Icma.az
close
up
RU
Bir ömrün reportajı

Bir ömrün reportajı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Akif Cabbarlının 75 illiyinə 

Onun haqqında düşüncələrimi ipə-sapa düzmək istəyində nədənsə illər öncə yazdığım “Jurnalist” şeirindən bu misraları xatırladım:

Ömrünü səpələr dağa, düzə o,

Kiçik bir sevinclə qatar başını.

Yaxını, uzağı gəzə-gəzə o

Yazar öz ömrünün reportajını.

Yerinə düşdüyünü görüb, elə belə də başladım. Axı, peşəkar jurnalist olan Akif Cabbarlı düz 55 ildir ki, “Yalnız el yükünə vətəndi könlüm” deyərək bu sənətə xidmət edir. Üstəgəl, yazıçı kimi də bir-birindən sanballı əsərlərin müəllifidir. Özünün də “Bir ömrün reportajı” adlı kitabı var.  

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış qələm sahibi Akif İsmayıl oğlu Cabbarlı 1951-ci ildə Qəbələ rayonunda anadan olub. Yaxın qohumları – yazıçı Gəray Fəzli və jurnalist Ələsgər Cabbarov onu yazı-pozuya elə həvəsləndiriblər ki, ömürlük bu sahəyə bağlanıb. Onların hesabına bir çox ünlü qələm sahibi ilə yaxından dostlaşıb. Hekayə, reportaj, esse, məqalə yaza-yaza hətta Amerikaya da gedib-çıxıb.

Mən həyatın müəyyən məqamlarında onunla eyni yolu getməyimizi də deyə bilərəm. Məsələn, hər ikimiz 6 il fərqi ilə universitetə ilk qəbul imtahanlarından keçə bilməmişik və hər ikimiz Sumqayıt Sintetik-Kauçuk zavodunun radio qovşağında işə düzəlib 1 il orada çalışmışıq. Sonralar o, Kommunist” qəzetinin, ardınca isə mən “Xalq qəzeti”nin Sumqayıt üzrə bölgə müxbiri işləmişik. Ana  televiziyamızda isə neçə il eyni redaksiyada – “Xəbərlər” proqramında birlikdə verilişlər hazırlamışıq. İndi də eyni binadayıq: paytaxtın “Bülbül prospekti, 30” ünvanında o, 2-ci mərtəbədə - Kinematorpaflar İttifaqında, mənsə 3-cü mərtəbədə - “Xalq qəzeti”ndə işləyirik. Demək olar ki, hər gün görüşürük, çay masası arxasında xatirələrə dalırıq.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmkarlarından birinin bənzətməsi ilə desək, paraşüt açıldığı zaman, insan bir peşə öyrəndiyi vaxt işə yaradığı kimi, Akif müəllim də jurnalistikada “qanad”larını sazlayıb pərvaz elədikcə tanınıb, sevilib. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb və illər uzunu orada, sözün həqiqi mənasında, pillə-pillə irəliləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Daha sonra  “Kommunist” (indiki “Xalq qəzeti”) və “Azərbaycan” qəzeti redaksiyalarında çalışıb. Yenidən AzTV-yə qayıdıb. Ardınca İctimai Televiziya və Radio Yayımları şirkətində mətbuat xidmətinin rəhbəri,”Media və Zaman” Televiziya proqramının readaktoru olub. İndi də Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktorudur. 

Müxtəlif illərdə Akif Cabbarlının “Gözdən uzaq, qəlbə yaxın İraqda” (mənim Ön sözümlə), “Qızılgüllər açacaqmı”, “Bir ömrün reportajı”, “Cənnətdə nə var, nə yox, Rafiq müəllim”, “Biz o şəhərə gedəcəyik”, “Səngər uvertürası”, “Yolda” və s. adlı bədii-publisistik topluları işıq üzü görüb. Bütün yazdıqları özünəməxsus orijinal çalarlarla zəngindir. “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına, “Heydər Əliyevin 100 illiyi” və  “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medallarına layiq görülüb. 

Akif Cabbarlının jurnalistlik fəaliyyətində çox yaddaqalan məqamlar olub. Yaddaşının ən uca yerində saxladıqları isə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin 39 il fərqlə - işğaldan əvvəlki və sonrakı açılışlarında iştirakıdır.   

1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin açılışında telejurnalist kimi iştirak etmiş Akif müəllim o zaman özəl müşahidələrini və bədnam qonşularımızın xəbisliyini cəsarətlə qələmə alıb: “...AzTV-nin çəkiliş qrupunda iki kinooperator vardı: Rüstəm Zülalov və Sergey İşxanov. Xankəndində qatardan düşəndə ermənilərin Sergeyi duz kimi “yalamaları” indi də gözümün qabağındadır. Bizimlə isə candərdi görüşdülər... Şuşada isə erməni operatorumuz özünü sudan çıxmış balıq kimi hiss edirdi. Gözləri yol çəkir, özünü qəribə aparırdı. Əlbəttə, “Miatsum”a hələ 6 il qalsa da, azacıq müşahidə erməninin içindən üzünə vuran hissləri duymağa imkan verirdi”...

Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində azad edilən Şuşada Vaqifin 2-ci həyat qazanan muzey-məqbərə kompleksinin açılışında olmaq da onun qismətində varmış: 2021-ci il avqustun 29-da orada təntənəli açılışdan sonra dövlət başçısı ilə səmimi söhbətlər zamanı qısa dialoqu da olub: AzTV-nin müxbiri kimi, 39 il əvvəl Ulu öndərin xeyir-duası ilə məqbərənin təvəllüdündə iştirakını xatırlayıb.

Akif Cabbarlının 10-20 min işarəlik irihəcmli əsərləri də var, cəmi bir neçə yüz işarəlik hekayəsi də. “Səngər vəsiyyətnaməsi” adlanan həmin təsirli hekayə aşağıdakı 9 cümlədən ibarətdir: 

“Bir yaz günü sübh tezdən gizir növbəni dəyişərkən Gənc Əsgərin yerini boş gördü. Səngərin nəm divarında süngünün ucu ilə yazılmış cümlə aydınca oxunurdu: “Getdim qarşıdakı dərədən bənövşə yığım. Sabah nişanlımın ad günüdür. Salamat qayıtsam, poçtla göndərəcəm. Qayıtmasam, məni bağışlayın”.

Gənc Əsgər qayıtmadı. Bir gün sonra erməni zabit snayper gülləsinə tuş gəlmiş Gənc Əsgərin cibindən çıxardığı tər bənövşə qomunu dizinin üstündə otuzdurduğu sərxoş axçiyə iylədirdi. Gənc Əsgərin kəndində bir azərbaycanlı qızı səngər ətirli bənövşə buketi gözləyirdi”.

Qələm dostumun, bax, belə incə, kövrək qəlbi var. Bir dəfə İçərişəhərdə müştərək çəkiliş aparırdıq. Qəfil yanımızdan bir pişik qaçdı. Akif müəllim işini yarımçıq qoydu, pişiyin dalınca xeyli baxdı və dedi: “Deyəsən, yazığı vurublar, çox təlaşlı  qaçdı”. Zarafatla düzəliş elədim: “Hə, yaman başılovlu qaçırdı”. Akif müəllim gülmək əvəzinə bikefcəsinə başını aşağı saldı. “Nə oldu?” deyə soruşdum. “Öz pişiyim yadıma düşdü, – dedi. – Yuxarı mərtəbədəki evimizin eyvanından düşərək ölüb. Neçə il keçib, amma onun aşağı yıxıldığı anlar gözümün önündən getmir. Meh tüklərini elə qabardırdı ki... Heyf”.  

...Akif Cabbarlının “Darıxmağın ləzzəti” adlı bir hekayəsi var. Oxuyanda bir anlıq elə bildim ki, avtoportretdir. Amma yox, onun qəhrəmanı Kərim Kərimlinski (Anarın Kəbirlinskisinin prototipi) Akif Cabbarlıdan fərqli olaraq, jurnalistikada uğur qazana bilmədiyinə görə qoca yaşında darıxır və bəlkə də təskinlik üçün bunda ləzzət axtarır. Sadəcə, onunla müəllif arasında müəyyən xarakterik insani məqamların eyniyyəti gözə çarpır. Düşünürəm ki, nə yaxşı, Akif müəllim bekarçılıqdan darıxanlardan deyil. Həm tanınmış imza olaraq sənətdə çoxsaylı uğurlar qazanması, həm də özünəxas güclü yumor hissinə görə xeyli məzəli əhvalatların iştirakçısı olması onu darıxmağa qoymur. İnşallah, heç vaxt darıxmaz.

Yeri gəlmişkən, onun əmisi – yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan, uzun illər “Kommunist”də çalışan Ələsgər Cabbarovla yaxın   ünsiyyəti əsl örnəkdir. Söz düşəndə deyir: “Mən onu yalnız bir əmi kimi deyil, həm də yaxın dost, sirdaş, məsləkdaş, müəllimim və məsləhətçim kimi unutmuram. İkinci Dünya müharibəsindən sonrakı çətin illərdə atam İsmayıl Ələsgər əmimin təhsilində, işə düzəlməsində, ailə sahibi olmasında böyük əziyyətlər çəkmişdi və o da heç vaxt bunu yaddan çıxarmazdı”. 

Bu gün Akif müəllimin özünün ağırtaxta kişilər kimi tanınmasında aralarındakı yaş fərqinə baxmadan, düz 48 il dostluq etdiyi Ələsgər müəllimin rolu az olmayıb. Ustadın ruhu şaddır ki, yetirməsi onun zəndini yanıltmayıb. 

Akif Cabbarlı 75-in zirvəsindən geriyə baxanda minlərlə radio və televiziya verilişi, yüzlərlə ədəbi-bədii yazı və publisistik məqalə, bir də sonsuz xatirələr boy göstərir. Uca boylu, xoş simalı, milli ədəb-ərkanlı, iti qələmli dostuma daha uca zirvələr arzulayıram.   

Əli NƏCƏFXANLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see244

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see236

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see233

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see215

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see204

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see196

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see178

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see178

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see177

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see169

Antonelli qalib oldu

05 İyul 2026 00:59see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see162

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see161

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see161

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see161

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see161

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see161

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see160

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see156

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri