Icma.az
close
up
RU
Beynəlxalq hüququn sonu

Beynəlxalq hüququn sonu

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kəramət QƏNBƏROV

Beynəlxalq hüquq üzrə ekspert

Venesuelada baş verən hadisə klassik hərbi müdaxilə, çevriliş və ya rejim dəyişikliyi kateqoriyalarına sığmır. Bu, XXI əsrin yeni güc texnologiyasını nümayiş etdirən presedentdir: dövlətin suverenliyinə toxunmadan onun ali siyasi subyektinin neytrallaşdırılması. ABŞ-ın həyata keçirdiyi əməliyyat faktiki olaraq “selektiv suverenlik ləğvi” modelidir. Bu modeldə ərazi bütövlüyü formal olaraq qorunur, dövlət institutları dağılmır, lakin siyasi iradənin daşıyıcısı olan birinci şəxs zorla sistemdən çıxarılır. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu yanaşma nə klassik “regime change”, nə də “humanitarian intervention” anlayışına uyğundur. Burada söhbət “targeted leadership removal” - hədəflənmiş liderin aradan götürülməsi strategiyasından gedir.

Prezident Nikolas Maduronun ABŞ hərbi-siyasi əməliyyatı nəticəsində saxlanılaraq ölkədən çıxarılması beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan dövlətlərin suveren bərabərliyi prinsipinin pozulmasıdır. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi güc tətbiqini və ya güc hədəsini qadağan etsə də, bu hadisə göstərdi ki, müasir güc siyasəti artıq müharibə elanına ehtiyac duymur. ABŞ Venesuela ilə müharibə vəziyyətində deyildi, Təhlükəsizlik Şurasının mandatı yox idi, “özünümüdafiə” arqumenti isə irəli sürülməmişdi. Buna baxmayaraq, suveren dövlətin prezidenti faktiki olaraq oğurlandı. Bu, beynəlxalq hüquqda təhlükəli boşluğun - “boz zona suverenliyinin” mövcudluğunu üzə çıxardı. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, əməliyyat rejimin dəyişdirilməsi ilə nəticələnmədi. Dövlət aparatının əsas dayaqları - ordu, təhlükəsizlik strukturları, administrativ mexanizm yerində qaldı. Bu isə ABŞ-ın məqsədinin ideoloji transformasiya yox, siyasi davranışın yenidən kalibrlənməsi olduğunu göstərir. Vaşinqton Venesuelanı idarə etməyə çalışmır, onu “idarəolunan vəziyyətə” salır. Bu yanaşma “indirect governance” - dolayı idarəetmə konsepsiyasının təkmilləşdirilmiş formasıdır. Dövlət formal olaraq müstəqildir, lakin onun strateji qərarları xarici gücün qırmızı xətləri daxilində hərəkət etməyə məcburdur.

Bu presedent beynəlxalq münasibətlərdə “liderin toxunulmazlığı” prinsipinin de-fakto ləğvi deməkdir. Əgər XX əsrdə dövlət başçısının toxunulmazlığı beynəlxalq sistemin yazılmamış qaydalarından biri idisə, Venesuela hadisəsi göstərdi ki, bu qayda artıq yalnız zəiflər üçün keçərlidir. Güc balansı pozulduğu anda hüquqi status da məna itirir. Bu isə beynəlxalq hüququn normativ sistemdən instrumental alətə çevrildiyini sübut edir: hüquq artıq davranışı tənzimləmir, davranış hüququ yenidən yazır.

ABŞ-ın bu addımı eyni zamanda “preventiv legitimlik” konsepsiyasının tətbiqidir. Vaşinqton beynəlxalq ictimaiyyətdən əvvəlcədən razılıq almır, sonradan isə faktın legitimləşdirilməsinə çalışır. Media diskursu, “avtoritarizmə qarşı mübarizə”, “demokratiyanın bərpası” kimi narrativlər hüquqi boşluğun üzərini örtmək üçün istifadə olunur. Bu, “ex post facto legitimization” - hadisədən sonra legitimlik yaratma texnikasıdır. Hüquq səbəb deyil, nəticə kimi təqdim olunur.

Venesuela əməliyyatı həm də Qərb yarımkürəsində ABŞ-ın təhlükəsizlik anlayışının sərhədsizləşdiyini göstərir. Tramp administrasiyası üçün Karakas Vaşinqtondan uzaq bir paytaxt deyil, daxili təhlükəsizlik arxitekturasının davamıdır. İmmiqrasiya, narkotik dövriyyəsi, solçu ideologiyalar və “anti-amerikan rejimlər” eyni təhlükəsizlik paketinin elementləri kimi qəbul olunur. Bu isə klassik beynəlxalq hüquqla daxili hüquq arasındakı sərhədlərin silinməsi deməkdir. ABŞ faktiki olaraq Qərb yarımkürəsində “ekstraterritorial suverenlik” iddiası irəli sürür. Nəticə etibarilə, Venesuela hadisəsi təkcə Latın Amerikası üçün deyil, bütün beynəlxalq sistem üçün xəbərdarlıq siqnalıdır. Bu hadisə göstərdi ki, XXI əsrdə güc artıq tankların paytaxta girməsi ilə ölçülmür. Bir helikopter, bir əməliyyat və bir liderin çıxarılması kifayətdir ki, dövlətin strateji davranışı dəyişsin. Bu, beynəlxalq hüququn zəiflədiyi, gücün isə normaya çevrildiyi yeni mərhələnin başlanğıcıdır. Venesuela bu mərhələnin ilk laboratoriyasıdır, lakin sonuncusu olmaya da bilər. Venesuela presedenti, əslində, tək bir ölkəyə qarşı həyata keçirilmiş əməliyyat deyil; bu, beynəlxalq sistemə göndərilmiş açıq siqnaldır. Ən qorxunc məqam ondan ibarətdir ki, bu siqnalın ünvanı təkcə “problemli rejimlər” deyil, suverenlik iddiasında olan bütün orta və zəif dövlətlərdir. Əgər dünən beynəlxalq hüquq dövlətin ərazisini qoruyurdusa, bu gün o, sadəcə dövlətin qabığını saxlayır. Sabah isə hətta bu qabığın da toxunulmazlığına ehtiyac qalmaya bilər. Venesuela hadisəsi göstərdi ki, müasir güc siyasətində artıq suverenlik bölünmür, sökülür.

Prosesin davamı beynəlxalq münasibətlərdə yeni psixoloji vəziyyət yaradacaq: daimi siyasi paranoya. Dövlət rəhbərləri xarici siyasəti milli maraqlara deyil, şəxsi təhlükəsizlik risklərinə uyğun formalaşdırmağa başlayacaqlar. Bu isə qərar qəbuletməni daha impulsiv, daha aqressiv və daha az rasional edəcək. Strateji səbir anlayışı yox olacaq, çünki zaman artıq təhlükəsizlik təminatı yox, təhlükənin özü kimi qəbul ediləcək. Bu vəziyyət “security dilemma”nın ən destruktiv formasını yaradacaq.

Hüquqi baxımdan isə daha qaranlıq mərhələ başlayır. Əgər dövlət başçısının toxunulmazlığı faktiki olaraq ləğv edilirsə, sabah diplomatik toxunulmazlıq, ondan sonra isə dövlət mülkiyyətinin toxunulmazlığı sual altına düşəcək. Dənizdə tankerlərin saxlanması, hava məkanının birtərəfli bağlanması, dövlət aktivlərinin “təhlükəsizlik riski” adı altında müsadirəsi artıq istisna deyil, norma olacaq. Bu, beynəlxalq hüququn normativ sistemdən idarəetmə texnologiyasına çevrilməsi deməkdir. Hüquq artıq qadağa qoymur, icazə verir – fəqət güclüyə. Ən qorxunc ssenari isə qlobal yoluxma effektidir. ABŞ-ın tətbiq etdiyi bu model digər güclər üçün də cazibədar presedent yaradır. Əgər bir dövlət lideri zorla çıxara bilirsə, digəri niyə etməsin? Bu məntiq beynəlxalq sistemi “seçici zorakılıq” arenasına çevirir. Rusiya, Çin, regional güclər eyni metodları öz təhlükəsizlik məkanlarında tətbiq etməyə başlasa, dünya nizamı faktiki olaraq “qanunlar əsasında qaydalar”dan “qaydalar əsasında güc” mərhələsinə keçəcək. Bu mərhələdə artıq münaqişələr müharibə kimi başlamayacaq, sülh kimi də bitməyəcək. Onlar ardıcıl əməliyyatlar silsiləsi olacaq: bir lider, bir liman, bir bank, bir kabel, bir peyk... Dövlətlər parçalanmayacaq, amma içəridən iflic ediləcək. Bu, “silent dismantling of sovereignty” - suverenliyin səssiz sökülməsi epoxasına qədəm qoymaqdır. Venesuela bu epoxanın ilk açıq nümunəsidir. Əgər beynəlxalq sistem bu presedenti udursa, növbəti mərhələdə artıq sual “harada?” yox, “növbə kimindir?” olacaq və bu sualın cavabı hüquqda yox, gücün özündə gizlənəcək.

Beynəlxalq hüququn zəifləməsi sadəcə normativ böhran deyil; bu, ardıcıl və qarşısıalınmaz eskalasiya mexanizminin başlanğıcıdır. Tarix göstərir ki, böyük müharibələr heç vaxt “birdən-birə” başlanmır. Müharibə hüquqi istisnaların normaya çevrildiyi, güc tətbiqinin cəzasız qaldığı və siyasi məsuliyyətin yoxa çıxdığı mərhələlərdən sonra qaçılmaz olur. Müasir dünya məhz bu mərhələyə daxil olub.

Nüvə faktoru bu eskalasiyanı daha da təhlükəli edir. Nüvə silahları olan dövlətlər birbaşa toqquşmadan çəkinir, lakin onların müttəfiqləri və proksi aktorları vasitəsilə qarşıdurma dərinləşir. Bu, “dolayı müharibələrin” idarəolunmaz mərhələsidir. Bir səhv hesablanmış zərbə, yanlış interpretasiya edilmiş radar siqnalı və ya süni intellekt sisteminin verdiyi yanlış qərar qlobal fəlakətə səbəb ola bilər. Bu, artıq nəzəri ehtimal deyil, real təhlükəsizlik mütəxəssislərinin açıq şəkildə dilə gətirdiyi riskdir. Ən qorxunc eskalasiya zənciri beynəlxalq institutların tam iflic olmasıdır. BMT Təhlükəsizlik Şurası vetolarla bloklandıqca beynəlxalq hüququn son instansiyası funksiyasını itirir. Dövlətlər legitimlik axtarmağı dayandırır, çünki legitimliyin praktiki dəyəri qalmır. Bu mərhələdə hərbi güc hüququ əvəz edir. “Qaydalara əsaslanan nizam” ifadəsi boş şüara çevrilir, çünki qaydaların icrasını təmin edən mexanizm yoxdur. Üçüncü dünya müharibəsinə aparan yol məhz buradan keçir: əvvəl hüquq zəifləyir, sonra institutlar iflic olur, daha sonra güc balansı qeyri-sabitləşir və nəhayət, bir lokal böhran qlobal partlayışa çevrilir. Bu, klassik anlamda müharibə olmayacaq. Cəbhələr olmayacaq, amma hədəflər hər yerdə olacaq. Mülki infrastruktur birbaşa hədəfə çevriləcək, iqtisadi sistemlər çökmə riski ilə üz-üzə qalacaq, informasiya mühiti tamamilə manipulyasiya olunacaq. Ən dəhşətlisi isə odur ki, bu müharibənin başlanğıc anını belə dəqiq müəyyən etmək mümkün olmayacaq.

