Icma.az
close
up
RU
Beyət və etiraz Yeni hekayə

Beyət və etiraz Yeni hekayə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Vüsal Hüseynzadənin "Beyət və etiraz" tarixi hekayəsini təqdim edir.


- Salam, ey Abdullahın atası!
Ərəblər, hörmət əlaməti olaraq, bir-birinə böyük oğullarının adını çəkərək müraciət edirdilər. Mədinə valisi Vəlid də axşam vaxtı tələm-tələsik iqamətgahına çağırdığı Hüseyni məhz belə qarşıladı.
- Salam, - Hüseyn ona və yanındakı Mərvana baxıb cavab verdi. Yaxında iki ucaboy silahlı mühafizəçinin dayanması yeni bir şey idi, amma onlara fikir vermədən üstünə döşəkcə sərilmiş taxta oturacağa oturub əlavə etdi: – Məni nə üçün çağırmısınız? Nəsə olub?
- Əmim Müaviyə Allahın rəhmətinə gedib, - deyə Vəlid qəmli görkəm alaraq köks ötürdü. – Bu, Əmirəlmöminin Yezidin məktubudur.
“Əmirəlmöminin Yezid, – Hüseyn öz-özünə düşündü. - Deməli, təxminim doğrudur: Yezid taxta çıxıb, məni də beyət etməyə çağırıblar!”
- “Hamımız Allaha məxsusuq və hamımız Ona doğru qayıdacağıq”, - Hüseyn ənənəyə sadiq qalıb Quranın bu ayəsini oxudu.
- Hamı Yezidə beyət edib. Səni də buna görə çağırmışıq.
- Mənim kimisi gizli beyət eləməz, - Hüseyn öncədən hazırladığı cavabını verdi. - Bunun sizə bir faydası da olmaz. Ümumi beyət zamanı məni də çağırarsınız.
- Əla, - deyə xilafətə ən iddialı şəxsin etiraz etmədiyini görən Vəlid sevincini gizlədə bilmədi, - məncə də, camaatın önündə beyət etmən daha yaxşı olar.
- Vəlid, - Mərvan hirslə yerindən sıçrayıb söhbətə müdaxilə etdi, - bundan indi beyət almasan, heç vaxt ala bilməyəcəksən. Ya beyət eləsin, ya da boynunu vuraq!
- Kəs səsini, Mərvan, - deyə Hüseyn də ayağa qalxdı. Səsində o qədər inam və qətiyyət vardı ki, sanki bütün iqamətgahı alt-üst edəcəkdi. - Sənmi mənim boynumu vuracaqsan?! Gəl, vur, görüm necə vurursan!
Vəlid peyğəmbər ailəsi ilə konfliktə girmək istəmədiyindən Hüseyni məcbur etmədi və o, darül-imarəni – vaxtilə peyğəmbər canişinlərinin yaşayıb işlədiyi sadə kompleksi tərk etdi.
Mərvan Vəlidə qarşı əsəbiləşdiyinə və Hüseynin cavabından pərt olduğuna görə qızarıb-pörtmüşdü. Vəliddən 18 yaş böyükdü, bir vaxtlar üçüncü xəlifə Osmanın Baş müşaviri və dövlətin de-fakto ikinci şəxsi olmuşdu. İndi Yezidin yanında da böyük nüfuzu vardı. Yəqin ki, bu səbəblərə görə... Vəlidə yaxınlaşdı, qollarını havada yelləyə-yelləyə ərkyana:
- Sən nə edirsən?! – dedi. – Sən ağlını itirmisən?
Vəlid dərin nəfəs aldı, yana çevrilib bir neçə addım atdı. Mərvan qollarını aşağı salmadan sözünə davam etdi:
- O məktubda nə yazılıb? Yezid sənə yazmayıbmı ki, ya beyət eləsin, ya da boynunu vur?! Onu niyə buraxdın? Hələlik həbs edəydin heç olmasa!
- Beyət edəcək... görəcəksən... o, beyət edəcək. Öldürmək lazım deyil. Əvvəl-axır beyət edəcək...


***


“Müaviyə axır ki, istədiyini elədi, – deyə Hüseyn darül-imarənin geniş həyətinə çıxar-çıxmaz düşünməyə başladı. – Həsənlə bağladığı sülh müqaviləsində açıq-aşkar qeyd olunub ki, özündən sonra xilafəti peyğəmbər ailəsinə qaytaracaq, o isə hələ sağlığında oğlu üçün beyət almağa başlamışdı. Belə olmaz! Bu, xilafəti şahlığa çevirməkdir. Axı şərab içən, meymun oynadan bir avara necə peyğəmbər canişini ola bilər?! Bu, İslama da, müsəlmanlara da təhqirdir!”
Hüseyn darvazaya yaxınlaşdı. Silahlı keşikçilər qapını açandan sonra bayıra çıxıb onu müşayiət edən qardaşları və digər Bəni-Haşim gəncləri ilə birlikdə yaxınlıqda yerləşən evinə yollandı. Yolboyu heç kimə bir söz demədi.
Evə çatanda çox yorğun idi. Ona görə yox ki, gündüz bağlara baş çəkmiş, bağbanlara kömək məqsədilə bir qədər işləmiş, günorta namazından sonra Peyğəmbər məscidində oturub insanların dini suallarını cavablandırmış, axşamüstü bir neçə nəfərlə görüşüb problemlərini həll etmişdi; əslində, ona görə ki, taleyüklü bir dilemma qarşısında qalmışdı və bu axşam - 54 yaşında nəinki həyatının, hətta tarixin ən önəmli qərarlarından birini verməli idi: beyət, yoxsa şəhadət?
Beyət edən şəxs sağ əlini xəlifənin və ya onun nümayəndəsinin sağ əlinin içinə qoyub itaət və sədaqət andı içir, hakimiyyətə etirazının olmadığını ifadə edirdi. Lakin bütün bu sadəliyin altında dünya qədər ağır məsuliyyət yatırdı.
Hüseyn Yezidə beyət etsəydi, onun hakimiyyətini qəbul etmiş, təsdiqləmiş və ona tabe olacağını elan etmiş olacaqdı. Yezidə beyət onun legitimliyini tanımaq, onu qanuni xəlifə kimi qəbul etmək və nəticədə bütün siyasətlərinə şərik olmaq demək idi. Yezidə beyət – zalım birinə hüdudsuz imkan tanımaq, günahsız insanların amansız istismarına yaşıl işıq yandırmaq deməkdi.
Görəsən, üçüncü yol vardımı? Bəlkə, Yezid Hüseynin dirənişini görüb beyət xülyasından vaz keçərdi. Bəlkə, Hüseyn Yəmənə, Xorasana və ya daha ucqar bir müsəlman bölgəsinə gedər və bu zaman ondan əl çəkərdilər. Bu “bəlkə”lər, hər halda, bir etiraz forması olsa da, reallıqdan uzaq görünürdü. Hüseyn bu etirazın ona heç də ucuz başa gəlməyəcəyini gözəl başa düşürdü. Eyni zamanda bunu da bilirdi ki, ən pis halda, yəni öldürüləcəyi təqdirdə qanı batmayacaq, insanlar onun məqsəd və məramlarını anlayacaq, əsl İslamın nə demək olduğunu, habelə ləyaqətli insan həyatının qiymətini öyrənəcəklər.
O zaman xəlifə İslam dünyasının yalnız siyasi deyil, həm də dini-mənəvi lideri sayılırdı. “Xəlifə” sözü canişin deməkdir, yəni peyğəmbəri əvəzləyən şəxs. Elə buna görə də Yezidin xəlifə elan olunması dini-siyasi elita tərəfindən, həqiqətən, böyük faciə və İslam dininə ağır zərbə hesab edilirdi. Ayaq üstə dura bilməyən sərxoş bir adamı minbərin başında oturdub “bizə xütbə söylə” demək nəydisə, Yezidin xəlifəliyini təsdiqləmək də onlar üçün elə bir şeydi.
Xəlifə dini-mənəvi cəhətdən peyğəmbərə bənzəməli, daha doğrusu, bu baxımdan peyğəmbərə ən çox bənzəyən şəxs, yəni ən imanlı və ən ədalətli birisi xəlifə seçilməli idi. Şahlıqda isə belə bir bənzərlik əsas götürülmür, bir şah öləndə oğullarından biri taxta çıxıb istədiyini edir və bir bəni-bəşər də ona “gözün üstə qaşın var” demirdi. Xəlifəlikdə meyar iman və ədalət, şahlıqda isə şah oğlu olmaq idi. Yezidin hakimiyyətə gəlişi bu səbəbdən İslam xilafətinin deyil, Əməvi şahlığının bir parçası hesab olunurdu. O dövrdə hamı olmasa da, müəyyən bir təbəqə bunu yaxşı dərk edirdi.
“Peyğəmbər canişini və müsəlmanların dini lideri olacaq Yezidin bütün əməlləri İslamın adına yazılacaq və İslam kim bilir neçə il Yezid xislətinə uyğun başa düşüləcəkdi” – deyə Hüseyn özünə su süzüb düşünməyə davam etdi. Bilinən buydu ki, cəmiyyətin aparıcı təbəqəsinin sükutu təsdiq əlaməti kimi başa düşüləcək, Yezidin hakimiyyətini möhkəmləndirəcək. Odur ki, bu yolun yanlış olduğunu bəri başdan elan etmək, Əməvi islamının Məhəmməd islamına zidd olduğunu car çəkmək lazım idi; özü də elə ki, eşitməyən qalmasın.
Hüseyn bu məqsəd uğrunda canını qurban verməyə hazır idi. O, özünün və ən əzizlərinin qanı ilə dinin portretini çəkmək, Məhəmməd islamının konturlarını müəyyən etmək istəyirdi. O, etiraz etməyə və bu etirazını hər kəsə bildirməyə məcbur idi. Həyatda heç də hər kəs belə məcburiyyət qarşısında qalmır, heç də hamı belə ağır imtahanla sınanmır. Görünür, Hüseynin taleyində belə bir sınaq da varmış.
Beyət! Hər şey bundan başlayırdı. 680-ci ilin aprelində Yezid öz hakimiyyətini qəbullandırmaq, ona “beyət”dən legitimlik donu geydirmək, hakimiyyətini qarantiya altına almaq, habelə avam kütlələri aldatmaq məqsədi ilə nüfuzlu şəxslərin səsini almağa çalışırdı; zorla, qılınc gücünə. Və Hüseyn qanı bahasına olsa da, rejimin beyət saxtakarlığında iştirak etməyəcək, özünün və əzizlərinin həyatına görə səsini satmayacaq, diktaturanın əclaf simasını ifşa edəcəkdi.
Hər nəydisə, beyət amili bütün düzəni pozurdu. Və Hüseyn bu yalançı səsverməyə məcburi dəvəti rədd etməklə dünya tarixində şanlı bir səhifənin açılmaqda olduğunu hiss edirdi.
“Yox-yox! İslamın qanunlarını açıq şəkildə tapdayan bir adamın peyğəmbərin yaratdığı dövlətə başçılıq etməsi, peyğəmbər nümayəndəsi kürsüsünə oturması yolverilməzdir! – Hüseyn öz-özünə düşünüb köks ötürdü. – Allahın elçisi Üməyyə övladlarından nələr çəkdi! İslam dinini beşikdəcə boğmaq və peyğəmbəri öldürmək üçün əllərindən gələni etdilər, müsəlmanların gücləndiyini gördükdən sonra isə dildə müsəlman oldular. Allah elçisi onların nüfuzundan dinin xeyrinə istifadə etmiş, eyni zamanda nə qədər təhlükəli olduqlarına da eyham vurmuşdu”.
Etiraz! Necə qətiyyətli səslənir bu söz! Qaranlıq otaqda qəfil yanan kibrit kimidir — işığı zəif, amma ümidverici. Yolu tapmaq üçün bəzən zəif işıq da kifayət edir. Hamı susduqca zülmün zənciri görünməz olanda etiraz bu zülməti dağıdıb parçalayır.
Etiraz insanın içində doğulan ən qədim səslərdən biridir. İnsan yalnız etiraz edəndə, “yetər” deyib ayağa qalxanda Tanrının ona bəxş etdiyi hüquq və azadlıqları haqq edir. “Yetər” sözünün deyildiyi an isə zülmün ilk dəfə sarsıldığı, taxtların ilk dəfə titrədiyi andır.
Zülm həmişə sakitliyi sevir. Çünki sakitlik qorxunun dilidir. Saraylar hər növ sakitliyi sabitlik adlandırsalar da, o bəzən ictimai qorxudan və sındırılmış sosial iradədən başqa bir şey olmur. Etiraz isə zülmün adını çəkir, onu devirə bilməsə də, ifşa edir. Yerin altındakı toxum gec-tez torpağı yarıb çıxdığı kimi, etiraz da səssiz və səbirli şəkildə öz işini görür.
Etiraz düşünmək səsi, “yox” demək cəsarətidir. Onun səsi alçaq da olsa, hündür də olsa, mənası ağırdır. Bir insan “yox” deməyi bacardığı an artıq kölə deyil, hətta diz çökəndə belə daxilən ayaqdadır, ruhən azaddır.
Etiraz hər kəsin keçməyə cəsarət etmədiyi dar, daşlı bir cığırdır. O cığırdan keçənlər sabaha körpü salır. Bəziləri cığırda yıxılır, bəziləri geri dönür, bəziləri isə adını yazdırır tarixə.
Həmin axşam Hüseyn də özünü bu cığırın başında hiss edir, Yezidə beyətin nə demək olduğunu anlayır və buna açıq etiraz etməli olduğunu düşünürdü.
- Qardaş, məsələ çox ciddidir? – deyə haçandır Hüseynin dalğın görkəmindən təlaşlanan 33 yaşlı Abbas, nəhayət ki, sükutu pozdu.
- Hə, Əbəlfəzl, çox ciddidir, - Hüseyn boşalmış saxsı kasanı taxçaya qoyub narahat halda qardaşının üzünə baxdı. - Gözlədiyimiz baş verdi: Müaviyə öldü, Yezid hamıdan özü üçün beyət alır. Məni bundan ötrü çağırmışdılar.
- Yaramazlar! Sülh müqaviləsini pozurlar, xilafəti oyun-oyuncağa çevirirlər, sənə də deyirlər ki, beyət elə!
- Həm də deyirlər ki, hamı beyət edib! Təsəvvür edirsənmi; peyğəmbər ailəsi qalıb, peyğəmbər səhabələri qalıb, peyğəmbər şəhəri qalıb, yalançı təbliğatla aldadılmış Şam əhalisi “hamı” olub! Özü də necə? Qılıncların kölgəsi altında beyət!
- Madam ki, onlar qılınca sarılıb, bizə də başqa yol qalmır. İslam – Allahın dini, peyğəmbərin və şəhidlərin əmanətidir, onu zalım tayfanın ayaqları altına sərə bilmərik!
- Sərməyəcəyik! Allaha təvəkkül edəcəyik, Onun iradəsinə təslim olacağıq!
- Şəhər əhalisi etiraza qalxarmı? Bəlkə, bir-bir səhabələrlə görüşüb...
- Mənası yoxdur. Çox diqqət çəkmədən hazırlaşın. Sabah Mədinədə son günümüzdür.
Hüseynin həmin axşam daha nələr düşündüyünü, kimə nə dediyini bilmirik. Ancaq sübh namazından bir qədər öncə yuxudan oyanıb gecə namazı qıldı, qaranlıq səmaya, ulduzlara baxıb: “Yer və göylərin yaradılışında, gecə və gündüzlərin gəlişində insanlar üçün mesajlar vardır. Allahım, Sən bunları boşuna yaratmamısan” – dedi, Allahla görüşün şirinliyini yadına salıb əlavə etdi: “Allahım, biz “Rəbbinizə iman gətirin” – deyən carçını dinləyib Sənə tapındıq, dostluğuna könül verdik. Allahım, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla!”

Təbəssüm - Rey Bredberinin hekayəsi Uydurulmuş adam - Sevgi haqqında hekayə Marmelad - Sara İbrahimin hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 İyun 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see256

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see218

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see217

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see217

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see215

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see212

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see211

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see211

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see208

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see201

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see198

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see195

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see194

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see194

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see193

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see193

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see190

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see187

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see183

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri