Bir birindən maraqlı uşaq oyunlarımız: Unudulmağa qoymayaq! X YAZI
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün uşaqların gündəlik həyat tərzinə azacıq diqqət yetirmək kifayətdir ki, illər öncənin bir-birindən maraqlı, əyləncəli uşaq oyunlarını xatırlayasan. Xatırladıqca da, heyf o günlərdən, deyəsən. Həqiqətən də o günlərə də, o oyunlara da çox heyf. Bu gün bircəsi belə oynanmayan, xatırlanmayan oyunlar, bu gün bir anı belə yaşanmayan o günlər...
Düşünəndə arada uzun bir zaman fasiləsi də yoxdur. Belə isə bəs nə üçün unuduldu o günlər, o oyunlar? Heç aradan bir nəsil də keçməyib. O günləri görən də, o oyunları oynayan da bizik. O günlərdən, o oyunlardan xəbərsiz olan isə bizim övladlarımızdır. Maraqlıdır, biz özümüz oynadığımız oyunları övladımıza öyrədə bilmədik, yoxsa öyrətmək istəmədik? Bəlkə buna mane oldular?
Kimdir günahkar, səbəbkar? Zaman, yoxsa biz? Unutduğumuz, uşaqları haqqında xəbərdar belə etmədiyimiz oyunları nə üçün bəyənmədik? Yoxsa yeni dünyanın yeni əyləncələri o oyunları üstələdi? İnternet əsri başlanandan biz də dəyişməyə başladıq. Sanki bizi evlərə qatıb qapını bağladılar. Nə özümüz küçəyə çıxdıq, nə də övladımızı çıxardıq. Səhərdən-axşamadək televizor, kompüter qarşısında qaldıq, gözümüzü smartfon telefonlardan ayırmadıq. Nəticə nə oldu? Bunu artıq görməyə başlamışıq, yaxın gələcəkdə isə tam nəticə ilə üzləşəcəyik.
Unutmaqda səbəbkarı özümüz olan uşaq oyunlarından danışaq. Danışaq ki, bəlkə valideynləri uşaqlarına arada-sırada bu oyunları xatırlada və onları unudulmağa qoymaya.
Bir vaxtlar vardı...
O vaxtlar bizim uşaqlıq, yeniyetməlik, hətta gənclik çağlarımız idi. Elə ki, məktəbdən gəldik, əynimizi dəyişdik, yeməyimizi yedik, həyətə küçəyə yollanırdıq. “Beş daş”dan, “Yeddi daş”dan “Qovala-qaç”a, “Bənövşə”yə , “Ortada qaldı”dan “Gizlən-qaç”a, “Gözbağlıca”ya kimi çoxsaylı oyunların heç bilmirdik hansını oynayaq. Düz toran vaxtınadək küçədə oynayırdıq. Düşürdük topun arxasınca, qaçırdıq. İplə atlanıb-düşürdük, gizlənirdik, bir-birimizi tapırdıq, “alma desəm, gəl, armud desəm, gəlmə”lərlə oyuna şirinlik qatırdıq.
Həyəti gəzib hamar daşlar axtarırdıq ki, “Yeddi daş” oyununu oynayaq. Yığırdıq daşları üst-üstə, 2-3 metr uzaqdan topla daşlara elə zərbə endirməli idik ki, hamısı ətrafa dağılsın. Dağılsın ki, qalib ola bilək.
Düşürdük həyətə, küçəyə 5 ədəd yumru daş axtarıb tapıb “Beş daş” oyununa başlayırdıq. O daşları əlimizdə, barmaqlarımızın arasında elə oynadırdıq ki, sanki daşlar və barmaqlar rəqs edirdi.
Saatlarla “Ortada qalma” oynayırdıq. 2-3 metrlik məsafənin hər başında bir uşaq dayanırdı. Üçüncü uşaq ortaya düşürdü. Elə etməli idi ki, həmin iki uşağın bir-birinə sürətlə ötürdüyü top ortada qalana dəyməsin. Dəyərdisə əgər, o, uduzmuş hesab olunurdu. Biz də bunu elə məharətlə oynayırdıq ki, saatlarla ortada qalırdıq, lakin top bizi “nişan ala” bilmirdi.
“Gizlən-qaç” oynayırdıq. Elə yerlərdə gizlənirdik ki, məgər bizi tapmaq olardı. İnsan ağlına gəlməyən yerlər bizim gizləndiyimiz yerlər olurdu. Beləliklə, oyun saatlarla çəkirdi. O vaxta qədər ki, anlarımız səsləyirdi: ay bala, toran vaxtıdır, evə gəlin, dərsləriniz qaldı axı...
“Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə” deyə elə ucadan səslənirdik ki, bütün ətrafda əks-səda verirdi bu səs. Həm də “Bənövşə” oyununda məhəllənin demək olar ki, bütün uşaqları iştirak edirdi. Bu oyun bizə birgə əyləncənin şirinliyini öyrədirdi. Kollektiv oyunun marağını aşılayırdı. Söz yox ki, bu birgəlik gələcəyin həmrəyliyi olacaqdı. Bəlkə də kənardan baxanda adi bir oyun kimi görünür belə kollektiv oyunlar. Lakin bu kimi oyunların uşaqlara həmrəyliyi, lazım gələndə birgə fəaliyyətdə olmağı aşıladığı sözsüzdür.
“Qovala-qaç”, “Klas-klas”, “Çiling ağac”, “Siçan-pişik”, “Usta-şagird”, “Aşıq”, “Qazlar-ördəklər”i deyim, məhəllə uşaqlarının futbolunu, voleybolunu deyim, hansından danışım ki, o illərin mənzərəsini yarada bilim? Səhərdən-axşamadək təmiz havada, günəşin zərrin şüaları altında mis rəngi alan uşaqların hansı oyunundan danışım ki, o uşaqlarla bugünkü uşaqları müqayisə edə bilim, gün ərzində saatlarla hərəkətdə olan o uşaqlarla bu gün bir saat belə hərəkət etməyən uşaqlardan danışım?.. Hansı oyunlardan danışım ki, onların birbaşa sağlamlığa xidmət etməsi fonunda bu gün kompüter qarşısında onurğa sütunu əyilən, smartfona baxmaqdan gözləri zəifləyən və kütləvi şəkildə eynəkdən istifadə edən uşaqların valideynlərinə o oyunlarla bu oyunların mahiyyətini izah edə bilim?..
Xəstə, ruhsuz, duyğusuz uşaqlar...
Bu gün valideynlər uşaqları həyətdən, küçədən təcrid edib evlərə qapamaqla, qarşılarına kompüter, əllərinə smartfon verməklə onların xəstə, ruhsuz və duyğusuz olmasına real şərait yaradırlar. Bir zamanlar özü səhərdən-axşama kimi küçədən evə yığılmayan valideyn bunu övladına necə rəva görür, bax maraqlı budur. Nə üçün uşaqlıq oyunlarını uşağına öyrətmir, həmin oyunları övladına aşılamır, bu daha maraqlı olan məsələdir. Axı bir valideyn nə üçün anlamaq istəmir ki, uşağın sağlam böyüməsi onun cəmiyyət üçün faydalı olması deməkdir. Evin içində, kompüter və telefon qarşısında gələcək cəmiyyət üçün onlar nə dərəcədə faydalı ola bilər? Axı həyat insan sağlamlığından birbaşa asılıdır. Sağlam insan sağlam düşüncə, təfəkkür deməkdir. Sağlamlıq olmayandan sonra nədən söhbət etmək olar?
Öz yaşıdları ilə sosiallaşmayan, birgə şəraitdə oynamayan, dialoq qurmayan uşaq sabah cəmiyyətdə özünü necə aparacaq? Bax bu sualın cavabını özlüyündə düşünən valideyn övladını uşaqlarla birgə oynamaqdan məhrum etməz. Üstəlik məhəllə uşaqlarını başına toplayıb uşaqlıqda oynadığı oyunları onlara öyrədər. Beləliklə, həm övladlarımız sağlam böyüyər, həm də milli folklorumuzun böyük bir şaxəsi olan uşaq oyunları unudulmaz.
Biz nə edirik? Nəinki bu barədə düşünür, hətta özümüzü də təmiz havadan təcrid edib evlərə qapanırıq. Səhərdən axşamadək televizor qarşısında serial izləyir, o bitəndə isə telefonu əlimizə götürüb sosial şəbəkələrdə o qədər gəzişirik ki, günün haradan gəlib haraya getdiyindən xəbərimiz olmur. Sonra da başlayırıq gileylənməyə ki, zaman çox sürətlə keçir. Əslində zaman yerində dayanıb, onu sürətləndirən bizim əyləncələrimizdir. O əyləncələr ki, günün başlanması ilə bitirməsini görünməz edir.
Uşaqları qurban edirik
Gözünü açıb bizi görən uşaqlar təbii ki, bizə bənzəyəcək. Biz nə qədər evdən təmiz havaya çıxmırıqsa, nə qədər serial izləyiriksə, nə qədər sosial şəbəkələrdə gəzib bəzən boş və mənasız videoların, fotoların, söhbətlərin ağuşuna düşürüksə, təbii ki, uşaqlarımızı da təmiz havaya çıxarmağa vaxtımız olmayacaq. Beləliklə, uşaqlar da təmiz havaya həsrət qalacaq, evin bir küncündə əylənməyə bir şey axtaracaq. Bunun üçün çox əziyyət çəkməyəcək. Çünki biz onun sakit dayanması, bizə mane olmaması üçün əlimzdən gələni edirik. Əllərinə telefon verib başımızdan edir, kompüteri açıb yaşına, dünyagörüşünə uyğun olmayan cizgi filmlərinə baxmağa təhrik edirik. O cizgi filmləri ki, uşağa yalnız vahimə, çığır-bağır, qan-qada aşılayır. O videolara uşaqlar baxır ki, ona qətiyyən baxmamalıdır.
Maraqlıdır, sosial şəbəkələrin iyrənc bir məkana çevrildiyi bir dövrdə biz uşaqlara necə telefon verə bilirik, onları necə nəzarətsiz qoya bilirik? Axı özümüz dəfələrlə gözlənilməz anda belə əxlaqsız videolarla qarşılamalı oluruq. Bəs bunu necə düşünməyəsən ki, həmin videolar uşağın da qarşısına çıxa bilər?
Uşaq nə üçün oyunu kompüterdə və yaxud telefonda oynamalıdır? Bizim çoxsaylı uşaq oyunlarımız ola-ola, həm də təmiz havada oynanılan oyunlar, nə üçün onları övladımıza çox görmüşük? Nə üçün uşaqları öz maraq və istəklərimizin qurbanı edirik? Biz işimiz, serialımız var deyə onları təmiz havaya çıxarmırıq. Uşaq oyunlarını onlara öyrətmirik. Nə üçün onları öz qurbanımıza çeviririk?..
Uşaqlara da, uşaq oyunlarına da rəhm edək!
Beləliklə, həm uşaqlara, həm də uşaq oyunlarına, gəlin, rəhm edək. İnanın, çox qısa zamanda uşaqlara etdiyimiz sitəmin nəticələrini görəcəyik. Onların xəstəhal olduğunu, ruhsuz, duyğusuz böyüdüyünü, sonrakı illərdə özünə dost, rəfiqə tapmaqda çətinlik çəkəcəyini gördükcə ürəyimiz sızlayacaq. Bu zaman kimi təqsir hesab edəcəyik. Heç inanmıram ki, bunun üçün özümüzü tənbeh edək. Bu günahları da zamanın və zəmanənin üzərinı yükləyəcəyik. Lakin nə zaman dəyişir, nə də zəmanə. Onları dəyişdirən biz insanlarıq. Şüursuzcasına düşüncələrimiz, hərəkətlərimiz zamana öz “töhfə”sini verir. Bir də baxırıq ki, dünənlə bu gün arasında o qədər fərq var ki... Belə olanda isə zəmanədən gileylənirik. Lakin zəmanənin də zaman kimi heç bir günahı yoxdur.
Bütün yeniliklərə qapımızı açan, onları yuxarı başda əyləşdirən bizik. Bütün yenilikləri acgözlüklə qarşılayan, özümüzün olanını yaddan çıxaran, unudan da bizik. Müasirlik adı altında dünənimizin üzərindən xətt çəkən də bizik. Eləcə də uşaqlrı öz uşaqlığımızdan fərqli şəkildə böyüdən də bizik.
Söz yox ki, biz istəsək, həyatımızı elə istədiyimiz şəkildə qura bilərik. Lakin müasirliyə boyun əyirik. Həyatımıza nə qədəm qoydusa, ondan asılı vəziyyətə düşürük. Sanki beynimizi yuyurlar, yeniliklər adı altında əslində bizə keçmişimizi unutdururlar. Elə özümuzün oynadığımız onlarla uşaq oyunları kimi.
Lakin gəlin, dərindən düşünək: həm uşaqlara, həm də uşaq oyunlarına rəhm edək. Övladlarımızın sağlam, təşəkkürlü, duyğulu, dostlu, rəfiqəli böyüməsi üçün onlardan uşaq oyunlarını əsirgəməyək. Öyrədək, aşılayaq ki, onları həm də unudulmağa qoymayaq!
Mətanət Məmmədova


