Bir ağacın budaqları Tərlanə Yaqubqızı yazır
Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Həyat bəzən insanı heç gözləmədiyi anlarda, tamamilə fərqli coğrafiyalardan gələn zəngin ruhlu şəxsiyyətlərlə qarşılaşdırır. İşimlə əlaqədar olaraq son günlər bu cür xoş təsadüflərlə tez-tez rastlaşmalı oluram. Elə bu səmimi görüşlərin nəticəsidir ki, qarşıma çıxan hər gözəl ruhlu insandan yazmaq istəyirəm. Keçən gün Azərbaycan Milli Kitabxanasının Elmi-biblioqrafiya şöbəsində, kompüter arxasında öz gündəlik işimlə məşğul idim. Yanıma zərif, hicablı gənc bir xanım yaxınlaşdı. O an ağlıma da gəlməzdi ki, yeni yazımın qəhrəmanı məhz bu gənc qız olacaq. Budəfəki qəhrəmanım – uzaq Qazaxıstandan Bakıya gələn, öz ölkəsində beynəlxalq müsabiqələr laureatı və gənc musiqişünas kimi tanınan Aray Abdinurovadır.
Gənc qız hələ heç bir kitab əldə edə bilməmişdi; haradan və necə başlayacağını dəqiqləşdirməyə çalışırdı. Gözlərindəki böyük elmi həvəslə dahi Nizami Gəncəvinin ilham pərisi, onun sevimli qıpçaq gözəli Afaq haqqında materiallar axtardığını bildirdi. Qazaxıstanlı gənc bir alimin milli kitabxanada dahi şairimizin həyat yoldaşının izinə düşməsi, tariximizə və ədəbiyyatımıza olan bu sonsuz ehtiramı məni dərindən sevindirdi və qürurlandırdı. Böyük məmnuniyyətlə kompüter arxasından qalxıb ona yaxınlaşdım. Elmi-biblioqrafiya şöbəsinin bütün imkanlarını, elektron və ənənəvi kataloqları araşdıraraq lazımi mənbələri bir-bir tapmağa başladıq.
Uzaqlarda qalmış uşaqlıq illərində qazax şairi Xalijan Bekxojinin müəllifi olduğu "Afaqnamə" əsərini böyük maraqla aldığımı xatırladım. Uzun illər evsizlik ucbatından sevərək aldığım kitablar zamanla it-bat olmuşdu. Bu kitabı Araya tövsiyə edəndə həmkarlarımız arasında zarafatla zərb-məsəl kimi tez-tez işlətdiyimiz "Monqol turistləri Monqol dublyonkalarını alıb apardılar" ifadəsini xatırlayıb kədərimi boğmağa çalışdım.
Biz materialları araşdırdıqca söhbətimiz daha da isindi və mövzu musiqiyə gəldi. Məlum oldu ki, Aray sadəcə bir tədqiqatçı deyil, həm də köklü bir musiqiçi ailəsinin nümayəndəsidir – onun atası Qazaxıstan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Serikjan Abdinurovdur. Musiqiyə olan sevgisi onun Azərbaycana olan marağında da özünü qabarıq büruzə verirdi. Gənc musiqişünas bizim zəngin muğam sənətimizlə ürəkdən maraqlandığını, dahi Üzeyir bəy Hacıbəylinin yaradıcılığını yaxından tanıdığını və ona böyük ehtiram bəslədiyini dilə gətirdi. Müşahidə etdim ki, Aray son dərəcə səmimi, təvazökar və işinə sadiq bir insandır. Onun hər cümləsində özünə rəhbər tutduğu məşhur ifadənin təsiri
hiss olunurdu: "Uğurun bir faizi istedad, qalan doxsan doqquz faizi isə əməkdir!"
O gün göstərdiyim kömək Aray üçün doğru mənbələrə uzanan bir cığır oldu. Amma mənə qalan – onun məsum təbəssümü, uzaqdan gələn gənc oxucumuzun yoluna işıq tutmağın verdiyi daxili hüzur və dahi Nizami ilə Üzeyir bəy irsinin Türk dünyasının gələcəyində necə möhkəm bir körpü qurduğuna şahidlik etmək oldu. Kitabxanadan ayrılanda içimdə böyük bir fəxr hissi var idi: nə yaxşı ki bizim Nizami Gəncəvi kimi, Üzeyir Hacıbəyli kimi dahilərimiz var. Sevindiricidir ki, Aray Abdinurova kimi gənc elm adamları onların sorağı ilə Azərbaycana gəlir. Elm dünyası məhz Aray kimi parlaq, mənəviyyatlı və çalışqan gənclərin çiyinlərində yüksəlir.
Yolun açıq olsun, gözəl Aray! Sən Nizaminin Afaqının sorağı ilə gəlmişdin, mən isə səni tanıdım- bizim Azərbaycan qızları kimi sadə, təvazökar, ağıllı və gözəl Arayı! Səni həmişə sevgi və xoş xatirələrlə yad edəcəyəm. İnşallah, nə vaxtsa yolun yenə də buralara düşər.
Söhbət əsnasında ona dedim ki, türk milləti kökü bir, qol-budaqları isə müxtəlif coğrafiyalara yayılmış nəhəng bir ağacdır; biz də o budaqlardan biriyik. Bu bənzətmə gənc qızın ürəyincə oldu.
Tarixi köklərimiz, dinimiz bir, amma dilimiz bir qədər fərqli... Və biz Arayla rus dilində danışırdıq. Bir vaxtlar "böyük qardaş" dediyimiz rusun dilində. Demək ki, XIX əsrdə böyük maarifçi şairimiz Seyid Əzim Şirvaninin oğluna xitabən yazdığı şeir hələ də aktuallığını qoruyub saxlayırmış.
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
Aray mənimlə neçə illərin doğması kimi vidalaşıb getdikdən sonra bir daha düşündüm ki, bizi birləşdirən ən böyük qüvvə ortaq türk mədəniyyətidir. Bu mənəvi mirası bizə əmanət qoyan əcdadlarımızı böyük ehtiramla andım və ulu öndərimiz Heydər Əliyevin dillər əzbəri olan o məşhur kəlamını xatırladım: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 31 Oktyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















