Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Biz köhnə cənnətimizə qarşı təhdid hiss etdikdə canlanırıq

Biz köhnə cənnətimizə qarşı təhdid hiss etdikdə canlanırıq

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Mədəni kimliyimiz rus irsinə söykənir. Dini kimliyimiz kimi o da milli kimliyimizi istismar etmək məqsədi güdür”

Müsahibimiz yazıçı, şair, publisist Aqşin Yeniseydir.

- Aqşin bəy, hazırda nə yazırsız, nə üzərində işləyirsiz?

- “Ədibin Evi”nin təşəbbüsü və sifarişiylə Bakı nefti haqqında roman üzərində işləyirəm. Araşdırma əsaslı bir romandır, yazmaqdan daha çox oxumaq tələb edir. “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunduğu üçün canlı şahidlərlə də söhbətlərim olur. Bakıda yunan-Roma çağından neftin varlığı bilinsə də, Azərbaycanın, əsasən, son iki əsrlik taleyi neftlə bağlıdır, istər cümhuriyyətlər dövrü olsun, istər müstəmləkə. Təəssüf ki, bu cümlədə tarix sözünü deyil, tale sözünü seçməli oldum. Ona görə ki, tale insanın, millətin öz müqəddəratını özü təyin etmədiyi bir varoluş şəklidir. “Əsrin müqaviləsi”ndən sonrakı dövrü çıxmaqla neft həmişə bizə öz rənginə uyğun bir tale yaşadıb. Təsəvvür edin, Azərbaycanın neft mütəxəssisləri Bakıda, dünyanın müxtəlif ölkələrində neft çıxarıblar, yad ölkələri işıqlandırıb, isidiblər, amma böyüdükləri kəndlərdə onları böyüdən valideynləri qışda təzək yandırıb qızınıblar. Mən özüm də neft ölkəsində yaşadığımı Bakıya gələndən sonra hiss etmişəm. Yaxud çar zamanında neftin puluna özümüzə imarət tikmişik, içində rus qubernatoru oturub. Bu taledir, buna tarix demək üçün ağıla yox, piy qatına ehtiyac var. Bacardıqca bu romanı dünya ədəbiyyatının ölçüləriylə yazmağa çalışıram və bu məsələdə Qarabağ müharibəsində qazandığımız qələbənin verdiyi gücü hiss edirəm. Çalışıram ki, heç bir cümlədə Azərbaycan insanı fağır, məzlum obrazda görünməsin. Bu romanda neftin əhvalatı üzərindən xalqın tarix yarada bilən milli kimliyini özünə qaytarmaq istəyirəm. Çünki neftə görə milli kimliyimizin başına çox bəlalar gəlib. Daniel Yerginin kitabında bir epizod var. İran şahı “İndiana” neft şirkətinin rəhbərinə deyir ki, siz də ari irqindənsiniz, biz də. Neft üzərindən irqi yaxınlığa işarə edir. Biz, əksinə, neft üzərindən milli, irqi kimliyimizi önə çıxarmaq əvəzinə, onu rus irsinə söykənən mədəni kimliyimizlə əvəz etmişik. Mədəni kimliyimiz rus irsinə söykənir. Dini kimliyimiz kimi o da milli kimliyimizi istismar etmək məqsədi güdür. Assimilyasiya olan xalqlar öz milli kimliyini mədəni və dini kimliyinə güşəştə gedənlərdir. Neftimizin özünü belə çar Rusiyası dövründən dünyada “rus neft” adıyla məşhurlaşdırıblar. Bunu kimsə bağışlaya bilər, ədəbiyyatın belə bir ixtiyarı yoxdur.  

- Ədəbi mühitimizdə canlanma görürsünüz?

- Baxır, canlanma dedikdə nə anlamağımıza. Çox vaxt biz vaxtı ötmüş, funksionallığını itirmiş, yaxud heç bir ictimai önəmi olmayan mövzular ətrafında canlanırıq. Bu canlanma da yaratmağa deyil, ən yaxşı halda qorumağa xidmət edir. Orta əsrlərin alimləri belə düşünürdülər ki, onlar özlərindən heç nə yarada bilməzlər. Hər şeyi Avqustin, Aristotel, Vergili kimi nəhənglər deyiblər. Onların işi sələflərinin yaratdıqlarını təqdir və təbliğ etməkdir. Bunu Umerto Eko yazır esselərinin birində. Avropada bu düşüncə Dekarta qədər davam etdi. Ekonun ortaçağ düşüncəsi dediyi bu köhnəpərəstlik bu gün bizim mədəniyyətin bütün sahələrində at oynadır. İctimai fikir budur ki, kimsə özündən Amerika  icad edə bilməz, hər şey bizə qədər deyilib, biz, sadəcə, yazılanları təkrar etməli, şair demiş, “tozunu almalıyıq”. Bu mədəni silloqomaniyadır. Silloqamaniya psixoloji bir xəstəlikdir: köhnə əşyalarla vidalaşa bilməmək. Kasıblıqdan tutmuş, tənbəlliyə, qənaətcilliyə qədər xeyli səbəbləri var. Amma əsas səbəb köhnə əşyaların öz sahiblərinə verdiyi yaşanmışlıq duyğusunun hüznüdür, psixoloji “komfort zona” sakitliyidir. İnsanlar bu psixoloji sakitliyi, rahatlığı itirməmək üçün köhnə əşyalarından imtina edə bilmir, hətta bəzən evi rəsmən köhnə əşya xarabalığına çevirirlər. Köhnəlmiş dəyərlər, fikirlər, davranışlar və onların xalqa, cəmiyyətə verdiyi yaşanmışlıq duyğusunun psixoloji rahatlığı da xalqın, cəmiyyətin gözünü yeniliyə bağlayır. Fərd öz köhnə pencəyində özünü daha rahat, xoşbəxt hiss etdiyi kimi, toplum da özünün köhnə fikirlərində, köhnə adətlərində özünün cənnət həzzini yaşayır. Bax biz bu köhnə cənnətimizə qarşı təhdid hiss etdikdə canlanırıq. Məsələn, IV Sənaye inqilabı, hətta ölkə başçısı səviyyəsində gündəmə gətiriləndə belə ictimai mühitdən səs çıxmır, niyə, çünki bu, bizim köhnəpərəstliyimizə yad olan bir mövzudur. Ancaq tutalım, mən yazanda ki, “Allahdan başqa Allah yoxdur” çağırışı eramızdan əvvəl 1370-ci ildə Misirdə Aton dininin kahinlərinin çağırışıydı, aləm dəyir bir-birinə. İctimai şüurumuzun mühərriki geriyə doğru daha tez sürət yığa bilir.

- Hər yazıçı həm də səyahətçi olmalıdırmı sizcə?

- Səyahət seçiminə görə iki tip yazıçı var; məkanda və zamanda səyahət edən yazıçı. Mən ikinciləri çox oxuyuram. Məkanda səyahət edənlər çox vaxt missionerlər olurlar və yalan-palan şeylər çox yazırlar. Birini deyim sözüm qəribçiliyə düşməsin. XIX əsr Avropa yazıçıları filoloji orientalizmin arxasınca vaxtlarının çoxunu Şərq ölkələrində keçirirdilər və burada gördüklərini bəzəyib-düzəyib hətərən-pətərən mənzərələrlə dolu yazılar yazırdılar. Əlbəttə, hamısı deyil. Onlardan biri də fransız romantizmin banisi, uzun müddət Şərqdə səyahət etmiş Şatobriand idi. Adam “Parisdən Qüdsə səyahət” kitabında bizim haqqımızda yazırdı ki, onlar, yəni şərqlilər azadlıq nədir bilmirlər, sərvətdən başları çıxmır. Onlar gücə sitayiş edirlər. Əgər bir fateh gəlib “səmavi ədaləti” gerçəkləşdirməsə sərkərdəsiz əsgər, kralsız vətəndaş, başsız ailə kimi davranırlar. Dalıyca da yazır ki, onlara azadlığın nə olduğunu biz öyrətməliyik. Avropanın “qaranlıq çağ”ından və onu bu çağdan çıxaran müsəlmanların Əndəlüs xanədanlığından xəbərsiz olsanız, sizə elə gələcək ki, Şatobriand Şərqə gəlmiş yadplanetli bir məsihdir. Şərqin nicatı üçün ona yalvarmalıyıq. Floberin Şərq təsvirləri də meymunla cinsi əlaqədə olan, bütün günü küçələrdə şalvarsız gəzən, sidiyi ilə xəstələrə şəfa paylayan adamların yer aldığı mənzərələrlə doludur. Sanki, Qərbə “Katedrallar əsri” kimi möhtəşəm XIII əsr yaşadan həmin Şərq deyil gəldiyi coğrafiya. Bir də var zamanda səyahət edən yazıçılar, onlar daha çox ictimai yaddaşa, psixoloji dərinliklərə səyahət edirlər. Ədəbiyyatda buna şüuraxını deyirlər. Mənə insanın çölünü deyil, içini araşdırıb göstərən yazıçılar maraqlıdır. Yəni yanmaqdan qorxmayıb quyunun dibinə enən Məlikməmmədlər.

- Bildiyim qədəriylə dilimizdə nəşr olunmayan bir çox elmi kitabların siyahısını nazirliyə təqdim etmisiniz. Nəticəsi nə oldu?

- Bu siyahı elmi-kütləvi ədəbiyyat siyahısıdır. Keçən əsrin sonlarından bu günəcən dünyada nəşr olunan və şan qazanan elmi-kütləvi ədəbiyyatdan xəbərsizdir Azərbaycan oxucusu. Ona görə çağdaş mövzularda yeniliklərlə bağlı qərar verməkdə çətinlik çəkir. İnsanımızın ədəbi, intellektual zövqü dünyadan, ən azı, əlli il geri qalır. Bu da ictimai sərmayənin düzgün istiqamətdə xərclənməməsinə yol açır. Məsələn, sosial şəbəkədən istifadə edir, ancaq onun faydalı və ziyanlı tərəflərindən xəbəri yoxdur. Söz və fikir azadlığı dəyərini mənimsəyib, ancaq bu dəyərin artıq bir istismar aləti olduğunu bilmir. Siz ona, tutalım, XXI əsrin fəlsəfəsini yaradan Byunq Çul Xanın kitablarını tərcümə etməsəniz o, bu kitabı iş-işdən keçəndən sonra oxuyanda peşman olacaq. Tərcümə etsəniz, Çul Xan ona izah edəcək ki, neoliberal kapitalizm yaşadığımız cəmiyyəti artıq bir vitrinə çevirib. Sərgi cəmiyyətində yaşayırıq və bu cəmiyyətdə hər bir şey özünün reklam obyektidir. Hər şey özünün sərgi dəyəri ilə ölçülür. Sərgi cəmiyyəti pornoqrafik cəmiyyətdir. Hər şey ifşa edilir, üzə çıxarılır, çılpaqlaşdırılır, özündən soyulur. Sərgiləmə ehtirasının hədsizliyi hər şeyi “bütün sirlərini arındıraraq dərhal istehlak edilən” əmtəəyə çevirir. Kapitalist iqtisadiyyatı hər şeyi nümayiş olunmaq zərurətinə tabe edir. Sosial media bəşəri, milli, fərdi hər cür dəyəri çürüdən bir bazar karnavalıdır. Yalnız sərgilənməyə xidmət edəndir dəyər yaradan, bütün fərdiliklər qurban verilir. Şeylər qaranlıqda yox, həddindən artıq işıqda yox olmağa başlayır. Ümumiyyətlə, görünən şeylər qaranlıqda və ya səssizlikdə yox olmur, onlar görünəndən daha çox görünəndə yox olurlar: lütlənəndə. Bu cəmiyyət lütdür, ona görə poroqrafikdir. Porno təkcə sevgini deyil, seksuallığı da məhv edir. Pornoqrafik sərgiləmə cinsi həzzin yadlaşmasına səbəb olur. Cinsi həzzalmanı qeyri-mümkün edir. Seksuallıq qadının həzz nümayişi və kişinin performans sərgiləməsi şəklində məhv olur. Sərgilənən və göstərmək üçün yaşanan həzz, həzz deyildir. Sərgilənmək və nümayiş etdirmək zərurəti bədənin özünün özünə yadlaşmasına gətirib çıxarır. Bədən optimallaşdırılacaq bir sərgi obyekti kimi əşyalaşır. Belə bədəndə yaşamaq mümkün deyil. Onu nümayiş etdirmək və beləliklə də istismar etmək lazımdır. Sərgiləmək istismarçılıqdır. Sərgiləmək öhdəliyi yaşamaq üçün ehtiyacı aradan qaldırır. Dünyanın özü bir sərgi salonuna çevrilibsə, artıq yaşamaq üçün yer olmaqdan uzaqlaşıb. İnsan diqqət kapitalını artırmaq üçün yaşayış yerini (öz bədənini) reklama qoyur. Yaşamaq demək, ilk növbədə, “dinc olmaq, huzur içində olmaq” deməkdir. Sürəkli sərgiləmək və performans göstərmək məcburiyyətinin daimi təzyiqi bu mənəvi-psixoloji asayişi təhdid edir. Bir az təhrifinə yol verdiyim Çul Xanın bu fikirləri sosial həyatımızın, milli, fərdi dəyərlərimizin nə üçün korlandığı haqqında ən dəqiq diaqnozlardır. Həm Mədəniyyət, həm Təhsil nazirliyinə təqdim etdiyimiz bu siyahı belə zəruri kitabların seriyasıdır. Bu kitabları azsaylı ozucularımız ya rusca oxuyur, ya ingilsicə, ya da Anadolu türkcəsində. Bizə sadəcə, “dilimiz niyə zənginləşmir” sualını verib cavabıyla maraqlanmamaq qalır.

- Bəs  hazırda tərcümə olunan kitabların keyfiyyəti sizi qane edirmi?

- Tərcümənin keyfiyyətsizliyini dərd etməyə dəyməz. Çünki lazımlı kitabların dilimizə tərcüməsinə çox az rast gəlirik. O kitabları da peşəkarlar tərcümə və redaktə edirlər. Keyfiyyətsiz tərcümələr, əsasən, keyfiyyətiz kitablardır. Axmaqlar üçün yazılan motivasiya kitablarıdır, məsələn, havayı milyonlar və müftə xoşbəxtlik axtaranlar üçün kitabın keyfiyyətinin heç bir əhəmiyyəti yoxdur, əsas məsələ onun xəyal dünyasını illuziyalarla təmin etməkdir. Bu gün keyfiyyətiz kitabların ətrafında keyfiyyətsiz oxucu mühiti formalaşdırıb bazar. Pozitiv cəmiyyət fəlsəfəsinə aid bu kitablar öz oxucularını inandırırlar ki, xoşbəxtlik qondarılan bir şeydir. İnsan xoşbəxt olmaq istəyirsə, onu qondarmalıdır, həm də fasiləsiz qondarmalıdır. Çünki bu gün qondarılmış xoşbəxtlik yalnız bu günü xilas etməyə yetəcək. Çağımız da bu bazar düşüncəsinə uymuş ömrü deyil, günü xilas edən xoşbəxtliklər çağıdır. Bu gün çox az adam bizimlə razılaşar ki, bütün ideologiyalar insan bədbəxtliyinin məhsuludur. Yəhudilik, xristianlıq, islam, kommunizm, feminizim, hətta kapitalizmin və s. kökünə gedin, bəşəri bir çıxılmazlıqla rastlaşacaqsınız. Çıxış yolu çıxılmazlıqda tapılır. Çıxılmazlığı olmayan vəziyyət yaradıcılıq ehtiyacını yox edir. Azadlıq əsarətdən, xoşbəxtlik bədbəxtlikdən çıxış yoluyla əldə edildikdə dəyər qazanır. Azadlıq və xoşbəxtlik günü bəxtəvər etmək niyyətindən doğduqda meşşanlıqdan, özbaşınalıqdan və hedonizmdən başqa bir şey olmur. Qondarmaq yaradıcılıq əziyyətinə qatlaşmaq istəməyənin “yaradıcılığıdır”. Pozitiv cəmiyyətdə xoşbəxtlik də çox kəsə və ucuz yollarla qondarılır. Ən yayğını başqalarının xoşbəxtliyini kopyalamaqdır. Dünyagörüşü bu dediklərimdən ibarət olan oxucuya görə narahat olmağa dəyməz. Amma bu demək deyil ki, tərcümə ciddi məsələ deyil. Tərcümə yeganə yaradıcılıq sahəsidir ki, birbaşa praktikada öyrənilir. Yazıçı fantaziyasına güvənə bilər, tərcüməçinin belə bir lüksü yoxdur. Tərcüməçi bircə sözü səhv tərcümə edib əsərin ideyasını şikəst edə bilər. Ona görə də Azərbaycanda yeni, orijinaldan tərcümə edə bilənlərin məktəbini yaratmağa ehtiyac var. Mən Prezidentin Sərəncamıyla nəşr olunan 150 cildilik Dünya Ədəbiyyatı seriyasında redaktorluq edəndə özüm şahid olmuşdum rus dilindən tərcümə olanan əsərlərin necə təhrif edildiyinə. Sovet senzurası dünyaca məşhur yazarların əsərlərindən öz ideologiyasına uyğun gəlməyən yerləri ya çıxarmışdı, ya da təhrif edərək bizə ötürmüşdü.   

- Bu sahədə olan çatışmazlıqları həll etmək üçün Aqşin Yenisey çıxış yolunu nədə görür?

- 44 günlük müharibə sübut etdi ki, Azərbaycanda zəfər çalmaq üçün hər sahədə yeni ruhlu, yeni düşüncəli xüsusi təyinatlılara ehtiyac var. Tərcümə sahəsində də həmçinin.

- “Nə qədər ki rus dilli məktəblər var Azərbaycan dili  zənginləşməyəcək” fikrinizi paylaşmısınız.  Belə çıxır ki, rus dili məktəblərini tamamilə ləğv olunmasının tərəfdarısınız?

- Dinin, siyasətin, sənətin özünəməxsus məsuliyyətləri olduğu kimi, dilin də özünəməxsus məsuliyyəti var. Sovet sistemində dövlət kommunizmin beş əsas prinsipindən birinə, uşaqların ictimai nəzarətdə böyüdülməsinə uyğun olaraq, uşaqlara öz valideynlərindən daha böyük qayğı göstərirdi; uşaqpulu və pulsuz təhsil verir, böyüdür, oxudur, vaxtı çatanda evlə, işlə, təmin edirdi. Çünki bolşeviklər anlayırdılar ki, yeni bir insan növü yetişdirməsələr, sistem işləməyəcək və dağılacaq. Və bu insan bəşərə qarşı olmalıydı. Valideyn uşaq böyütmək, oxutdurmaq, evlə, işlə təmin etmək məsuliyyətindən azad idi. Uşağın gələcək həyatı Moskvadan, eyni zamanda, rus dilindən asılı idi. İnsanların taleyinə rus dili məsuliyyət daşıyırdı. Azərbaycan (türk) dili elmi, fəlsəfi, texniki, ictimai məsuliyyəti əlindən alınmış xeyir-şər diliydi, ona uşaq etibar etmək olmazdı. Bu dilin heç bir tarixi, ictimai məsuliyyəti yox idi. Ana dilinin insan böyütmək məsuliyyəti inzibati müdaxilələrlə rus dilinin üzərinə qoyulmuşdu. Rus dilində təhsil almamaq gələcəksiz qalmaq demək idi. Bu gün uşaqlarını rus bölməsinə qoyan valideynlər də bolşevik sələfləri kimi valideynlik məsuliyyətini rus dilinin üzərinə atırlar. İdeoloji inanca görə, bu dil uşağı öz doğma valideynlərindən daha yaxşı tərbiyə edir, onlara daha çox bilgi verir, daha elit iş yerləri vəd edir. Azərbaycan (türk) dili yenə də heç bir ictimai məsuliyyəti olmayan bir dil statusundadır. Dövlət dilidir, amma vətəndaş öz gələcəyini, özünü ona etibar etmir. Bu dil Azərbaycan vətəndaşına ancaq şeir yazmaq, meyxana demək, linç etmək, pafos püskürmək üçün lazımdır. Ana dilimiz Azərbaycan vətəndaşı qarşısında heç bir ictimai məsuliyyət daşımır. Ona gələcəyi ilə bağlı heç nə vəd etmir. Buna görə də valideynlər daha məsuliyyətli dillərə üz tuturlar; ya Anadolu türkcəsinə, ya rus, ya ingilis dilinə. Dilimizin ictimai, elmi, fəlsəfi, texniki məsuliyyətləri özünə qaytırılmayana qədər biz öz ölkəmizdə başqa millətlər üçün övlad böyüdəcəyik. Eynən öz yuvasında öz balasından daha gözəl olan qu quşunun balasını böyüdən çöl ördəyi kimi. Müstəmləkə hərblə gəlir, dillə yerləşir. Bu müstəmləkə siyasətini hollandlar İndoneziyada, fransızlar Əlcəzairdə, ingilislər Misirdə tətbiq etdilər və öz müstəmləkələrində ana dilində danışmağı özünə ar bilən elit kəsimlər və onları anlamayan savadsız bir xalq miras qoydular. Eyni müstəmləkə fəlakəti bizim xalqın da başına gətirilib dil vasitəsilə. Dil nə zaman zənginləşmək ehtiyacı hiss edir? Vətəndaşının elmi, fəlsəfi, texniki inkişafını təmin edib dünyayla ayaqlaşması məsuluyyətini hiss etdikdə. Rus bolşeviklər dilimizi bu məsuliyyətlərdən azad etdiyi üçün dilimiz məhkum olduğu folklorik, məişət səviyyəsindən artıq özü üçün bir “komfort zona” düzəldib. Qəbul etdiyimiz “müstəqillik akt”ının dilimizə dəxli yoxdur hələ ki. 

- Ayaz Salayev isə deyir ki, Azərbaycan dili üçün rus dili deyil, türk dili təhlükəlidir.

- Türk dilinin türk dilinə təhlükə yaratdığını söyləmək üçün çox bərbad bir dünyagörüşünə sahib olmaq lazımdır. 1918-ci ildəki parlament qərarına qədər Azərbaycan dili deyilən dilmi vardı? Birinci Cümhuriyyətin rəsmi orqanı olan “Azərbaycan” qəzetininin dilinə baxın, ortaq türkcə dediyimiz bir türk dilidir bu rəsmi qəzetin dili. Keçən əsrin əvvəlində dilimizdə iki istiqamət vardı, xəlqi dili əsas götürən “mollanəsrəddinçilər” və intellektual dilə söykənən “füyuzatçılar”. Birinci cümhuriyyətin dili “füyuzatçıların” diliydi. Bolşeviklər proletar zümrədən gəlirdilər deyə xəlqi dili qorudular, bu dilin heç bir elmi, fəlsəfi, texniki imkanları yox idi. Bu dildə ancaq deyinmək və laqqıtı vurmaq olardı. Bizi deyingənliyə və laqqırtıya meyilli bir dünyagörüşünə sahib cəmiyyət edən də yüz il əvvəlki dil seçimimizdir. Kommunizm özü də xalqçılığa əsaslanan folklorik bir ideologiyaydı. Ona özünü yaymaq üçün proletariatın anlayacağı dil lazım idi. Stalin buna görə dili “təmizlətdirirdi”, xəlqiləşdirdi. Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin dilini Novruzəlinin diliylə əvəzlətdirdi. Salayevə gəlincə, Svayq yazır ki, Spinozadan Volterə və daha sonrakılara qədər uzanan Avropa aydınları Rotterdamlı Erazmın mənəvi nəsilləri idi. “Mənəvi nəsil” çox önəmli bir ifadədir. Millətin xarakterini nəsillərin hansı mənəviyyatı bir-birilərinə ötürdüyü təyin edir. Bizdə yaxın tarixdə bu ötürülmə prosesində bir dəfə çar Rusiyası zamanı qopuqluq yaşanıb, bir dəfə də sovet Rusiyası zamanı. Çar bizi min illik Şərq mədəniyyətindən ayırıb Şərqə qarşı qoyub. Sovet Rusiyası isə bizi, ümumiyyətlə, bəşəri dəyərlərdən ayırıb üzərimizdə bolşevizm təcrübəsi həyata keçirib. Bizim indki nəsillər bu son təcrübənin, bolşevik eksperimentin davamçılarıdır. Yəni bizim Rotterdamlı Erazmımız Stalindir. Biz Kobanın mənəvi yolunu davam etdiririk, həm də ayrı-ayrı şəxslər olaraq yox, bir toplum, bir cəmiyyət, bir kollektiv şüur olaraq. İnzibatçı bir mənəviyyatın yetirmələri və davamçılarıyıq. İnsaniliyimizi belə inzibati dəyərlərlə ölçürük. Tük dilini Stalin də təhlükəli hesab edirdi, Salayev də təhlükəli hesab edir. Bundan daha aydın nə deyə bilərəm.

-Son günlər yazıçılarla müsahibələrin 99 faizində bu sual var. Gəlin elə sizdən də soruşaq. Səməd Vurğunun ünvanına söylənən  fikir hücumlarına münasibətiniz nədir?

- Mən şəxslərin deyil, anlayışların, dəyərlərin müzakirə olunmasının tərəfdarıyam. Müzakirə mövzularımın arasında şəxs adları yoxdur. Xalqın bağrından qopan ilhamlı bir şairdən Səməd Vurğun düzəldən anlayışlardan sual versəydiniz, səhərəcən danışardım.

Müsahibəni aldı: Havar Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see123

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see118

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see110

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri