Beynəlxalq hüquq pozulanda...
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Güclü olmalıyıq və bunu etməyə çalışırıq!
Bu gün dünyada nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda böyük dövlətlər digər xalqlara qarşı öz maraqları baxımından yanaşırlar. Bu da bəzi milli dövlətləri onlardan asılı edir ki, bunun da sonu heç də yaxşı olmur, əksinə milli dövlətlər sıradan çıxır. Biz bu faktı dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin nümunəsində də görürük. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlət qərarların qəbulunda heç də beynəlxalq hüquqa deyil, öz maraqlarına istinad edirlər. Bunun xaricində isə BMT heç bir işə yaramır. Bu da ayrı-ayrı problemlərə yanaşmada ikili standartların tətbiq olunması ilə nəticələnir.
Prezident: Bizim müharibəmiz ədalətli müharibə idi
Bu gün dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq anlayışı tamamilə sıradan çıxır. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası da artıq iflasa uğrayıb. Hazırda beynəlxalq münasibətlər sistemində “kim güclüdür, o da haqlıdır prinsipi” işləyir. Dünyada mövcud olan ikili standartların, beynəlxalq hüquq normalarının işləməməsinin acı təcrübəsini Azərbaycan da yaşayıb. 1990-cı illərin əvvəlində Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərkən dünya birliyi buna susdu. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il kağız üzərində qaldı. Azərbaycan beynəlxalq birlikdən bu qətnamələrin icra edilməsi üçün Ermənistana qarşı addımlar atılmasını tələb etsə də, heç bir tədbir görülmədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunub. Çünki həmin məsələlər böyük dövlətlərin maraqlarına uyğun idi. Yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu barədə deyib: “Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik”.
Azərbaycan 27 il gözlədikdən sonra bu qətnamələri öz gücünə icra etməyə məcbur oldu. Belə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edərək beynəlxalq hüququ bərpa etdi. Hansı ki, hər zaman beynəlxalq hüquqdan danışan bəzi böyük dövlətlər Azərbaycanın haqq işinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər.
Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi xarici təhdidlərdən qorumaq üçün vacib amildir. Nəzərə alaq ki, hazırda dünyada güclü olanlar haqlı hesab olunurlar. Belə olan şəraitdə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə baxmayaraq, son beş ildə Silahlı Qüvvələrin potensialını gücləndirməkdə davam edib.
Ötən 5 il ərzində...
Prezident İlham Əliyev sözügedən müsahibəsi zamanı bildirib ki, beş il ərzində biz ordu quruculuğu ilə fəal şəkildə məşğul olmuşuq və qazandığımız uğurlardan arxayınlaşmamışıq. Dövlət başçısının sözlərinə görə, əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük: “Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir”.
Ümumiyyətlə, Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, o cümlədən dünyada ən güclü ordulardan biri sayılır. Torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasətidir, bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.
Yeni hərbi hissələr və gücləndirilən hərbi sənaye kompleksi
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin qüdrəti, iqtisadi imkanlarımız dünyanın ən güclü orduları siyahısında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu Cənubi Qafqzın ən hazırlıqlı və müasir silahlı qüvvələri hesab olunur.
Onu da qeyd edək ki, postmüharibə dövründə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın.
44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Ali Baş Komandanın tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissələri yaradılıb. Komando hərbi hissələri yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Ordumuzda Komando hərbi birlikləri Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında yaradılıb.
“Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq...”
Bundan əlavə, ölkəmizdə hərbi sənaye kompleksinin gücləndirilməsi istiqamətində də vacib addımlar atılır. Bu amil dövlətimizin gücünü və inkişafını göstərir, xarici mənbələrdən asılılığı da azaldır. Müdafiə sənayesində tətbiq olunan texnoloji yeniliklər ümumi intellektual potensialı gücləndirir, həm də minlərlə yeni iş yerinin yaradılmasını şərtləndirir. Bütün bunlarla yanaşı hərbi məhsullarımızı ixrac etmək və ixrac coğrafiyasını genişləndirmək imkanları yaranmaqdadır. Dövlət başçısının müsahibədə dediyi kimi, Azərbaycan keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. “Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır. Bu, bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”,-deyə Prezident İlham Əliyev vurğulayıb.
Nardar BAYRAMLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 07 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