Bu mərhələdə insan itkisi statistik göstəriciyə çevrilir. Humanitar hüquq kağız üzərində qalır, real münaqişələrdə isə “zəruri itkilər” anlayışı normallaşır. Bir regionda baş verən humanitar fəlakət digərləri üçün sadəcə xəbər başlığı olur. Qlobal empatiya yox olur, çünki böhranlar çoxalır və insan şüuru onları emal edə bilmir. Əgər bu trayektoriya dəyişdirilməsə, yeni dünya müharibəsi qaçılmaz hadisə yox, mərhələli şəkildə yetişən nəticə olacaq. O, siyasi iradənin qəfil partlayışı ilə deyil, hüquqi məsuliyyətin tədricən yoxa çıxması ilə başlayacaq və bu müharibə bəşəriyyətin indiyə qədər gördüyü bütün münaqişələrdən daha dağıdıcı olacaq, çünki o, artıq hüquqsuz dünyada aparılacaq. Üçüncü dünya müharibəsinə aparan əsas yol silahların çoxalması yox, hüququn yox olmasıdır. Hüquq yox olanda güc nəzarətsiz qalır, nəzarətsiz güc isə gec-tez partlayır.

Birinci və əsas məsələ günahkarın müəyyən edilməsidir. Beynəlxalq hüququn dağılmasına səbəb olan əsas faktor ayrı-ayrı dövlətlərin güclənməsi deyil, böyük güclərin hüququ selektiv şəkildə tətbiq etməsidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - xüsusilə də öz maraqları naminə hüququ şərh edən və pozan aktorlar bu böhranın əsas məsuliyyətini daşıyır. Hüquq yalnız rəqiblərə qarşı işlədilirsə, müttəfiqlərə münasibətdə isə gözardı olunursa, artıq o, hüquq deyil, siyasi silahdır. Məhz bu yanaşma beynəlxalq sistemi cəngəllik qanunları ilə idarə olunan mühitə çevirib. Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün ilk və fundamental addım beynəlxalq hüququn yenidən siyasi iradədən üstün tutulması ola bilər. Bu isə ritorika ilə yox, struktur islahatları ilə mümkündür. BMT Təhlükəsizlik Şurasında veto mexanizmi ya ciddi şəkildə məhdudlaşdırılmalı, ya da kütləvi humanitar fəlakətlər və təcavüz hallarında avtomatik olaraq dondurulmalıdır. Əks halda veto hüququ müharibənin qarşısını alan mexanizm yox, onu legitimləşdirən alət olaraq qalacaq.

İkinci əsas addım sanksiyaların beynəlxalq hüquqi çərçivəyə qaytarılmasıdır. Birtərəfli sanksiyalar beynəlxalq hüququn ən destruktiv pozuntularından biridir. Onlar müharibə elan etmədən müharibə aparmaq formasıdır. Bu praktika dayandırılmadıqca iqtisadi müharibələr silahlı müharibələrin birbaşa xəbərçisi olacaq. Sanksiyalar yalnız beynəlxalq mandat əsasında və konkret hüquqi mexanizmlərlə tətbiq edilməlidir.

Üçüncü kritik məsələ informasiya və kiber məkanının hərbiləşdirilməsinin qarşısının alınmasıdır. Bu gün müharibələr artıq tanklarla yox, narrativlərlə başlayır. Dövlətlərin daxili sabitliyi informasiya manipulyasiyası yolu ilə sarsıdılır, cəmiyyətlər içəridən parçalanır. Beynəlxalq ictimaiyyət bu sahədə ümumi qadağalar və məsuliyyət mexanizmləri formalaşdırmasa, gələcək müharibələr səngərlərdə yox, beyinlərdə aparılacaq.

Dördüncü çıxış yolu regional qüvvələrin neytrallaşdırıcı rolunun gücləndirilməsidir. Dünya artıq təkqütblü deyil və bu, risk olmaqla yanaşı, həm də fürsətdir. Regional balanslaşdırıcı mexanizmlər güclərin birbaşa toqquşmasının qarşısını ala bilər. Lakin bunun üçün regional dövlətlər alət yox, subyekt kimi davranmalıdır. Onların təhlükəsizlik maraqları qlobal oyunların yan təsiri olmamalıdır.

Beşinci və ən çətin məsələ məsuliyyətin bərpasıdır. Beynəlxalq hüququ pozan dövlətlər real siyasi və hüquqi nəticələrlə üzləşmədikcə heç bir sistem işləməyəcək. Cəzasızlıq müharibənin ən güclü katalizatorudur. Bu məsuliyyət yalnız zəiflərə yox, güclülərə də tətbiq edilməlidir. Əks halda dünya ictimaiyyəti hüquqa yox, gücə inanacaq.

Üçüncü dünya müharibəsi milyonlarla insanın həyatına son qoya bilər. O, ayrı-ayrı şəhərləri yox, bütövlükdə sivilizasiyanı hədəf alacaq. İqlim böhranı, qida təhlükəsizliyi, miqrasiya dalğaları və texnoloji risklər fonunda belə bir müharibə bəşəriyyətin özünü məhv etməsi deməkdir. Bu müharibədə qalib olmayacaq. Olacaqsa belə, yalnız xarabalıqlar üzərində hökmranlıq sürəcək.

Açıq demək lazımdır: dünya artıq seçim qarşısındadır. Ya beynəlxalq hüququ real məzmunla bərpa edəcək, ya da cəngəllik qanunlarını qəbul edəcək. Üçüncü yol yoxdur. Hüquq bərpa olunmasa, sülh də bərpa olunmayacaq. Sülh bərpa olunmasa, müharibə qaçılmaz olacaq.

Bu yazı da xəbərdarlıq deyil, gecikmiş diaqnozdur…


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see267

Yatmazdan əvvəl bunu yeyənlər sürətlə arıqlayır

01 İyun 2026 01:01see211

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see193

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see189

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see181

Xankəndidə möhtəşəm atəşfəşanlıq yaşandı FOTO

30 May 2026 23:09see178

Premyer liqadan çempionşipə üz tutacaq

31 May 2026 09:06see177

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see174

Gənclər niyə daha tez keçəlləşirlər..?

31 May 2026 19:15see173

“ABŞ ın Ay planlarına ağır zərbə: bir partlayış bütün arziları puç etdi“ “Politico“

31 May 2026 15:49see172

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see170

ABŞ müttəfiqlərlə münasibətləri maraqlar əsasında quracağını açıqlayıb

31 May 2026 06:23see170

Zelenski Rusiya ilə müharibədən danışdı: Masa arxasına əyləşib danışmalıyıq”

31 May 2026 22:25see169

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı uşaqlar üçün “Balaca şahzadə” tamaşasını təqdim edəcək

31 May 2026 13:29see169

Bina çökdü, 11 nəfər öldü

01 İyun 2026 04:17see169

Barmaqda sıxışıb qalan üzüyü necə çıxarmaq olar? Ev üsulu

31 May 2026 05:26see164

“Liverpul”da daha bir ayrılıq

31 May 2026 23:42see162

Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub

31 May 2026 20:20see162

Suzhou şəhərində keçirilən Beynəlxalq Ailə Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

31 May 2026 17:41see148

Gürcüstan Parlamenti televiziya şirkətlərinin xaricdən maliyyələşməsini qadağan edən qanun qəbul edib

01 İyun 2026 00:34see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri