Biznes bir nəfərdən asılı olduqda yaranan risklər
Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Bəzi şirkətlərdə biznesin bütün əsas qərarları, müştəri əlaqələri, maliyyə əməliyyatları və gündəlik idarəetmə bir nəfərin üzərində cəmləşir. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində şirkətin qurucusu və ya rəhbəri həm satış, həm işçi seçimi, həm də digər vacib proseslərə şəxsən nəzarət edir. İlk mərhələdə bu yanaşma qərarların daha sürətli qəbul edilməsinə və xərclərin azaldılmasına kömək edə bilər. Lakin biznes böyüdükcə bütün proseslərin bir şəxsdən asılı qalması şirkətin inkişafını məhdudlaşdıra və gözlənilməz problemlər yarada bilər. Bəs biznesin bir nəfərdən asılı olması hansı riskləri yaradır və şirkətlər bu asılılığı necə aradan qaldıra bilər?
Bir nəfərin yoxluğu biznesi dayandıra bilər
Biznesin bir nəfərdən asılı olması beynəlxalq biznes və maliyyə ədəbiyyatında "Key Person Risk" (əsas şəxsdən asılılıq riski) adlandırılır. Bu anlayış şirkətin fəaliyyətinin davamlılığı üçün vacib olan biliklərin, qərarların, müştəri əlaqələrinin və idarəetmə funksiyalarının bir şəxsin üzərində cəmləşməsini ifadə edir.
Məsələn, kiçik bir şirkətdə bütün müştərilərlə əlaqələri yalnız sahibkar qurubsa, qiymətləri özü müəyyənləşdirirsə və əsas müqavilələri şəxsən idarə edirsə, onun işdən müvəqqəti uzaqlaşması belə fəaliyyətə təsir göstərə bilər. Sahibkar xəstələndikdə, məzuniyyətə çıxdıqda və ya gözlənilmədən işdən ayrıldıqda digər əməkdaşlar hansı qərarları qəbul etməli olduqlarını bilməyə bilərlər.
ABŞ-ın “Miller Cooper” audit və konsaltinq şirkətinin araşdırmalarında da əsas şəxsin qəfil fəaliyyətdən uzaqlaşmasının gündəlik əməliyyatları poza, müştərilərin və təchizatçıların etibarını zəiflədə, şirkətin dövriyyə vəsaitlərinə əlavə təzyiq yarada biləcəyi vurğulanır. Bu risk yalnız kiçik şirkətlərə aid deyil, böyük müəssisələrdə də yarana bilər.
Qərarlar bir nöqtədə cəmləşir
Biznesin bir nəfərdən asılı olmasının digər nəticəsi qərarvermə prosesinin ləngiməsidir. Əgər əməkdaşlar hətta kiçik məsələlərdə belə rəhbərin təsdiqini gözləyirlərsə, gündəlik işlərin icrası onun vaxtından və əlçatanlığından asılı vəziyyətə düşür.
Məsələn, satış meneceri müştəriyə endirim təklif etmək, şöbə rəhbəri yeni əməkdaş seçmək, yaxud satınalma üzrə məsul şəxs təcili sifariş vermək üçün sahibkarın razılığını gözləyirsə, iş prosesində gecikmələr yarana bilər. Bu vəziyyət şirkətin çevikliyini azaldır və yeni imkanlardan vaxtında istifadə etməsinə mane olur.
“Harvard Business Review” və sahibkarlıq üzrə digər nəşrlərdə müzakirə olunan idarəetmə yanaşmalarında da səlahiyyətlərin bölüşdürülməsi və əməkdaşların müstəqil qərarvermə imkanlarının yaradılması təşkilati effektivliyin vacib şərtləri kimi qiymətləndirilir.
Müştəri əlaqələrinin itirilməsi riski
Bəzi bizneslərdə müştərilər şirkətlə deyil, konkret şəxslə münasibət qururlar. Xüsusilə konsaltinq, daşınmaz əmlak, maliyyə xidmətləri və satış sahələrində bu hal daha çox əhəmiyyət daşıyır.
Məsələn, şirkətin ən böyük müştəriləri ilə bütün danışıqları yalnız rəhbər aparırsa, həmin şəxsin ayrılması müştərilərin də şirkətdən uzaqlaşmasına səbəb ola bilər. Çünki müştəri şirkətin xidmətindən çox, konkret əməkdaşın təcrübəsinə, ünsiyyətinə və şəxsi etibarına güvənmiş ola bilər.
“Miller Cooper”in 2026-cı ildə dərc etdiyi materialda müştəri və təchizatçı əlaqələrinin bir nəfərin üzərində cəmləşməsinin şirkətin davamlılığı üçün risk yaratdığı qeyd olunur. Bu baxımdan münasibətlərin yalnız şəxsi əlaqələr üzərində deyil, şirkətin ümumi xidmət standartları və komanda fəaliyyəti əsasında qurulması vacibdir.
Şirkətin böyüməsi məhdudlaşır
Biznesin bütün proseslərini bir nəfərin idarə etməsi müəyyən mərhələdən sonra şirkətin genişlənməsinə də mane olur. Müştərilərin, sifarişlərin və əməkdaşların sayı artdıqca rəhbərin üzərinə düşən işlər də çoxalır. Nəticədə o, strateji qərarlar qəbul etmək əvəzinə gündəlik problemlərin həlli ilə məşğul olmağa başlayır.
“Forbes Business Council”da dərc olunan araşdırmada əsas şəxsdən asılılığın şirkətin gəlir imkanlarını məhdudlaşdıra biləcəyi vurğulanır. Çünki bütün vacib qərarların bir nəfərdən keçməsi biznesin böyümə sürətini həmin şəxsin vaxtı və imkanları ilə məhdudlaşdırır.
Belə müəssisələr yeni filial açmaq, məhsul çeşidini artırmaq və ya başqa bazarlara çıxmaq istədikdə də çətinliklərlə üzləşə bilərlər. Sahibkar bütün proseslərə şəxsən nəzarət etməyə çalışdıqda yeni layihələrə kifayət qədər vaxt ayıra bilmir.
Biznesin bazar dəyəri də azala bilər
Əsas şəxsdən asılılıq şirkətin gələcəkdə satılması, investor cəlb etməsi və ya yeni tərəfdaşlarla əməkdaşlıq etməsi zamanı da problem yarada bilər.
Potensial investor və ya alıcı şirkəti qiymətləndirərkən onun gəlirliliyindən əlavə, fəaliyyətinin nə dərəcədə müstəqil olduğunu da nəzərə alır. Əgər müəssisənin müştəriləri, əsas müqavilələri, texniki bilikləri və idarəetmə prosesi yalnız bir şəxsdən asılıdırsa, həmin şəxs ayrıldıqdan sonra biznesin fəaliyyətini davam etdirməsi sual altında qala bilər.
Nyu-York Universitetinin Stern Biznes Məktəbinin professoru Asvat Damodaranın əsas şəxsdən asılılıq riskləri ilə bağlı materialında komanda quruculuğu, səlahiyyətlərin bölüşdürülməsi və varislik planlaşdırılması bu risklərin azaldılması üçün vacib vasitələr kimi göstərilir.
Bu səbəbdən biznesin real dəyəri yalnız hazırkı gəlirlə deyil, həm də sahibkarın gündəlik iştirakı olmadan fəaliyyətini davam etdirmək imkanları ilə əlaqəlidir.
Asılılığı azaltmaq üçün nə edilməlidir?
Biznesin bir nəfərdən asılılığını azaltmaq üçün ilk növbədə əsas vəzifələr və səlahiyyətlər bölüşdürülməlidir. Rəhbər gündəlik əməliyyatların hamısını özü idarə etmək əvəzinə, müəyyən qərarların qəbulunu müvafiq şöbə rəhbərlərinə və əməkdaşlara həvalə etməlidir.
Digər vacib məsələ iş proseslərinin sənədləşdirilməsidir. Müştəri məlumatları, müqavilələr, təchizatçılarla əlaqələr, maliyyə əməliyyatları və gündəlik prosedurlar yalnız bir şəxsin yaddaşında qalmamalı, şirkətin ümumi idarəetmə sistemində əks olunmalıdır.
Bundan əlavə, vacib vəzifələr üzrə əvəzedici əməkdaşlar hazırlanmalı, işçilər bir-birinin funksiyalarını müəyyən səviyyədə yerinə yetirməyi bacarmalıdırlar. Bu, hər hansı əməkdaşın gözlənilmədən işdən ayrılması və ya müvəqqəti fəaliyyətdən uzaqlaşması zamanı işlərin dayanmasının qarşısını ala bilər.
Beynəlxalq biznes təcrübəsində varislik planlaşdırılması da mühüm yer tutur. Bu yanaşma xüsusilə ailə biznesləri və təsisçinin birbaşa idarə etdiyi şirkətlər üçün əhəmiyyətlidir. Əvvəlcədən müəyyənləşdirilməlidir ki, sahibkarın fəaliyyətdən uzaqlaşdığı halda idarəetməni kim davam etdirəcək və əsas qərarları kim qəbul edəcək.
Uğurlu biznes yalnız sahibkarın şəxsi bacarıqları və gündəlik iştirakı hesabına fəaliyyət göstərməməlidir. Şirkətin uzunmüddətli inkişafı üçün biliklərin, məsuliyyətin və qərarvermə səlahiyyətlərinin komanda daxilində bölüşdürülməsi vacibdir. Əks halda, biznesin ən böyük üstünlüyü hesab edilən güclü rəhbər zamanla onun ən böyük asılılıq nöqtəsinə çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 13 Noyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















