Bişkekdən gələn iqtisadi mesaj
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan diplomatiyası ŞƏT məkanında yeni imkanlar axtarır
Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Azərbaycanın xarici siyasət gündəliyində mühüm bir istiqaməti bir daha ön plana çıxardı: siyasi dialoqu iqtisadi əməkdaşlığa, nəqliyyat bağlantılarına və regional rifaha çevirmək.
Prezident İlham Əliyevin avqustun 31-də Qırğızıstana işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə nəzər salanda bunu aydın görmək mümkündür. Ermənistanın Baş naziri Nikol Paşinyan, İran Prezidenti Məsud Pezeşkian və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə aparılan danışıqların hər birində regional əlaqələrin iqtisadi məzmunu müxtəlif formalarda özünü göstərir. Burada diqqətçəkən məqam odur ki, söhbət artıq ayrı-ayrı layihələrdən və ikitərəfli münasibətlərdən daha geniş bir mənzərədən gedir. Azərbaycan özünü Şərqlə Qərb, Şimalla Cənub arasında formalaşan yeni iqtisadi xəritənin vacib halqalarından biri kimi təqdim edir.
Sülhün yaratdığı əməkdaşlıq
Bişkekdə Prezident İlham Əliyev və Nikol Paşinyan arasındakı görüşün ən mühüm tərəflərindən biri sülhün iqtisadi nəticələrinin konkret nümunələrlə müzakirə olunmasıdır. Görüşdə Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi, üçüncü ölkələrdən taxıl və digər yüklərin Azərbaycan ərazisindən Ermənistana tranzitinin təmin olunması, iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin əyani təzahürü kimi qiymətləndirilib. Liderlər qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Həmçinin Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatındakı görüşdə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq.
Təsadüfi deyil ki, Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Bu ilin ilk 7 ayında isə iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb. Otuz səkkiz məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər. Söhbət idxal-ixrac əməliyyatlarından gedir.
Bu mənzərə Cənubi Qafqazın iqtisadi arxitekturasında ciddi dəyişiklikdən xəbər verir. Uzun illər təmassız olan iqtisadi məkanlar indi tədricən bir-birinə yaxınlaşır. Neft məhsulu bir ölkədən digərinə gedir, üçüncü ölkənin taxılı Azərbaycan üzərindən tranzit olunur, biznes əlaqələri qurulur. Başqa sözlə, sülh siyasi sənədlərdən çıxaraq ticarət yollarında və kommersiya münasibətlərində görünməyə başlayır. Başqa sözlə, iqtisadiyyat sülhün ən real sınaq meydanlarından biridir.
Görüşdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun – TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımların müzakirəsi və marşrut boyunca bağlantı layihələrinin əhəmiyyətinin vurğulanması da bu iqtisadi yanaşmanı tamamlayır. TRIPP-in gerçəkləşməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantını gücləndirməklə yanaşı, regionun daha geniş nəqliyyat sisteminə yeni impuls verə bilər. Beləliklə, Cənubi Qafqazın keçmişdə qarşıdurma ilə xatırlanan coğrafiyası tədricən tranzit, enerji, ticarət və logistika terminləri ilə gündəmə gəlir.
Şimal–Cənub dəhlizi–Tehran xətti
Azərbaycan–İran münasibətləri də Bişkek görüşlərinin mühüm istiqamətlərindən biri olub. Prezident İlham Əliyev və Məsud Pezeşkian arasında keçirilən görüşdə iki ölkənin əməkdaşlığının müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib. İran Prezidenti münasibətlərin bütün sahələrdə genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Azərbaycan üçün İran istiqaməti coğrafi yaxınlıqdan daha artıq məna daşıyır. Bu xətt Şimal–Cənub nəqliyyat bağlantısı, enerji əməkdaşlığı, tranzit, ticarət və regional logistika baxımından strateji əhəmiyyətə malikdir. Bu gün Avrasiyanın nəqliyyat xəritəsində ən vacib məsələlərdən biri marşrutların şaxələndirilməsidir. Yük sahibinin qarşısında nə qədər çox alternativ varsa, regional iqtisadi sistem bir o qədər dayanıqlı olur. Azərbaycan da məhz belə çoxvariantlı bağlantılar sisteminin qurulmasında maraqlıdır.
Orta Dəhliz–Türküstan xətti
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə isə diqqətin nəqliyyat-logistikaya yönəlməsi təsadüfi görünmür. İki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafı vurğulanıb, nəqliyyat-logistika məsələləri və Orta Dəhlizin əhəmiyyəti müzakirə olunub. Azərbaycan və Qazaxıstan arasında bu istiqamətdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
Orta Dəhliz Azərbaycanın xarici iqtisadi strategiyasında getdikcə daha böyük yer tutur. Xəzərin iki sahilini birləşdirən bu marşrut Çin və Mərkəzi Asiyadan çıxan yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması baxımından strateji platformaya çevrilir. Bakı ilə Aktau arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan Mərkəzi Asiyanın zəngin xammal və istehsal potensialını, Azərbaycan isə Xəzərdən sonrakı logistika imkanlarını Avropa istiqaməti ilə əlaqələndirən əsas tərəflərdən biridir.
ŞƏT-in yeni iqtisadi modeli
Məhz bu nöqtədə Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi fəlsəfəsi xüsusi əhəmiyyət qazanır. ŞƏT klassik gömrük ittifaqı və ya vahid iqtisadi birlik modeli əsasında fəaliyyət göstərmir. Təşkilatın iqtisadi yanaşması suveren bərabərlik, qarşılıqlı fayda, məsləhətləşmə, mərhələli əməkdaşlıq və müxtəlif inkişaf modellərinə hörmət prinsiplərinə söykənir. ŞƏT-in Nizamnaməsində regional iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, ticarət və investisiya üçün əlverişli mühitin yaradılması, malların, kapitalın, xidmətlərin və texnologiyaların hərəkətinin genişləndirilməsi hədəfləri təsbit olunur. Eyni sənəddə nəqliyyat-kommunikasiya infrastrukturundan səmərəli istifadə, tranzit imkanlarının artırılması və enerji sistemlərinin inkişafı da əməkdaşlığın əsas sahələri sırasında göstərilir.
Bu modelin daha bir mühüm xüsusiyyəti iqtisadi əməkdaşlığın yalnız bir istiqamətlə məhdudlaşmamasıdır. ŞƏT çərçivəsində ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, enerji, istehsal, gömrük, elektron ticarət və standartlaşdırma üzrə ayrıca mexanizmlər və işçi qrupları fəaliyyət göstərir. Bu mənada ŞƏT-i getdikcə daha geniş iqtisadi platformaya çevrilən siyasi-strateji məkan kimi xarakterizə etmək mümkündür.
Dünən keçirilən sammitin yekununda 28 sənədin imzalanması baş tutub. Bu paketdə liman və logistika mərkəzlərinin inkişafı üçün 2026–2030-cu illəri əhatə edən fəaliyyət planı, “Yaşıl texnologiya dəhlizi” üzrə əməkdaşlıq proqramı, süni intellektlə bağlı sənədlər, enerji və enerji səmərəliliyi istiqamətində qərarlar yer alıb. Bu, ŞƏT-in iqtisadi gündəliyinin dəyişən dünyanın çağırışlarına uyğunlaşdığını göstərir. Artıq söhbət yük daşınmasından və enerji resurslarından ibarət klassik əməkdaşlıq çərçivəsindən daha geniş müstəvidən gedir. Yaşıl texnologiya, süni intellekt, data infrastrukturu, logistika və rəqəmsal iqtisadiyyat da bu məkanın yeni iqtisadi gündəminə daxil olur.
“ŞƏT+” Azərbaycana nə vəd edir?
Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü kimi çıxış etmir. Lakin təşkilatın “ŞƏT plyus” formatında aparılan geniş dialoqda iştirak etməsi ölkəyə ŞƏT məkanındakı dövlətlərlə siyasi və iqtisadi əlaqələrini dərinləşdirmək üçün əlavə platforma yaradır. Burada əsas məsələ təşkilata hansı statusla daxil olmaqdan daha çox, yaranan iqtisadi imkanlardan necə istifadə etməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 48,9 milyard dollara çatıb. Həmin dövrdə ticarət tərəfdaşları arasında Rusiyanın payı 10 faiz, Çinin 9,9 faiz, Özbəkistanın 1,6 faiz, Qazaxıstanın 1,4 faiz, İranın isə 1,3 faiz olub. Bu rəqəmlər göstərir ki, ŞƏT-ə üzv ölkələr Azərbaycanın xarici ticarətində getdikcə daha mühüm yer tutur və iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən birinə çevrilirlər.
Azərbaycanın coğrafi mövqeyi bu baxımdan xüsusi üstünlük verir. Çin və Mərkəzi Asiya bazarları ilə Avropa arasında yerləşən ölkəmiz ŞƏT məkanında yaranan iqtisadi proseslərin bir hissəsini öz ərazisindən keçirmək imkanına malikdir. Bir tərəfdə Qazaxıstanla Orta Dəhliz, digər tərəfdə İran vasitəsilə Şimal–Cənub bağlantısı, cənub-qərb istiqamətində isə Ermənistanla formalaşmaqda olan yeni ticarət münasibətləri və TRIPP dayanır.
Bu marşrutların hər biri ayrı-ayrılıqda əhəmiyyətlidir. Onların bir-biri ilə əlaqələndirilməsi isə Azərbaycanın regional iqtisadi çəkisini daha da artıra bilər. Əslində, Bişkekdəki görüşlərin iqtisadi məntiqi də məhz burada birləşir. Ermənistanla – sülhün yaratdığı ticarət imkanları, İranla – regional bağlantılar və əməkdaşlıq perspektivləri, Qazaxıstanla – Orta Dəhliz və logistika. Bu üç xətt Azərbaycanın Avrasiya iqtisadi məkanında oynaya biləcəyi rolu kifayət qədər aydın göstərir.
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Sentyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















