Icma.az
close
up
RU
BİR BİRİNDƏN XƏBƏRSİZ KÖNÜLLÜ ORDUYA YAZILMIŞDILAR... Şəhidi üçün burnunun ucu göynəyən ata

BİR BİRİNDƏN XƏBƏRSİZ KÖNÜLLÜ ORDUYA YAZILMIŞDILAR... Şəhidi üçün burnunun ucu göynəyən ata

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Həzinlik duyulan bir payız günündə ibadətdə olarkən telefonum səsləndi. Nədənsə,bu dəfə həmişəkindən tez açdım və “alo” dedim. Telefonda aram-aram oxunan “Yasin” ibadətimlə uzlaşdığından, qeyri-iradi “amin” deməyə başladım. Az sonra telefonuma bir başdaşının fotosu gəldi. Qara mərmərdəki yazını oxuyanda qübarlı qəlbim doluxsundu. İçimdə tanımadığım gəncə “ruhun şad olsun” dedim. ZəngedənLənkərandanolantanışımidi. “Bu, bizim şəhiddi, ondan da yaza bilərsiz” deyəndə “ya qismət”, - deyə söylədim.

Həmin gündən aylar illərə qovuşdu. Astara şəhidləri haqqında yazıb tamamladığım kitab çap olundu. Təqdimatı da keçirildi. Bu günlərdə bir təsadüfdən haqqında çox eşitdiyim təvazökar insan, filologiya elmlər doktoru, professor Kamran Kazımovun oğlunun da şəhid olması barədə eşitdim və şəhidin şəkilini görəndə düşüncələrlə “bu ki, illər öncə məzarı başında oxunan "Yasinə" uzaqdan-uzağa "amin" dediyim gəncdir”, - deyə ötən illər ani olaraq gözümdə canlandı. O zaman heç düşünməmişdim ki, nə vaxtsa bu şəhidin məzarını da ziyarət edəcək və ruhuna dualar oxuyacam. Deməli, həyatda təsadüf yox, zərurət var...

Tanıtım

Şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımov 1990-cı il dekabrın 17-də Lənkəranın Yuxarı Nüvədi kəndində ziyalı ailəsində işıqlı həyata göz açıb. O, gəlişi ilə ailəyə bir dünya sevinc bəxş edir. Amma elə körpə ikən Allah canı ilə onu sınağa çəkir. O, cılız olduğuna görə tez-tez ağlayır və xəstələnir. Evdəkilər çox narahat duyğularla körpəni müalicə etdirir. Uşaq yaşa dola-dola canı bərkiyir, möhkəm iradəsi xəstəliyə güc gəlir və tamam sağalır, ailədən də qəm-qüssə yox olur.

Vüsal bir gün məktəbə ayaq açır. Evdə necə sevilirdisə, məktəbdə də, yaşıdları arasında eləcə sevilir və hətta müsbət fərqli cəhədləri ilə seçilir.

Vüsal Kazımov orta məktəbi müvəfəqqiyyətlə bitirəndən sonra öz istəyi ilə LDU-nin “Təbiyyat” fakültəsinə daxil olur. Universitetdə möhkəm xarakteri və səmim rəftarı ilə həm müəllimlərinin, həm də tələbə yoldaşlarının hörmətini qazanır. O, təhsilini “Fiziki Tərbiyə və Gənclərin Çağırışaqədərki Hazırlığı” ixtisası üzrə uğurla bitirir.

Vüsal Kazımov öz müsbət xarakteri ilə el-obasında sevilən gənclərdən biri kimi bir gün fərəhlə hərbi xidmətə yollanır. İl yarımlıq (6 ay tədris mərkəzində kurs oxuyur) hərbi xidmətini uğurla başa vurandan sonra zabit kimi ailəsinə qovuşur. O, hərbi xitmətdən tərxis olunandan sonra Lənkəran Şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində "Müalicə Bədən Tərbiyəsi" üzrə təlimatçı vəzifəsində çalışa-çalışa LDU-nin qiyabi şöbəsində İqtisadiyyat və İdarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə ikinci ali təhsil alır.

Şəhidin ocağında...

Həyət qapısında üç rəngli bayrağımız xəfif-xəfif dalğalanır, sanki şəhidimizə lay-lay çalırdı. Bir zamanlar şəhidimiz həyətin ortasında çox sevdiyi bayraqla şəkil çəkdirib paylaşıb. Şəkilaltı söz isə onun zərif ruhunun duası kimi səslənir: “Gələcək nəsilə müqəddəs bayrağımızı göz bəbəyi kimi qorumağı indidən aşılamaq lazımdır. Bayrağımızın etibarlı əllərdə olacağına əminik”.

Asta-asta və bir qədər pərişan halda həyətdən evə qalxırıq. Hiss olunur ki, Vüsalsız ev səssiz-səmirsizdir. Hansı ki, bir zaman şəhidimizin, ailənin yeganə əziz-xələf oğlu, iki bacının göz bəbəyinin bu evdə şirin söhbəti, şən zarafatları yaşanıb...

Şəhid anası Gülər müəllimə, ömür gün yoldaşı Aysel xanım, şirin-şəkər qızları Nuray və Aynurla, necə deyərlər, söhbətə körpü qoyduq. Ciyərparasının yanğısıyla yaşayan ana öncə duruxdu, sonra sıxıla-sıxıla söhbətə başladı:

- Vüsalımın həsrətini onun yadigarları unutdurmasa da, təsəllimi onlarda tapıram. Balam övladları ilə ürək dolusu deyib gülmədi, öpüb oxşamadı, nazını çəkmədi və qəfil də əlimizdən getdi, bizi hicrana möhtac etdi. Oğlum bir gün belə yadımdan çıxmır, onun danışığı, hərəkətləri  həmişə gözümdə canlanır. Sevdiyi yeməyi yenə də həvəslə bişirirəm, sanki Vüsalım işdən gələcək və “ana, nə yaxşı sevdiyim yeməyi bişirmisən” deyəcək.

Şəhid anası kövrək duyğularla danışarkən birdən susub durdu və dərindən ah çəkdi. Gözləri məchul nöqtəyə dikildi...

Şəhidimizin ömür-gün yoldaşı Aysel xanım (LDU-də müəllimə işləyir – müəl.) Vüsalla bağlı xatirələri dilə gətirəndə cütlüyün bir zamanlar çox mənalı ailə həyatı yaşadığını duydum. Onların tale ulduzları bir an içində barışıb. Aysel xanım Vüsalla ilk dəfə tanış olanda onun qəlbi təmiz, mərd, dürüst, saf bir gənc olduğunu anlayır və öz içində “bu oğlan elə qismətimdir” deyə düşünür. Ona görə, çox da fikirləşmədən razılığını bildirir və xoşbəxt bir ailənin təməli qoyulur.

Amma nə yazıq ki, sevərək, sevilərək ailə qursalar da, Vüsal onu iki körpəsi ilə baş-başa buraxır, vüsal şərbəti bitməmiş, hicran acısı yaşadır ona...

Aysel xanımın yaşanmış xatirələrindən

“Vüsalla yaşadığım ailə sevinci uzun sürmədi. Çox sarsıldım bu itkidən, qəm-kədər məni tez yaxaladı. Amma şükürlər olsun ki, onun yadigarları, ay parçası kimi qızlarım dünyaya sığmayan hədiyyəmdir mənim. Vüsalın əziz ruhu ilə həyatımı yaşayıram. Sanki həyatımı işıqlandırır. Vüsaldan sonra magistratura təhsilimi uğurla başa vurdum. Sizə bir söz deyim, inanın ki, yenidən dünyaya gəlsəm, yenə də Vüsalı özümə ömür-gün həmdəmi seçərdim”.

Şəhidin əmanətləri Nuray və Aynurla (Nuray 5-ci sinifdə, Aynur isə hazırlıq qrupunda oxuyur – müəl.) söhbətimiz şirin not üzərində kökləndi. Bacılar həkim olmaq diləyindədir. Həkim ömrü insanlara ikinci həyatı yaşatmaqdır. Gözəl diləkdir, inşallah, nəsibləri olsun.

Könüllü şəhid

Vətənimizin üstünə qara buludlar çökəndə Vüsal Kazımov evdə bildirmədən hərbi komissarlığa gedir, özünü könüllü orduya yazdırır və qürurverici sevinc hissi ilə məqsədini evdə atasına bildirir. Kamran müəllim təəccüblə oğluna baxır və təbəssüm edir. Çünki ata da həmin gün könüllü orduya yazılıbmış...

2020-ci il, sentyabr ayının 21-də Vüsal ailəsi ilə görüşür, körpələrini bağrına basır, sanki onları bir daha görməyəcəkmiş kimi öpüb oxşayır. Altı aylıq Aynuru əzizləyə-əzizləyə öpəndə heç kimin eşidə bilməyəcəyi tərzdə “Sən necə də şirinsən, körpəm mənim”, - deyir və kovrəlmiş halda evdən çıxır.

Təlim adı ilə evdən ayrılan Vüsal Kazımov döyüş nöqtəsində olarkən belə, ailəsinə “narahat olmayın, hələ ki, təlim keçirik” deyir. Əslində, vətənpərvər igid odun-alovun içində, güllə yağışı altında döyüşür və qorxmadan yaralı silahdaşlarını döyüş meydanından çıxarır, onları nikbin ruhla təsəlli edir. Çünki müharibənin ilk günlərində silahdaşları onu "xilaskar" deyə çağırırlar. O, cəsurluğu, qayğısı və xoş rəftarı ilə onların  qəlbində özünə yer edir...

İgid eloğlumuzun zabit, səriştəli hərbçi olduğu nəzərə alınaraq, onu müharibədə bölük komandirinin tərbiyyə işləri üzrə müavini təyin edirlər. O, üzərində məsuliyyət hiss edərək daha da cəsurluq nümayiş etdirir və qələbə əzmi ilə döyüşür.

Lakin düşmən üzərində qələbə çalmağı arzulayan Vüsal Kazımov oktyabrın 27-də döyüş yoldaşları iləbirgə Fizulinin Qacar kəndi və Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə düşmənə ağır itkilər yaşatsalar da, həmin tarixdə növbəti döyüş tapşırığını  həyata keçirərkən igid həmyerlimiz düşmənin ağır artilleriya hücumuna məruz qalaraq qəlpə yarası alır və qəhrəmancasına şəhid olur.

Dostunu itirən ata

“Övladımla yanaşı dostumu, can sirdaşımı itirmişəm”, - söyləyən Kamran müəllimlə söhbətimiz heç də asan olmadı. Şəhid ataları nə qədər məğrur dursalar da, onların içindəki yanğı hər zaman alovludur. Ata gördüm, hönkürtü ilə ağladı, “oğlum qəddimi əydi” dedi. Ata gördüm, lal baxışla sanki “Vətən sağ olsun” dedi.

Professor təmkinlə, amma qəlbinin odu ilə danışanda istər-istəməz ikimiz də kövrəldik:

- Həyatımda yaşadığım acılar, sonsuz qayğılar, çətin ruzigarla yanaşı, övlad itkisi də lap betər etdi məni. Bacım qızı çox erkən yaşlarında qəfil dünyasını dəyişəndə yaxın əzizi kimi çox sarsıldım. Xeyli zaman özümə gələ bilmədim. Elə pərişan halda bacımın dərdinə yanır, “yazıq bacı nələr çəkir" deyə düşünürdüm...

Bax, bu gün elə vəziyyətdəyəm. Övlad itkisi çox ağır, qəlb yandırandır. Yaralar köz bağlasa da, amma göynərtisi bir himə bənd imiş kimi zaman-zaman səninlə yaşayır...

Atamla aramızda dostluq telləri var idi. Çox təəssüf ki, müharibə veteranı atam 55 yaşında dünyasını dəyişdi və məni həyatda yalnız buraxdı. Ona görə oğlum dünyaya gələndə "onunla dost olacağam" deyə düşünmüşdüm. Bəli, biz ata-bala çox mehriban dost idik. Bu gün isə sanki qanadı qırılmış quşam. Amma qürurum da hədsizdir. Xoş halıma ki, oğlumun vətənpərvər igid kimi tarixdə izi qaldı.

Vüsal hərbi xidmətə getməyə bilərdi. Qulaq pərdəsində qüsur var idi. Lakin o, həkimə məcburən sağlam olduğunu yazdırmışdı. Eyni zamanda, 44 günlük Vətən müharibəsində də orduya könüllü yazılmışdı. Belə xoşməramlı hərəkət yalnız Vətənə qəlbən bağlı olan igidlərdə olur.

Vüsalın taleyində qəzalar çox olub, körpə ikən tez-tez xəstələnirdi. Sonra bir dəfə ağır maşın qəzasında ölümdən döndü. Müharibədə sağ qolundan ağır yaralanıb. Amma fərqinə varmadan düşmənə qarşı nifrət hissi ilə döyüşüb. Müharibə zamanı hər gün ona “İgidim, qələbə müjdəsini mənə yetir", -yazırdım. Bu yazışma oktyabrın 26-na qədər davam etdi. Sonra əlaqə kəsildi…

Bu elə bir dövr idi ki, qəfil yatağa düşmüşdüm. Sağalmağıma ümid az idi. Vüsalımın acı xəbəri kəndə yayılanda məndən başqa bütün el-oba duyur, yanır, yaxılır... Yaradan mənə son olaraq, oğlumla yanıqlı halda vidalaşmağı da nəsib etmədi. Heç zaman unudulmayan həmin ağır, dözülməz mənzərə indi danışdıqca gözümdə canlanır. Mən yataqda idim. Bayırda isə vay-şivən qopurdu. Nəfəs almaq üçün süni oksigen aparatı ağzımda olduğundan, səs çıxara bilmirdim. Pəncərə açıq idi, zorla yastığa dirsəkləndim. Oğlumun cənazəsi çox sevdiyi üçrəngli bayrağa bükülmüşdü. Cənazəni el-oba, dostları qaldıranda cəmi üç saniyəlik baxışla övladımla vidalaşdım. Ondan sonra halım pisləşib...

Bilmirəm, bu ağır sınağı nədən yaşadım, hər halda Allah ən doğru olanı sevimli bəndəsinə yaşadır.

Son olaraq onu demək istərdim ki, övladlarımız vətənpərvərcəsinə ən uca zirvəni fəth ediblər. Biz də igidlərimizin müqəddəs adını xoş əməlllərimizlə yaşadaq ki, ruhları hər zaman şad olsun.

Son

Günlərlə yol gözləyən dərdli ailə qələbə sevincini göz yaşları ilə yaşayırlar. Nəhayət, uzun həsrətdən sonra şəhidimizin nəşi neytral zonadan götürülərək, ailəsinə təhvil verilir.

29 noyabr 2020-ci ildə Lənkəranın Yuxarı Nüvədi kəndində qəbristanlıqda böyük izdiham və göz yaşları ilə qəhrəman eloğlumuz Vüsal Kazımov müqəddəs torpağa tapşırılır. Hansı ki, igidimiz torpaqlarımızın bölünməzliyi uğrunda şirin canından olmuş şəhidlik zirvəsinə ucalmışdı.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Kamran oğlu Kazımov döyüşdə göstərdiyi qəhrəmanlığına görə "Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qələmə aldı: Gülnar ƏSƏDLİ

Astara,Lənkəran

P.S. Yenə də payızdır(bu da bir zərurət). Sükuta qərq olmuş məzarlıqdayam. Beş il əvvəl telefonda fotosunu gördüyüm başdaşının indi önündəyəm.Sanki baxışlar danışır. “Axır ki, gəlib çıxdız”.

“Gəldim şəhidim, qəhrəman igidimiz, qismət bu günə imiş, ruhun şad olsun,məkanın onsuz da cənnətdir!"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Oktyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see215

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see215

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see145

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see144

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see144

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see139

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see135

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see133

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see127

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see125

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see125

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see125

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see122

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see121

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see121

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri