vəsait xərclənib. Ümumi neft məhsullarının idxalında ancaq avtomobil yanacağının xüsusi çəkisi həcm etibarı ilə 40,1%, dəyər ifadəsində isə 46,4% təşkil edib.
Statistikaya əsasən, təkcə ötən ilin IV rübündə Azərbaycan 174,65 min ton Ai-92 markalı benzin idxal edib ki, bu da illik idxalın 66,5%-nə bərabər olub. Statistikanın dərinliklərinə bir qədər də baş vurduqda məlum olur ki, ötən ilin I yarımilliyində cəmi 19,7 min ton aşağı oktanlı benzin idxal etdiyimiz halda, III rübdə bu həcmlər 68 mini ötüb və IV rübdə 175 min tona qədər artıb. Cari ilin I rübündə də Ai-92 markalı benzinin idxalı davam edib və 53,3 min ton olub ki, bu da 2024-cü ilin eyni dövründən düz 5,35 dəfə çoxdur. Demək, idxal məsələsi heç də Heydər Əliyev adına neft emalı zavodunun təmirə bağlanmasına birbaşa bağlı deyil.
Yenə müraciət edək Dövlət Statistika Komitəsinin məlumatlarına. Ötən ildə Azərbaycanda avtomobil benzini istehsalının 12,6% azaldığı bildirilir. Amma ilin birinci yarısında benzin istehsalı 2,1% artımda idi. Özü də Azərbaycan Ai-92 markalı benzinin təkcə idxalını artırmayıb, həm də idxal coğrafiyasını kifayət qədər genişləndirib: 2024-cü ildə 8 ölkədən benzin idxal edib ki, Rusiyanın payı burada 54% təşkil edib. Azərbaycan hətta Litva kimi neftsiz ölkədən belə 32,2 min ton yanacaq idxal edib.
Necə deyərlər, mənim gəldiyim qənaət budur ki, nazir Sahib Babayev tamamilə haqlıdır: biz niyə bu qədər avtomobil yanacağı idxalını artırırıq sualına ən doğru, dürüst cavabı SOCAR özü verə bilər, çünki işin içərisində olan qurum kimi özü dayanır. Bunu kənardan müşahidə etməklə tam qaneedici bir cavab almaq asan deyil.
SOCAR “yaşıl enerji”ni genişləndirir
SOCAR-dan söz düşmüşkən. Bu həftə Astanada keçirilən "Davamlı inkişaf: dekarbonizasiyaya doğru birgə addımlar" adlı Beynəlxalq konfransın yekunu olaraq Azərbaycan Dövlət Neft Şirkəti, Qazaxıstanın “KazMunayQaz”, Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri rəhbərləri dekarbonizasiya və dayanıqlı təşəbbüslər sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sənəd ətraf mühitə təhlükə yaratmayan texnologiyalar və "yaşıl layihələr”in həyata keçirilməsi sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.
Neft Fondunun yatırımı
Mayın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondu Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets” şirkətinə 50 milyon dollar həcmində investisiya yatırdığını açıqlayıb.
Onu deyim ki, düz 1 il əvvəl SOCAR da ADNOC-un BƏƏ-dəki neft hasilatı layihəsində 3%-lik bir paya sahib olmuşdu.
Yəni dövlətə bağlı şirkətlər arasında inamın güclənməsi münasibətləri daha da dərinləşməsinə yol açır.
İndiki investisiya Neft Fondunun dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilib və Fondun Körfəz regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.
Məlumata görə, bu qaz kəməri Birləşmiş Ərəb Əmirliklərinin ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. Bu layihə qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlamaq bacarığını nümayiş etdirib.
Neft Fondunun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bu investisiya imkanından məmnunluğunu ifadə edərək bildirib ki, “Fondun yatırım etdiyi layihə uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir”.
Mən isə öz növbəmdə əlavə etmək istərdim ki, bizim Neft Fondumuzun indi elə dövrüdür ki, artıq özünün inkişafını yalnız neft-qaz gəlirləri üzərində qurmamalıdır, bu baxımdan da stabil gəlir gətirə biləcək layihələrə yatırım etmək ən doğru seçimdir.


