Icma.az
close
up
RU
“Bəzi sənətçilər ilham pərisini bir qadında tapır” Aydın Talıbzadə ilə MÜSAHİBƏ

“Bəzi sənətçilər ilham pərisini bir qadında tapır” Aydın Talıbzadə ilə MÜSAHİBƏ

Icma.az, Lent az saytına istinadən bildirir.

Lent.az-ın müsahibi yazıçı-kulturoloq, teatrşünas Aydın Talıbzadədir

“Hamı öz azad düşüncəsini ortaya qoysa, qorxunc bir xaos əmələ gələr”

-  Müasir Azərbaycan cəmiyyətində azad düşüncə varmı?

- Gəl, belə düşünək, cəmiyyət azad düşüncənin hüdudlarını göstərən bir anlayışdır. Mahiyyətcə azad düşüncə cəmiyyətə ziddir. Hamı öz azad düşüncəsini ortaya qoysa, təsəvvür edirsinizmi cəmiyyətdə nə baş verər: qorxunc bir xaos əmələ gələr. Biz azad düşüncə ilə öz fikrini sərbəst ifadə etmək hüququnu bir-biriylə qarışdırmayaq. Fikir verin, Konstitusiya, türkcə desək, Ana Yasa insanların hüquq və azadlıqlarını müəyyənləşdirir. Nəyisə müəyyənləşdirəndə biz nəyisə məhdudlaşdırırıq. V.İ.Lenin nə deyirdi azadlıq haqqında? Deyirdi ki, “azadlıq dərk edilmiş zərurətdir”. Zərurəti dərk eləyəndə azadlıq balacalaşıb yoxa çıxır. Fikrini sərbəst ifadə edən insanlar isə Azərbaycan cəmiyyətində yetərincədir. Götürək elə çağdaş Azərbaycan ədəbiyyatını. Burada nə qədər fikrini sərbəst ifadə edən adamlar var: Həmid Herisçi, Şərif Ağayar, Aqşin Yenisey, Rasim Qaraca, Kəramət Böyükçöl, Ağalar Qut, Şəhriyar del Gerani, Ömər Xəyyam, Vüqar Van, Ulucay Akif və s. Onların hamısı danışanda da, yazanda da öz ürəklərindən gələni danışırlar, yazırlar, fikirlərini tam sərbəst ifadə edirlər.

- Bəs sıravi insanlarda varmı bu?

- Sıravi insanlar da 50-nin 50-yə nisbətində öz fikirlərini sərbəst ifadə edə bilirlər. Sovet dönəmində heç bu da yox idi. 

- Bir “sovet təfəkkürü” anlayışı var. Nədir bu sovet düşüncəsi?

- Sovet təfəkkürü müəyyən çərçivəyə oturdulmuş düşüncə tərzidir. Həmin bu çərçivə Kommunist partiyası tərəfindən cəmiyyətə diktə edilirdi. O dövrdə sənət adamları həmin çərçivələrdən, o klişelərdən çıxmağa qorxurdular: fikirlərini Ezop dilində ifadə etməyə çalışırdılar. Sovet dönəmində insanlar fantastik gözəlliyə malik illyuziyalarla brutal gerçəkliyin sərhədində yaşayırdılar, kommunizmin ideyaları ilə hipnotik bir vəziyyətdə yaşayırdılar. Bu yaşam tərzi də onları sovet dönəminin fanatlarına çevirirdi.

- İndi onun hansı qalıqlarını daşıyırıq?

- Hələ də bu təfəkkürün müəyyən qalıqlarına rast gəlmək mümkündür. Çünki həyatlarının əsas hissəsini sovet dönəmində yaşamış çoxsaylı insanlar var. Sovet atributikasına meyl də elə buradan gəlir. Nəsillər dəyişdikcə bu, tamam öləziyəcək.

- Tənqidi düşüncə bizdə nə qədər formalaşıb?

- Uzun illər Mədəniyyət və İncəsənət Universitetinə teatr tənqidindən dərs demişəm. "Tənqidin fenomenologoyası" adlı bir kitab yazdım bir il bundan öncə. Tənqidin ilkin köklərinə enmək istədim. Müəyyənləşdirdim ki, tənqid insanın xarakterinə xas olan bir keyfiyyətdir, hər zaman insanla bərabər addımlayır. Biz səhər durandan ta axşam yatana qədər permanent nələrisə tənqid edirik: havanı, tıxacları, geyimləri, nəqliyyatı, xidmətləri, sistemi, qərarları, mağazaları, qiymətləri və s. və i.a. 

- Bu giley deyil?

- Giley narazılığın təzahürüdür. Narazılıq tənqidin başlanğıc nöqtəsidir. Hər bir tənqid narazılıq zəminində formalaşır. Mikrotənqidlər həmişə bizimlə birlikdədir. Biz ailədə belə anaya, ataya, digər ailə üzvlərinə münasibətimizdə və ya onların bizə münasibətində hər zaman tənqid elementi görürük. Tənqid daim bizimlədir. Artıq seçim aktının özü tənqid formasıdırr. Sən nəyisə, kimisə seçəndə digərini tənqid eləmiş olursan. Seçim tənqidin nəticəsində mümkünləşir. Dişi erkəyi seçir. Necə? Başqa erkəkləri tənqid edir və bilir ki, məhz bu onun balalarına daha yaxşı ata ola bilər. Tənqid refleksiyadır. Lakin tənqid həm də bizə instinktiv olaraq verilən bir nəsnədir: tənqid özünü qoruma instinktinin tərkib hissəsidir.

- Belə ola bilər ki, biz, bəlkə də, tənqid etməklə şüuraltı olaraq öz seçimizə haqq qazandırırıq. Biz nəyisə seçmişik və digər seçimləri tənqid edirik ki, özümüzü daha yaxşısını seçdiyimizə inandıraq. Məsələn, eqoist-narsist insanlar daim başqalarını əzirlər, tənqid edirlər ki, öz eqolarını təmin eləsinlər.

- Mən dediyim kontekstdə bu, mümkün deyil. Çünki təbiətdə heyvanlar, quşlar bu seçimi şüurlu surətdə yox, instinktiv gerçəkləşdirirlər. Seçim yaxşını axtarmaqdır. Hər birimizin yaxşıya, yaxşının ən yaxşısına ehtiyacı var. Ona görə, tənqid bu yaxşını müəyyənləşdirmək üçün bir vasitədir, təkamülü irəli aparan bir vasitədir.

“Tanrının özü ən güclü tabudur”

- Azərbaycan cəmiyyətində ən təhlükəli tabular hansılardır?

- Tabular, yəni yasaqlar, qadağalar bizim yaşam tərzimizlə, ənənələrlə müəyyənləşir. Heç də tabuların hamısı təhlükəli deyil. Tabu qanunun təzahürüdür. “Tabu” deyəndə bizdə bir qorxu yaranır. Halbuki tabu tənzimləmə mexanizmidir. Tabuları cəmiyyətdən götürəndə insan azğınlaşır. Tabu tanrıdan gəlir. Belə də demək mümkündür ki, tanrının özü ən güclü tabudur. Biz tabunu cəmiyyətdən götürdükdə, tanrını da apriori (Apriori - əvvəlcədən verilmiş, təcrübəyə ehtiyac duymayan – red.) aralıqdan götürmüş oluruq. Ən təhlükəli tabular, fikrimcə, ədəbiyyat, sənət qarşısında qoyulan qadağalardır. 

- Sənət, ədəbiyyat xilas yoludur, ya xəstəlik?

- Ədəbiyyatda da, sənətdə də həm bir xilas yolu var, həm də bir xəstəlik. 

- Froyd deyirdi ki, sənət dediyimiz şey bir dahinin özü üçün yazdığı “xəstəlik tarixçəsi”dən başqa bir şey deyil.

- Froyd dediyin Avstriya psixiatrının özünün klinikası var. Dünyanın bir çox məşhur psixiatrları onu hermenevtik yozumlara meyllənən filoloq kimi dəyərləndirirlər. Həqiqətən, bütün məşhur yazıçıların taleyini araşdırsaq - gəlib Kafkaya, Kortasara, Ceyms Coysa çıxsaq, görərik ki, bu şəxsiyyətlərin həyatlarında yetərincə xəstə psixoloji meyllər var. Dostoyevskinin özü nə qədər dahi olsa da, onun nəsri xəstəlikə, kriminalla qapıbir qonşudur. Əbəs yerə onun romanlarını cəmiyyət üçün qorxulu bilib qadağa eləmirdilər ki? Yenə görürsünüzmü, qaytansız azad düşüncə problemli təzahürdür. Bununla belə ədəbiyyat fərd üçün həm də bir xilas yoludur: özündən, komplekslərindən xilas olmaq və başqalarını da xilas etmək yoludur. Ədəbiyyat, incəsənət eyni zamanda dünyada mövcud ədalətsizliyə qarşı, şərə qarşı çıxış etmək ehtiyacından yaranır, bütün zəiflərə, kimsəsizlərə sahiblənmək, onlara arxa durmaq, ideal Ata olmaq, ədaləti qorumaq, cəmiyyətdə ideal harmoniyaya çatmaq niyyətindən pöhrələnir. İncəsənətin bütün növləri bu amaldan boy atır. Məsələn, Vinsent Van Qoq, postimpressionist holland rəssamı, bir xəstədir, anormal insandır və dünyanı hamı kimi qavramır. Bax, bu hamı kimi qavramamaq və özünü tam azad ifadə edə bilmək qüdrəti onu dahi edir. Çünki sənət qarşısında nəinki cəmiyyət, nəinki bir kimsə, hətta onun özü belə vecinə deyil. Ona görə ki, o öz yaratdığını ideal bilir, ideala aşiq olub yaşayır və gözü digər heç nəyi görmür. Sənətinin şəhidi olmaq nə deməkdirsə, bax, elə budur. Başqa dahilər də belədir. Amma yenə də birmənalı danışmaq mümkün deyil.

- Dahilərin əksəriyyətinin zərərli vərdişləri, yaxud da psixoloji problemləri var. Məsələn, Dostoyevski həm qumarbaz idi, həm içki içirdi. Nazim Hikmət qadın düşkünü idi. Hətta onun haqqında komiks də hazırlamışdılar. Ondan soruşublar ki, indiyə qədər neçə sevgi şeiri yazmısan? Deyib ki, 200-250. Soruşublar ki, bu şeirləri neçə qadına yazmısan? Cavab verib ki, 200-250...

- Gözəl cavabdır... Nazim Hikmətlə bağlı bir məsələni vurğulamaq istərdim. Onu 20-ci əsr poeziyasının zirvədə dayanan şairlərindən biri hesab edirəm və poeziyasını, hətta Tarantu Babuya həsr etdiyi şeiri belə, şedevr sayıram. Sizin dediyiniz o komiksdə isə Nazim Hikmətə qarşı aqressiya görürəm, şairi aşağılamaq cəhdi görürəm. Çünki qadını sevmək günah deyil. Sənət adamı daim özü üçün bir ilham pərisi axtarır. Çox yazarlar, sənətçilər bu ilham pərisini müəyyən bir qadında tapır. Və onun üçün, ona xoş gəlmək üçün yazır. Özünü bununla qadının qəhrəmanına çevirmək niyyətindədir. Burada qəbahətli nə var ki... İnsan sevgiylə diridir. İnsan sevgisi öldüyü anda ölür, lap 100 il yaşasa belə...

- Bəs niyə bir yox, bir neçə qadınla təsdiq edir özünü?

- Belə bir həyat yaşamamışam deyə, cavab verə bilmərəm. İnsan daim bir ideal axtarır. Ona görə yazırsan ki, hələ də o idealı tapa bilməmisən. Bilə-bilə ki, bu qədər dahiyanə yazıçı olub, hətta bilə-bilə ki, onlara çatmaq mümkün olmayacaq, yenə risk edirik, yenə yazırıq. Çünki özümüzün idealını axtarırıq. Özümüzü təsdiq etmək üçün yaşayırıq. Özünü təsdiq etmək içindəki nuru, eşqi dünyayla paylaşmaq, dünyanı özünə bənd eləməkdir. Dünya sənə vurulur. Təkcə Nazim Hikmət qadınları sevməyib ki... Qadınlar da Nazim Hikmətə vurulublar, seviblər onu. Bu da güc, özünə inam verib ona.

“Sənət adamları eqosal insanlardır”

- Bəzilərində isə içki, narkotik kimi zərərli vərdişlər olub...

- Məsələn, Cek Londonu, Ernest Hemiqueyi və ya digərlərini götürək. Bəlkə də onların içkiyə, narkotikə qurşanmalarının həddindən artıq dərin psixoloji səbəbləri var. Mənə elə gəlir ki, ən böyük səbəb onların öz dahiyanə sözlərini deyə bilməmək, pərəstişkarları tərəfindən atılmaq qorxusundan irəli gəlir. O içkiylə və ya başqa zərərli vərdişlə özü ola bilməmək qorxusunu əridir. Bunun da arxasında sevgi qıtlığı dayanır: "Mən dahi ola bilmədim", "Birinci ola bilmədim", “Hamının sevgisini qazana bilmədim”...

- Bu da hardasa eqoya gedib çıxır...

- Bəli, 100 faiz. Şair, yazıçı - ümumən sənət adamları eqosal insanlardır. Eqodan qurtulmaq üçün gərək Lao Dzı olasan. Gəlib o səviyyəyə çıxasan ki, öz içində ideal balans tapasan. Biz sənət camiəsi olaraq kimlərinsə fikrindən asılıyıq. Kimlərinsə fikrindən asılı olanda tam özünü yaza bilmirsən, özünə görə yazmırsan, başqalarını fikirləşib yazırsan, hətta bəzən dost və tanışlarının zövqünü fikirləşib yazırsan…

- Heç vaxt demədiyiniz, amma demək istədiyiniz bir həqiqət var?

- İstəmirəm yalançı kimi görünüm. Ürəyimdən nə keçibsə, həmişə yazmışam. Romanlarımda da nə düşünmüşəmsə, onu yazmışam. 

- Azərbaycan kinosunda çatışmayan cəhət nədir?

- Peşəkarlıq. Müasir kinodan danışırıqsa, deməliyik ki, çağdaş Azərbaycan filmlərilə dünya filmləri arasında peşəkarlıq fərqi yerlə göy arasındadır. İstər rejissor, istər aktyor, istərsə də operator işi - hər şey aiddir bura. Kino da, teatr sənəti də özünü dolandırmalıdır. Hollivudda, Bollivudda və dünyanın digər kinoindustriya mərkəzlərində büdcəsi 100-200 milyon dəyərində olan filmlər çəkilir və həmin filmlərin prokatı istehsalçı şirkətlərə külli miqdarda qazanc gətirir. Bu maşstabdan sonra gəlib Azərbaycan kinematoqrafiyası haqqında danışmaq bir o qədər də ciddi deyil. Amma o insanlar ki, bugün Azərbaycanda kino sənətilə məşğuldurlar, onların hamısı hörmətə layiqdir, birmənalı şəkildə.

- Müstəqillik dövründə çəkilmiş hansı filmin adını deyərsiz ki, sizi qane edir?

- Çox çətin sualdır. Buna cavab vermək iqtidarında deyiləm. Azərbaycan filmlərinin müxtəlif nominasiyalar aldığını müxtəlif saytlardan öyrənirəm, amma onların böyük əksəriyyətini görmək mümkün olmur, təəssüf. Hərçənd müstəqillik dönəmində bir neçə film oldu ki, o haqda danışmağa dəyər. Məsələn, Vaqif Mustafayevin bir neçə filmi, Elçin Musaoğlunun "Nabat", Şamil Əliyevin “Çölçü”, Elxan Cəfərovun “Dolu” filmləri barədə çağdaş Azərbaycan kino sənəti kontekstində ciddi danışmaq, mülahizə söyləmək mümkündür.

“Teatr cəmiyyətin modelidir”

- Bəlkə, maliyyədir problem?

- Kinonu da, teatrı da dövlətin boynuna yükləmək nə qədər düzgündür? Bu, çox böyük büdcə tələb edir. Bir dəfə “Vətən ocağı” qəzetinin müxbiri kimi çalışan dəyərli Orxan Fikrətoğlu Ayaz Salayevlə məni müsahibə üçün dəvət eləmişdi. Müsahibəni qəzetdə yayımlayarkən Orxan özünəxas yumorla, zarafatla bizi belə təqdim etmişdi: olmayan teatrın teatrşüanası Aydın Talıbzadə, olmayan kinonun kinoşünası Ayaz Salayev. Orxanın bu zarafatının həqiqəti anlaşılırmı? Hərçənd teatr hər nə qədər olmasa da, hər zaman mövcudiyyətini qoruyub saxlayır: yəni üzülür, amma qırılmır.

- Özəlliklə son dönəmdə teatrlarda müxtəlif konfliktlər yaşanır. Buna münasibətiniz? 

- Mən konfliktlərin çox uzaq, kənar müşahidəçisiyəm. Çünki konfliktli situasiyaları heç sevmirəm. Teatrşünas teatrın fəaliyyətində yaxından iştirak etməklə bərabər özüylə onun “mətbəx”i arasında bir məsafə saxlamalıdır, ən azından səhnə illüziyasına öz inamını itirməməkdən ötrü. Nədən ki, bu faktor teatr haqqında, tamaşalar haqqında yazılan məqalələrin səmimiyyətini dağıda bilər. Azərbaycan teatrşünaslığının yaradıcılarından biri, Azərbaycan teatrı tarixini sistemli şəkildə təqdim edən ilk mütəxəssis Cəfər Cəfərov əbəs söyləmirdi ki, teatrşünas teatra gedərkən heç bir asılılığa düşməsin deyə özünə mütləq bilet almalıdır. Bu, obyektivlik naminə atılan bir addımdır, teatrşünasın əxlaq kodeksinə aid məsələdir. Bir də unutmayaq ki, teatr cəmiyyətin modelidir. Bir cəmiyyətdə nələr baş verirsə, bu da hökmən teatra yansıyır. Diqqət edin, cəmiyyətdə TV-lərin didişmə proqramları necə böyük reytinq toplayır. Bu isə psixologiyaya təsir göstərən bir amildir. PR effektini də yaddan çıxarmayaq. Platon nə deyirdi: deyirdi ki, əgər tez tanınmaq istəyirsən, meydanda çəlləyin üstünə çıxıb qışqır, ağzına gələni danış. Mütləq effekti olacaq səni görəcəklər. Digər tərəfdən teatra yığışan insanlar eqosal insanlardır. Əgər götürsək ki, iki pinəçi, iki saatsaz belə bir-birini bəyənmir, gör, onda teatrda nə olur və necə olur. Amma teatrdaxili çəkişmələrin azalması üçün teatr vahid bir orqanizm kimi daim işləməlidir: aktyorlar daim yaradıcı prosesdə olmalıdırlar. Bir də ki konflikt hər idarədə, hər iş yerində zühur edə bilir. Sadəcə, teatr daha çox göz qabağındadır, hər zaman hamıya açıqdır, ona görə də cəmiyyət teatrdaxili konfliktə belə həssaslıqla reaksiya verir. 

- Bəs Sizdə roman yazmaq ehtiyacı haradan yarandı?

- Roman yazmaq ehtiyacım 18 yaşımdan var. Amma yazmaq ehtirasım 5-ci sinifdən olub. Elə teatrşünaslığa da buna görə gəldim. Allah rəhmət eləsin, mənim müəllimim və dostum filosof Niyazi Mehdi də, gənclik dostum Nadir Bədəlov da bilirdi ki, mən roman yazmaq istəyirəm. Amma o vaxta qədər oxuduğum Hüqo, Balzak, Flober, Zolya kimi müəlliflərdən utanırdım. Odur ki, bir bəhanə ilə roman yazmağı həmişə təxirə salırdım. Və nəhayət gün gəldi, və mən ilk romanımı yazdım. Yəni mən teatrşünaslıqdan romana gəlməmişəm. Roman hər zaman mənimlə birgə olub. Bəlkə də mən öz həyatıma bir roman kimi yanaşmışam.

- Hazırda hansısa roman üzərində işləyirsiz?

- Hələlik heç bir roman yazmıram. Şərq fəlsəfəsində belə bir fikir var: hər şey boşluqla idarə olunur. Dolçadan ona görə istifadə edirik ki, onun içi boşdur. Səhnədə aktyorlar ona görə oynaya bilirlər ki, boşluğun şərti sərhədlərini göstərir. Evdə ona görə yaşaya bilirik, divarlar arasında boşluq var. Bir dəfə amerikalı məşhur bir professor gəlir Yaponiyaya, dzen (Dzen buddizm (Zen buddizmi) — buddizmin meditasiya və birbaşa təcrübəyə əsaslanan bir qoludur – red.) mütəxəssisinin yanına, deyir, mənə dzeni öyrət. Dzen ustadı da yavaşca dillənir ki, neynək, öyrədərəm, ancaq, gəl, əvvəlcə bir fincan çay içək. Bəli, dzen rahibi çayı fincana süzür, fincan dolub daşır, amma rahib dayanmır, yenə süzür, elə hey süzür. Çay axıb masanın üstündən yerə tökülür. Professor dözə bilmir, qalxır ayağa, hirslə qışqırır ki,  axı, sən neynirsən, görmürsən ki, fincan daşır? Dzen ustadı təmkinini pozmadan professora cavab verir: bax, sən də bu fincan kimi dolusan, mən sənə nə öyrədə bilərəm? Nəsə etmək üçün gərək içəridən boş olasan. Bu boşluğu özündə bərpa edəsən: bərpa edəsən ki, yenidən dolasan və nəsə yaza biləsən.

- Eqo o boşluğun nə qədər hissəsini doldurur?

- Əslində, sufilərin, Dzen rahiblərinin, Şərq filosoflarının məqsədi eqodan qurtulmaq olub. Eqodan qurtulanda azad olursan. Eqo olan yerdə boşluq olmur. Eqolu adamlar fincan kimi doludurlar.

- Sənətdə ən böyük xəyanət nədir?

- Ən böyük xəyanət özünə xəyanətdir, eqonun yaxasından yapışıb şöhrətin arxasınca qaçmaqdır. Şöhrət isə insanı uçuruma aparır. Şöhrət üçün yaşama, şöhrəti unut. Sən onu undanda, o özü gəlib səni tapacaq.

- Gəncliklə bağlı nə fikirdəsiz?

- Hələ Platonun dövründən yaşlı nəsil gənc nəsildən narazı olub. Amma mən elə hesab edirəm ki, sadəcə yaşlı nəsillə gənc nəslin dialoqu mütləq olmalıdır. Gənc nəslin bizi yaxşı dinləməsi üçün biz onlara nəyisə mükəmməl öyrətməyi, nəyisə sevdirməyi bacarmalıyıq. Yeni nəsildən bir elə də şikayətim yoxdur. Mən tələbələrlə işləyirəm, onları övladım kimi sevirəm. Sadəcə olaraq bəzi dəyərlər var ki, müasir nəslin nümayəndələri onları bilmirlər. Bunu onlara maraqlı formada aşılamaq lazımdır. Gənclərin yaşamaq prioritetləri mövcuddur və onların sırasında birincisi budur ki, gələcəklərini maddi təminatını əldə etməlidirlər. Bu maddi təminat olmadan onları sənətə, ədəbiyyata, kinoya, televiziyaya bağlamaq çətin olacaq. Və onlardan mənim bildiklərimi tələb etmək mümkün deyil. Mən sərbəst bir insan idim, aza qane olmağı bacarırıdım. Onlarınsa problemləri çoxdur. Çox vaxt bir çox tələbələr işdən çıxıb dərsə gəlirlər. Bəzən dərsdə hansı bir tələbənin mürgülədiyi də olur. Mən buna anlaşıqlı yanaşıram. “Müasir nəsil pisdir” fikrinin də qəti əleyhinəyəm. Sadəcə, onlar dövrün tələblərinə uyğun addımlamağa çalışırlar, öz gələcəklərinə necə gedib çıxmağın yollarını arayırlar. 

- Şərq-Qərb düşüncəsi ilə bağlı fikirləriniz nədir?

- Bir dostum vardı, şair Əhməd Əskər. Bir dəfə mənə bir şeir oxudu. Məzmun təxminən belə idi ki, göydə bir göyərçin Arazın o tayına uçur, şair də bunu seyr edə-edə quşa arzusunu bildirir ki , o tərəfdəkilərə şairin salamını çatdırsın. Bu zaman quş dil açıb şairə öz məzəmmətini bildirir:

"O tay nədir, bu tay nədir?
Dünya elə bir dənədir".

Dünyanın bir dənə olmasına baxmayaraq bizim təfəkkürümüzdə Şərq və Qərb mövcuddur. Ən azı ona görə ki, bir tərəfdə Günəş doğur, digər tərəfdə batır. Bu elə iki dünyadır ki, onların bir-birlərini başa düşməsi çox çətindir. Bu çox böyük problemdir. Qərb Şərqə gəlməklə onu dağıdıb və özünün təsəvvüründə olan Şərqi yaradıb. Şərqli isə həmişə Avropanın komfortuna aldanıb. Avropa Hindistan, İndoneziya, Çin, Yaponiya kimi yerlərə gedib, oradan resursları alır, əvəzinə komfort satır. Avropalılar şərqlinin yaşam tərzini, düşüncə tərzini kökündən dəyişib. 

- Nə mənada?

- Youtube-da nümayiş olunan bir videoya baxdım: Əfqanıstanı, kənd həyatı ilə yaşayan insanları göstərirdilər. Gördüm ki, onlar öz dədə-baba yurdlarında çox çətin yaşayırlar, komfortsuz. Amma siz kaş ki, görəydiniz, onlar necə xoşbəxtdirlər. Avropa isə daim inkişafı, proqresi düşünür: yaxşı, keyfiyyətli və irəli. Bu inkişaf, bu irəliləyiş, bu komfort dünyanı elə bir səviyyəyə çatdırıb ki, təbiət, Yer kürəsi artıq güclə nəfəs alır. Amma şərqliyə bu lazım deyil. O deyir, dədə-babalarım düzgün yaşayıb, mən də elə yaşasam, xoşbəxtlik tapacağam. Heç nə eləmə, heç nə arzulama. Qane ol, şükür içində ol: rahatlıq heç vaxt səni tərk etməyəcək.

- Bu, təslimiyyət deyil?

- Yox. Bu gün təkcə Bakı bağlarının müasir infrastrukturun necə dəyişdiyini misal çəksəm, fikrimi sübut eləməyə kifayət edər. Lakin mən bununla kifayətlənməyəcəyəm. Təyyarələrin, raketlərin uçuşu, bombaların, mərmilərin partlayışı, nüvə silahlarının sınaq yoxlanışları, gen mühəndisliyi və minlərcə digər ixtiralar görün, insanlığı nələrdən məhrum edib? Bu gün dənizlər boğulur: balıqlar, məməlilər sahillərə atılıb intihar edirlər. Bugün bütün dünya ekologiya ilə məşğul olmalıdır. Görürsünüz, insanların sayı nə qədər çoxalıb? Yer kürəsi axı canlıdır. O da bizim kimi nəfəs alır. Yerin bütün ehtiyatlarını aktiv şəkildə mənimsəyirik. Axı onlar da Yer kürəsinin yemidir. Yerin səthini biz nə qədər asfaltlamışıq? Nə qədər evlər tikilib və hələ tikilir də bütün dünya üzrə? Biz asfalt döşədikcə, meşələri qırıb özümüzə şərait düzəltdikcə, binalar ucaltdıqca digər canlılar yaşamağa yer tapa bilmir. Düzdür, insan yaşamalıdır, amma nəyin hesabına? Dənizlərdə balıq, meşələrdə ağac, ağaclarda quş tükənmək üzrədir. Bu dediklərimi sufizmdən, buddizmdən, daosizmdən çıxış edib deyirəm. Yəni hər bir inkişaf sonucda gəlib öz quyruğunu yeyən əjdəhaya çevrilir.

- Sıravi Şərq insanı Daosizm bilmir axı nədir.

- Daosizm vacib deyil: vacib olanı budur ki, sən ənənədən dönmə.

- Nə oldu dünyanı korlayan?

- Qərb korladı, insanların tükənməz ambisiyaları korladı. Yaxşı yaşamaq üçün daha çox çalışmaq gərək. Daha çox çalışıb işləyəndə, bitməz-qurtarmaz istəkləri yerinə yetirəndə insan təbiətdə monopolist olur: elə bilir təbiət yalnız onundur və təbiət yalnız onun xidmətçisidir. Başa düşmür ki, o, kainatın balaca bir toz dənəciyidir və bu toz dənəciyinin rahat mövcudiyyətindən ötrü kosmos, kainat, dünya harmoniya vəziyyətində olmalıdır.

- Bəs cəhalət səviyyəsi niyə bu dərəcədədir?

- Yox, bu, cəhalət deyil. İnsan inkişafa büt kimi inanıb və inana-inana gəlib bura çıxıb: harada ki, artıq geriyə dönüş yoxdur. Süni zəka bu inkişaf zəncirinin son həlqəsidir. Buradan o yanası artıq modern quldarlıqdır, kütləvi robotlaşdırmadır. Süni zəka, süni insan, süni yemək, süni təbiət. Elə o üzdən də mən əbəs yerə Şərq mədəniyyətinin dəyərlərini hər şeydən üstün tutmuram. Yaşa, qane ol, şükür elə və başqalarına da yaşamağa imkan ver. Napoleon əbəs deməmişdi: “Şərq yatmış pələngdir: heç vaxt onu oyatmayın”. Deyəsən, yaman çox danışdım, dayanmaq vaxtıdır. Şərqsə artıq oyanıb...

- Maraqlı və ətraflı müsahibənizə görə Sizə dərin təşəkkürlərimimi bildirirəm.

- Mən Sizə də, redaksiyanıza da dəvətə görə təşəkkürlər edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see188

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see170

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see132

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see126

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see123

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see123

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri