Icma.az
close
up
RU
Bişkekdən görünən müstəqil Azərbaycan

Bişkekdən görünən müstəqil Azərbaycan

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir stəkan suyun üzbəüz diplomatiya dərsi

Bəzən bir neçə saniyəlik söhbətin içində bütöv bir millətin duyğuları, bir dövlətin özünəinamı, bir liderin diplomatik məharəti və tarixdən gələn böyük yaddaş gizlənir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş verən qısa dialoq bunun ən diqqətçəkən nümunələrindən biri oldu.

İlk baxışda sadə görünən həmin söhbət, əslində, Azərbaycanın xarici siyasətinin müxtəlif istiqamətlərini özündə birləşdirən daha böyük mənzərənin kiçik bir epizodu idi.

Pezeşkiana “Borjomi” süzüləndə İlham Əliyev səmimi şəkildə deyir:

– “Borjomi” də yaxşı sudur. Amma Azərbaycan suyundan da için.

Ardınca “Badamlı”nın, “İstisu”nun adını çəkir və əlavə edir:

– Əla “İstisu” var, özümlə gətirmişəm.

Bir stəkan su ətrafında baş verən bu qısa dialoq, əslində, diplomatiyanın bəzən ən sadə detallarda necə ifadə olunduğunu göstərir...

Bir stəkan suyun diplomatik mesajı

İlham Əliyevin ilk olaraq “Borjomi”nin yaxşı su olduğunu söyləməsi təsadüfi detal deyil. Qarşı tərəfin məhsulunu kiçiltmədən öz ölkəsinin nemətini təqdim etmək diplomatik mədəniyyətin incə göstəricisidir. Azərbaycanı göstərmək üçün başqasını kölgədə qoymağa ehtiyac yoxdur. Əksinə, əvvəlcə hörmət göstərilir, sonra Azərbaycanın öz məhsulu təqdim olunur. Beləliklə, həm qarşı tərəfə ehtiram qorunur, həm də milli dəyər önə çıxarılır. “Azərbaycan suyundan da için” cümləsi isə söhbəti təbii şəkildə Azərbaycanın özünə gətirir. Burada artıq söhbət yalnız sudan getmir.

“İstisu” ilə Kəlbəcərdən Bişkekə

“İstisu” Azərbaycanın tarixində xüsusi yeri olan Kəlbəcər qaynağının adını daşıyan mənəvi simvollardan biridir. Kəlbəcər Azərbaycan üçün, sadəcə, coğrafi məkan deyil. Bu ad illərlə davam edən həsrətin, ağrının, mübarizənin və Qələbənin yaddaşıdır. Bu baxımdan İlham Əliyevin “özümlə gətirmişəm” deməsi xüsusi məna qazanır. Sanki özü ilə yalnız bir şüşə su gətirməyib. Kəlbəcərdən bir parça gətirib. İllərlə həsrəti çəkilən dağlardan, yenidən Azərbaycan bayrağının dalğalandığı torpaqlardan bir nişanə gətirib. Bir vaxtlar işğal altında olan Kəlbəcərin suyunun bu gün beynəlxalq görüşdə İran Prezidentinin qarşısına qoyulması Azərbaycanın keçdiyi yolun səssiz, lakin təsirli nümayişinə çevrilir.

Və bütün bunların izahı üçün uzun nitqə ehtiyac qalmır. Bir cümlə kifayətdir:

“Əla “İstisu” var, özümlə gətirmişəm”.

Böyük siyasətin bəzən ən təsirli dili məhz sadə cümlələr olur.

İki prezident – bir dil

Bişkekdəki dialoqun başqa bir diqqətçəkən tərəfi isə dil məsələsidir. İlham Əliyev Pezeşkianla Azərbaycan dilində danışır. Qarşısındakı insan isə azərbaycanlı olsa da, eyni zamanda, İran İslam Respublikasının Prezidentidir və beynəlxalq görüşdə öz dövlətini təmsil edir. Bu həssas məqamın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilinin doğmalığı hiss olunur, lakin söhbət siyasi nümayişə çevrilmir. Pezeşkianın dövlət başçısı kimi statusu kölgədə qalmır. Əksinə, çox təbii bir mənzərə yaranır:

İki prezident.

İki dövlət.

Bir dil.

Biri müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev.

Digəri İranın Prezidenti, Azərbaycan türkü Məsud Pezeşkian.

Və hər ikisi Azərbaycan dilində danışır.

Bu mənzərə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün təbii olaraq qürur doğuran bir məqamdır. Çünki Azərbaycan dili yalnız Azərbaycan Respublikasının dövlət dili deyil. Bu dil milyonlarla insanın ailəsindən, yaddaşından, nənəsinin-babasının danışığından və milli duyğusundan keçərək bu günə gəlib çatan böyük mənəvi sərvətdir. Bişkekdə isə həmin dil beynəlxalq diplomatiyanın yüksək səviyyəsində səslənir.

Bişkekdə Azərbaycanın böyük diplomatik mənzərəsi

Lakin Bişkek səfərinin əhəmiyyəti yalnız bir stəkan su ətrafında baş verən dialoqla məhdudlaşmır.

Son iki gündə Bişkekdə baş verənlər Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin daha geniş mənzərəsini ortaya qoydu. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirakı, Ermənistanın Baş naziri Nikol Paşinyan, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər liderlərlə keçirdiyi görüşlər yalnız diplomatik protokol hadisələri kimi qəbul edilə bilməz. Bu təmasların hər birinin arxasında Azərbaycanın təhlükəsizlik, nəqliyyat, enerji, ticarət və regional sülh maraqları dayanır.

Şanxay Əməkdaşlıq Təşkilatı artıq yalnız təhlükəsizlik məsələləri ətrafında formalaşmış regional qurum deyil. Çin, Rusiya, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya dövlətlərini bir araya gətirən bu platforma Avrasiyanın böyük siyasi və iqtisadi məkanında qarşılıqlı əlaqələrin mühüm mexanizmlərindən birinə çevrilib. Azərbaycan ŞƏT-in üzvü deyil. Ölkəmiz təşkilatda dialoq tərəfdaşı statusundan başlayaraq münasibətləri mərhələli şəkildə inkişaf etdirir.

Burada əsas məsələ formal üzvlükdən daha çox Azərbaycanın bu geniş siyasi-iqtisadi məkanda öz imkanlarını necə reallaşdırmasıdır.

Orta Dəhliz: coğrafiyadan strateji üstünlüyə

Azərbaycanın Bişkekdəki mövqeyinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika məsələsidir.

Xəzərin qərb sahilində yerləşən Azərbaycan Çin və Mərkəzi Asiyadan Avropaya uzanan Orta Dəhlizin mühüm halqasına çevrilib. Bakı limanı, dəmir yolu infrastrukturu, Xəzər üzərindən daşımalar, Azərbaycan-Gürcüstan-Türkiyə bağlantısı və Avropaya çıxan nəqliyyat şəbəkələri ölkənin geosiyasi əhəmiyyətini real iqtisadi imkanlarla tamamlayır. Mərkəzi Asiya üçün Azərbaycan Avropa bazarlarına çıxış yollarından biridir. Çin üçün isə Avrasiyanın qərb istiqamətində nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm tərəfdaşdır. Məhz buna görə ŞƏT platformasında Azərbaycanın iştirakı yalnız diplomatik görünürlük məsələsi deyil. Bu, ölkənin öz coğrafiyasını iqtisadi və siyasi üstünlüyə çevirməsi baxımından yeni imkanlar yaradır. Azərbaycanın qarşısında duran məqsəd yalnız yükün ərazisindən keçdiyi ölkə olmaq deyil. Əsas məsələ marşrutun idarə olunduğu, xidmətlərin göstərildiyi, investisiyaların cəlb edildiyi və əlavə dəyərin yaradıldığı regional logistika mərkəzinə çevrilməkdir.

Bakı–Astana xətti və Xəzərdə körpüsü

Bu baxımdan Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Orta Dəhlizin ayrıca müzakirə olunması diqqətəlayiqdir. Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı fonunda nəqliyyat-logistika əməkdaşlığının önə çıxması iki Xəzəryanı dövlətin öz coğrafiyalarını vahid iqtisadi bağlantı sisteminə çevirmək niyyətini göstərir. Beləliklə, Xəzər yalnız iki sahili ayıran coğrafi məkan deyil, həm də Şərqlə Qərb arasında yeni iqtisadi əlaqələrin qurulduğu strateji körpüyə çevrilir.

Əliyev–Paşinyan görüşü: sülh gündəliyində yeni addım

Bişkekdəki ən diqqətçəkən siyasi hadisələrdən biri, şübhəsiz, İlham Əliyev–Nikol Paşinyan görüşü idi.

Bu görüşü Azərbaycan-Ermənistan münasibətlərinin indiki mərhələsindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki iki ölkə arasında artıq müharibə gündəliyindən sonrakı mərhələ formalaşır.

Sülh artıq yalnız diplomatik sənədlərin dili ilə ölçülmür. Azərbaycan tərəfinin məlumatına görə, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, iki ölkə arasında ticarət əlaqələrinin yaranması və biznes dairələri arasında təmasların genişlənməsi sülhün ilk iqtisadi nəticələri kimi qiymətləndirilir.

Bu, Cənubi Qafqaz üçün ciddi dəyişiklikdir. Dünən bağlı olan iqtisadi yolların bu gün qarşılıqlı faydaya xidmət etməyə başlaması münasibətlərin mahiyyətində dönüşün baş verdiyini göstərir.

Sülh yolunda iqtisadi əməkdaşlıq

Sülhün gələcəyi də məhz belə praktik dəyişikliklərdən asılı olacaq. Siyasi sənəd vacibdir. Lakin davamlı sülhü yalnız sənəd qoruya bilməz. Sərhədin müəyyənləşdirilməsi, iqtisadi əlaqələrin qurulması, enerji və yükdaşımaların artması, insanların və bizneslərin qarşılıqlı təmaslarının genişlənməsi sülhü real həyatın bir hissəsinə çevirir. Bişkek görüşündə sərhəd delimitasiyası üzrə komissiyaların fəaliyyətinin davam etdirilməsinin vacibliyinin vurğulanması da bu baxımdan əhəmiyyətlidir.

TRIPP-dən dünyaya

Zəngəzur istiqamətində kommunikasiyaların açılması isə bu mənzərənin ən strateji elementlərindən biridir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması yalnız iki məntəqəni birləşdirən yol layihəsi deyil. Bu bağlantı həyata keçərsə, Azərbaycan-Türkiyə quru əlaqəsi daha da möhkəmlənəcək, Mərkəzi Asiya ilə Anadolu arasında nəqliyyat zənciri qısalacaq və Orta Dəhlizin əlavə imkanları meydana çıxacaq. Vaşinqtonda razılaşdırılmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun – TRIPP-in praktiki reallaşdırılması bu baxımdan yalnız Azərbaycan-Ermənistan münasibətlərinin deyil, bütövlükdə, regionun iqtisadi gələcəyinin məsələsidir. Siyasi razılaşmanın ən böyük sınağı onun real infrastruktura çevrilməsidir. Yollar çəkilməli, gömrük və sərhəd mexanizmləri müəyyənləşdirilməli, hüquqi prosedurlar razılaşdırılmalı, təhlükəsizlik məsələləri həll edilməlidir.

Sülhün iqtisadi dividendə çevrilməsi də məhz bundan sonra sürət qazana bilər.

Bakı–Ankara müttəfiqliyi

Bişkek səfərinin başqa bir mühüm tərəfi Azərbaycan-Türkiyə münasibətlərinin və Türk dünyası ilə əlaqələrin ümumi mənzərədə görünməsidir. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü iki müttəfiq ölkə arasında yüksək səviyyəli siyasi koordinasiyanın davam etdiyini göstərdi. Mərkəzi Asiyanın qəlbində keçirilən belə görüşlər Azərbaycan-Türkiyə tandeminin yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş türk coğrafiyası üçün də strateji əhəmiyyətini nümayiş etdirir. Qırğızıstanda Dünya Köçəri Oyunlarının açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı da səfərin yalnız siyasi deyil, humanitar və mədəni ölçüsünün olduğunu göstərdi.

Bir səfərdə bir neçə diplomatik masa

Bişkekdə Azərbaycan Prezidentinin qarşısında açılan mənzərənin bütövlüyü məhz burada görünür. Eyni səfər çərçivəsində Çin və Mərkəzi Asiyanın təmsil olunduğu ŞƏT platforması, Türkiyə ilə müttəfiqlik, İranla qonşuluq və əməkdaşlıq, Qazaxıstanla strateji tərəfdaşlıq, Ermənistanla sülh gündəliyi bir-birindən ayrı hadisələr deyil. Bunların hamısı Azərbaycanın eyni xarici siyasət xəttinin müxtəlif istiqamətləridir. Bu xəttin mahiyyəti hansısa bir güc mərkəzinin yanında dayanmaq deyil.

Əsas məqsəd müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətlərdən Azərbaycanın milli maraqları üçün istifadə etməkdir. Azərbaycan Avropa ilə enerji əməkdaşlığını davam etdirə, Türkiyə ilə müttəfiqliyini dərinləşdirə, Çinlə strateji tərəfdaşlığını genişləndirə, Mərkəzi Asiya ilə əlaqələrini gücləndirə və eyni zamanda, ŞƏT kimi platformalarda fəal iştirak edə bilir. Bu, ziddiyyət deyil.

Əksinə, müasir diplomatiyanın tələb etdiyi çoxistiqamətli manevr imkanının ifadəsidir. Azərbaycanın ŞƏT-də iştirakının əsas qazancı da burada axtarılmalıdır. Bakı üçün təşkilatın əhəmiyyəti hansısa siyasi blokun tərkibinə daxil olmaqdan daha çox, böyük Avrasiya dövlətləri ilə birbaşa siyasi dialoqun genişlənməsində, nəqliyyat və ticarət əlaqələrinin dərinləşməsində, enerji və rəqəmsal əməkdaşlıq imkanlarının artırılmasında və ölkənin beynəlxalq mövqelərinin şaxələndirilməsindədir. Azərbaycan nə Şərqi Qərbə qarşı qoyur, nə də Qərbi Şərqə alternativ kimi təqdim edir. Yanaşma daha praqmatikdir: müxtəlif istiqamətlər arasında əlaqə yaratmaq, bu əlaqələrin mərkəzində ölkənin milli maraqlarını saxlamaq və coğrafi mövqeyi iqtisadi və siyasi üstünlüyə çevirmək.

Sülh, yol, ticarət və geosiyasi əhəmiyyət

Azərbaycan artıq yalnız öz ərazisindən keçən layihələrə ev sahibliyi edən ölkə deyil. Ölkə həmin layihələrin siyasi və iqtisadi məntiqinin formalaşmasında iştirak edən tərəfə çevrilir. Orta Dəhliz, Bakı limanı, dəmir yolları, enerji infrastrukturu, Şimal-Cənub bağlantısı və gələcək regional kommunikasiyalar Azərbaycanın coğrafiyasını diplomatik kapitala çevirir. Bişkekdə bunun daha bir mühüm nümunəsi ortaya çıxdı: Azərbaycan ŞƏT platformasında regional və qlobal məsələləri müzakirə edərkən, eyni şəhərdə Ermənistanla ikitərəfli sülh gündəliyini də irəli aparırdı. Cənubi Qafqazda sülh və sabitlik təmin olunarsa, Azərbaycan öz nəqliyyat imkanlarını daha geniş Avrasiya marşrutlarına bağlaya bilər. Avrasiya bağlantıları gücləndikcə Azərbaycanın regional əhəmiyyəti artır. Regional əhəmiyyət artdıqca isə ölkənin diplomatik manevr imkanları genişlənir.

Bişkekdən Bakıya: Azərbaycanın yeni hədəfi

Məhz buna görə Bişkek səfərini yalnız ŞƏT sammitində iştirak kimi təqdim etmək bu səfərin siyasi çəkisini tam ifadə etməz. Burada Azərbaycan bir neçə müxtəlif diplomatik masada eyni vaxtda öz gündəliyini irəli sürdü. Bir masada Avrasiyanın gələcək siyasi-iqtisadi arxitekturası müzakirə olunur.

Başqa masada Azərbaycan-Ermənistan sülhünün praktiki məsələləri. Digər görüşlərdə nəqliyyat, enerji, ticarət və ikitərəfli münasibətlər. Bu mənzərədə Azərbaycanın əsas üstünlüyü özünə məxsus siyasi xəttinin olmasıdır. Bişkek səfərinin ən mühüm mesajı da budur: Azərbaycan artıq yalnız özünü dünyaya tanıdan ölkə deyil. O, öz coğrafiyasının yaratdığı imkanları siyasi iradə, iqtisadi layihələr və fəal diplomatiya ilə birləşdirərək Avrasiyanın mürəkkəb münasibətlər sistemində özünə mühüm yer qazanan dövlətdir. Bir neçə il əvvəl Cənubi Qafqazda əsas sual müharibənin necə bitəcəyi idisə, bu gün əsas suallardan biri bölgənin sülhdən sonra necə dəyişəcəyi, hansı yolların açılacağı, hansı ticarət marşrutlarının yaranacağı və Cənubi Qafqazın Avrasiyanın böyük iqtisadi məkanına necə inteqrasiya olunacağıdır. Azərbaycan bu sualların cavabında artıq kənarda dayanan müşahidəçi deyil. Bişkek bunu bir daha göstərdi ki, ŞƏT masasında Azərbaycan var.

Türk dünyasının siyasi-mədəni məkanında Azərbaycan var.

Avrasiya nəqliyyat xəritəsində Azərbaycan var.

Cənubi Qafqazın sülh gündəliyində Azərbaycan var.

Və bütün bu istiqamətləri birləşdirən əsas amil ölkənin öz milli maraqlarına söykənən, çevik və nəticəyönümlü diplomatiyasıdır. Bişkekdən Bakıya qayıdan əsas siyasi mesaj da elə budur:

Dünya dəyişir, güc mərkəzləri yenidən düzülür, yeni yollar və yeni tərəfdaşlıq formatları meydana çıxır. Azərbaycan isə bu dəyişikliklərin kənarında dayanmaq əvəzinə, onların yaratdığı imkanları öz dövlət maraqları naminə dəyərləndirən fəal aktor kimi çıxış edir. Bu, bir səfərin nəticəsindən daha böyük mənzərədir. Bu, Azərbaycanın dəyişən dünyadakı yerinin yeni konturudur.

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri